Kulis.Az yazıçı Azər Abdullanın “Sağalmayan yaralar” yazısından məşhur erməni yazıçısı Hrant Matevosyan haqqındakı hissəsini təqdim edir. Yazı 1988-ci ildə qələmə alınıb.
Yazıçı
Yazıçı Hrant Matevosyan, bilirsənmi Azərbaycanda sənin nə qədər oxucun vardı! Qabaqlar ayağım İrəvana düşəndə neçə-neçə erməni şairinə, yazıçısına, jurnalistinə sənin gözəl yazıçı olduğundan danışırdım, onların çoxu səni tanımırdı, tanıyanlarsa dodaq büzərdilər, bir yazıçı kimi səni bəyənmirdilər. Yarızarafat, yarıciddi onlara deyirdim ki, Hrantı sevməyən istedadsız, sənəti anlamayanlardır. Bir az da qızışanda çəkinmədən deyərdim ki, sizin üçün istedadlı adam Zori Balayan kimiləridir. Yalançı, böhtançı, millətçilər!
İstedadsızlığını gizlətmək üçün millətçi adıyla sənətdə alver edənlər! Sevilmək, tanınmaq üçün hətta xalqı qırğına verməkdən, ölümə aparmaqdan çəkinməyən populyarlıq azarına tutulanlar! Deyirdim yazılarıyla, böyük istedadıyla Hrant sizdən böyük “millətçi”dir.
Hrant Matevosyan, o qaragüruhun, o fanatiklərin arasında yaşayıb susmağın, yalan, böhtan deməkdənsə susmağın igidlikdir! Mənə bir şey maraqlıdır, son iki ildən bəri davam edən erməni-türk münasibətləri ilə bağlı sizin ziyalılarınız arasında xalqınızın coşdurulmuş hisslərini yatırtmağa, qonşuluq münasibətlərini gözləməyə çağıranlar az da olsa vardımı! Doğrudanmı sizdə ağsaqqal missiyasını boynuna götürənlərin hamısı Silva Kaputikyan, Sero Xanzadyan, Zeytunsyants, Vartges Petrosyan, İgidyan, Zori Balayan, Şahnazarovlar və nəhayət, ata saydığınız Vazgen kimilərdir!? Bunlar erməni xalqını birbaşa qırğına, ölümə, məhvə səsləmirlərmi?! Eşitdik ki, ata Vazgeniniz deyirmiş ki, Qarabağı almaq xatirinə yeri gəlsə, Bakıdakı bütün erməniləri qurban verməyə hazırıq.
Yox, Hrant Matevosyan, elə bilmə zərər çəkmiş, təhqir edilmiş, öldürülmüş, bizimkilərlə müqayisədə çox az hissəsi qovulmuş (çünki Bakı və Azərbaycandakı ermənilərin çoxu, daha doğrusu, ağıllıları törətdiyiniz biabırçılığı, vəhşiliyi görçək ev-eşiyini, əmlakını satıb vaxtında köçüb getdilər) ermənilərin faciəsini gizlətmək fikrindəyəm. Əslində Azərbaycandakı erməniləri də siz və sizin üstünüzə qanadını çəkmiş “sülhsevər” mərkəzi dövlət qovaladı. O erməniləri ki, həm Stepanakertdə qeydiyyatı vardı, həm də Bakıda. O erməniləri ki, Bakının özündə üç yerdə evi vardı. Hrant, indən belə səndən və ermənilərdən nə umacağım var, nə də sizi barışığa, dost olmağa çağırıram, sadəcə bu dəqiqə bütün ermənilərin içində ancaq səninlə danışa bildiyimə görə istəyirəm bir həqiqəti biləsən ki, Bakıda on üç yanvarda (1990) ermənilərin başına gətirilən “oyun” üstünüzə qanadını çəkmiş dövlətin növbəti proqramı-layihəsi əsasında həyata keçirildi.
Hrand, Bakının küçələrində Mığrıdan, ata-baba yurdumuzdan qaçıb gəlmiş doğma qardaşıma, bacılarıma, qohumlarıma aylarla ev axtarırdıq. Yüzlərlə erməninin qapısını döyüb ev dəyişmək üçün söhbətə girişirdik. Ermənilərin təxminən doxsan beş faizi Mığrı rayonu ilə maraqlanmırdı, onda Göyçə, Krasnoselo, Razdan və Ermənistanın başqa rayonlarında yaşayan qohumların evlərinə təklif edirdik. Nədənsə sözləşibmiş kimi «biz Ermənistana getmək istəmirik, bizim onlardan zəhləmiz gedir»,-deyirdilər. Qabaqca bunu mənə tanış olan adi «erməni bicliyi» kimi başa düşürdüm. Görəndə ki, onların əksəriyyəti Armavirə, Minvoda, Krasnoyarska, Rostova, Soçiyə, Leninqrada, Moskvaya və onun ətraf rayonlarına getməyi Yerevana getməkdən belə üstün tuturdular, istər-istəməz onlara da yazığım gəlirdi. Bu işlərə neçə baxırsan, Hrant Matevosyan!? Axı, Ermənistana getmək istəməyən və Ermənistanı tərk etmək istəyən ermənilər yüzlər, minlər deyil, on minlərlədir. Bu, sizin xalqın faciələrindən biri deyilmi!? Təsəvvür edirsənmi, Ermənistandan qovulan türklərin hamısı Azərbaycana toplaşıb.
Hrant Matevosyan, sənə bir sualım da var. Qardaşım evini dəyişmək məqsədilə rayona qayıtmışdı. Çox qorxulu günlər idi. Mığrıya qayıdan türkləri ermənilər huşunu itirənəcən döyürdülər. Həmin vaxt ermənilərdən biri qardaşımı iki gecə gizlicə evində saxlayıb. O erməni ki, Mığrı rayonunda türklərin qovulmasına başçılıq edənlərdən biriymiş. Yəni sizin «Qarabağ komitəsi»nin (Mığrı üzrə) fəal üzvlərindən idi. Belə erməninin vicdanı mənə aydın deyil. Ancaq mən bakılı iki erməninin (Q.I.Petoyan və Dorentev Qeorqi Rantoviç) vicdanından danışmaq istəyirəm. Bunların haqqında eşitməmiş olmazsan. Bakı şəhərinin ayrı-ayrı rayonlarında yaşayan bir-birindən xəbərsiz bu adamlar özlərinə qəsd ediblər. İntihardan qabaq yazıblar ki, ermənilərin uzun müddətdən bəri türklərin başına gətirdikləri haqsız, nalayiq hərəkətlərdən xəcalət çəkdiyimə görə özümü öldürürəm.
Səncə, vicdanlı, yüksək əxlaqlı bu iki insan erməni ədəbiyyatında müsbət obraz kimi öz əksini tapa bilərmi!