Hikmət Orhun
Müasir ədəbi müzakirələrdə 80-cilər ədəbi nəsli haqqında bu cümlə tez-tez təkrarlanır: İtirilmiş nəsil. Hətta, bəzi tənqidçilər deyir, onlar “ölü doğulub”. Sözsüz, hər dövrdə aşağı-yuxarı üç-dörd imza özünü təsdiqləyə bilir, tarix üçün maraqlı olur. 80-cilər ədəbi nəslində də üç-dörd elə imzanın adını sadalamaq olar. Ancaq onlar var olduqları qədər, həm də yoxdurlar.
Ədəbiyyat adamlarını çıxmaq şərtiylə çox az adam bilir ki, Səfər Alışarlı, Saday Budaqlı, Eyvaz Əlləzoğlu adında bir yazıçı var. Şübhəsiz, 80-cilər ədəbi nəsli və nəsri təkcə bu imzalardan ibarət deyil, daha çox ad yazmaq olardı. İstedadlısı ilə, istedadsızı ilə daha çox imza olub, daha çox. Yazmaq olardı, ancaq onlar itməsəydi, itirilməsəydi.
Novatorluğu ilə seçilən nəsil bu taleni yaşamalıydı. Belə də olmalıydı. Adamların başı geridə buraxılan 70 illik imperiyanın çöküşünə sevinməyə, qarşıdan gələn bəlalara sinə gərməyə, milli hökumət qurmaq üçün meydanlarda döyüşməyə, şəhid cənazələrinə qarışmışdı. Ölkə “başını itirib ayağını gəzirdi”, kitab oxutdurmaq, kitab oxumaq vaxtı deyildi.
Meydan hərəkatı vaxtı yazılan kitabların əksəriyyəti tələm-tələsik, redaktəsiz və korrektəsiz çap olunurdu. Onları qucağına götürüb başına sığal çəkən, nazını götürən olmayıb. Məhz nazını. Onlar həm də sovet hökumətinin yazıçıya qayğısına, kitaba diqqətinə inanıb ədəbiyyata gəlmişdilər. Aldandılar.
80-cilər nəslinin axıra qalanlarından yazıçı Eyvaz Zeynalov demiş, onlardan əvvəlki “oturuşmuş bir dövlətin, oturuşmuş dövrünün oturuşmuş ədəbiyyatının nümayəndələri” olan 60-cılar ədəbi nəsli də, onların qol-qanad açmağına mane olub. “Əsas postlar 60-cıların, yaxud onların havadarlarının, himayəçilərinin əlindəydi” deyə, özlərini doğrulda, ədəbiyyatımızda qala bilməyiblər.
Sovet dövrünün dağılan, kitaba marağın azalan vaxtında qələmə sarılmış 80-cilər nəsli hər şeydən öncə yetim uşaq kimi Allahın ümidinə buraxılıb. Oxunmayıb, yazdıqca yazdıqları ilə bərabər özləri də sandığa “yığılıb”.
Nəşriyyatlar hələ öz ayağının üstündə dura bilməyən, sümüyü bərkiməmiş imzaları çap eləməkdən boyun qaçırıb, redaktorlar “burnuna vurub” geri qaytarıb. Hətta, sonralar məlum oldu ki, onları dərc etməkdən imtina edən qəzet, jurnal redaktorları əsərlərini oxumadan zibil qabına atırmış. Haqları olanı ala bilməyiblər.
Ona görə də, düşdüyü bataqlıqdan çıxmağa çalışan yazıçılar bu gün də bir məclisə düşəndə, çap olunmaq üçün bir qəzet yaxud sayt tapanda o dəqiqə şikayətlənməyə başlayır, özlərindən əvvəlki nəsli çalıb-çapmağa çalışırlar. Azad Qaradərəli, Aslan Quliyev kimi yazıçılar təzə yazan uşaqlar kimi həftədə bir hekayə çap elətdirib özlərini təsdiqləməyə çalışırlar. Amma qatar gedib.
Onların oxucularının çoxdan fatihəsi oxunub. Yazdıqları mətnlərin ömrünün sonu çatıb. Artıq yeni dövrlə ayaqlaşa bilmirlər.
***
80-cilər elə bir nəsildir ki, itirilmiş saysız-hesabsız istedadları ilə yanaşı istedadsız qələm sahibləri də olmamış deyil. Onlar kitablardan gələn qonorar hesabına rahat həyat yaşamaq üçün ədəbiyyata sığınmışdılar. Səfər Alışarlı, Saday Budaqlı, Eyvaz Əlləzoğlu ədəbiyyata layiqincə diqqət, qayğı görə bilmədikləri üçün yazmaqdan soyumuşdularsa, o nəslin saysız-hesabsız istedadsız adamları məhz burada pul qazana bilmədiklərinə görə yoxa çıxmışdılar. Gəldilər və gəldikləri kimi də getdilər. Hansı daşın altını qaldırırsan, o nəsildən bir nümayəndə var. Yuxarıda da dediyim kimi, “başını itirib ayağını gəzən” bir ölkədə kimin kim olduğunu ayırd eləmək, yazılan mətnləri saf-çürük eləmək o qədər də asan məsələ deyil. Saf-çürük edəsi qərəzsiz adamların tapılması da eləcə. Beləcə-beləcə, balaca-balaca pisikdirildi 80-cilər. Küsdülər uşaq kimi.
Nə müsahibə verdilər, nə yazdılar, nə çap olundular. Misal üçün, həmin nəslin istedadlı qələm sahiblərindən Eyvaz Əlləzoğlu ilə bağlı onun yaxın dostlarının danışdığı maraqlı bir məqamı xatırlayaq: Deyir, bir dəfə ona televiziya kanallarının birindən zəng ediblər, AYB ilə bağlı mövqe öyrənmək istəyiblər, o isə cavab verib ki, mən adi bir fəhləyəm və heç nə deyə bilmərəm. Bir başqa əhvalat: yenə eyni şey təkrarlanıb, Eyvaz cavab verib ki, ədəbiyyatı şouya çevirmək olmaz. Tək Eyvaz eləmədi, bunu Səfər də elədi, Saday da... Televiziyalar çağırdı, “yox” dedilər, ədəbi məclislərdə görünmək istəmədilər. Hərəsi öz işinin başında bir para çörək qazanıb, ailə dolandırmağa məşğul oldu.
Beləcə, ədəbiyyata sovet hökumətindən umduqları diqqət və qayğını milli hökumət dövründə görməyən istedadlı adamların kimisinin başı meydanlarda azadlıq mübarizəsinə, kimisinin başı dolanışıq çıxarmaq üçün tərcümə mərkəzlərinə, biznesə qarışdı. Oğul-uşaq saxlamaq bəhanələri, özlərindən əvvəlki nəslin nümayəndələri olan Anarla, Elçinlə və Əkrəm Əylisli ilə mübarizə aparmağa ədəbiyyatı şouya çevirmək kimi baxmaqları onların sonunu yaxınlaşdırdı. Zamanında mübarizə aparıb ədəbiyyatın taleyini də öz taleləri kimi Allahın ümidinə qoymaya bilərdilər. Buna onların yaşları da imkan verirdi, yazdıqları əsərlər də, savadı və dünya görüşləri də... Saday Budaqlı və Səfər Alışarlı Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda, Eyvaz Əlləzoğlu Tiflisdə oxumuşdu. Amma istedadlarını dincə qoyub, taleyi ilə barışdılar, yazıb-yaratmadılar. Bu “barışıq” AYB ilə mübarizəni 20 il geri saldı.
AYO-çular isə 20 il sonra bu mübarizənin mərkəzində dayandılar. 80-cilərdən fərli olaraq ortaya konkret mətn qoya bilməsələr belə, söyüldülər, AYB-dən qovuldular. Bununla belə geri çəkilmədilər. 80-cilər isə Anara, Elçinə, Əkrəm Əylisliyə qarşı aparılan mübarizədə 2000-cilər nəslinin yaratdığı dalğanın, AYO-çuların yanında olmadılar.
Problem bundadır ki, 2000-cilərin konkret mətni, 80-cilərin ədəbi mübarizəsi olmadı. Həmişə özlərindən əvvəlki nəslə, AYB-yə qarşı tolerant yanaşdılar. 60-cılar nəsli isə ortaya mətn qoymaqla yanaşı, həm də bir ədəbi mübarizə apardılar, ədəbi tribunanı savaşaraq qazandılar. Sizcə, 80-cilərin bir ədəbi nəsil kimi məhv olması həm də öz günahları deyildimi?
***
Səfər Alışarlının sözüdür, deyir, indiki oxucular istəyir ki, bədii mətni noğul yeyə-yeyə oxusunlar. Yerində deyilmiş fikirdir. Elə ona görə də, onun “Maestro” romanı və “Gavur” povesti haqqında danışanda deyirlər, ağır oxunur. İnanıram, məsələdən xəbərsiz adamlar ağır oxunduğuna səbəb “dili zəifdir” deyib keçirlər. Eləcə də, Saday Budaqlını, Eyvaz Əlləzoğlunu və başqalarını.
Onları qınamaq olmaz. Ona görə ki, gözlərini açıb Mirzə Cəlilin, Əbdürəhim bəy Haqverdiyevin, Süleyman Sani Axundovun, nisbətən sonrakı nəsildən İsa Hüseynovun, Əkrəm Əylislinin, Anarın, Elçinin əsərlərini oxuyub, onun dilinə, üslubuna öyrəşiblər. Xeyr, mənim bunları yazmaqda məqsədim onlara yuxarıdan aşağı baxmaq deyil. Onlar ilklərdir. Dilin yaranmasında, onun bugünkü şəkilini almasında müstəsna fəaliyyəti olan yazıçılardır. Şübhə yoxdur ki, “Poçt qutusu” da, “Mirzə Səfər” də, “Qaraca qız” da, “Tütək səsi” də, “Kür qırağının meşələri” də, “Yaxşı padşahın nağılı” da, “Qarabağ şikəstəsi” də ədəbiyyatımızda xüsusi yeri və çəkisi olan əsərlərdir. Dediyim odur ki, artıq onların dilində yazmaq həm onları yamsılamaq olacaq, həm də dil inkişafdan qalacaq.
80-cilərin nəsrinin dili isə yeni idi, sümüyü bərkiməmiş ayaqları ilə inkişafa doğru addımlayırdılar. Onların əsərlərində dil ənənəvi təşbehlərdən, yersiz bağlayıcılardan təmizlənmişdi. Bunu qəbul etdirmək lazım idi, alınmadı. Yeniliyi qəbul etdirmək üçün uzun zaman lazımdır. Onların isə nə zamanı var idi, nə də meydanı. Bir vaxtdan sonra addım səsləri kəsildi...
Bəzən o nəsli uzun cümlə qurmaqda suçlayırlar ki, nə ehtiyac var, dili ağırlaşdırır, anlamaq çətinləşir. Söz yox, mən də uzun cümləyə qarşıyam. Tərcümə bir yana, müasir orijinal mətnlərdə “cümləsizlik” hökm sürür, anlamaq olmur. Yazarlar sağ qulağını sol əliylə qaşıyır və mətn olur qarma-qarışıq.
Ancaq yazdığını mənə bir içimlik su kimi oxutduran adamlar görəndə dinməzcə otururam yerimdə ki, kişi yazıb! Buna nümunə olaraq Səfər Alışarlının “Gavur” povestindən aşağıdakı cümləyə iki əlli təsliməm: “Ağac boynuna dəyən qəfil güllədən büdrəmiş heyvan kimi başını yerə qoyanda, elə bil ovun qaçacağından təşvişə düşən kişilər tələm-tələsik baltanı işə salıb, onun qatlanmış qəddini hələ də kökləri üstündə saxlayan yaralı özəyini də vurdular”.
Kənd adamları yaxşı bilər, ağacın kəsilən hissəsi burula-burula yerə dəyəndə təkan verib yenidən yuxarı qalxır və yenidən enir. Və odunçular hərəsi bir tərəfdən üstünə o təhər hücuma keçirlər, deyərsən, bu dəqiqə durub qaçacaq. Necə dəqiq təsvir! Səfər müəllimin bu təsvirinin qabağında baş əyməmək əldə deyil. Bax, Saday Budaqlı da, Eyvaz Əlləzoğlu da bu qatda dayanır, bu ustalığı paylaşırlar.
Saday Budaqlının hekayələri dilinin şirinliyi, mövzusunun orijinallığı ilə Azərbaycan nəsrində yenilikdir. “Qoca”, “Nisgil”, “Şübhə”, “Firuzə qaşlı sırğa” hekayələri heç şübhəsiz, ədəbiyyatda qalacaq və gələcək nəsil onları mütləq tapıb oxuyacaq. Ancaq nə yazıq ki, bu gün əksər oxucular Saday müəllimi yalnız və yalnız M.Bulqakovun “Master və Marqarita” əsərinin tərcüməçisi kimi tanıyır.
Eləcə də, Eyvaz Əlləzoğlunun əsərləri Səfər Alışarlı və Saday Budaqlının əsərlərinin taleyini yaşayır. Eyvaz müəllimi həm də “şanslı” yazıçı adlandırmaq olar. Bu bəlkə də taleyin ironiyasıdır, amma o, vaxtsız ölümü ilə nəsildaşlarından qabağa düşüb az da olsa tanına bildi. “Bığlı Kərəm”, “Doğum” və başqa hekayələrini, eləcə də “Odunçu geri qayıdır” romanını oxuduqca onu deməyə əsas verir ki, biz böyük bir yazıçını itirmişik. İtirmişik, ancaq özümüzün də xəbəri yoxdur.
Elə onların özünün də xəbəri yoxdur. Bəlkə də xəbərləri olsaydı, mübarizə aparardılar, amma belə gözəl əsərlər yaradıb dilimizi zənginləşdirə bilməzdilər. Bəli, bu gün çox adamın xəbəri olmasa da, onların yazdıqları sözün əsl mənasında dilimizin inkişafında böyük rol var. Bir gün hamımız biləcəyik, hamımızın xəbərimiz olacaq. Onları da oxuyacaqlar. Amma bu, o yazıçıları məsuliyyətdən azad eləmir.