Bu gün Misir Mədəniyyət Mərkəzi ilə Azərbaycan Yaradıcılıq Fondunun görüşü keçirilib. Kulisin məlumatına görə görüşdə Yaradıcılıq Fondunun aparat rəhbəri, şair Qismət Rüstəmovla yanaşı Kulisin baş redaktoru, yazıçı Qan Turalı və başqa qələm adamları iştirak ediblər.
Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami çıxış edərək qonaqlara Misir-Azərbaycan əlaqələrindən danışıb. O, bildirib ki, Misir Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir: “Azərbaycanla mədəni əlaqələrimiz 15 ildən artıqdır ki, davam edir. Məlumat üçün deyim ki, ərəb dövlətləri arasında təkcə Misirin ölkənizdə mədəniyyət mərkəzi fəaliyyət göstərir. Biz Azərbaycanın mədəni həyatında yaxından iştirak etmək, o cümlədən sizin mədəniyyəti öz ölkəmizdə təbliğ etmək istəyirik. Azərbaycan müstəqillik qazanandan sonra yalnız yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri mənim tərcüməmdə ərəb dilinə çevrilərək Misirdə çap edilib. Bu əlaqələri daha da inkişaf etdirmək, daha çox Azərbaycan yazıçısını Misir oxucusuna tanıtmaq lazımdır. Sevindirici haldır ki, Nobel mükafatı laureatı olan Misir yazıçısı Nəcib Məhfuzun da bir sıra əsərləri mənim və o cümlədən başqa tərcüməçilərin sayəsində Azərbaycan dilinə çevrilib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə nəşr olunan Dünya Ədəbiyyatı Kitabxanası seriyasında nəşr olunub. Biz gələcəkdə də bu əlaqələrin möhkəmləndirilməsini istərdik.”
Daha sonra Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov çıxış edərək qonaqları təqdim edib. O, ədəbiyyat, kino, rəssamlıq və mədəniyyətin başqa sahələrində əlaqələrin inkişafı barədə təkliflərini irəli sürüb: “Misir-Azərbaycan yazıçılarının əsərlərindən ibarət antologiyanın nəşri ilk addımlardan biri ola bilər. Misir yazarlarının əsərləri tərcümə edilib Kulis və başqa mətbuat orqanlarında çap edilməsi də olduqca maraqlı olardı. Bunun sayəsində Azərbaycan oxucuları Misir yazarlarını daha yaxından tanımaq şansı qazanar. Zənnimcə qarşılıqlı olaraq bizim yazarların şeirləri, hekayələri də tərcümə edilib Misir qəzetlərində, saytlarında çap edilə bilər. Bu kimi addımlar hər iki ölkənin ədəbiyyatının inkişafında müsbət addım olardı. Gələcəkdə yazarlarla görüşlər, Azərbaycan yazarlarının Beynəlxalq Qahirə Kitab Sərgisində iştirakı və başqa layihələr həyata keçirmək olar.”
Görüşün sonunda Əhməd Sami qonaqları mərkəzin kitabxanası ilə tanış edib, onlara mərkəzin ərəb dili tədrisi və başqa fəaliyyət sahələri barədə danışıb.