Qan Turalı: “Uşaqlıq sevgimə sadiqəm”

Qan Turalı: “Uşaqlıq sevgimə sadiqəm”
23 iyun 2015
# 09:48

Kulisin “Blitz müsahibə” layihəsinə suallara Qan Turalı cavab verir.

- Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?

- Burda bir neçə əsərin, misal üçün İsa Hüseynovun “Məhşər”, Əkrəm Əylislinin “Gilənar çiçəyinə dediklərim”, Yusif Vəzirin “Studentlər”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Afaq Məsudun “Azadlıq” romanlarının adını çəkə bilərdim. Lakin öz bədii-estetik qənaətlərimi bir anlıq unudur və Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”nı baş yerə qoyuram. Estetik olaraq mən Mirzə Cəlil nəsrindən bir az uzaq adam sayıla bilərəm, hərçənd mənim üçün Mirzə Cəlildə müasir estetika üçün çox sağlam istinadlar, göndərişlər var. Lakin mahiyyət etibarı ilə Mirzə Cəlil realist bir yazıçıdır və Mirzə Cəlilin realizmi özünü ən mükəmməl formada “Danabaş kəndinin əhvalatları” əsərində göstərir. Bu əsərdə məni valeh edən nədir? İnsan sevmədiyi şeyləri bir anda söyləyə bilər, sevdiyini anlatmaq isə çətindir. Amma gəlin çətinə tamah salaq.

“Danabaş kəndinin əhvalatları” bütöv bir Azərbaycan mənzərəsidir. Bu əsərdən ölkənin vəziyyəti aydın görünür. Görürük ki, acgöz qazı, zalım katda Zeynəbin ailəsini, Vəlini, Məmmədhəsən əmini necə məhv edir. Görürük ki, savadsızlıq necə ağır ictimai bəla yaradır. Bu haqda ayrıca bir esse də yazmaq olardı.

- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?

- Mirzə Cəlili bir şəxsiyyət, bir yazıçı missiyasının yaradıcısı, maarifçi mübariz kimi özümə ustad görürəm. Yazıçı kimi isə uşaqlıq məhəbbətim Selincerə hələ də sadiqəm.

- Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi?

- Çox narahat edir. Azərbaycan müstəqil bir ölkədir, lakin biz müstəqilliyin yaratdığı imkanları ədəbiyyat üçün lazımı qədər istifadə edə bilmirik. Sovet zamanı bir klişe vardı: “Kitab bilik mənbəyidir”. Şəksiz ki, bu belədir, lakin kitab yalnız bilik mənbəyi də deyil. Kitab insan olmaq üçün bizə gərəkdir. Kitab bizi digər insanları anlamağı öyrədir, özümüzü dərk etməyə kömək edir. Kitab bizi zorakılıqdan, nadanlıqdan xilas edir. Bizi daha xoşbəxt, daha mənalı yaşamağı öyrədir. O bizi məişət qayğılarından xilas edir, mənəvi-əxlaqi yüksəlişimizi təmin edərək bizdə ən ülvi, ən ali duyğular oyadır.

Bizdə oxucu sayının artımını inkar edə bilmərik. Lakin ümumən baxanda bu göstərici çox azdır. Sovet zamanında ən ucqar kəndlərdə yaşayanlar belə yeni çap edilən kitabları oxuya bilirdilərsə indi bu imkan mövcud deyildir, insanlar kitabdan qaçaq salınıb. Əyalətdə kitab mağazaları acınacaqlı vəziyyətdədir. Kitab oxucuya gedib çata bilmir.

Belə bir vəziyyətdə yazıçılar həmrəylik göstərərək mütaliə mədəniyyətinin, kitabxanaların, oxucuların sayının artması istiqamətində fəaliyyət göstərməlidir. Yazıçının missiyası ancaq yazmaqla məhdudlaşmamalıdır. Biz müxtəlif çıxışlar, ictimai müzakirələr, publisistik yazılarla kitab oxumaq vərdişinin genişlənməsinə çalışmalıyıq. Bu Azərbaycanın məsələsidir, xalq qarşısında ictimai borcumuzdur.

- Sizcə Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?

- Biz milli Tolstoy, milli Dostoyevski, hətta milli Orxan Pamuk yaratmaqdan vaz keçməliyik. Bilməliyik ki, bizi dünya yazıçılarının düşündürdükləri problemlər düşündürdüyü zaman biz dünyaya çıxarıq. Dünyanın 30-40 hətta bəzən daha əvvəl həll elədiyi problemlərdən yazmaqla biz heç kim üçün maraqlı ola bilmərik. Məsələ təkcə məzmundan yox, həm də formadan asılıdır. Təsəvvür edin ki, indi kimsə Çarli Çaplini çox gözəl şəkildə təqlid edərək səssiz filmlər çəkir. Biz bu adama böyük sənətkar deyə bilərikmi? Ədəbiyyatda da vəziyyət bu cürdür.

- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?

- İnternet informasiyanın yayılması üçün nəhəng imkanlar açır. Onun kəşfini radio, ya da televiziyanın kəşfiylə müqayisə etmək məncə azdır. İnternet Qutenberqin çap maşını miqyasında bir kəşfdir. Üstəlik, bu kəşflə milyonlarla insan öz düşüncələrini başqa milyonlarla bölüşmək, müzakirə etmək imkanı yaradıb. Amma mən internetin ədəbiyyatı “yeyəcəyi” ilə bağlı bədbin proqnozlarla razılaşmıram. Ədəbiyyat radio, kino, televiziya və fotoqrafiya imtahanlarından uğurla çıxmış əlaçı bir tələbədir.

Lakin bir məsələni də demək lazımdır. Amerikada aparılan rəy sorğularında məlum olub ki, insanların sosial şəbəkələrə olan aludəçiliyi onları uzun mətnləri oxuyub-qavramaq qabiliyyətlərini məhdudlaşdırır. İnternet dünyasının ədəbiyyatı bu cür faktları da diqqətə almalıdır. Daha “Don Kixot”, “Hərb və sülh” kimi əsərlər çox çətin oxunur. Doğrudur, heç əvvəllər də oxucular qalın kitab aşiqi deyildilər, lakin indi bu tendensiya daha da güclənib.

# 978 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #