Acından ölən yazıçı və Bakı milyonçuları  

Acından ölən yazıçı və Bakı milyonçuları  
6 fevral 2015
# 10:42

“Qurban” - Yusif Vəzir Çəmənzəminlinin ədəbi heykəli...

“...Sizin qəfildən, özünüzü tanıtmadan gəlib mənə - ilk dəfə qarşılaşdığınız adama iki əlyazma verib ünvan qoymadan getməyinizin özü roman mövzusudu. Bəlkə nə vaxtsa belə bir roman yazılacaq”.

Bu sözlər yazıçı Nəriman Əbdülrəhmanlının “Qurban” romanının üz qabığında yazılıb. Bu, Avstriyada nəşr evinin sahibi Peter Talın böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli ilə dialoqundan bir parçadır. Yusif Vəzir xəstə qardaşının müalicə, özününsə Vətənə qayıtmaq üçün yol xərcini ödəmək məqsədilə iki əlyazmasını avstriyalı naşirə verir, bunun müqabilində isə cəmi 400 frank alır. “Əlyazma” dediyimiz isə sonradan “Qurban Səid” imzası ilə nəşr olunan və bütün dünyaya səs salan “Əli və Nino” romanı idi.

Peter Tal haqlı çıxdı - o roman yazıldı. Əgər tarixdə belə bir dialoq həqiqətən baş veribsə, mübaliğəsiz demək olar ki, Nəriman Əbdülrəhmanlı “Qurban” romanı ilə naşirin proqnozunu doğrultdu.

Yazıçının 20 illik axtarışlarının nəticəsi olan “Qurban” həm də “Əli və Nino” romanının əsl müəllifi kimdir?” sualına cavab axtaranlar üçün yazılıb. Daha dəqiq desək, bu, roman haqqında romandı. Müəllif “Əli və Nino”nu kimin qələmə alması ilə bağlı qəti mövqeyini açıqlamır, bu suala cavab tapmaq üçün məlum variantları oxucuya bir daha xatırladır: Yusif Vəzir Çəmənzəminli, Əsəd bəy - Lev Nussimbaum, Məhəmməd Əsəd bəy - Leopold Veys, yoxsa Elfrida fon Ehrenfels?

Ağa Cəfərli “Qurban” romanının qəhrəmanları barədə Kulis-də geniş yazı ilə çıxış etdiyindən, bu barədə əlavə nəsə yazıb mətləbdən kənara çıxmaq istəmirəm. Yeri gəlmişkən, romanı məhz Ağa Cəfərlinin tövsiyəsi ilə oxudum.

“Azərbaycanın müasir yazıçısı hara, dünya bestselleri hara?” Etiraf edim ki, “Qurban” romanının üz qabığındakı “World Bestseller” sözünü oxuyanda ilk ağlımdan keçən bu olmuşdu. Hələ bununla kifayətlənməyib “Mübaliğənin böyləsi də olmaz!” demişdim. Amma yanılmışammış. Bu düşüncə ilə Nəriman Əbdülrəhmanlının zəhmətini də, peşəkarlığını da küçümsədiyimin fərqində deyildim.

Elə roman var ki, onu oxuyandan sonra ya həmin müəllifin digər əsərlərini oxumaq istəyirsən, ya da bu mövzuda yazılmış başqa əsərləri. Məsələn, Xalid Hüseyninin “Çərpələng uçuran”ını oxuyub onun digər kitablarını oxumaq və ya Əfqanıstan mövzusunda bilgilərini artırmaq istəməmək mümkün deyil. “Qurban” məhz bu tipli əsərlərdəndir. Oxucunu təkcə Yusif Vəzirin romanları ilə yox, həm də Nəriman Əbdülrəhmanlının digər əsərləri ilə maraqlanmağa səsləyir. Heyif ki, bu cür dəyərli əsər redaktə və orfoqrafik səhvlərdən sığortalanmayıb. Bunu müəllifinmi, redaktorunmu, yoxsa naşiri Şahbaz Xuduoğlununmu ayağına yazaq?

“Qurban” romanının qəhrəmanlarından Yusif Vəzir Çəmənzəminli üzərində məxsusi dayanmaq istəyirəm. Müəllif öz əsərində Yusif Vəzirin və onun timsalında həm Cümhuriyyət dövrü ziyalılarının, həm də Sovet dövrü yazıçılarının faciəsini peşəkarlıqla qələmə alıb. Yusif Vəzir Çəmənzəminli gənc yaşlarından həyatın ağır zərbələrini dadmalı olub - atasını, böyük qardaşını itirib. Ancaq talenin ilk imtahanları qarşısında sınmayıb, oxuyub, təhsil alıb, ailəsinin yükünü öz üzərinə götürüb. Azərbaycan Xalq Cümhuriyyətinin Ukrayna və Türkiyədəki ilk səfiri olub, özü də azərbaycanlının düşüncəsindəki klassik səfir tipi yox! Hökumət xaricdəki diplomatik nümayəndəliklərinin taleyi ilə maraqlanmaq gücündə və taqətində olmadığı üçün səfir ciddi maliyyə sıxıntıları ilə üzləşib. Bu sıxıntılar o dərəcədə dəhşətli səviyyəyə çatıb ki, Yusif Vəzir evində kirayədə qaldığı yaşlı qadının verdiyi çörəyə möhtac duruma düşüb.

Daha sonra qardaşı Mir Abdullanın təhsil aldığı Fransaya mühacirət edir. Malik olduğu dil bilgilərinə rəğmən, Avropada ixtisasına uyğun iş tapa bilmir, ehtiyac üzündən fabrik və zavodlarda fəhləlik etməyə məcbur olur. Ehtiyac qəhrəmanı qul edə bilməsə də, qara fəhlə işi tapanda sevinmək zorunda qoyur.

Sağalmaz xəstəliyə düçar olan qardaşını xilas etmək üçün Yusif Vəzir gümanı gələn hər kəsə ağız açır. Ceyhun Hacıbəyli maddi imkanının az olmasına rəğmən, gücü çatan qədər kömək edir. Məhəmməd Əmin Rəsulzadə cəmi 3 dollar göndərir, Əlimərdan bəy Topçubaşov isə heç bir kömək edə bilməyəcəyini bildirir. Sonda Mir Abdullanı xilas etmək mümkün olmur və Yusif Vəzir talenin növbəti ağır zərbəsini alır. Depressiyaya qapılan yazıçı Müsavat Partiyasından istefa verir, geri qayıtmasına şərait yaradılması üçün Sovet Azərbaycanının rəhbərliyinə müraciət edir və razılıq alır. Təsəvvür edin ki, adam siyasi və maddi problemlər səbəbindən yalnız 40 yaşında evlənməyə vaxt tapır. Lakin problemlər, maddi çətinliklər ondan əl çəkmir. Hər dəfə yeni iş yeri tapmağın sevincini doyunca yaşamamış “anti-sovet”, “əksinqilabçı” damğasıyla işdən çıxarılır, ev növbəsindən uzaqlaşdırılır. İş tapmaq üçün getdiyi Özbəkistanda isə həbs edilir, 8 il müddətinə sürgünə göndərilir. Sibir meşələrində ağac kəsməklə keçən sürgünə ürəyi cəmi iki il tab gətirir.

“Qurban” təkcə qəhrəmanlarının həyatının xronoloji ardıcıllıqla qələmə alınması ilə deyil, həm də informasiya yükünün bolluğu ilə seçilir. Amma nə saysız-hesabsız faktlar, nə də obrazların adları adamı qətiyyən yormur. Heç bir şişirtməyə yol vermədən demək olar ki, Nəriman Əbdülrəhmanlı “Qurban” romanında Cümhuriyyətin yaradılmasına qədərki dövrü də, Cümhuriyyət dövrünü də topladığı materiallar əsasında təhrif etmədən təqdim edə bilib. Bu mənada Əhməd bəy Ağaoğlunun Həsən bəy Zərdabinin dəfn mərasimində söylədikləri ötən əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitindəki durumu tam çılpaqlığı ilə ortaya qoyur: “Ey müqəddəs ruh, Sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz!”

Yazıçı Azərbaycanın xoşbəxtliyini Sovet Rusiyasının qoynunda görən milli bolşeviklərin faciəsinə də toxunub - Nəriman Nərimanovdan Qəzənfər Musabəyova, Əliheydər Qarayevdən Ruhulla Axundova qədər. Ötəri toxunulsa belə, bu faktlar guya bərabərhüquqlu müttəfiq respublika olacaq Azərbaycanın müstəqilliyinin addım-addım necə əldən getdiyini gözlər önünə sərir. Vətənə qayıtmaq üçün Nərimanovdan razılıq almağa ümid edərkən qəfildən onun ölüm xəbərini alan, Musabəyovdan qayıtmaq icazəsi alıb gələn və bir gün də onun həbs olunduğunu eşidən Yusif Vəzirin psixoloji durumunu təsəvvür edirsinizmi? Fikrimcə, Nəriman Əbdülrəhmanlı “Qurban” romanı ilə Yusif Vəzir Çəmənzəminlinin ədəbi heykəlini ucaltmağa nail olub.

Cümhuriyyət dövrümüzə gəlincə… İndi yazacaqlarım təkcə o dövrlə deyil, bütövlükdə toplum olaraq laqeydlik sindromumuzla bağlıdı. Bu gün Azərbaycan Respublikasının varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətini yaradan kişilərin nə qədər BÖYÜK ADAM olduqlarını yaşa dolduqca daha çox anlayıram. Adamlar tarixi şəraiti düzgün qiymətləndirərək, yaranmış fürsətdən dövlət yaratmaq üçün maksimum səviyyədə istifadə edə bildilər. Bir güllə atmadan təkcə Azərbaycan adına ilk DÖVLƏT yox, həm də gələcək nəsillərin söykənə biləcəyi, eyni zamanda imtina edə bilməyəcəyi DƏYƏR yaratdılar. Özü də arxalarında duracaq xalqın, toplumun olmadığını bilərək. Bakı milyonçuları Avropa kazinolarında bir gecədə 1 milyon manat uduzduqları bir vaxtda Azərbaycanın Türkiyədəki səfirliyinin binasının aylıq icarə haqqı 480 lirə idi, hökumət isə səfir Yusif Vəzir Çəmənzəminliyə ildə cəmi 50 min frank pul göndərə bilirdi. Sabiri acından sabun yeməyə, Cavidi pencəyini satmağa, Mirzə Cəlili əlyazmalarını yandırıb evini qızdırmağa məcbur edən toplum sonradan Hacı Zeynalabdin Tağıyevin övladlarının acından ölməsinə də, Yusif Vəzirin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Salman Mümtazın, Seyid Hüseynin, Hacıkərim Sanılının “Sən niyə partiyaya şeir yazmamısan?” bəhanəsi ilə sürgün olunmasına, güllələnməsinə də eyni cür “müdrik susqunluq”la yanaşmışdı. Biz hər zaman dəyərli övladlarımızı məzarda, ya da heykəl formasında görməyi sevmişik.

Barı bir dəfə bu adətimizə xilaf çıxaq! Hamını Nəriman Əbdülrəhmanlının “Qurban” romanını oxumağa çağırıram...

# 2207 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #