“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında Mövlud Süleymanlının “Qar” hekayəsini təqdim edirik.
Həlimə xanım gözlərini açan kimi pəncərəyə baxdı, gördü ki, şüşələrdə qəribə-qəribə naxışlar var. Qalxıb pəncərədən boylandı, düzü-dünyanı ağappaq gördü, məəttəl qaldı. Düzü-dünyanı deyəndə ki, gözünə görünən alçaq-alçaq əyrim-üyrüm təpəliklərə düşmüş şəhəriydi, şəhərin iri-iri, uca-uca evləriydi, köndələn-köndələn, döngəli-döngəli yollarıydı...
Qarı görən kimi üşüdü, zər-xaralı xalatına bükülüb:
- Aa, qar!- dedi.
Qarın yağmasındanmı, düzün-dünyanın ağappaq olmasındanmı, nəydisə, səsi çox gur çıxdı :
- Aa, qar!..
Amma Murad oyanmadı, çünki yuxusunda qar yağırdı, elə bildi arvadı Həlimə xanım da yuxusunda deyir: " Aa, qar!.."
Yuxusunda qar yağdığı üçün yorğana elə bükülmüşdü ki, bircə burnunun ucu görünürdü. Həlimə xanım yırğalana-yırğalana gəldi, barmağını bir-iki kərə ərinin burnuna vurdu:
- Qar yağır, Muradçik!
Amma Muradın yuxusu şirin idi. Dayanmışdı pəncərənin ağzında, küçəyə tamaşa eləyirdi. Küçədə də Bəybalanın, Böyükağanın, Atoppanın oğlanları qartopu eləyib düşmüşdülər qonşu qızın üstünə. Özündən otuz yaş kiçik olsa da, Muradın o qızda gözü vardı.
- Qar yağır, ay Murad!
Həlimə xanımın səsi küçədən gəlirdi, amma nə qədər boylanırdısa görə bilmirdi. Həlimə xanımı görmək üçün Murad gərək oyanaydı. Muradı oyatmaq üçün də Bəybalanın, Bəymirzənin, Atobbanın oğlanları qızı buraxıb onun üstünə düşməliydilər.
Həlimə xanım gördü ki, yox Murad oyanan deyil, yan otağa keçdi. Oğlu da atası kimi bürmələnib üzü divara yatırdı. Gəlin oyaq idi, gözlərini divara zilləmişdi, elə baxırdı, elə bil axşamdan gözləri belə açıq idi. Həlimə xanım ayaqlarının ucunda yaxınlaşdı.
- Qar yağır, Lili, xəbərin var?
Leyla yavaş-yavaş başını döndərdi:
- Qar?
- Bir qalx, düz-dünya ağappaq olub, - dedi, pəncərəyə sarı gedib təzədən küçəyə baxdı. Dayanacaqda çoxlu adam vardı, üzlərini qar yağan səmtdən döndərmişdilər, çiyinlərini yığıb durmuşdular.
Leyla da qalxıb pəncərəyə sarı gəldi. Evlərin üstünə səpilməkdə olan qara baxdı, dinmədi, qayınanasının zərxaralı xalatınnan olan xalatının yaxasını yığdı, Həlimə xanım ona tamaşa eləməkdəydi. Amma bu baxmaq qaynana baxmağı deyildi, tay-tuş baxmağıydı. Leylanın yaraşıqlı bədənində elə gizli sirr vardı ki, bunu yalnız Həlimə xanım duya bilərdi, duydu da. Leyla alışıb sonra da qor bağlamış ocaq yerlərinə bənzəyirdi, sarımtıl-sarımtıl közərməkdəydi. Yuxusuzluqdan daha da qaralıb, böyümüş gözlərinə yaraşası bir kədərlə yorğana bürmələnmiş Rafiqə baxırdı. Həlimə xanım onun ağappaq, dolu qollarını sığalladı, yarıaçıq, iri döşlərinə baxdı, gülümsədi, elə bu gülümsəməyiylə də bütün demək istədiklərini deyə bildi. Özünün birdən-birə ürəyinə istilik çökdü:
- Qadın nazıyla oynamaq bunnara yazılmayıb, - dedi, - yuxun qaçar, sonra heç yata bilməzsən, yata bilməyəndə kitab oxu.
Leyla:
- Eeh! - elədi, dönüb təzədən küçəyə baxdı, qar yağmaqdaydı, amma qarın belə yağması Leylanı üşütmədi. Leyla beləcə yarıçılpaq qarın üstünə uzanmaq istədi.
Həlimə xanım otaqdan çıxdı. Rafiqin yanından keçəndə əlini yavaşcadan onun kürəyinə vurdu:
- Dur, oğul, dur! - dedi.
Amma Rafiqdən heç səs-səmir çıxmadı. Keçib Muradı silkələdi:
- Qalx daa, nolub bunnara, ay balam?
Muradın yuxusunda özündən otuz yaş kiçik qonşu qızını qar-topuna tutmuşdular. Qız ağlayıb qışqırırdı. Atobbanın oğlunun atdığı qar topaları Murada sarı gəlməkdəydi, Murad istəyirdi qaçsın, amma bacarmırdı, yuxuda olsa da, düşünürdü ki, bircə yolu var, o da oyanmaqdı. Oyana bilmədi. Həlimə başladı onu silkələməyə. Yorğanı başından atdı, gözlərini açıb arvadına tamaşa eləməyə başladı. Özündən otuz yaş kiçik olan qız yavaş-yavaş dönüb zərxalatlı Həlimə xanım oldu:
- Qar yağır, ey, dur bax!
Həlimə xanımın belə deməyindəndimi, nədisə Muradın yuxusu yadına düşmədi, ha fikirləşdi ki, bə bu qar məsələsi nə məsələdir ki, ona belə tanış gəlir. Dikəlib pəncərəyə baxdı:
-Nolub?
- Qar yağır.
- Yox əşşi?! – dedi, qalxıb pəncərədən boylandı, dayanacağa toplaşmaqda olan adamlara baxdı, Bəybalanın, Bəymirzənin, Atobbanın oğlanlarını adamların arasında gördü , papaqlarının qulaqlarını salıb siqaret çəkirdilər. Yuxusu yadına düşdü, dönüb:
- Bilirdim, - dedi.
Bu heç nəyin cavabı deyildi, ona görə də Həlimə xanım fikir vermədi, keçib qazı yandırdı, sonra da yan otağa keçdi, divarın biri boydan-boya akvarium idi, balıqlar Həlimə xanımı görüb quyruq çırpa-çırpa qaynaşırdılar, yığışıb şüşəyə burun vurmağa başladılar. Həlimə xanım balıqlara yem tökdü, qayıdıb Muradın yanına gəldi :
- Rafiq necə gedəcək işə, - dedi, - bu qarda?
Murad iri gövdəsiylə güzgünün qabağını tutmuşdu, döndü:
- Yox, getməlidi, gördün, işə düzələndə nələr çıxdı ortadan, özünü göstərməlidi. Belə qarda yuxarıdan daha çox fikir verirlər, kim gəlib, kim gəlməyib.
Raqif oyanmışdı, qalxıb ev paltarını geyindi, hələ də pəncərənin ağzında dayanmış şəhərin qarlı küçələri kimi bəyaz bədənli Leylaya baxdı, baxan kimi də onun gecəyarıyadək üzündə-gözündə gəzən yupyumuşaq əllərini xatırladı. Qalxıb Leylanı qucaqladı, soyuq-soyuq, yumşaqca öpdü. Leylanın iri kirpikli gözləri geniş-geniş açılaraq Rafiqə baxdı. Gözləri sözlə, gileylə doluydu.
- Yorulmuşdum, əzizim, papa da yer tapdı, ilişdirdi, görürsən, hər axşam deyir, göstər özünü, əldən düşürəm, - dedi, yenə öpdü.
Leyla:
“Eeh” , - deyib üzünü yana çəkdi.
Həlimə xanım qapını açdı, Rafiq döndü:
- Mama, nə olub buna yenə? – dedi.
Rafiqin belə deməyinə Həlimə xanım da hirsləndi, amma üzə vurmadı :
- Tez ol, işə getməlisən!
Böyük otaqda səhər yeməyinə yığışdılar. Ata, oğul üz-üzə əyləşdilər: yanlarında da xanımları. Süfrədə nə desən vardı, Həlimə xanım yenə süfrəyə göz gəzdirdi, qalxıb bir iri, büllur qab gətirdi, qoydu stolun üstünə. Fındıq içiydi, qoz, badam ləpəsiydi. Oturdu, gülümsəyib ərini dümsüklədi:
- Ye!
Murad dinmədi, mənalı-mənalı Həlimə xanıma baxıb “hm” elədi, ləpədən bir-iki dənə atdı ağzına, Həlimə xanım gülməyini saxlayıb:
- Bu gün bunun hamısını yeyəcəksən, - dedi, sonra da uğunub getdi.
Leylanın da dodaqları qaçdı, gülümsədi, Murad da, Rafiq də qarınları qalxa-qalxa güldülər. Murad kağız götürüb ağzını sildi, Həlimə xanıma sarı dönüb başını əydi, qulağına nəsə pıçıldadı. Rafiq pəncərəyə baxırdı:
- Necə gedib çıxacam işə? – dedi.
Murad duruxdu, yerindən dikəldi:
- Nolur, olsun getməlisən, bir-iki ay dediyim kimi işlə, danışmışam, yuxarı gətirəcəm səni. İş oldu, yığıncaq oldu, ora-bura vur, göstər özünü bildin?
Qalxdılar, pəncərədən baxmağa başladılar. Qum maşınları yoxuşlar boyu qum səpələyirdi, ancaq qar qumdan çox yağdığı üçün yollar təzədən ağarırdı.
Qapının zəngi çalındı, Rafiq gəlib gözlükdən baxdı: “Papanın şoferidi”. – dedi, qapını açdı. Muradın şoferi qarayanız, boylu-buxunlu oğlan idi, bir əlində zənbil, bir əlində beş-altı təndir çörəyi içəri keçdi, çiyinlərini yüngülcə tərpədib üstünün qarını təmizlədi.
Həlimə xanımla Leyla qapıyla üz-üzəydilər, dinməz-söyləməz sürücüyə baxırdılar. Murad geri dönmədən :
- Nədi, ə gətirdiyin? – dedi.
- Bazarlıq eləmişəm bir balaca, - gülümsədi, üzü-gözü elə işıqlandı ki, Həlimə xanım yerində qurdalandı. Leyla başını aşağı salıb gözlərini süfrəyə dikdi. Həlimə xanım ürəyindəcə :
- Öləsən səni, - dedi.
Sonra yorğun-yorğun Leylaya sarı döndü :
- Qalx, - dedi, - çörəyi al onun əlinnən.
Leyla başını da qaldırmadı :
- Allah vurub onu...
Amma sürücünün təbəssümü Leylanın da xəyalındaydı. Leyla onu da bilirdi ki, dünyada heç kəsə təbəssüm belə yaraşmazdı. Qalxıb akvariuma sarı getdi, balıqlar Həlimə xanımın atdığı yemlərdən yeyib, cüt-cüt olub dənizlərdən, çaylardan xəbərsiz uzanmışdılar, arxası üstə oyun çıxarırdılar.
Balıqlara baxanda Leylanın heç vaxt yadına da düşmədi ki, balıqlar üçün dənzilər var, çaylar var. Çünki gözlərini açandan öz evlərində də, öz xallı-xalçalı divarlarında da belə akvarium görmüşdü. Beləcə, balıqlar çaylardan xəbərsiz, yeyib-içən kimi rahatca-rahatca oyun çıxarda bilirdilər.
Pəncərəyə sarı getdi, qar yağmaqdaydı, küçədə çiyinlərinə qar yığılmış kişilər vardı, bir neçəsi əllərində qartopu oynadırdı. Leyla küçənin o baş-bu başına baxdı ki, görsün qız varmı. Əllərini pəncərənin səhərdən naxışlanmaqda olan şüşəsinə qoydu, ovuclarından canınına sərinlik axdı, dodaqlarını da sıxdı şüşəyə.
Küçənin o başından iki qız çıxdı, çiyinlərinə qar yığılmış kişilər, qızların yaxınlaşmasını gözləyə bilmədilər, qar topalarını atdılar. Qızlar sumkalarını başlarına tutmuşdular, hər yandan üstlərinə qartopu yağırdı. Muradın sürücüsü evdən çıxıb qızları gördü, əyilib o da qartopu elədi, çiyinlərinə qar yığılmış kişilərə qarışdı. Leylanın canı qızlara dəyən o qar toplarının ağrısını duydu. İstədi ki, elə beləcə küçədən keçəydi, Muradın sürücüsü, çiyni qarlı kişilər onu qartopuna tutaydılar.
Elə bil, boğazında nəsə qalmışdı, udqundu, amma bunun qəhər olduğunu bilə bilmədi, üzünü pəncərədən döndərdi. Rafiq ona sarı gəlirdi. Tələsik yaxınlaşıb Leylanı öpdü:
- Getdim, - dedi.
Həlimə xanım onun paltosunu tutdu:
- Yoldan-izdən muğayat ol, addım-addım sür, maşını.
Rafiqin yadında heç nə yoxdu. Leylanın gileyli-güzarlı gözləri də yadında deyildi. Heç nə haqqında fikirləşmirdi, pilləkənləri enib, açarı çıxartdı, qara “ Volqa”nın qapısını açdı, rahatlıqla :
- Getdik, - dedi,- ceyran.
Amma “ceyran” yerindən tərpənmədi, qarın üstündə eşələnib yırğalandı. Rafiq ha çalışdı, bir şey çıxmadı. Başını qaldırıb yuxarı baxdı, gördü Murad da, Həlimə xanım da pəncərədən tamaşa eləyirlər. Maşını bir də işə saldı, yenə yerindən tərpənə bilmədi. Çıxıb hirslə qapını örtdü, elə bil qarı təzədən gördü, indi ağlı kəsdi ki, qar yağır. Təzədən evə qalxdı, çiyinlərini yığıb:
- Neyləyim, - dedi, - mama?
Həlimə xanım dönüb Murada baxdı :
- Bəlkə heç getməyə?
Murad əvvəl əlləriylə “yox” dedi, sonra da bərkdən :
-Yox, yox, getməlidi, mütləq yoxlayacaqlar yuxarıdan, bilirəm.
Bir az fikirləşdi, başını qaldırıb:
- Avtobusnan get, - dedi.
Rafiq təəccüblə atasına baxdı :
- Nəynən?
- Avtobusnan
- Hansı avtobusnan?
Murad duruxub əlini pəncərəyə sarı uzatdı:
- Rahatca min, çıx get. Yüz göz baxır, yuxarıya çatdıracaqlar. Bu daha addı çıxır ki, Muradın oğlu da qarda-çovqunda avtobusnan getdi işə.
Rafiq çiyinlərini çəkdi :
- Mən nə bilim axı, nə gedir ora?
Murad bir az da fikirləşdi, dönüb arvadından soruşdu:
- Həlimə, nə gedir o yanlara?
Həlimə xanım əli üzündə altdan-yuxarı Murada, sonra da Rafiqə baxdı:
- Vallah, bilmirəm. Heç fikir verməmişəm, - dedi, Leylaya sarı döndü. Leyla qollarını döşlərinin üstündə çarpazlayıb, balıqlara tamaşa eləyirdi, kimisə gözləyirdi elə bil, özünün xəbəri yox idi ki, kimi gözləyir. Həlimə xanım soruşdu:
- Lili, bilmirsən o yannara nə gedir? – dedi. Tez də özü-özünə cavab verdi. – Bilməz, əşşi, hardan bilsin?
Leyla küskün-küskün dilləndi :
- Bu trolleybus restoranın yanınacan gedir, onu bilirəm. Dayanmışdıq, papanın şoferi gəlib çıxmırdı, sonra mindik trolleybusa. Elə yaxşıydı, mama, elə bil teatrdasan, hamı bizə baxırdı, - Leylanın doğrudan da kefi açıldı. Onuncu sinifdə oxuduğu vaxtları xatırladı. Qıvrım saçlı, dəniz gözlü bir oğlanı xatırladı.
...Anası Leylanı bəzədi, düzədi, üstünə gülyağı səpdi :
- Get-get, gecikmə!- Sonra da pəncərədən sevincləmi, kədərləmi, həsrətləmi, nəsə çox qəribə bir hisslə, nəfəsi təngiyə-təngiyə qızının ardınca baxdı.
Dəniz gözlü bir oğlanla ağacın altında oturdular, köz kimi dodaqlarıyla Leylanı odlu-odlu öpdü. Yalnız o öpüşlər Leylanın yadındaydı. Leyla başqa heç nə xatırlaya bilmirdi. Birdən-birə ayıldı, az qaldı bütün qab-qacaqları Muradın, Rafiqin, Həlimə xanımın başına yağdırsın, pəncərələri, akvariumu sındırsın.
Tələsik öz otağına keçdi, Murad, Rafiq, Həlimə bir-birinə qarışmışdılar. Hərəsi bir söz deyirdi. Murad xeyli fikrə getdi, sonra Rafiqə baxdı :
- Bu boyda şəhərdəsən, maşınnan elə gedirsən, belə gedirsən, hələ bilmirsən iş yerinə nə gedir.
Rafiq özündən çıxdı:
- Hardan bilim mən, nəyimə lazımdı biləm. Sən mənnən qabaq şəhərdəsən, sən niyə bilmirsən?
Murad telefona sarı getdi, nömrəni yığdı :
- Allo, yoldaş Səlim, sabahın xeyir.
- Ya Allah, Murad, nə əcəb sənnən?!
- Yeyirsən, deyəsən, ağzında nəsə var?
- Yeyirəm, həə.
- Nədi yediyin, qoz içi deyil ki?
- Hi-hi-hi. Sən canın, hardan bildin, yoxsa?...
İndi də Murad başladı qarnı qalxa-qalxa gülməyə:
- Ha-ha-ha-ha, yox, yox... Bura bax, Rafiq işdən qalıb, bilmirsən o yannara hansı avtobus gedir, kəndçisən sən, deyirəm bəlkə biləsən?
- Sən öl, Murad, mənnən birinci dəfədir belə şey soruşurlar. Bilmirəm, canın üçün, yoxsa deyərdim. Bilirdim, amma hamısı dəyişib avtobusların. Belə çıxır ki, maşın altımızdan getsə, evimizi tapa bilmərik. Hi-hi-hi...Amma “kəndçisən”i yaman dedin.
Murad hirslənmişdi. İstədi yoldaş Səlimə ağzından çıxanı desin, amma yoldaş Səlimin böyük qulluqda işləyən qaynı barmağını silkələyə-silkələyə Muradın gözlərinin qabağına gəldi. Ona görə də Muradın səsi içinə düşdü, napnazik səslə:
- Yaxşı, yaxşı, yoldaş Səlim, - dedi, - çox sağ ol, bağışla, əziyyət verdim.
Dəstəyi qoyan kimi səsi evi başına götürdü:
- Nakişi köpəyoğlu, qudurmağına bax, çanağından çıxmağına bax. “Kəndçisən” sözündən xoşu gəlmir daha üz-gözünü büzüşdürüb Səlimin ağzını əydi, - “kəndçisən” i yaman dedin. – Arvad hesabına adam oldu.
Həlimə xanım gördü Murad kişilənib çıxıb özündən, amma onu da gördü ki, bu kişilənmək heç yaraşmadı ərinə, sakitcə dilləndi:
- Yaxşı, çıxma özündən, indi biri qapını açar, bu sözləri qaytarıb sənə deyər.
Murad dəstəyi götürüb nömrələri yığdı:
- Allo, Fazil yoldaş, sabahın xeyir, hə, elə-belə, xeyirdi, narahat olma, bizim Rafiq işdən qalıb. Bilmirsən?...
Leyla divanın üstünə uzanmışdı. Qayınatasının səsini eşidirdi, amma bilmirdi nə deyir. Təpədən-dırnağa alışıb-yanmaqdaydı, istəyirdi elə beləcə qarın üstünə uzansın.
Qayınatasının enlikürəkli, iri əlli sürücüsü xəyalında gülümsəməkdəydi, səhərdən fikrindən qovmağa çalışırdı. “Allah vurub onu, kəndçi...” Beş-altı il əvvəl közərmiş dodaqlarıyla onu odlu-odlu öpən dəniz gözlü oğlanı fikirləşmək, xatırlamaq istəyirdi, sürücü gəlib dayanırdı gözlərinin qabağında. İstəyirdi Rafiqi xatırlasın, bir anın içindəcə Rafiq dönüb enlikürəkli, iri əlli sürücü olurdu.
Leyla daha dözə bilmədi, sürücünün iri əlləri Leylanın ağ bədənində gəzməyə başladı. Bu iri əllərin hər biri bir adam gücüylə Leylanı bağrına basdı. Leylanın heydən düşmüş qolları sürücünün boynuna dolandı, qızğınlıqla, aclıqla, gözəl təbəssümlü dodaqlarını öpdü.
Leylanın iri, qara gözləri gen-gen açılaraq, kirpik tərpətmədən, dünyanın səsindən-küyündən xəbərsiz özünə tamaşa eləyirdi.
Yan otaqdan Muradın səsi gəlirdi :
- Allo, Zəki sənsən? Hə...Necəsən? Rafiq maşını həyətdən çıxara bilmədi, həri, həri. Bilmirsən o yannara hansı avtobus gedir? Hə? Yoox? Ay sənə nə deyim!...
Leylanın xəyalında hər şey bir-birinə qarışdı, ayılıb döşlərinin üstündə çarpazladığı öz qollarını gördü. Öz hıçqırıqlarını eşitdi, gördü ki, ağlayır. Sürücünün iri əllərini təzədən xatırlamaq istədi, amma heç nə yadına düşmədi, bircə onu gördü ki, sürücü səbət əlində dayanıb qapının ağzında, öz gözəl, yaraşıqlı təbəssümü ilə gülümsəyir. Evin bayaqdan bəri sınırıb-dağıtmaq istədiyi büllur qablarını sürücünün başına yağdırmağa başladı...
Murad, Rafiq, Həlimə xanım telefonun yanında dayanmışdılar, Həlimə xanım dedi:
- Taksiynən getsin.
- Avtobus yaxşıydı, bilirsən nə moment idi?!
Leylanın hıçqırtısını eşitdilər. Həlimə xanım acıqlı-acıqlı Rafiqə baxdı. Rafiq boyuna-buxununa yaraşmayan uşaqlıqla çiynini çəkib əllərini oynatdı :
- Neynəmişəm mən?
Həlimə xanım Leylanın otağına sarı getdi. Leyla divarda uzanmışdı. Özü öz döşlərini qucaqlayıb, gözlərini yummuşdu, içini çəkə-çəkə hıçqırırdı. İstədi o da Leylaya qoşulub ağlasın, amma gülümsədi, gəlib Leylanın qolundan tutub qaldırdı.
- Geyin-geyin, - dedi, - havaya çıxaq.
Rafiq az qalırdı evdən başını götürüb qaçsın. Leylanın əllərindən, gözlərindən qorxurdu. Leylanın ağlamağından qorxurdu. Leylanın gözlərinə, ağlamağına cavab vermək lazım idi. Bu haqda fikirləşəndə həmişə Rafiqin yadına siyirmələrindəki, taxçalarındakı qalaq-qalaq pullar düşürdü. Amma bu pullar da gücsüz idi, gərəksiz idi.
Həlimə xanımla Leyla geyinib-kecinib çıxdılar. Murad yenə öz işindəydi, nömrəni yığıb:
-Allo, -dedi, - spravoçnı? Gözəl qız, salam! Bu qarnan necəsən? Əcəb təmizlikdi. Bura bax, de görüm maşınqayırma zavoduna hansı avtobuslar gedir? Otuz dörd? Bizim yanımızdan keçir ki, hə, hə, oldu yaxşı...
...Atobbanın, Bəybalanın, Bəymirzənin oğlanları yenə dayanmışdılar tində, əllərində də qartopu, küçənin o baş-bu başına baxırdılar.
Həlimə xanım, Leyla, Rafiq binadan çıxdılar. Həlimə xanım Rafiqin qoluna girdi. Dayanacaqdakı çiyni qarlı kişilər əllərindəki qar topalarını gizlətdilər. Həlimə xanımgilin yaşadığı binanı tanıyırdılar, yaxşı bilirdilər ki, bu binada yaşayanlarla zarafat etmək olmaz. Bu yerdə Rafiqin ayağı sürüşdü, yanı yerə dəydi, qalxıb bərk-bərk anasından yapışdı. Çiyni qarlı kişilər özlərini görməməzliyə vurdular. Utana-utana yerə baxdılar. Atobbanın, Bəymirzənin, Bəybalanın oğulları qaçıb tini buruldular, qarınlarını tutub uğunub getdilər.
Rafiq trolleybusa mindi, camaat onu itələyə-itələyə ortaya apardı, Həlimə xanım pəncərədən qışqırdı:
- Konduktura de, keçib gedərsən, tapa bilməzsən, tapşır konduktora.
Trolleybus tərpəndi, ağır-ağır şəhərin qarlı, qumlu yoluyla qalxdı.
Leyla dayanmışdı, soyuq-soyuq kişilərə baxırdı, dəli bir istəklə qartopu istəyirdi. Amma ürəklə, kişi kimi başını qaldırıb baxan yox idi. Çiyni qarlı kişilərin hamısı bu binanın, bu gözəl, yaraşıqlı xanımlarına qulluq göstərib yaltaqlanmaq istəyirdilər. Bəybalanın, Bəymirzənin, Atobbanın oğlanları tindən başlarını çıxartdılar. Bir-birindən seçilməyən bu xanımlara oğrun-oğrun, yanıqlı-yanıqlı tamaşa eləməyə başladılar.
Leylanın gözləri yığılmırdı, onda-bundaydı. Bəybalanın oğlu Atobbanın oğluna sarı döndü :
- Əlipaşa, nə axtarır, elə o?
Dayanacaqdakıların arasında irigövdəli bir oğlan dayanmışdı, pencəyini yarı aralayıb bir qızı qoynuna qoymuşdu. Leyla əvvəl elə bildi qayınatasının sürücüsüdü, sonra gördü yox, Həlimə xanıma sarı döndü:
- Onlara bax! – dedi, ürəyinə qəribə bir istilik damdı, sonra bu bir damcı istilik bütün bədənini gəzdi. Həlimə xanım da dönüb baxdı. Leylanın ürəyinə daman istilik, onun da ürəyinə yayıldı. Qız enlikürəkli, gen sinəli oğlanın pencəyinin yaxalığından başını çıxartmışdı, qəribə üzü vardı, bəxtəvərliklə gülümsəyirdi. Sonra şubalı geyimli-kecimli gözəl xanımlar gördü, yəqin ki, birdən-birə üşüdü, oğlanın sinəsinə sıxıldı, bircə gözləri göründü.
Qar hələ də yağmaqdaydı, qum maşınları yollara qum ələyirdi...