Çadrada dilənib nişan üzüyü alan xallı qız

Çadrada dilənib nişan üzüyü alan xallı qız
18 iyul 2019
# 12:21

Kulis.az Vüqar Haqverdiyevin “Dilənçi qız” hekayəsini təqdim edir.

Elman Bakıda “Torqovı” kimi tanınan mərkəzdə arendaya götürdüyü balaca bir dükanda qızıl alveri ilə məşğul olurdu. Satıcı özü idi. Alveri pis getmirdi, qazancı yaxşı olurdu. Lakin yaşının otuzu keçməsinə baxmayaraq hələ də subay idi. Ürəyinə yatan bir qız tapa bilmirdi.

Bir gün Elman işə gedəndə “Tarqovı”nın girəcəyində köhnə ikimərtəbəli binanın tinində dayanıb dilənən dilənçi qadın gördü. O, başdan-ayağa qara çadraya bürünmüşdü, üzü-gözü görünmürdü. Ancaq başqa dilənçilər kimi ətürpəşdirici səslə zarıyıb ah-vay etmirdi, çadranın qolunda gizlətdiyi əlini azacıq qabağa tutub sakitcə dayanmışdı. Elmanın ona yazığı gəldi. Yaxınlaşıb pul verib getmək istəyəndə, birdən pul əlindən yerə düşdü. Hər ikisi, qeyri-ixtiyari pulu götürmək üçün əyildi. Bu zaman dilənçinin əli çarşabın altından dirsəyə kimi açıldı. Elman heyrətə gəldi... Ömründə belə hamar, zərif, gözəl əl görməmişdi. Bu əlin sahibinə uzağı iyirmi beş yaş vermək olardı. Dilənçinin cavan qız olması, onun ağlına da gəlməzdi. Qızın adsız barmağında nəzərəçarpacaq gözəl bir xal da vardı. Elman cəld pulu yerdən götürüb qızın ovcuna basdı. İçindən həlim bir duyğu keçdi, yumyumşaq isti ovucun hərarəti bütün vücudunu titrətdi.

- Bağışlayın, bilmədən oldu, – deyə Elman əlini sürüşdürüb qızın barmağındakı xala toxundurdu.

Qız heç bir söz demədən pulu götürüb əlini çadranın içində gizlətdi. Elman bir daha üzr istəyib yoluna davam etdi. Əlində qızın əlinin istisi qalmışdı. Gedə-gedə dilənçinin acı taleyinə yandı, onu dilənməyə məcbur edən zalım dünyanı qınadı. Yavaş-yavaş ürəyində sevgi hissi oyanırdı. Xəyalında naməlum qızın obrazını yaradırdı. Onun badam gözlü, xurmayı saçlı bir gözəl olduğunu təsəvvür edirdi. Sonra qıza haqq qazandırdı: “Nə olsun dilənçilik edir, bəlkə yetim qızdır, heç kimi yoxdur!?... Oğurluq etmir ki, utandığından üzünü də gizlədir. Bəziləri əksinə üzlərini açıb yazıq görkəmi alırlar, yalandan göz yaşları axıdırlar. Bu isə səsini də çıxarmır”. Birdən dayandı: “Bəlkə gedim onu söhbətə tutum, kimliyini öyrənim. Razı olsa lap yanımda iş də verərəm, mənə kömək edər, halal pul qazanar”. Bu fikirlə geri qayıtdı. Ancaq dilənçini yerində görmədi...

O vaxtdan Elman hər gün işə gələndə də, gedəndə də, hətta nahar vaxtı da dilənçi duran yerə baş çəkirdi. Lap dəli olmuşdu, başını itirmişdi, bilmirdi nə etsin. Bir gün ağlına gəldi ki, bəlkə qız yerini dəyişib. Nahar vaxtı dükanı bağlayıb “Tarqovı”da onu axtarmağa çıxdı. Küncdə-bucaqda bir neçə dilənən qadın gördü, ancaq onlar o axtardığı deyildi. Mərkəzi Univermaq tərəfə getdi. Univermağın tinində qara çadralı dilənçi görəndə ürəyi əsdi. “Odur!” – az qaldı qışqırsın, ona sarı cumdu. Çatanda pərt oldu, dilənçinin açıq qalmış əlləri qırış-qırış idi.

Elman univermağa girdi. Gəlmişkən zinət əşyaları ilə, qiymətlərlə maraqlandı. Bir piştaxtanın üstündə qoyulmuş taxta çərçivəli güzgü diqqətini cəlb etdi. Ona baxa-baxa fikirləşdi: “Gərək mən də dükana beləsini alam, vitrinə yaraşıq verir”. Birdən güzgüdə barmağına nişan üzüyü taxıb yoxlayan bir qız əli göründü. Bütün vücudu titrədi. Bu, həmin əl idi, dilənçi qızın əli, xalından tanıdı. Həyəcanla əlin sahibinə baxdı. Qız da hiss edibmiş kimi ona sarı çevrildi. Elman xəyalında təsəvvür etdiyindən də gözəl bir qız gördü. Baxışları toqquşdu. Ani olaraq ikisi də çaşdı. Qız barmağındakı nişan üzüyünü oynadıb gözü ilə sola işarə etdi. Onun nə demək istədiyini anlayanda Elmanın halı dəyişdi, rəngi kömür kimi qaraldı... Qız tək deyildi, yanında hündürboylu, yaraşıqlı cavan bir oğlan vardı. O da barmağına nişan üzüyü taxıb yoxlayırdı.

Görüntünün olası içeriği: Vugar Hagverdiyev

# 4808 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #