Keşiş rəssamı rahib olmağa niyə qoymadı? - HEKAYƏ

Keşiş rəssamı rahib olmağa niyə qoymadı? - <span style="color:red;">HEKAYƏ
7 sentyabr 2017
# 13:15

Kulis.az gənc yazar Ceyhun Zərbəliyevin “Sirri bilənlərin əhvalatları” silsiləsindən “Özgür ruhun həqiqət arayışı” adlı növbəti hekayəsini təqdim edir.

Sonuncu ayindən sonra tədricən binadan uzaqlaşdılar. Kilsəni tərk edənlərin əksəriyyəti sakit və təmkinli təəssürat bağışlayır, nisbətən tələsənlər bunu gizlətməyə çalışsa da, nizamı pozmamağa, ümumi ritmə ayaq uydurmağa çalışırdılar.

- “Nə zamandan özünü və həyatını dinimizə həsr etməyə qərar verdin?”-deyə söhbətə başladı yaşlı keşiş. “Axı bu, həm də rəssam kimi fəaliyyətini arxa plana atmaq, bəlkə də sonlandırmaq deməkdir...” –dedi və pilləkənləri ağır-ağır enərək sözlərinə davam etdi:

Mən bura gəldiyindən bəri, bu bir neçə gün ərzində səni müşahidə edirəm. Özgür ruhun var və gələcəkdə rahib olma və məhdud qaydalarla yaşamaq qərarını anlamağa çalışıram”.

Gənc rəssam ruhən çox yorğun idi. Bir neçə dəqiqə öncə kilsədə etdiyi duasının səmimiyyətinə inanmamışdı. Fikrinin keçmişdə və gələcəkdə var-gəl etdiyi zaman dualarının qəbuluna şübhə və bu şübhə fonunda etirazlar baş qaldırmışdı. Bunları düşünə-düşünə həmsöhbətini birtəhər dinləyirdi. Yaşamdan ölümə gedən yolda dərketmə əzabının mahiyyətini tam olaraq dərk etməsə də, çiyinlərinə çökən ağırlıq ona altında əzildiyi suallara cavab tapmağın vacibliyini təlqin edirdi. Və uzun zamandır tərk etməyən bu yorğunluq çılğın və emosional davranışları, əl-qol hərəkətləri ilə danışmağı ona çoxdan unutdurmuşdu...

Qolunu nisbətən irəli uzadıb əlinin içi ilə hörmət dolu baxışlarla keşişə yaşıllıqların arasında “S” hərfini xatırladan cığıra doğru önə keçməsini təklif etdi və tam olaraq ikinəfərlik olmayan çığırda bir növ onu təqib etməyə başladı.

Həyətyanı bağça—kilsənin bir o qədər də böyük olmayan ərazisi gözəl idi. Yaşıllıq və təmizlik göz oxşasa da, nədənsə ona xoş gəlməyən nüanslar tapa bilirdi. Paralel olaraq keşişin dediklərini düşünür və cavab verməyə tələsmirdi. Əslində, heç özü əmin deyildi ki, ona cavab vermək istəyir ya yox.

Keşişin sualları cavaba yox, sanki onu nəyisə bildiyi bir şeyi xatırlatmağa, özünü anlatmağa yönəldirdi.

“Xöşbəxt deyiləm müqəddəs ata! Başa düşürsüz məni? Özgür ruhumun olması xöşbəxt olmağıma kifayət etmir... Gənc yaşımda tanınmağım, sevilməyim belə artıq anlam daşımamağa başlayıb...düşüncələrim qarmaqarışıq...”

-İnsanların əksəriyyəti xöşbəxt deyillər. Çünki hiss etməkdən uzaqdırlar. Uzaqdırlar ona görə ki, hüzurun nədə olduğunu bilmirlər.

“Dünənki söhbətdə fikrinizlə razılaşdım!..”Bir insana edilə bilən ən böyük yaxşılıq-anı yaşaya bilməyi öyrətməkdir”. Gözəl ifadə etmisiz. Mən bayaqkı ayində “orada” deyildim... Bəlkə kilsə mənə anı duymağı, hüzurla yaşamağı öyrədə biləcək və bəlkə də öyrənmək istədiklərim elə buradadır...

Keşiş güldü. Bu, onun nurlu simasını bir az da işıqlandırdı sanki.

- Bilirsənmi ki, o fikir sənin tablonu izlərkən yarandı. Oğlum, sənin müəllifi olduğun əsəri diqqətlə “dinlədim”.

Rəssam ilk dəfə idi ki, kiminsə onu əsəri barədə “dinlədim” ifadəsini eşitdiyinin fərqinə vardı. Anlamaq olardı ki, bu fərqli ifadə tərzi onu xoşuna gəlib. Üzündə təbəssüm yarandı.

“Hansını? “Qəbula keçmə” adlanan işimi?”

Əslində o, bu əsəri barədə çox xoş sözlər eşitmişdi. Və hətta anlamağa çalışmışdı ki, onun göstərməyə çalışdığını görməyənlər, bu qədər kompliment dolu sözləri haradan tapırlar?!

- Hə, “Qəbula keçmə”ni.

Onu vaxtından öncə Tanrıya qovuşan sevdiyim qıza həsr etmişəm. O, məni belə görürdü. İnanırdı ki, mənim hisslərim görünəndən ötəni duymağa imkan verir. Gec də olsa, yoxluğunu qəbul etdim. Mənə motivasiya verər və bütün varlığı ilə dəstəkləyərdi. Bəzən mənim rəsmlərimə, işlərimə, nailiyyətlərimə məndən çox sevinə bilirdi. Mən ondan bir insanın uğuruna müəllifindən daha çox sevinməyi öyrəndim. Bəlkə də bəşər övladının uzun illər axtardığı sirlərdən biridir bunu bacarmağın yolu—başqasının uğuruna ondan çox sevinə bilmək. Bilirsizmi, müqəddəs ata, insanlar öləndə--ruh cismi tərk edəndə bələdçiyə çevrilirlər. Cismin müvəqqəti, ruhun əbədi olduğunu göstərən bələdçiyə...

- O əsərində, sənin kimi desəm, o işində ilahi mesajlar var—özünə yaxın ola bilən insanların anlayacağı mesaj. Dəyişmək, xoşbəxt olmaq arzusunda olanlara hüzurun sirrini açır sanki... İlk baxışda təbiət mənzərəsi və insanın gözəllik qarşısında susqunluğunu əks etdirir. Əslində, dərin məna daşıyır özündə.

Sən insanları gözəlliyin arxasındakı heç bir boya ilə çəkilə bilməyəcək və heç bir sözlə ifadə edilə bilməyən möhtəşəm gözəlliyi görməyə, daha doğrusu hiss etməyə səsləyirsən. Anlatmağa çalışırsan ki, “görünən hər şey göstərdiyindən daha çox Onu göstərir”. Tabloda insanın gözləri qapalıdır və artıq anlayır ki, görən gözlər BÜTÜNÜ görməyə kifayət etmir. Və həm də anlayır ki, bu gözəllik sadəcə səssizlik halında dərk edilə bilər. Əsl dərketmə sükutdakı səslənişdə gizlənir. Zehin susanda, şüura, düşüncələrə nəzarət edəndə bu, mümkün olur. Rəsmdə gözlərini yuman insan kainatın, bütünün bir parçası olduğunu hiss edir və üzündəki məmnun sima zərrə olmağın verdiyi xoşbəxtliyi duyduğundan xəbər verir.

“Mən burada suallarıma cavab tapacağımı düşünürəm müqəddəs ata. Arxada sevgi ilə əl sallayan möhtəşəm gözəlliyə Sənətkara dualarımla, xidmətimlə bir az daha yaxın olmaq və özümü hüzurlu, xoşbəxt hiss etmək istəyirəm. Düşünürəm ki, bu, yaradılış olaraq mənim haqqımdır. Əldə etdiyim imkanlar, keçirdiyim onlarla sərgi, hərracda satılan əl işlərimə görə verilən milyonlarla pul daha məni xoşbəxt edə bilmir... Bəzən qışqıraraq demək istəyirəm ki, onları mən çəkməmişəm. Axı həqiqətən də mən çəkməmişəm. (Bir addım daha irəli atıb onunla üz-üzə dayandı) Transın nə olduğunu bilirsizmi müqəddəs ata? Rəsm çəkməm, bəlkə trans və ya bunabənzər halda olur. Hansı boyanın hansı ilə qarışmalı, hansı ahəng yaradacağı, haradan başlamalı və harada bitirməli olduğum barədə səslər eşidirəm. İzləyicilər yaxınlaşıb soruşanda ki, bunu necə çəkirsiz? Boyaların ahəngini necə duya bilirsiz? Cavab verə bilmirəm. Başa düşürəm ki, mən burada saxta müəllifəm. Mən sadəcə vasitəçiyəm. Ancaq anlamağa çalışıram ki, Tanrı niyə məhz məni vasitəçi seçib...

“Suallara cavab tapmaq üçün din bir o qədər də vacib deyil. Zehninin oyunlarından qurtar və səni idarə edən düşüncələrdən özgür ol. Qəlbinin səsini dinləmək önəmli. O ta həqiqətin özbəöz özü. Sənə bir xatirəmi danışım. Məni uşaq ikən kilsəyə veriblər. Yağışı hiss etməyən, günəşin doğuşunu, yarpaqların titrəyişini adi bəsit təbiət hadisəsi kimi qiymətləndirən insanların arasında çox çətin oldu yaşamaq mənə. İmkanım olduqca dinləri araşdırdım və baxdım ki, Zərdüşt də, İsa da, Musa da, Məhəmməd də, və hətta Allahsız damğası vurulan Budda da də eyni sözləri deyir: “İnsanları sevin, insanlara dəyər verin, qəlb qırmamağa, BÜTÜNÜ hiss etməyə, özünüzü tanımaqla Allaha yaxın olmağa çalışın”.

“Bəzən mənə elə gəlir ki, bütün qapılar üzümə bağlanıb. Tapa bilmirəm özümü. Başa düşürsüzmü məni? Bəzən heç bilmirəm ki, nə üçün yaşayıram. Bu məqamda özümü kilsəyə adamam daha doğru qərar deyilmi? İndiki şəraitdə qərarımdan dönməyim, asanlıqla bu müqəddəs libası-hansı ki, mən onu böyük ümidlərlə geyinmişəm- kənara tullamaq Tanrıya və İsaya xəyanət olmazmı?”

- Özünü olduğun kimi sev və qəbul et. Sən yalnız özün olmayanda, yaradılışına və Yaradana xəyanət etmiş olursan. Bütün qapılar eyni zamanda açıq ola bilər. Amma bil ki, bütün qapılar eyni zamanda bağlı olmur. Bu Tanrının sevgi və ədalət boyalarının qarışığıdır.

“Məni çox təəccübləndirirsiz.. Sidq-ürəklə özünü dininə xidmətə bağlamaq istəyən gəncə dolayısı ilə nə təklif etdiyinizin fərqindəsizmi?”

-Sənin özünü kəşf etmən, ifadə etmən Sənətkarı hər gün anmandı əslində. Əlbəttə ki, mənim missiyam var. Bilmək istəsən, burada olmağım, özündən uzaqlaşmaqla Tanrını tapmağı düşünən oyanıq ruhlulara elə buradaca həqiqətə gedən doğru yolu öz dilində anlatmaqdır. Tanrı özünü olduğu kimi ifadə edənləri sevir. Özünü ifadə etmək yaşamaq deməkdir-daha doğrusu yaşamağı bacarmaq. Belə olanda uğur da labüdləşir. Onu-səni sevərək Yaradanı tərənnüm etmək artıq sənin də bir sənətkar olman deməkdir. Və gözəlliyi yansıtmaq özü də ilahi xidmətdir.

Oğul! Hər yer Onun hüzurudur və sənin Ona yaxın olman üçün kilsədə olman vacib deyil. Həqiqətin kilsədə, məsciddə, monastrda öyrədilmədiyi bilməlisən. Həqiqət ilhamla qəlblərdə öyrənilir. Bu ilhamı qazanmaq üçün sadəcə arzulamalısan. Bilirsən, mən bu yaşda hələ də başa düşmürəm ki, insanlar özünə özündən daha yaxın olanla-Tanrı ilə söhbətləşmək, paylaşmaq, bağışlanmaq üçün niyə biz din xadimlərini vasitəçi tuturlar. Bu öz vətənində ünsiyyət qurmaq üçün eyni dili paylaşan şəxsi tərcüməçi tutmağa bənzəyir. Səncə də məntiqsiz deyilmi?!

“Mənim cavabları tapmağa haqqım var. Hansı ki, hər gün, hər saat yaranır suallar...Bəs, siz niyə özgür ruhunuzu amansız hesab etdiyiniz kilsə qanunlarına qurban vermisiz?”.

-Mən bayaq buna cavab verdim. Həyəcanlısan sən. Bu, məni dinləməyə imkan vermir. Mən sonradan sənin peşman olmanı istəmirəm oğul. Zatən sənin özgür ruhun qısa zamanda bunu fərq edib, buradan uzaqlaşmağın vacibliyi gerçəkliyini təlqin edəcək...

Bir müddət hər ikisi susdu.

-İtməkdə olan möhtəşəm gözəlliyin geri qayıda bilməsi üçün duanı oxudunmu heç?

- Mən onun rəsmini çəkmişəm. Oxumağa gərək duymadım.

-Onu heç göstərmədin?

- Qəlbimdə çəkmişəm...Gözəlliyin qayıtması dua etmədən də mümkün, əgər arzulayan varsa və Tanrının lütfünə inanırsa...

- Bax, görürsən...Sənin gözəl qəlbin, gözəl sənətin, gözəl duyğuların var. İtməsinə, yox olmasına izin vermə. Mən kilsəyə gəlmədən də Tanrının lütfünə inanırdım və əmin ol ki, bizi qarşılaşdıran onun lütfüdür... Və mən sənə, bunu arzulayıram.

- Müqəddəs ata bu dəqiqə üçün heç nə deyə bilmirəm. Qəlbimdən bir hiss deyir ki, sizə inanmalıyam...

- Xöşbəxtliyi arzulayan hisslərinin haqqına girmə. YOLUN özünü hiss et. Hikmət burdadır. Yoxsa ki, əvvəlimiz məlum, sonumuz məlum. Hisslər önəmlidir və insanın 60-70 ildə nəfəs aldığı ömür çox vaxt 3-4 saata bərabər olur—yəni özünü xoşbəxt hiss etdiyi dəqiqələrin cəminə. Hansı qərarı verirsən ver, sadəcə özünü aldatma. Tanrı başqasını aldadanları bağışlaya bilər, amma özünü aldadanları çətin. Çünki bunu etməklə, Onu aldatmış olursan. Bədəlini isə elə bu dünyadaca ödəyirsən. Sevə-sevə yaratdığı bəndəsinin özünə--Ona saxta münasibəti yaraşdırmır.

- Düşüncələrinə nəzarət etməyi öyrən. Amma buna da tələsmə, çünki zaman alır. Tələsmək hər zaman israfa məhkum enerjidir. Hər şey zamanında və olmalı olduğu zamanda, məkanda baş verir. Rahat ol! Haqq olan sənin özünü hüzurlu və rahat hiss etməndir. Özünə günah hiss verməməndir. Yaşam enerjini sevgi ilə xərclə...

Gənc rəssam gülümsədi. Söhbətdən üzərinə hopan rahatlıq, onu özünə daha da yaxınlaşdırırdı. Taleyi barədə verdiyi qərarları yenidən gözdən keçirməyə yaxın idi...

# 1982 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #