“Xalça şərqisi” – Rafiq Tağının hekayəsi

“Xalça şərqisi” – Rafiq Tağının hekayəsi
5 avqust 2019
# 21:00

Bu gün Rafiq Tağının doğum günüdür... Kulis.az mərhum yazıçı Rafiq Tağının “Xalça şərqisi” hekayəsini təqdim edir.

Bura şəhərin ortası olmasaydı, dərə sayılacaqdı. Küləklər bu məhəllənin başı üzərindən keçir. İçi adam dolu evlərdə hər axşam sanki iclasdır. Sistemsiz uzanan sürrealist iplərdən pal-paltar sallanır. Həyat nişanəli bu arakəsmələr məhəlləni yaraşığa mindirir.

“Dərə”nin tən ortasında urbanist cizgili uçuq bir quyu durur. Oğlum deyir, ordan Yer kürəsinin o üzünə birbaşa yol uzanır. Guya haçansa pişik görmüş siçan can hayında özünü oraya tullayası – gedib Yerin o üzündən güllə kimi çıxıb. Tərslikdən orda da pişiyə rast düşəli – pişik onu “hopp” udub.

Siçanların da alnına tale yazılır.

Yarısı ağ, yarısı qara top kimi Yerin bir üzündə gecədirsə, o birində gündüzdür. Oğlumun deməsinə görə, bizdə gecə olanda, əks üzdəki teleskopa bənzəyən həmin quyu vasitəsilə görə bilər. Əgər qapağı örtməsən, yumru güzgüyə oxşar gündüzdən bu məhəlləyə işıq da düşər. Lap işıq fəvvarə vurar!

Dörd yandakı alçaq-hündür, üstü qır döşəli evlərin hərəsi bir cür rənglənib. Bu məhəllədə yeddidən çox rəng görərsən. Spektr öz yeddi rəngiylə getsin işinin dalınca! Pəncərələrin heç biri eyni ülgüdə deyil. Qapılar da. Adam qapıların balacasından da keçə bilir, böyüyündən də. Onda bəs usta hansı ağılla bəzən qapını böyük düzəldir. Oğlumla ikimiz gözümüzü açıb bu məhəlləni görmüşük, amma indinin özünəcən hər dəfə təzə pəncərələr kəşf edib bir-birimizə göstəririk. Deyirsən əlbət həmin pəncərə dünən salınıb. Hərçənd şəbəkənin keçəlləşməsindən – köhnədir. Yəqin bu məhəllədə tez-tez pəncərə doğulur. Yalan olmasın, mən burdakı uşaqların sayı qədər təzə pəncərə tapıb oğluma “bağışlamışam”. Bəlkə də dünyaya gələn hər körpə bəxt güzgüsü kimi özüylə təzə pəncərə götürür.

Bir gün məhəlləmizə Gürcüstandan qonaq gəldi.

– Köhnə Bakı köhnə Tbilisiyə oxşayır, – qonaq mənə dedi.

– Elə təzə Bakı da – təzə Tbilisiyə, – mən qonağa dedim.

– Evlərə bax! Köhnə adamlar bütün şəhərlərdə eyni cür düşünüb, – bunu qonaq dedi.

– Öz mikrorayonlarınızla bizimkiləri tutuşdur. Təzə adamların da ağlı-zəkası eynidir, – bunu da mən.

– Ata, bəlkə Bakı ilə Tbilisi köhnə məhəllə pəncərələrini dəyiş-düyüş edirlər. Ona görə də daim təzə pəncərə görürük, – vallah, bunu deyən oğluma bərəkallah!

– Ola bilər. Ağıllı sözə nə deyəsən!

Yuxarı başdakı evdə ilin on iki ayı xalça-palaz yuyulur. Şəhərin divarlarına da bu barədə kağızı tez-tez təzələdilən köhnə məzmunlu elanlar yapışdırılır.

Oğlum bu evə “xalça hamamı” deyir.

Səhər açılandan Günəşin zəfəran şəfəqlərini sanki yerlə axıdırlar. Günçıxandakı “xalça hamamı”ndan qonur örtüklü quyuyacan yer xalça rənginə boyanır. Həmin evin həyətində cürbəcür naxışlı, müxtəlif əsrlərdə toxunma xalçalar yuyulur. Şərqiyyə bacı Lətif Kərimovdan çox xalça görüb. Həmçinin onun dörd qızı, üç oğlu. Onlar gözlərini həyata açıb mənzərəsi hər gün dəyişilən xalı-xalça görüblər. Özü də onların yuyulub çiçək kimi açıldığı məqamları! Bu məqamlarda elə bil həyətdə göydəkinə əlavə kimi təzə Günəş doğulur.

Lətif Kərimov belə şeyi hardan görərdi…

Bura üstündə şahlar, şahzadələr əyləşmiş nə qədər gəbələr, xalçalar gəlir. Bəylər oturanların sayı yoxdur. Çox xalçaya çoxlu da xalça mütəxəssisi baxıb, sonra da götürüb Beynəlxalq Xalça kataloquna salıblar. Londonda oturan xalça xiridarı güclə qaldırılan iri bir kitabı açıb, Şərqiyyə bacının sap-sap yuduğu xalçanın rəngli surətini orda görə bilər.

Xalça yumaq sənəti Şərqiyyə bacıya anasından qalıb. Özü Bakı xalçalarından gələn qazancla böyüyüb. İndi də övladları elə böyüyür. Xalça əməyinin çörəyi həm tamlı olur, həm də bərəkətli.

Oğlum deyir, məktəbdə bir gün Şərqiyyə bacının qızını söyəndə, ona “xalça qurdu” deyiblər. Amma çox qələt eləyiblər: nə “qurd”!.. Qızların xasiyyətinə xalça naxışlarının gözəlliyi ilmələnmişdi. Görəndə adamı min dillə dindirmələri rəngləri daş-qaş kimi cilvələnən xalçaların qonaqla söhbətləşmələrinə bənzəyir. Evlərində oturan saat təzə pürrəngi çay qarşında peyda olur. İşıqda bərq vuran armudu stəkan bəlkə də xalçanın ayrılıb pişvaza gələn bir naxışıdır.

Qızlar on altı yaşa çatar-çatmaz evə elçi elçi üstündən tökülür. Pasport yaşını gözləməzlər. Guya Şərqiyyə bacı hələ “sağ ol” deməlidir ki, “on dörd”də gəlməyiblər, gözləyiblər yaşın sovet qanunlarına bir qədər uyğunlaşmağını.

Şərqiyyə bacının qonaqları yalnız elçilərdi. Elçilər xalçalara bahəm rəngbərəng geyimli olurdular. Qonaqların bəzisi qızlarını bu ailəyə qismət eləmək istəyənlərdi.

– Ay başınıza dönüm, il yarıma qızımın ikisi gedib, yerinə də ikisi gəlib. Gəlin adı ağırdır, bir imkan verin nəfəsimi dərim.

– Dər, nəfəsini dər. Neynək, sabah gələrik, – elçilər bir-birinə tərs baxa-baxa gedirdilər.

“Sabah” – guya insan bir günə nəfəs dərə bilər.

Şərqiyyə bacının ömür yoldaşı nağıllardakı kimi yüyrək qocalmışdı. Onu dərd-fikir apardı. Kişi xalça yumaqla ailə dolanacağına inanmırdı. Amma nahaq. Sağ qalsaydı, indiyə çoxdan inanmışdı. Ölməyinə dəyməzdi.

…Qızlar böyüdükcə gah konservatoriyaya girmək arzulayır, gah “Əzim Əzimzadə”yə. Biri balet artisti olmaq istərdi. Əfsus ki, balet artistləri səhnədə elə gəzir… lüt gəzsələr bundan yaxşıdır. Baletin bircə lüt gəzməyi olmaya!

Cırtdan qızı anadan olalı miniatür çəkən görüblər. Bəlkə də Soltanməhəmməd Təbrizinin ruhu bu evdə pənahdı.

Amma ipək xasiyyətləri ucundan elçilər qızları bir-birinin əlindən qapıb ər evinə aparırdılar. Ərə də getdin, ya yox oldun – eyni şeydir. Az-az fasilələrlə təzə bir ər kabus kimi bu evə kölgə salırdı.

Oğlanlar sakitlikdə bacılarından beşbetərdilər. Sakitə də kimdi deyən “al, sənə ev”. Ona görə gəlinlər “babam ocağı” kimi “xalça hamamı”na yığışırdılar. Ordan keçəndə, bir gün deyinmə, başqa güncə qışqırıq səsləri eşitdim. Xalça tərbiyəsi görmüş ailədə bu, təzə növraqdı. İpək xasiyyətlərə sanki bıçaq çəkirdilər. Gəlinlərin ağzından çıxan latayır xalçalara ox kimi sancılardı (bu oxların yeri beynəlxalq xalça kataloqlarında görünməsə yaxşıdır).

– Ata, xalçaların suyu axıb yerin o üzündə çıxsa, bilərlər bu nədir?

– Bəlkə də yox.

– Oradakı hansı xalqdı?

– Onu Allah bilir.

– …Nar kimi onlar xalçanı da tanımaz.

– Axı, mən biləni, quyu okeana açılmalıdı..

– Dünyasında elə şey olmaz! Onda okeanın suyu bizim məhəlləni çoxdan basmışdı. Məhəlləni də yox, bütün Bakını. Rayonları!

– Heç okean quyudan keçə bilər! Ona qalsa, gərək dəvə də iynə gözündən keçə.

– Bəlkə okeanın Xəzəri görməyə gözü yoxdur…

– Bəlkə, bu ola bilər.

– Yox, quyu hardasa ilan-çayan mələşən bir səhrada qurtarmalıdır. Xalça suyu orda dərhal buxarlanır. Oraların yeddi rəngli göy qurşaqları bəlkə də Azərbaycan xalçalarındandır.

– Mərhəba! Sən bunları necə quraşdırırsan? Dünən yumurtadan çıxıbsan.

– … Orda şairlər göy qurşağına şeir yazıblarsa, özləri də bilmədən Azərbaycan xalçalarını vəsf eləyiblər.

– Əcəb gedib o şeirləri toplayasan!

– Qoy bir az da böyüyüm, o şeirlərin dalınca özüm gedəcəyəm!

– Özü də tez-tez gedərsən. Bu, Azərbaycan xalçaçılığının bir qolu olar.

Günlərin bir günü Şərqiyyə bacıgilin evində, yəqin yüngül olduğundan yuxarı tinə qonmuş təzə bir pəncərə görüb, çataçat bunu oğluma dedim. Oğlum da çataçat bildirdi ki, həmin ailədə başqa təzəlik də var: dünyanın ən köhnə bir işi onlarda təzələnib – Şərqiyyə bacı nənə olub.

Təzə pəncərələrin doğulması fərziyyəsi düz çıxdı.

22.09.- 13.10.1993

# 2338 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #