Ondan sonrakı boşluq ANIM

Ondan sonrakı boşluq <span style="color:red;">ANIM
5 avqust 2014
# 12:27

Bu gün bir neçə il öncə amansızcasına qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının doğum günüdür. Yaşasaydı, 64 yaşı tamam olacaqdı...

Kulis.Az Rafiq Tağı ilə bağlı yazarların fikirlərini təqdim edir.

Rasim Qaraca:

“Rafiq Tağı Azərbaycan realist nəsrinin - Mirzə Cəlil və Haqverdiyevdə qırılan ənənənin ən parlaq nümayəndəsidir. Sovet dövrünün inqilabi romantika, sosialist realizmi 60-cı illər ədəbi nəsli tərəfindən yeni forma alaraq realist romantika üslubunda inkişaf etdirildi. Təsadüfi deyil ki, sovet dövrü ədəbiyyatında biz gerçək Azərbaycan həyatını görə bilmirik, real Azərbaycan insanının əksini tapa bilmirik. Rafiq Tağı hekayə janrının ustasıydı. Yazmış olduğu 500-dən artıq hekayədə yaşadığı dövrün misilsiz salnaməsini yarada bilmişdir, onun əsərləri əsasında keçmişi bərpa etmək, tarixin bir xanəsini doldurmaq mümkündür. Rafiq Tağı yaradıcılığı yalançı romantikadan azaddır. Bu özəllik onun böyüklüyünə dəlalət edir və Azərbaycan ədəbiyyatı tarixində önəmli bir yer qazandırır”.

Zahir Əzəmət:

“Rafiq Tağı Azərbaycan ədəbiyyatının ən böyük hekayə ustalarından biridir. Onun itkisi hər zaman bizi ağrıdacaq. Təəssüf edirəm ki, bu gözəl insanın qatilləri, qətlinin sifarişçiləri hələ də tapılmayıb. Bu qətlin üstü açılmayınca ədəbiyyatımızın bir tərəfi yaralı qalacaq”.

Seymur Baycan:

“Rafiq Tağı mənə həmişə Çexovu xatırladıb. İlk tanıdığım vaxtdan Rafiq Tağıya "Doktor" deyə müraciət etmişəm. Rafiq müəllim həqiqi həkim idi. O, həkim sənətinin müqəddəsliyini, romantikasını anlayırdı. Bu da təəssüf ki, bizim ölkədə çox nadir rast gəlinən haldır.

Rafiq Tağı Azərbaycanda rast gəldiyim ən vicdanlı, ən təmiz insanlardan biri idi. Müxtəlif rituallara mexaniki əməl etməklə guya allah bəndəsi olduqlarını özləri özlərinə sübut edənlər, mənəviyyat, vicdan, ruh, savad baxımından doktordan milyon dəfə kasıb idilər.

Doktor özünü mömin adlandıran kəslərdən min dəfə artıq Allah bəndəsi idi.

Onun ölümünə sevinənlər, sevinib də bunu büruzə verməyənlər öz övladlarının gələcəkdə bəşəri dəyərlərdən uzaq, vəhşi bir cəmiyyətdə yaşamasını arzu edənlərdir”.

Azad Qaradərəli:

“Rafiq Tağı modern düşüncəyə sahib adam idi. İstər nəsri, istər publisistikası öz qiymətini ala bilməyib hələ. İstənilən yeniliyə açıq idi. Mən ona “Yazı” dərgisinin ideyası barədə danışanda çox sevinclə qarşıladı və ilk sayımızın hazırlanmasında yaxından iştirak etdi. Dərginin yaradıcı qrupunun üzvü kimi maraqlı təkliflərini verdi. Təəssüf ki, qatillər onun ömrünü yarıda kəsdilər. Məncə, Rafiqin ömrünün ikinci dövrü bundan sonra başlayacaq. Yeni nəsillər hər dəfə onu oxuyanda Yeni bir Rafiq Tağı ilə qarşılaşacaqlar”.

Sevinc Elsevər:

“Rafiq Tağı haqqında hamımız çətinliklə danışırıq bu gün. O, gözəl yazıçı, gözəl həkim idi. Hər şeydən əvvəl yaxşı insan kimi xatırlayıram onu. Rafiq Tağı dünən əlinə qələm alıb hələ ilk cümləsini yazan gənclərlə də elə münasibət qururdu ki, gənc bu böyük yazıçıdan stimul alırdı. Onun gənc qələm sahiblərinə xüsusi qayğısı vardı, bəli. Nəinki təkəbbürlə onlara yuxarıdan aşağı baxmağı. Həmişə ondan belə qayğı görmüşəm. Ən balaca yazıma da zəng edib münasibət bildirirdi. Təsəvvür elə o boyda yazıçı zəng edib sənin yazdığın mətn barədə dəqiqələrcə danışır, öz sevincini gizlətmir. Azərbaycan ədəbi mühitində bu nadir bir şey idi. Çox təvazökar, sadə biri idi. Hətta ondan həkim məsləhəti alırdım. Bir dəfə də həyatımı xilas eləyib. Başım bərk ağrıyırdı, hamilə idim. Ölürdüm az qala. Həkimimin yazdığı yanlış dərmanı atacaqdım. Daha doğrusu, birini atmışdım, gördüm halım lap pisləşdi. Zəng elədim doktora. Güldü. Dedi ki, elə bil sənin televizora ehtiyacın var, soyuducu veriblər. Bir dənə də atma. Bir qutunu yeyəcəkdim, təsəvvür edirsən? Sonra doktorun məsləhətiylə müalicə aldım. O çətin dövrü arxada qoya bildim. O, elə həkim dost idi ki, bütün kasıb yazıçılar xəstələnəndə ona pənah aparırdı. Ruhu şad olsun!”.

Məti Osmanoğlu: “Rafiq Tağı istər bədii yaradıcılığında, düşüncə və yazı tərzində, istərsə də ictimai baxışlarında çoxluğun mövqeyinə qarşı çıxan, axına qarşı üzməyə üstünlük verən fikir adamlarından idi. O, çoxluqla özü arasında könüllü şəkildə bir məfkurə cəbhəsi yaratmışdı və həmin cəbhədə sakitliyin olmasını arzulamırdı. Əslində, bütün cəmiyyətlərin, xüsusilə də hələ demokratik dəyərlərlə yaşamağa alışmamış bizim ictimai mühitin bu cür düşünən insanlara daha çox ehtiyacı var: çünki ictimai fikirdə dalğalanma cəmiyyəti bir daha özünə baxmağa, özünü qiymətləndirməyə vadar edir, laqeydliyin aradan qaldırılmasına təkan verir.

Çox təəssüflər olsun ki, Rafiq Tağıya qarşı əks mövqedə olanların məfkurə cəbhəsində döyüşməyə gücü çatmadı, onlar miskin bir üsula – terrora əl atdılar. Rafiq fikir cəbhəsində şəhid oldu...”

Qan Turalı:

“Biz adətən “Ən” sözünü işlətməkdə xəsislik edirik. Ona görə də “Ən” sözünün yanına “biri” sözünü əlavə edirik. Ən yaxşılardan biri deyirik. Amma Rafiq Tağı insan kimi bizim ən yaxşımız idi. Tolstoydan tərbiyə almışdı, onun qədər insanpərvər idi. Hamını sevə bilirdi, hamıya qayğı göstərməyə vaxt tapırdı. Ondan sonra mənim mənəvi dünyam çox boşaldı.

Bu boşluğu başqa dostlarda da hiss edirəm. Ən yaxşıların yeri heç zaman dolmur.

Şərif Ağayar:

“Şəxsən mənim Rafiq Tağıya yazıçı kimi də, həkim kimi də, insan kimi də böyük ehtiyacım vardı. Yazıçı kimi də, həkim kimi də, insan kimi də mənim dostum idi. Bu üç mövzunun hər birində nəinki söhbətimiz tuturdu, hətta onu yanımda, arxamda hiss edirdim. Ölümündən sonra baxdım ki, bunu belə hiss edən təkcə mən deyiləm. O, qənimət adam idi. Bənzərsiz idi. Bütün yaxşılar kimi yeri həmişə görünəcək.

Adam var heç bir fəaliyyətindən arxaya heç nə qalmır ondan. Rafiq həkim kimi də, insan kimi də, yazıçı kimi də dünyada iz qoymağı bacardı. Məncə bu, dostları və qohumları üçün böyük təsəlli və qürur yeri olmalıdır.”

# 2281 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #