Qədim insanın “nüvə silahı”ını kəşf etməsi

Qədim insanın “nüvə silahı”ını kəşf etməsi
12 avqust 2013
# 07:30

Kulis.Az Svetlana Turanın tərcüməsində Umberto Ekonun “O” hekayəsini təqdim edir.

- İşlər necə gedir, Professor? – General hövsələsizliyini göstərməmək üçün özünü zorla saxlayırdı.

- Hansı işlər? – Professor Ka soruşdu. O, cavabdan yayınmağa çalışırdı.

- Düz beş ildir ki, siz burada – aşağıda işləyirsiniz və sizi hələ heç kəs narahat etməyib. Biz sizə etibar edirik. Amma boş sözlərə daha nə qədər güvənmək olar?! Artıq işi göstərməyin zamanıdır.

Generalın səsində hədə hiss olunurdu və Ka yorğun şəkildə əlini havada yellədi, sonra isə gülümsədi.

- Siz tam hədəfə vurdunuz, General. Mən hələ gözləmək fikrindəydim. Ancaq siz məni indi danışmağa həvəsləndirdiniz. Məni Onu düzəltmişəm, – Professor pıçıltıya keçdi, – və Günəşə and içirəm ki, Onu dünyaya göstərməyin vaxtı gəlib çatıb!

O, Generalı əl işarəsilə mağaraya dəvət etdi. Ka qonağını lap dərinliyə – divarın ensiz çatından nazik günəş şüası düşən yerədək apardı. Orada düz və hamar yerə O qoyulmuşdu.

O, formasına görə badamı xatırladırdı, çoxlu xırda kənarları vardı və parlayırdı.

- Bu ki... – General çaşqınlıq içində dilləndi, – daşdır.

Professorun qalın qaşlarının altında gizlənmiş mavi gözlərində hiyləgər qığılcımlar parladı.

- Elədir, – o təsdiq etdi. – Daşdır. Lakin adi daş deyil. Biz onu ayaqlar altına atmarıq. Yaxşısı budur, onu əlimizə alaq.

- Əlimizə?

- Əlbəttə, General. Bu daşda bəşəriyyətin indiyədək arzulamağa cəsarət etmədiyi belə, güc – milyonlarla insanın gücünə bərabər güc toplanıb. Baxın...

O, əllərini daşın üstünə qoydu, barmaqlarını sıxdı və onu bərk-bərk tutdu, sonra qaldırdı. Əl daşı sıx şəkildə tutmuşdu, daşın enli hissəsi ovcun içində idi, iti hissəsi isə kənarda qalıb Professorun əlinin hə

Birdən Professor əli ilə qəfil hərəkət etdi və daşın ucu havada trayektoriya cızdı. Professor yuxarıdan aşağıya doğru zərblə vurdu və daş divardakı kövrək xassəli çıxıntının – möcüzəyə bir bax! – içinə girərək onda çat əmələ gətirdi. Professor yenə və yenə vurdu, əvvəlcə bir balaca girinti, sonra deşik, daş həmin yeri dağıdıb toza döndərdikcə dərin çuxur əmələ gəldi.

General bunu bərələ qalmış gözlərlə səssizcə izləyirdi.

- İnanılmazdır, – o, ağzının suyunu udaraq dedi.

- Bu nədir ki?! – Professor şadlıq edirdi. – Uşaq oyuncağı! Amma qeyd edim ki, belə bir şeyi adi əllə etmək mümkünsüzdür. İndi isə baxın! – Alim küncdəki iri, nahamar, bərk kokosu götürdü və onu Generala uzadaraq dedi:

- Hə, sıxın onu, əzin əllərinizlə.

- Bəsdir görək, Ka, – Generalın səsi titrədi, – Siz çox yaxşı bilirsiniz ki, bu mümkün deyil, belə bir şey heç birimizin əlindən gəlməz... Yalnız dinozavr bir pəncə hərəkəti ilə onu yara bilər və yalnız dinozavr lət və südünü belə asanlıqla əldə edə bilər...

- Yaxşı, indi, – Professor lap cuşa gəlmişdi, – indi isə baxın!

O, kokosu götürdü və bayaq açdığı çuxurun içinə qoydu, sonra isə daşı əlinə aldı, amma bu dəfə fərqli şəkildə – onun ucundan tutdu, enli hissə isə kənarda qaldı. Sonra isə kokosa vurdu – elə də möhkəm yox – və onu parça-parça etdi. Kokosun südü çıxıntı ilə üzüaşağı axıb töküldü, çuxurun dərinliyində kokos qabığının ağ lətli, təzə, tər və iştahaçan parçaları qaldı. General parçalardan birini qamarlayıb görməmişliklə dişlərini ona sancdı. O, daşa, Kaya, kokosun qalıqlarına baxa-baxa qalmışdı. O, dəhşət içindəydi.

- Günəşə and içirəm, Ka! Bu, əla bir şeydir. İnsanın gücü birə on artmışdır, o, daha heç bir dinozavrdan qorxub çəkinməyəcək. O, artıq qaya və ağaclara sahibdir. İndi onun əllərinin sayı artıb, mən nə danışıram... Yüzlərlə ələ sahib olub! Siz Onu haradan tapmısınız?

Ka qürurla gülümsədi:

- Mən Onu tapmamışam. Mən Onu düzəltmişəm.

- Düzəltmisiniz? Bununla nə demək istəyirsiniz?

- Demək istəyirəm ki, O, əvvəllər mövcud olmamışdır.

- Siz dəli olmusunuz, Ka, – Generalın bədəni əsdi. – Yəqin, O, göydən düşüb, Onu Günəşin qasidi, hava ruhlarından biri gətirib... Axı əvvəllər mövcud olmamış bir şeyi necə düzəltmək olar?

- Olar! – Ka əminliklə dedi. – Daşı götürüb onu başqa daşlarla ta lazımı şəklə düşənədək, əlin içinə yerləşə biləcək hala gələnədək döymək olar. O zaman bax elə həmin daşın köməyilə əl ölçüsünə görə böyük və daha iti olan xeyli sayda daş yonmaq olar. Bunu mən bacardım, General.

Generalın alnında iri tər damcıları göründü.

- Onu hamıya göstərmək lazımdır, Ka, bütün Ordaya, o zaman kişilərimiz basılmaz olacaqlar. Başa düşürsünüz? İndi biz ayının üstünə gedə bilərik: onun caynaqları varsa da, bizdə də O var, hər hansı bir heyvan üstümüzə atılmamış ona qalib gələ bilərik, onu öldürə, məhv edə bilərik. İlanı öldürə, tısbağanın qınını yara, onları məhv edə bilərik... Uca Günəş!.. öldürə... insanı!.. – General bu yeni fikrin təsirindən bir anlıq dayandı, sonra isə daha qəddar bir ifadə alaraq sözünə davam etdi:

- İndi, Ka, biz Orda Koammaya hücum edə bilərik, nə olsun ki, onlar bizdən daha hündür və güclüdürlər, onlar bizə tabe olacaqlar və biz onların hamısını sonuncuyadək məhv edəcəyik. Ka! Ka! – o, Professorun çiynindən yapışaraq silkələdi. – Bu qələbədir!

Ka ehtiyatla baxırdı, hiss olunurdu ki, o tərəddüd edir:

- Məhz buna görə də mən sizə öz icadımı göstərmək istəmirdim. Mən başa düşürəm ki, dəhşətli bir icad etmişəm, o, bütün bəşəriyyəti dəyişə bilər. Öz məsuliyyətimdən xəbərdaram. Mən dəhşətli dağıdıcı qüvvənin mənbəyini kəşf etmişəm. Yer üzündə indiyədək belə bir şey olmayıb, ona görə də istəmirəm ki, kimsə ondan xəbər tutsun. Əks halda müharibə intihara çevriləcək. Axı Orda Koamma da tezliklə belə daşlar yaratmağı öyrənəcək, növbəti müharibədə nə qalib olacaq, nə də məğlub. Mən bu əşyanı əməyin, sülhün, inkişafın aləti olaraq icad etmişdim, lakin indi görürəm ki, O özü ilə ölüm gətirir. Mən Onu məhv edəcəyəm.

General qəzəbdən özündə deyildi:

- Özünüzə gəlin, Ka! Sizin ixtiyarınız yoxdur. Bunların hamısı axmaq alim düşüncələridir. Siz ömrünüzün düz beş ilini bağlı qapı arxasında keçirmisiniz və dünyadan bixəbərsiniz. Biz sivilizasiyaya doğru gedirik və əgər Orda Koamma qalib gəlsə, nə dünya, nə azadlıq, nə də insanlarımızın firavan həyatı qalacaq. Bizim müqəddəs borcumuzdur ki, sizin icadınıza sahib çıxaq. Bu heç də o demək deyil ki, ondan elə indi istifadə edəcəyik. Vacib olan odur ki, onlar bizdə Onun olduğunu bilsinlər. Biz Onun gücünü düşmənə nümayiş etdirəcəyik. Sonra biz Ondan istifadəni məhdudlaşdıracağıq, lakin Onun bizdə olduğu andan etibarən heç bir düşmən bizə hücum etməyə cəsarət etməyəcək.

Hələlik isə biz Onlara qəbir qaza, yeni mağaralar düzəldə, yerini hamarlaya bilərik. Əsas odur ki, O, əlimizdə olsun, Onu işə salmaq o qədər də önəmli deyil. Bu dəhşətli bir silahdır, O, koammalıları uzun illər boyunca susduracaq.

- Yox-yox-yox, – Ka həyəcan içində öz dediyindən dönmürdü. – Ona sahib çıxdıqdan sonra bizi daha heç nə saxlaya bilməyəcək. Onu məhv etmək lazımdır.

- Xeyir gətirsəniz də, siz, sadəcə, idiotsunuz! – General hiddətindən ağappaq oldu. – Siz öz hərəkətinizlə düşmənlərimizə işləmiş olursunuz, ürəyinizdə siz pro-koammasınız, elə sizə bənzər bütün intellektuallar kimi, dünən bütün insanların ittifaqından dəm vuran aed kimi siz də Günəşə inanmırsınız!

Kanın bədənindən əsməcə keçdi. O, başını əydi, gur qaşların altında lap balacalaşan gözlərinə kədər çökdü.

- Mən əmindim ki, söhbət gəlib bu yerə çıxacaq. Mən pro-koamma deyiləm, siz də bunu çox yaxşı bilirsiniz. Lakin günəş qanunları toplusunun beşinci qaydasına əsaslanaraq mən ruhların mənə qəzəbinə səbəb olacaq suala cavab verməkdən imtina edirəm. İstədiyinizi düşünün. Lakin o, bu mağaradan çıxarılmayacaq.

- Mənsə deyirəm ki, çıxacaq, özü də elə indi, Ordanın şərəfi xatirinə, sivilizasiya, xalqın rifahı, Sülh naminə! – General bağırdı.

O, Ka bir az əvvəl etdiyi kimi, daşı sağ əli ilə götürüb var gücü, qəzəbi və nifrəti ilə Professorun başına endirdi. Ka yerə yıxılaraq hər tərəfi öz qanına boyadı.

General əlində sıxıb saxladığı silaha dəhşət içində baxırdı. Sonra isə qələbə çalıbmış kimi gülümsədi. Onun təbəssümündə qəddarlıq, rəhmsizlik vardı.

- Birinci... – deyə o pıçıldadı.

# 2769 dəfə oxunub

Oxşar xəbərlər

Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı

Tale yolunun yolçusu - Nəriman Əbdülrəhmanlı

15:00 9 noyabr 2024
Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka - Elnarə Qaragözova

Postmoderndə modernizmin əl izi: Oğuz Atay və Kafka - Elnarə Qaragözova

15:30 8 noyabr 2024
Son güllənin rekviyemi - Tural Turanın şeiri

Son güllənin rekviyemi - Tural Turanın şeiri

15:02 8 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı - Aqşin Yenisey

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı - Aqşin Yenisey

13:20 7 noyabr 2024
Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi

Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi

12:20 5 noyabr 2024
Məhəmməd Füzulini dərk etmək məqamı

Məhəmməd Füzulini dərk etmək məqamı

15:49 3 noyabr 2024
# # #