“Azdrama”nın direktoru Kulis.az-a yazdı

“Azdrama”nın direktoru Kulis.az-a yazdı
14 noyabr 2014
# 13:00

Kulis.az Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun “Tarix sən həmişə mənimləsən deyir” məqaləsini təqdim edir.

Düz yarım əsr bundan əqdəm – 1964-cü il, 14 noyabr tarixində Akademik Dram Teatrının səhnəsində yeni bir əsər peyda oldu. “Sən həmişə mənimləsən”.

Müəllif - İlyas Əfəndiyev

Quruluşçu rejissor - Tofiq Kazımov

Quruluşçu rəssam - Elçin Aslanov

Bəstəkar - Fikrət Əmirov

Rollarda:

Həsənzadə - Əli Zeynalov

Nargilə - Amaliya Pənahova

Nəzakət - Ətayə Əliyeva

Fərəc - Kamil Qubuşov

Fərəcov - Eldəniz Zeynalov

Sarısaç qız – Safurə İbrahimova

I oğlan – Nəcəf Həsənzadə

II oğlan – Elxan Hüseynov

Yaşlı kişi - Abbas Rzayev və Cabbar Əliyev

I işçi – Məcnun Hacıbəyov

II işçi - Arif Namazəliyev

Tamaşanı idarə edir: C.Cabbarov

Milli teatr tariximizə silinməz izlər qoyan bu tamaşanı görənlərin azı 60-70 yaşı var. Bu sənət hadisəsinin canlı şahidi olanlardan çoxu artıq haqq dünyasına qovuşub. Amma “böyük lirik” İlyas Əfəndiyevlə milli rejissor sənətinin ən parlaq nümayəndəsi T.Kazımovun yaradıcılıq əməkdaşlığının məhsulu kimi ortaya çıxan “Sən həmişə mənimləsən” tamaşası Azərbaycan teatr sənətinin əlamətdar faktı, lirik-psixoloji üslubun ilk nümunəsi kimi teatr tarixində yaşayır.

T.Kazımov teatra dünyanın ən gözəl yeri deyərdi. Və həqiqətən ilk baxışdan sadə görünən bu sözlərdə ona məlum olan xeyli dürlü mənalar gizlənirdi. Xoş ovqatlarında bu sözləri o, xüsusi vurğu ilə söyləyirdi. Bəlkə yeganə mətləb idi ki, o zaman zarafatı, yaxud istehzanı unudardı. Halbuki komik duyğu onda çox güclü idi. T.Kazımovu şəxsən tanıyan, onun yaradıcılığına az-çox bələd olan hər kəs bunu təsdiq edə bilər. Həssas və analitik müşahidə qabiliyyəti olduğu üçün dünyanın fəci situasiyaları, həmin situasiyalarda çox zaman gülünc şəklə düşən adamların nizamsız vurnuxmaları T.Kazımova məlum idi, yaxın idi. Onun sənətkar aləmində çatışmayan bir şey var idisə, o da lirika idi. Saf və uca lirika. Bax, belə bir lirika həsrətində idi T.Kazımov.

İlk baxışda qəribə görünsə də, çoxlarına təəccüblü gəlsə də, o, çox zaman təbiətindəki komikliyi sıxışdırar, bütün məkanı lirikaya verər, bundan usanmazdı. Rejissor T.Kazımovu dramaturq İ.Əfəndiyevlə bağlayan xeyli dürlü səbəblərdən biri də bu idi. T.Kazımov söhbətlərinin çoxunda bu barədə xüsusi coşğunluqla danışır, İ.Əfəndiyevi “böyük lirik” adlandırırdı.

Onların görüşünə taleyin xoşbəxt təsadüfi də demək olar, Allahın əli ilə düzülüb qoşulan qismət də... Vacib olan budur ki, bu görüş olmalıymış, oldu da. Məhz bu görüş adları Azərbaycan teatr tarixinin səhifələrinə yazılmalı olan iki sənətkarı yaradıcılıq və dostluq telləri ilə illər boyu bağladı.

Müxtəlif teatr mövsümlərini əhatə edən uzun illər ərzində milli teatrımızın yeni rejissor və aktyor nəsli, onların davamçılarının təmin edilməsi qayğısı, teatr ictimaiyyətinə məlum idi. Həm baş rejissor, həm də milli teatr sənətinin təəssübünü çəkən səhnə xadimi kimi T.Kazımov bu zaman müxtəlif iddialı hücumlara məruz qalsa da, bu işlərdə başı çox ağrısa da öz “əməlindən” əl çəkmir, yeni yaradıcı qüvvələrin teatra gəlişini təmin etməklə, özünəməxsus seleksiya işi aparırdı. Məhz belə bir “əməlin” nəticəsi kimi 1962-ci ildə M.Əzizbəyov adına Akademik Dram Teatrına İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin tamaşasında baş rolun ifaçısı kimi A.Pənahova gəldi. O zaman M.A.Əliyev adına Teatr İnstitutunun tələbəsi Akademik Teatra dəvət olunmuşdu, özü də bir neçə rolun ifasına...

Ənənəvi aktyor sənəti poetikasını açıq müqavimətlə qəbul edən T.Kazımov, öz teatr estetikasını sınaqdan keçirmək üçün çoxdan axtardığı əsər üzərində yoxlama məşqlərinə başladı. Çünki burada yeni olan xeyli mətləblər var idi.

Müəllifin, quruluşçu rejissorun, eləcə də aktyor heyətinin istedadlı işi sayəsində ərsəyə gələn “Sən həmişə mənimləsən” sıravi tamaşa olmadı. Səhnəyə yeni aktyor nəslinin gəlişi prosesini sürətləndirən “Sən həmişə mənimləsən” pyesi, hər şeydən əvvəl, Azərbaycan milli dramaturgiyasının müasirlik axtarışlarının gözəl bəhrəsi, qiymətli tapıntısı kimi əlamətdar idi. Digər tərəfdən, bu pyes teatrımızın həm repertuar simasının müəyyənləşdirilməsinə kömək edir, həm də onun sonrakı inkişafı üçün əhəmiyyətli başlanğıc nöqtəsinə çevrilirdi. Başqa dəyərli cəhət burasında idi ki, “Sən həmişə mənimləsən” rejissor və aktyor yaradıcılığında realistik məzmunun bərqərar olmasını tam şəkildə təmin edirdi. Odur ki, pyesin quruluş prinsipində yeni bədii-estetik yanaşma, plastik həll, yozum tərzi, teatrımızın indiyə qədərki tamaşalarından əsaslı şəkildə fərqlənirdi.

Demək vacibdir ki, “Sən həmişə mənimləsən” tamaşası T.Kazımovun yaradıcılığı üçün də xeyli dərəcədə yeni, yeni olduğu qədər bənzərsiz idi. Sadə, amma bədii mündəricə və təsir gücü etibarilə effektli tərtibatdan, eləcə də ifadə vasitələrindən ustalıqla istifadə edən rejissor adi insanların mənəvi-psixoloji dünyasının tədqiqatçısına çevrilirdi. Ən önəmli və əsas olan budur ki, T.Kazımovun tədqiqat obyekti adi insan münasibətləri, bu və ya digər həyat situasiyasında dəyişə bilən, gah mübarizlik keyfiyyəti qazanan, gah da onu itirən sadə adamlar olsa da, onların taleyi, qisməti və həyat yolu mürəkkəb, əqidələri ziddiyyətlidir. Amma burası da var ki, T.Kazımovun səhnə yozumlarında öz “mən”ini təsdiq edən bu bədii simalar böyük həyat qüdrətinə, humanizmə, yaşamaq ehtirasına malikdirlər.

Bu başdan belə bir fikri qeyd edək ki, milli teatrın T.Kazımovun simasında yeni poetika axtarışları, nəhayət, “Sən həmişə mənimləsən”də öz ünvanını tapa bildi. Rejissorun yeni poetika düşüncələrinin, səhnə konsepsiyasının, milli teatr sənətinin qəbul edilmiş bədii hüdudlarını genişləndirmək cəhdlərinin başlanğıcı, məhz “Sən həmişə mənimləsən” pyesinin səhnə təcəssümü ilə qeydiyyatdan keçməlidir, -qənaətimiz mübahisə doğurmamalıdır. Çünki indiyədək teatr sənətinin bədii ifadə prinsiplərinin nəbzini “hiss edən” (C.Cəfərov) Tofiq Kazımov, sözügedən tamaşa ilə milli səhnəmizin bədii-estetik həyatının (obrazlı desək) ürəyini əlinə aldı.

Bəllidir ki, “Sən həmişə mənimləsən” mövzu etibarilə müasir, bədii mühiti isə kamera ovqatlı olan pyesdir. İ.Əfəndiyevin teatra təqdim etdiyi ədəbi materialda fikir və ifadə aşkarlığı mövcuddur. Bu pyesin ədəbi təhlili barədə o qədər yazılmışdır ki, toxunulmayan nöqtə tapmaq çətindir. Hər şeydən əvvəl, onu deyək ki, ümumiyyətlə, “dramaturqun 60-70-ci illərdə yazdığı əsərlərdə təkcə milli, ədəbi ənənələri deyil, qabaqcıl dünya teatr sənəti ənənələrini” görən tənqid, şübhəsiz ki, səhv etmir. Həqiqətən, diqqətli elmi araşdırma “Sən həmişə mənimləsən”in ədəbi strukturunda filosofları, pedaqoqları, psixoanalitikləri maraqlandıracaq xeyli sayda dəyərli motivlər aşkara çıxara bilər. Amma biz, nə Kantı, nə Freydi, nə də Makarenkonu narahat etməyib, pyesdə və onun əsasında hazırlanan eyniadlı tamaşada diqqətimizi çəkən məsələlərə toxunmaqla kifayətlənəcəyik. Amma əvvəlcə həmin pyesin yazılma tarixini xatırlamaq pis olmazdı.

Günlərin birində olan son dərəcə maraqlı bir təsadüf (buna təsadüf demək olarsa-İ.İ.) gələcək pyesin yaranma taleyini birdəfəlik həll etmiş oldu.Sonralar, İ.Əfəndiyev bunu belə xatırlayırdı: “Bir axşam teatrın təzə binasında (Füzuli meydanı 1 ünvanında yerləşən -İ.İ.) Tofiqin kabinetində oturub söhbət edirdik. Müğənnilərdən biri televiziyada “Qaragilə” xalq mahnısını oxuyurdu. Bizim ikimiz də söhbəti kəsib bir qədər mahnıya qulaq asdıqdan sonra mən dedim: - Həmişə bu mahnıya qulaq asanda nə isə nakam bir məhəbbət əhvalatı yazmaq istəyirəm. -Yaz! Ancaq sən allah, təbliğatdan-zaddan yazma, lirik-psixoloji bir dram əsəri yaz! Mən inanıram ki, sən onu yazarsan. Bu söhbətdən təxminən bir ay sonra mən “Sən həmişə mənimləsən” pyesini ona verdim” (Əfəndiyev Ə. İlyas Əfəndiyev. Bakı, İşıq, 1996.s.152).

Pyesdə müəllifin bədii ideyası adi gözlə görünə biləcək, sadə və ənənəvi yanaşma ilə dəyərləndirilə bilməz, onun sualtı axını dərin idraki və estetik dəyərləndirmə tələb edir. Belə ki, ədəbi struktur etibarilə, həmçinin ədəbi-fəlsəfi mündəricəsi ilə çoxqatlı olan bu əsər, sözün tam mənasında, intellektual dramdır. Onun üçün fərqli tədqiqat aparatı seçilməli, özəl dəyərləndirmə meyarları tapılmalıdır. Bir qədər ədalətli olsaq, deməliyik ki, o zamankı elmi-nəzəri təhlil metodu intellektual dramı, onun qəhrəmanını dəyərləndirmək üçün yetərli araşdırma mexanizminə, həmçinin (nə gizlədək) cəsarət resursuna malik deyildi.

İ.Əfəndiyevə sağlığında bəziləri həqiqətən dəyər verə bildikləri üçün, bəziləri isə başqalarının, fərqinə varmadan, səsinə səslərini qoşaraq “canlı klassik” deyərdilər. Elə isə heç olmasa bu gün təhtəlşüur səviyyəsində yox, bədii faktın dəyərləndirilməsi kimi İ.Əfəndiyevin yaradıcılıq fenomeni olan “Sən həmişə mənimləsən” pyesinin əsl dəyəri elmi-estetik baxımdan təsbit edilməlidir.

Bizim üçün maraqlı olan, təkcə “Sən həmişə mənimləsən” pyesi deyil, həm də onun tamaşasıdır. Çünki həmin tamaşada yuxarıdakı məsələlər rejissor yozumunda teatr vasitələrilə əyaniləşir. Çünki ədəbi materialdakı gərəkli keyfiyyətlərin, ilk rollardan tutmuş, finala qədər olan dramaturji keyfiyyətlər məcmusunun səhnə həyatındakı estetik dəyəri, məhz tamaşanın bədii bütövlüyünə “işləyən” rejissor konsepsiyası ilə mənalanır. T. Kazımov üçün ədəbi məsələlərdən daha çox estetik problemlər önəmli olmuşdur. Odur ki, Həsənzadə və Nargilə münasibətləri etik-fəlsəfi baxışlarla yanaşı, ictimai-mənəvi bucaq altında dəyərləndirilmiş, həmin münasibətlərin estetik həlli, onun bədii şərtləri müəyyən edilmişdir.

Bu isə T.Kazımovun ixtiyarına buraxılmış və rejissorun səhnə həlli axtarışlarının gündəliyinə salınmışdır. Pyesin tamaşasında oxunan ali məqsəd, professor C.Cəfərovun gəldiyi qənaətlə üst-üstə düşür. Yəni təklik faciədir, yaxınlarınızı tək qoymayın, onları sevin, əzizləyin. Az qala, “İncil”dəki fikir kimidir.

Təklik, kimsəsizlik guşənişinlik deyil. Yüzlərlə, minlərlə adamın içərisində belə tək olmaq olar; Məcnun kimi, Hamlet kimi, İskəndər kimi və s. Həm də təkliyin kimsəyə təsiri belə olmaz. Burası da əhəmiyyətli və diqqətəlayiqdir ki, əsərin səhnə yozumunda rejissor ilk baxışda əhəmiyyətsiz, sadə görünən mətləblərə də işıq sala bilir. Məsələn, Həsənzadənin xanımı dünyasını dəyişmiş, oğlu isə başqa şəhərdə işləməyə gedib, onu tək qoymuşdur. Ola bilər ki, pyesin zəngin hadisələri həlqəsində bu, kiçik ştrixdir, amma təkliyi ilə psixoloji əlbəyaxasında onun real köməyi öz doğma övladı deyil, Nargilədir.

Tamaşanın səhnə həlli ilə bağlı rejissor teatr nəzəriyyəsinə az qala oyun vahidi kimi daxil olmuş, “çoxluq içində tənhalıq” (K.Stanislavski) şərtiliyindən məharətlə istifadə etmişdir. Və əgər Xurşid xanımın xəyalı amilinə toxunsaq, bu deməliyik ki, tamaşada o, Həsənzadə obrazı üçün yalnız passiv tərəf müqabildir. Vəssalam. Hətta ayrı-ayrı səhnələrdə Xurşid xanımın xəyalı görünsə də, Həsənzadə ilə söhbətləşsə də, Xurşid xanım Həsənzadənin mənəvi refleksiyalarına yardım edə biləcək məhrəm adam ola bilmir, olsa-olsa bir anlıq ovundura bilir onu. Amma Xurşid xanımın xəyalı ilə söhbətlərdən sonrakı təkliyinin əzabları Həsənzadəni ikiqat ağrıdır. Və yalnız Nargilə ona həmin ağrıları unutdurur, Həsənzadə təbiətindəki nikbinliyini təkliyinə sipər edir. Bu isə təkliyin “şərti olaraq silinməsi” deyil, daha işıqlı, daha kamil duyğuların oyanışıdır. Həmin obrazların qarşılıqlı münasibətində, birincinin digərinin həyatında buraxdığı iz, gələcək taleyinə göstərdiyi təsir, tamaşanın quruluş prinsipində xüsusi yer tutur. Çünki İ.Əfəndiyevin yaratdığı bu sadə insan obrazları öz bədii həyatları ilə müasirlərinə böyük humanizm dərsi verir, yaşamanı öyrədirlər. Axı, həyat davam edir. Və bu davamiyyət içərisində itkilər də, uğurlar da biri digərini əvəz edib insan övladının ömür yolunu davam etməyə ümidlə qidalandırır.

T.Kazımov teatrın ifadə vasitələri ilə tamaşanın ali məqsədinin uğurla səslənməsini təmin edən obrazlara olan müsbət münasibətini, rəğbətini gizlətmir. Tamaşanın finalında “Sən həmişə mənimləsən” nidası insan ləyaqətinin, mənəvi ucalığının andı və ümid nidası kimi səslənir. Bu, “Sən həmişə mənimləsən” pyesinin müəllifinin də öz dramaturji istedadını böyük məqsədlərə yönəltdiyini sübut edir.

Müəllifin ədəbi-bədii məhsulu rejissor məharəti ilə cilalanır, beləliklə, hər bir surətin ədəbi enerjisi oyun vahidinə çevrilirdi, yəni, gərgin dramatik situasiyalar, həmin situasiyalarda öz həyat məramını (dramaturqun və rejissorun təhriki ilə) yerinə yetirməli olan qəhrəmanlar teatrın ifadə vasitələri süzgəcindən keçirilirdi.

Tarix “Sən həmişə mənimləsən” deyir. Çünki illər ötdükcə, mərhələlər bir-birini əvəz etdikcə tarix ən yaxşı sənət nümunələrini öz uyaddaşına həkk edərək yaşadır. Belə sənət əsərlərindən biri də “Sən həmişə mənimləsən” tamaşasıdır. İnanıram ki, üstündən yüz il də keçsə, “Sən həmişə mənimləsən” tamaşasının milli teatr tarixindəki əhəmiyyəti zərrə qədər də azalmayacaq. Çünki əsl sənət əsərləri zaman məsafəsindən daha böyük, daha möhtəşəm görünür.

İsrafil İsrafilov

Sənətşünaslıq doktoru, professor

# 1962 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #