Kulis.az Amil Amalın yeni şeirlərini təqdim edir.
Uşaq vaxtı yıxılanda
Deyərdilər bir az da böyüdün,
bir az da yekəldin,
ağlama.
İndi böyümüşəm.
Yıxılanda deyirlər ki,
yekə adamsan
uşaq kimi ağlama.
Sezen Aksunun “Ağlamak güzeldir”
mahnısına ithaf.
***
Adam var gözəldi.
Sevgisi üzündə,
gözlərindədi.
Adam var natiqdi.
Sevgisi dilində,
dilçəyindədi.
Adam var gizlindi.
Sevgisi qəlbində,
ürəyindədi.
Adam da var baxırsan,
axtarırsan
bilmirsən heç
hansı yerindədi?
***
Nə bizim eradan əvvəl
nə bizim eradan sonra.
Bizim üçün həyatda
yalnız iki dövr olub.
Bizim sevgidən əvvəl,
bizim sevgidən sonra.
***
Heç kəs soruşmayacaq
bəs varmı şeirləri?
Hamının, bütün qadınların
soruşduğu ancaq bir şey olacaq.
Evi, eşiyi, maşını, işi.
Uzaqbaşı, yaraşığı.
***
Süfrəm
ərzaqların edam kürsüsü.
Başı əzik soğan, dişlək kolbasa.
Yiyəsiz küt bıçaq,
hər tərəf nar ləkəsi.
Külqabım
başı öz kötüyündə vurulan
siqaret kötükləri.
Boşqabım
rəssam palitrası kimi
sarı xardal və
qırmızı ketçup qarışığı.
Fırçam
quru çörək loxması.
Mədəm
yağlı yeməklə çəkilmiş
kətan dərimin altındakı
iki ayaqlı
arıq malbert taxtası.
***
Ali təhsilli işsizlər kimi
ali sevgili qadınsızdım.
İxtisasca sevgini bitirsəm də
öz sevgim üzrə sevmirdim.
Əmək kitabçası kimi
sevgi kitabçama düşən
yeganə qız o idi.
O qız ki, ürəyində alıcı,
qürurunda satıcı,
ayaqlarında başmaqçı,
əllərində falçı,
ayaqqabılarında pinəçi,
gözlərində gözətçi,
başında baş məsləhətçi,
dodaqlarında dilənçi,
kürəyində mühafizəçi,
dərdlərində əczaçı,
arzularında inşaatçı,
keçmişində tədqiqatçı,
hisslərində tərcüməçi,
geyimində tənqidçi,
ciblərində iqtisadçı,
ümidlərində işıqçı,
xəyallarında şərhçi,
qulağında xəbərçi,
dilində dilçiydim.
O isə deyirdi
yalançısan, YALANÇI.
Burax bu sərbəst şeirləri,
get özünə bir iş tap.
Elə sanırdı zarafatdı,
ona ciddi şeir yazan
bu şair, bu yazıçı.
***
Barmağı olmayan adam
barmaqsız əllərinə baxıb
düşünürdü.
Bura yer kürəsi idi.
Burda hər şey barmaqla idarə olunurdu.
Çünki hamı bir-birini burda
beşbarmağı kimi tanıyırdı.
Məsələn, burda adamlar
barmaqla sayılıb təriflənir,
barmaqla göstərilib pislənirdi.
Barmaqların dişləyib heyfislənir
ya da barmaqların sirkələyib
bir-birini hədələyirdilər.
Çox qəribə idi burda adamlar.
Burda adamlar
barmaqlarının qanından analiz,
barmaqlarının izindən iz
qoyardılar.
Burda adamlar barmaqlarına dolayıb
bir-birini ya sarıyarlar
ya da barmaqlarını bir-birinə dolayıb
sevişərdilər.
Barmaqsız adamlar da vardı burda.
Ancaq onların da barmağı vardı bu işlərdə.
Nə isə ki, çox qəribə idi
burdakı adamlar,
burdakı adamların barmaqları.