Uşaqlara görə özünü ölümə atan İran şairəsi

Uşaqlara görə özünü ölümə atan İran şairəsi
26 oktyabr 2015
# 16:43

“Mən, ruhum qane olduğu zaman

xoşbəxt oluram və şeirdir ruhumu qane edən.”

“Mənzil başına çatmaq necə olur bilmirəm,

amma heç şübhəsiz bütün

varlığım bir məqsədə doğru can atır”

İran şeirinin kədərli səsi Füruğ Fərruxzad. Müasir fars şerinin böyük təmsilçisi. Eşq, ölüm, həyat, qadın – kişi bərabərsizliyi kimi mövzular üzərində bənzərsiz misraları ilə dəfələrlə gəzinən şair. Doğumu ilə ölümü arasına otuz illik qısa bir ömür sığdıran Füruğ Fərruxzad yaşadığı ömür ilə, kədərli şeirləri və ölümü ilə sözün həqiqi mənasında soyuq fəslin qadını idi. Həm sənəti, həm də özünəməxsusluğu ilə seçilən Füruğ qısa ömrünü yarı-yarımçıq arzu istəklərlə yaşayıb tükətdi. Yeganə qazancı isə xoşbəxtlik və rahatlıq mənbəyi hesab etdiyi şeirləri oldu. Bir ovuc xoşbəxtlik və azadlıq üçün çiyinlərində bir kisə dolusu kədər yükü gəzdirdi. Eşqə, cəsarətə, şeirə heyranlıq duyaraq yaşadı.

Dünyaya 1935-ci il yanvarın 5-də Tehranda göz açan Füruğ 16 yaşında Tehranın tanınmış şəxslərindən olan Pərviz Şapurla evlənib iki il sonra oğlu Kamyarı dünyaya gətirdi. 1954-cü ildə öz dövrü üçün cəsarətli bir addım atıb verdiyi qərarla həyat yoldaşından boşandı və İran qanunlarına görə oğlu əlindən alındı. Ayrıldıqdan sonra bircə dəfə də olsun övladını görə bilməyən və bir qadın üçün ən dəhşətli əzabı yaşayan Füruğ qısa ömrünü övlad həsrəti ilə başa vurdu.

“Cümə” şeirinin misraları ata evində sərt qayda-qanunların hökm sürdüyü, ər evində isə bədbəxtliyin son həddə çatdığı həmin günlərin şeirvarıi kölgələridir sanki.

ah nə gözəl, rahat və qürurla keçirdi

qərib bir su axıntısı kimi

bu tərk edilmiş səssiz Cümələrdə

bu sıxıntılı evlərdə

mənim həyatım

aaah nə gözəl, rahat və qürurla keçirdi…

Hələ gənclik illərində qəzəl və məsnəvi janrında yazan Füruğ, zaman keçdikcə öz üslubunu tapır və şeirdə dərindən möcüzələr yaratmağa başlayır. Təxəllüs götürmədən kişi şairlərdən daha cəsarətli davranaraq sevgidən, cismani münasibətlərdən rahat şəkildə, qorxu nədir bilmədən yazmağı əhatəsini və ədəbi mühiti olmazın heyrətləndirir. Füruğ olan-qalan bütün şansını cəsarətlə istifadə edərkən öz hesabını da aparmışdı, bədbəxtliyin zirvəsinə qalxacağını çoxdan bilirdi.

Söyləməyə çalışdığım qorxaq pıçıltılar deyil qaranlıqda

Gündüzdür əsas məsələ və taybatay açıq pəncərə.

Şeirlərinin əsas məğzi tənhalıq olsa da, bununla yanaşı İran mühitindəki qadınların yaşadıqları problemlərdən də bəhs etməyə çalışan şairin XX əsrin müasir İran şeirindəki böyük rolu danılmazdır. İran kimi qapalı mühitdə yetişən Füruğun Şah rejiminin müəyyən ziddiyyətli məqamlarına və cahil cəmiyyətə qarşı çıxan yazılarındakı və xüsusilə də şeirlərindəki cəsarətdir Füruğu unudulmaz və danılmaz edən.

“Gəlincik” adlı şeirində bir-birindən fərqli həyat tərzi yaşayan qadınları “yuxudan” oyatmaq, diqqətlərini azadlığa sarı yönəltmək cəhdləri var. “Gəlincik” şeiri İran qadının timsalında bütün qadınları özlərini tanımağa, dərk etməyə dəvət edən şeirlərdəndir. Füruğ bildiklərini, müşahidələrini, düşüncələrini şeirləri vasitəsilə cəsarətlə paylaşaraq cəmiyyətdəki qadınlara bir növ təlimçi rolunu oynayırdı. Diqqətlər ona toplandıqdan sonra haqqında ard-arda məqalələr yazıldı, köşə yazıları ondan danışmağa başladı. Və bir müddətdən sonra Füruğ təkləndi. Füruğ artıq “dəyərsiz” bir qadın idi. “Dəli” idi! Şeirdən “başı çıxmayan”, ailə dəyərlərini “heçə sayan” bir qadın idi! Bir qadın cəhalətin qorxusuna bax beləcə çevrildi.

Halbuki, onun səsi, “bağırtısı” dilləri kəsilərək diri-diri basdırılan qadınların bağırtısı idi.

Arsızlıqla damğalanan,

Rişxəndlərə gülən məndim.

Varlığımın səsi olmaq istədim,

Təəssüf ki, “qadın” idim.

Əzablara sinə gərən şair əsla geri addım atmadı. Üsyan bayrağını növbəti şeiriylə daha da ucalarda dalğalandırdı. Şairlər, yazarlar, bütün ədəbi mühit onu “Üsyan” şeirindən sonra qəbul etdilər. Bəli, Füruğ artıq şair idi!

Tanrının Üsyanı

Tanrı olsaydım əgər gecənin bir yarısı bağırardım mələklərimə

Günəş sikkəsini qaranlığın taaa dibinə atsınlar

Dünya adlı baxçanın xidmətçilərinə qəzəblə söyləyərdim

Sarı ay yarpağını gecənin budağından qoparsınlar.

Gecəyarı ulu dərgahımda

Qəzəbli pəncələrim dünyanı alt-üst edərdi.

Yorğun əllərim susqun minlərlə ilin ardınca

Dağları dənizlərin açıq ağzına tökərdi.

Açardım qandalları minlərlə qızmar ulduzun ayağından

Axıdardım alov qanını meşələrin solğun damarında

Dumandan pərdələri yırtardım küləyin bağırtısıyla

Od qızı məst halda rəqs etsin deyə meşələrin qoynunda.

Gecə küləyin sehrli qavalına üfürərdim

Susamış ilanlar kimi yuvalarından qalxsınlar

Bir ömür nəmli sinələrilə sürünməkdən yorğun düşmüş çaylar

Gecənin qaranlıq yatağına axsınlar.

Küləklərə ehmalca söyləyərdim qızmar gecənin düzənliyinə

Məstedici qızılgül kolları salsınlar

Açardım məzarların ağzını, minlərlə divanə ruh

Bir daha bədənlərin əsiri olsunlar.

Tanrı olsaydım əgər bağırardım gecənin bir yarısı mələklərimə

Kövsər suyunu qır qazanında qaynatsınlar

Alovlu məşəllərlə qorxaqların sürüsünü

Cənnətin yamyaşıl otlaqlarına atsınlar.

İlahi qadağalarımdan yorğun, gecəyarı İblisin yatağında

Yeni yanlışın uçurumunda sığınacaq axtarardım

Müqəddəs qızıl tacıma qarşılıq

Bir günahın qucağında ağrılı əzab dadardım.

Şeirə yüngülvarı məna qatan ehtiras Füruğun misralarına zövqlə hopub. Diqqəti ən çox çəkən isə onun eşq mövzulu şeirlərində ehtiras anlayışının günah anlayışı ilə bərabər tutulmasıdır. Bu həm yaşadığı cahil cəmiyyətə etiraz əlamətidir, həm də dinə həddən artıq bağlı olan anasının özündə günah axtarışının, günahkarlıq hissinin Füruğ üzərindəki təsiri.

Gözlərində günahların qəhqəhəsi

Üzündə dəbdəbəli bir parıltı

Bərabərində məsum dodaqların təbəssümü

Əsrarəngiz və üsyançı

Ən böyük istəyi anlaşılmaq idi. Bu səbəbdən atasına yazdığı məktubunda nə cür haqsızlıqlara məruz qaldığını izah etməyə çalışıb:

“Mənim ən böyük dərdim sizin məni tanımamağınızdır. İş orasıdır ki, heç bir zaman da tanımaq istəmədiniz. Bilirəm, nəzərinizdə hələ də ağılsız, məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm. Kaş düşündüyünüz kimi olsaydım və xoşbəxt ola bilsəydim. Onda dünya mənim üçün kiçik bir otaq olardı, mənsə əyləncəli yığıncaqlara getməklə, gözəl və cəlbedici paltarlar geyinməklə, qonşudakı qadınlarla çənə çalmaqla, qayınana ilə dilləşməklə və bu kimi minlərlə mənasız və axmaq işlərlə kifayətlənən bir cahil qadın. Böyük və gözəl dünyadan bixəbər, ipəkqurdu kimi öz baramamın dar və qaranlıq divarları arasında qıvrınaraq böyüyüb həyatımı sona çatdırardım. Ancaq mən belə yaşaya bilməzdim. Mən özümü dərk eləyəndən bu yana daxilimdə böyüyən üsyan bu axmaq və cahil cəmiyyətdən qaynaqlandı. Mən böyük olmaq istəyirdim və istəyirəm də. Mən bu gün doğulub sabah ölən və özlərindən sonra zərrə qədər iz buraxmayan yüz minlərlə insan kimi yaşaya bilmərəm.”

Zamanın ötəsində vurur ürəyim

Həyat yenidən doğacaq onu

Yenidən yaşadacaq məni

Mühafizəkar cəmiyyət, zalım hərbiçi ata, davamlı təzyiqlər göstərən ər və azadlığın vurğunu Füruğ,“Kaş öləydim və yenidən diriləydim və dünyanın dəyişdiyini, tamam başqa bir dünya olduğunu, bu cür amansız bir dünya olmadığını görəydim” deyən Füruğ bu çərçivələr səbəbilə gücünü və vaxtını şəxsi problemlərinə sərf etsə də sonralar misralarında ölkəsindəki siyasi məsələlərdən qaynaqlanan problemlərə də toxunmuş, dünyanın birliyi və bütövlüyü arzusunu qabartmışdır.

Mən gecənin dərinliyindən danışıram
Qaranlıqdan danışıram.
Gecənin və qaranlığın qatılığından danışıram.
Əgər bizə gəlsən, mehriban gözəl,
mənim üçün bir çıraq gətir
və bir pəncərə.
O pəncərədən baxım,
Xoşbəxtlik küçəsində
Xoşbəxt insanların izdihamına.

1958-ci ildən etibarən ömrünün qalan hissəsini İbrahim Gülistanla keçirən Füruğun Gülistana ithaf etdiyi şeirlərində ehtiras və istək artıq yerini mənəvi, ilahi rahatlığa vermişdi və ona bəslədiyi dərin məhəbbəti də eynən özü kimi yoğurulub yetkin bir eşqə çevrilmişdi.

Mən hüznlü bir pəri tanıyıram

Okean sularında yaşayan
Və ürəyini qamış tütəkdə

Həzin-həzin çalan

Kiçik və kədərli bir pəri

Gecələr bir öpüşlə ölən

Sübh çağı bir öpüşlə yenidən doğulan

Onunla yaşadığı müddətdə yaradıcılığına davam etmiş və həmçinin yazıçı və kino prodüser olan İbrahim Gülistaninin dəstəyi ilə kino sənəti ilə məşğul olmuşdur. Ssenari yazmış, operatorluq etmiş, rejissor köməkçisi, montaj, dublyaj və bunun kimi bir çox işlərlə məşğul olmuşdur.

İbrahim Gülistan illər sonra Füruğ hakkında belə yazırdı: "Azad yaşamağın nə dərəcədə dəyərli olduğunu ən çox ondan öyrəndim.

Üşüyürəm və mirvari sırğalara nifrət edirəm.

Üşüyürəm və bilirəm

Bir çöl laləsinin alqırmızı xəyallarından,

bir neçə damcı qandan başqa

Heç bir şey qalmayacaq yerdə

Artıq bitdi, ana!

Göz qırpımında olacaq olanlar

Bəlkə qəzetlərdən birinə başsağlığı verək?

Bu misralardan bir müddət sonra yağışlı bir gündə sükan arxasında oturan Füruğ məktəbdən qayıdan uşaq avtobusu ilə toqquşmamaq üçün avtomobilini ani hərəkətlə yoldan kənara çıxarır və qəza nəticəsində boynu qırılaraq ölür. Bəli, Füruğun ana qəlbi!

Torpaq daima özünə çəkir məni

Yoldan ötənlər yetirərlər özlərini dəfnimə

Hələ bəlkə gənc aşiqlər gecə yarısı

Çiçək qoyarlar kədərli qəbrimə

Ancaq mənim soyuq bədənimi

Basmışdır bağrına torpaq.

Sənsiz və ürəyinin döyüntülərindən uzaq.

Şəlalə Nəqşani

# 1219 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #