Bağrıma basmadıqlarım soyuq daş altında

Bağrıma basmadıqlarım soyuq daş altında
30 oktyabr 2014
# 16:17

Kulis.Az Sevinc Çılğının yeni şeirlərini təqdim edir.

Bir dəstə çiçək

Bir dəstə çiçəyə sığarmı sevgim

Daşların bəzənsin bəsimdi indi

Vaxtında bağrıma basmadıqlarım

Soyuq daş altında

Nəm torpaq üstə

Duyarmı sevgimi bilmirəm indi...

Bir dəstə çiçəyə ümidim böyük

Bir dəstə çiçəkdən nələr umuram

Vaxtında yoluna çıxmadıqlarım

Soyuq daş altında

Nəm torpaq üstə

Bu peşman gəlişi duyarmı indi...

Bir dəstə çiçəyim solar ardımca

Küləklər sovurar yollara doğru

Vaxtında çiynində ağlamadığım

Soyuq daş altında

Nəm torpaq üstə

Hönkürən adamı ovutmur indi...

Ağrıyan adam

Canı ağrıyan adamın başucunda yerim boş qalıb

ürəyim qapısında döyünür

pəncərəsini küləklər döyür

buludlar yağışa hamilə

isti bir yorğanın altında çevrilə-qovrula zarıyır adam

bütün sevdikləri unudulmaqda

adam ağrımaqda...

ürəyim qapısında döyünür

dırnaqlarım ovuclarımı qanatmaqda

əlim yetməyən ağrılara uzaqdan göynəmək qədər vərdişim var indi

ovuclarında gizlətdiyi dodaq izlərim dualar yağdırmaqda

pəncərəsini küləklər döyür

əsir, çırpılır

içəri soxulub başına dolanmaqdır dərdi küləklərin

adam zarımaqda

ay allah, al məni bu küləyin əlindən deyə

buludlar yağışa hamilə

gözlərim yaşa

canı ağrıyan adama dərdin mənə gəlsin deyə bilməməyin əzabı var içimdə

mən də ağrıyıram pəncərənin önündə

qollarımı qucaqlayıb

alnımı soyuq şüşəyə söykəyib

isti otağın bir küncündə

isti bir yorğanın altında çevrilə-qovrula zarıyır adam

gözü yol çəkmir

canı torpaq nəm çəkən kimi dərd çəkir

əlini ağrıyan yerinə çəkir

ağrı azalmır

halı azalmaqda

bütün sevdikləri unudulmaqda

ağrı hamını unutdurmaqda

ovuclarında gizlətdiyi dodaqlarımın izi hayqırmaqda

adam ağrımaqda...

Eyyy...

Bir əlimdə həmişə bir parça yaylığım oldu

Adamların ən yaxşı bacardığı şeyin getmək olduğuna inandığım gündən bu yana

əli boş gəlib əli dolu yola saldıqlarım

ümiddən tutmuş sevinclərimə qədər nəyim vardısa

(kasıbın olanından) alıb apardılar

Payın artıq olsun dedilər...

Yerdə qalan bütün artıq-əksik nə vardısa

Basdım bağrıma

Gedənlərin ardından ən iyrənc xatirələr belə əziz olurmuş...

Baharda gəlib payızda gedənlər

Qışa tədarüksüz mənim kimi cırcıramalara

Nəğmə deyil ağı söylədər

Ovcundan öpdüklərimiz

Ovcumuzu yalamağı öyrədər bizə

Bir cüt əl – titrək

Qubarlı ürək

Yalançı təbəssümlərlə

Gülümsəməyi...

Ayrılıqların xıncım-xıncım elədiyi ürəyimdən

O xırçın qız keçir indi...

Gedənlərin ömründən bahar yeli kimi keçən o qız...

Özüm üçün darıxıram...

Eyyy...

Yorğunam, dostum

Fincanda çayım soyuyur

Boşqablarda yeməyim

Ütüsüz köynəyim

Palçıqlı ayaqqabılarım

Daraqsızdı saçlarım

Yorğunam, dostum, yorğunam...

Dörd divarlar arasında

Xərclənir ömrüm

Körpə balalara

Yorğun ərə

Xəstə anaya

Tıxaclı yollara

Cavabsız suallara

Xərclənir ömrüm

Yorğunam, dostum, yorğunam

Üstümə gəlir bu dünya

Tozlu köşələrə

Dirəndikcə dirənirəm

Döngəsiz dalanlara

Sözlərə

Yalanlara

Geri dönüşü olmayan zamanlara

Yenildikcə yenilirəm

Yorğunam, dostum, yorğunam

Borc gəlir borc üstünə

Ev yıxılır üstümə

Başımdan çıxan tüstümə

Özgəni yandıran çölümə

Özümü göynədən içimə

Baxıb gülüb ah çəkirəm

Allah hara baxır görən

Yorğunam, dostum, yorğunam

Yatır saatım yatır

Bu qaçaqaçda

Bu təlaşda

Yaddaşıma ox batır

Unuduram

Axşam nə yediyimi

Dünən verdiyim sözümü

Belə getsə mən özümü

Unuduram, unuduram

Yorğunam, dostum, yorğunam...

Bir açıq qəbir ola kaş

Girəm çıxam oyalanam

Gizlənməyə bir ovuc torpaq

Yox olmağa yer ola kaş

Yaşamaqdan yorulmuşam

Ölməyə vaxtım ola kaş

Qınama, dostum, qınama

Yorğunam yaman yorğunam...

***

Adamlar özlərini ən yaxşı şəkillərindəki kimi görür

Qaşları düz, gözlərində milyon ifadə, dodaqları dolu, bədəni incə...

ən gözəl şəkillər adamı aldadır

ən yaxşı adamlar...

biz – ümid etməyi tərgitməyən yazıqlar

və yalanlara aldanmaqdan yorulmayan çarəsizlərik

ən gözəl şəkillərdə ən yaxşı adamlara baxar kimi baxarıq

ən yaxşı adamlar

ən gözəl şəkillərdə olar

və o şəkillər həyatımızın ən məsum təbəssümləridir

biz – sadəliyini zənginlik bilən avamlar

bütün zəngin adamlardan gözəl olduğumuzla təsəlli taparıq

ən yaxşı şəkillər ən böyük təsəllimizdir

və yaxşı olduğuna inandığımız adamların şəklini çəkərik yaddaşımızda –

adamların ən yaxşı şəkli bizdədir

biz – ən gözəl şəkillərdə ən yaxşı adamlarıq

mən öləndə o ən yaxşı şəklimi böyüdərsiz...

sizi belə çətin seçim qarşısında qoyduğumçun üzr istəyirəm....

# 3711 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #