Kolxoz sədrilə gəzən qadının hekayəsi

Kolxoz sədrilə gəzən qadının hekayəsi
1 iyul 2014
# 12:09

Kulis.Az Azər Qaramanlının “Əks-səda” hekayəsini təqdim edir.

Həmin gün onlar Mahmudun inəyinin sümüklərinə baxmağa getdilər.

- Orda inəklər yığılıb böyürürlər, - Saday deyir.

- Nə olsun ki, - Zöhrab deyir. - Biz kişiyik. Əlimizdə ağacımız da var. - Sonra ona tərəf döndü. - Gəl biz gedək, Camal, heç nədən qorxmaq lazım deyil.

- Gedək, - o deyir. - Ancaq əvvəl Rəcəbi evə aparmaq lazımdır.

- Biz onu da özümüzlə aparaq. Hə Rəcəb, gedirsən bizimlə. - Saday deyir.

- Cedəy, - Rəcəb deyir.

- Yox Rəcəb, sən evə get, orda mallar qızıb. Səni ayaqlayarlar. - O Rəcəbin başını sığallayıb küçə qapısından içəri salmağa çalışır. - Get Rəci, evə get.

O, Rəcəbi qapıdan içəri itələyir. Gedirlər...

Rəcəb özünü yerə çırpıb ağlamağa başlayır.

- Məni də, mən- i - də - əə.

O, Rəcəbin qışqırığını eşidir. «Bütün günü zəhləmi tökür. Əl çəkmir yaxamdan».

«Şıırrtt», «şıırrtt».

«Şıırrtt», «şıırrtt».

Çubuq kəskin sürətlə tikanların və qanqalların üstünə enir, yenidən qalxır, yenidən enir. Qanqalların kəsilib yerə düşən başları ona ləzzət edir. Adamların başının da bu şəkildə kəsilməsini təsəvvür edir… O, at üstündə düşmənlərin başını vurur…

«Şıırrtt», «şıırrtt».

Onlar köhnə yurddan sola burulurlar. Təpədən endikləri zaman böyürən inəkləri görürlər.

- İnəklər ağlayır. - Saday deyir.

- Heç inək də ağlayar. - Zöhrab deyir. - Sənin ağlın yoxdu. Onlar böyürürlər.

- Gərək onu dərinə basdıraydılar. Onda itlər onu qazıb çıxarda bilməzdilər. - o deyir.

- Niyə ağlamaz? Bax Mustafagilin inəyinin gözlərinin suyu sifətini isladıb. Görmürsən? Bizim malımızın da üzü yaşdı. - Saday deyir.

- Bütün içalatını, ətini yeyiblər. - Saday deyir. - Yaxına getməyin. Mallar qızışıb. Bizi ayaqlayarlar. İtlər quduracaq. Qan yeyiblər.

- Heç nə olmaz. Öz inəklərimizdi. Bizi niyə ayaqlayırlar ki? İtlər də qudurmaz. İtlər adam tutanda qudururlar.

- Elə deyil. İtlər qan yeyəndə qudururlar, - Saday deyir.

Rəcəb bərkdən qışqırıb ağlaya-ağlaya təpədən aşağı enir. O, Rəcəbi qucağına alır.

- Bezdirmisən məni, Rəcəb. Nə istəyirsən məndən? Ağlama. Yoxsa səni malların ayaqlarının altına ataram.

Uzaqdan ananın səsini eşidir.

- İtlər quduracaqlar, - Saday deyir. - Nə dəxli var? Onlar qan yeyiblər.

- Malların gözlərinə bax. Hədəqəsindən çıxıb. Necə də böyürürlər. Dırnaqları ilə yeri eşirlər, - Zöhrab deyir.

- Mallar niyə ölü malı iyləyib dəli olurlar? - Mustafa soruşur.

- Nə bilim. Adamlar da ölü öləndə ağlayırlar. Mallar da bəlkə ona görə ölü inəyi iyləyib böyürürlər, - Zöhrab deyir.

- Camal hu-uu-uyy.

O anasının səsini daha aydın eşidir.

- İtlər adamları tutacaqlar, - Saday deyir.

- Heç kimi tutmayacaqlar. Görərik, - Zöhrab deyir.

Anası onu çağırır. O, anasının səsini hasarların və meyvə ağaclarının arxasından eşidir. Həmişə belədi. O ayağını evdən qırağa qoyan kimi onu axtarırlar. Zöhrab da, Sadayda, Mustafa da ürəkləri istədikləri yerə gedirlər. Məktəbdən gələndən sonra çantalarını atıb çıxırlar. Heç kim onları axtarmır. Amma o evdən çıxan kimi, ya anasının, ya da Sənəmin səsi bütün kəndi başına götürür.

O, anasının səsini daha bərkdən və daha aydın eşidir. Bilir ki, anasına səs verməsə anası huylamağa davam edəcək. Amma burdan hay vermək istəmir.

Onlar Mikayılın çəpərindən burulub arxın üstünə çıxırlar. O anasını görür.

«Şıırrtt», «şıırrtt».

Zöhrabın çubuğu onun qulağının dibində vıyıldayır. Yerə tökülən qanqal başlarından birinin tikanı Rəcəbin ayağına batır. Rəcəb ağlayır…

Anası bir əliylə sürahidən yapışıb. O biri əlini isə gözünün üstünə qoyub. Axır vaxtlar anası çox əsəbidi. Elə hey deyinir. Amma Sənəm onlarda işləyəndə anası heç deyinmirdi. Anası deyir ki, daha Sənəm onlarda işləməyəcək. O gün uşaqlarda deyirdilər ki, Sənanın atası türmədən qayıdıb. Ona görə də Sənəmi daha işləməyə qoymur.

Onlar həyətə girirlər. Sənəm olanda yaxşıydı. Anası onun dalına düşmürdü.

O, Rəcəbi qucağından yerə qoyur.

- Hardaydız? - Anası soruşur.

- Heç yer də.

- Uşağı da salmısan dalına, - anası deyir.

- Ona dedim ki, gəlməsin. Qapıdan içəri qoydum, bir də gördüm zırıldaya-zırıldaya dalımca gəlir.

- Axşamacan veyl-veyl gəzirsən. Heç bir dəfə dərsini açıb baxmısan? - Anası deyir. - Sizin dərdiniz məni öldürəcək. Atandan yaxşı olmayacaqsan ki, sən. Hamınızın dırnağına lənət.

Anasının üzündə kədər var. Anası əzab çəkir. Görəsən nə olub yenə? Axır zamanlar anası həmişə kədərlidir. Həmişə atasını söyür, həmişə deyinir. Yəqin ona görə ki, Sənəmdən sonra çox işləyir. O gün nənəsi də deyirdi ki, anası arıqlayıb. Nənəsi həmçinin deyirdi ki, qudurmasın, ərindən möhkəm yapışsın.

Yəqin anası ora-bura çox qaçır. Paltar yuyur, yemək bişirir, başqa ev işlərin görür. Amma Sənəm onlarda olanda anası bütün günü qonşu arvadlarla, ya da nənəsi ilə qeybət edir, əlini ağdan qaraya vurmurdu. Yəqin ona görə deyinir.

***

O, astaca qapını iki dəfə döyüb içəri girir. Əşrəf müəllim lövhənin qarşısında dayanıb.

O, içəri girəndə sinfə sakitlik çökür. Elə bil hamı nəfəsini tutur hamı. Hamı ona baxır. Amma elə maraqla baxırlar ki, elə bil birinci dəfədi sinfə girir.

- Rəfiyev? - Əşrəf müəllim həmişə onu adı ilə çağırır. Amma indi soyadını deyir. Ona elə gəlir ki, Əşrəf müəllim özünü itirən kimi olur.

«Hamınız dərdsiniz mənə. Atan qurumsaqdan yaxşı olmayacaqsan ki?».

Anasının səsini sanki sinifdə eşidir. Evdən çıxdığı zaman anasının onu necə danladığını görür sanki.

Əşrəf müəllim keçib ağ örtük çəkilmiş stula oturur.

- Bu nə vaxtın məktəbə gəlməyidi, Rəfiyev? - Əşrəf müəllim deyir. - Dərsin yarıdan çoxu keçib.

O, başını aşağı salıb susur. Uşaqlar hamısı nəfəslərini tutub ona baxır.

Nəsə olub. İçində hiss edir ki, nəsə olub. Yoxsa Saday gözlərini bərəldib ona belə baxmazdı.

- Keç, Rəfiyev, keç. - Əşrəf müəllim deyir.

Əşrəf müəllim ona üzünü çevirir. Yerli-yersiz onun başına sığal çəkən Əşrəf müəllimin bu davranışı onda anlaşılmaz, nigaran bir hiss yaradır. O təkləndiyini hiss edir. Tək dərsə gecikdiyinə görəmi Əşrəf müəllim ona bu qədər sınıqdı? Yoxsa başqa nəsə var?

Nəsə olacaq… Ürəyinin döyüntüləri bunu ona deyir…

O, keçib oturur, əllərini qıçlarının arasına dürtüb gözlərini partaya zilləyir. O, hiss edir ki, bütün uşaqların marağı ona kilidlənib. Ona elə gəlir ki, müəllim də ona baxır. Hətta bir anlıq zənn edir ki, heç vaxt ona güldən ağır söz deməyən Əşrəf müəllim indi yaxınlaşacaq, birçəyindən tutub ayağa qaldıracaq. O, Xavərin qarşısında bu vəziyyəti təsəvvür edir. İlahi…

O, hiss edir ki, Xavər də ona baxır. Onun baxışlarını açıq şəkildə öz üzərində hiss edir. Amma baxışlarını qaldırıb Xavərə baxa bilmir. Hiss edir ki, Xavərin ona yazığı gəlir.

Nəsə olub… Nəsə olub…

Anası deyirdi ki, o daha cana gəlib. Görəsən atası ilə anası niyə dalaşırdılar? Anası deyirdi ki, sən Mədədi tanıyırsan. Bilirdin ki, bu iş pis bitəcək.

Görəsən sabah da Əşrəf müəllim ona bu qədər soyuq və uzaq olacaq? O, hələ də Xavərin baxışlarını üzərində hiss edir. O, özünü axmaq hiss edir, yəqin uşaqlar hamısı ona gülürlər. Pərtlikdən qulaqları dibinə qədər qızarıb. O qulağının istisini hiss edir və ona elə gəlir ki, qulağı həddindən artıq böyüyüb.

Səhər anası atasına deyirdi ki, oğraşlığın sonu belə qurtarmalıydı.

Zəng çalınır…

***

Uşaqlar dəstəylə durub söhbət edirlər. Bir tərəfdə qızlar pıçıldaşır. Bir tərəfdə isə oğlanlar danışırlar. O, oğlanlara tərəf yaxınlaşır. Nədənsə heç kim onunla danışmaq istəmir.

- O baltayla vurub onu.

- Ölüb?

- Zırramasan sən. Gəl sənin başına birini vurum baltayla. Görüm sağ qalacaqsan?

Hidayət gülür və yavaşca İlyasın başına vurur.

- Mən özüm gördüm. Döşəmədə qan laxtalanmışdı. Bilirsən nə boyda qan laxtası vardı? - Hidayət deyir. - Gecə saat 3-də Hürü arvad qışqırıb atamı köməyə çağırırdı. Sonra Sənan bircə alt tumanında gəlib ağlaya-ağlaya atama dedi ki, atası anasını balta ilə vurub.

O ağzını açıb nəsə demək istəyir. Həyəcanından ağzında dili böyüyür. Demək Sənəmin əri onu baltayla vurub öldürüb. O nə edəcəyini bilmir. Ağlasa, görəsən ona gülərlər? Yəqin hamı gülər, hamı onu lağa qoyar.

- Atamla anam Sənangilə yüyürdülər - Hidayət gördüklərini böyük bir qəhrəmanlıq kimi danışmaqda davam edir. - Məndə onların dalınca qaçdım. Çoxlu adam yığılmışdı. Arvadlar saçlarını yolurdular. Sənəm xala yerdə uzanmışdı. Sir-sifəti qanın içindəydi?

- Sən Mədədi gördün?

- Yox. O qaçıb getmişdi. İndi milislər onu hər yerdə axtarır. Deyirlər cüyürdə yulğunluqda gizlənib. - Hidayət deyir. - Deyirlər o, Bəhlulu da öldürəcək. Bəhlul da səhər tezdən deyirlər Bakıya qaçıb.

Hamı dönüb ona baxır. Yalan deyirlər. Atası o, çıxanda evdəydi.

«Sənin oğraşlığının ucbatından hamımız biabır olduq rayonda. İndi necə çıxacağıq camaatın üzünə?» O, anasının səsini eşidir…

«Yoluna qoyacam. Danışacam ki, mənim adım keçməsin işdə. Vəssalam». O atasının səsini lap qulağının dibində eşidir…

- Qan tutub onu. Mədəd Bəhlulu da öldürəcək, görərsiniz. Nənəm deyir ki, bir adamın qan gözlərini tutanda qabağına çıxan hər kəsi öldürür. Mədəd də Bəhlulu, ya da kimsəni öldürəcək.

- Heç kimi öldürməyəcək. Bəhlul dayı da deyirlər Bakıya qaçıb, - Saday deyir. Yenə hamı ona sarı baxır. - Mədəd Bəhlulu Bakıda hardan tapacaq? Həm də milisionerlər hər yerdə onu axtarırlar.

Saday ona tərəf heç baxmır. Elə bil dostu deyil onun.

«Pulunla həll edəcəksən bunu. Milisi bildik, Mədədi də pulla alacaqsan?» - anası deyir. «Bəs sən camaatın üzünə necə çıxacaqsan. Bu boyda kolxozun sədrisən. Respublikada tanınırsan. Sənin bu oğraşlığını camaat sənə bağışlayacaq elə bilirsən? »

«Mən bu boyda rayonun yiyəsiyəm. Hamının işi məndən keçir. Mən deputatam. Partiya icazə verməsə heç kim məni tuta bilməz. Partiya da icazə verməyəcək. Camaat da hər şeyi iki günə unudacaq. Hamısı yaltaqlıqdan bellərini bükəcəklər. Sən səsini kəs. Yerində otur. Səndən başqa heç kim mənim üstümə gəlmir bu işə görə».

O atasının anasına necə bağırdığını təqribən 3 km-lik məsafədən eşidir. Yox eşitmir. O görür. Hər şeyi görür.

«Səsini kəs. Eşidirsən, səsini kəs», - atası bağırır.

- Atam deyirdi ki, Mədəd Bəhlulu mütləq öldürəcək, - Hidayət deyir. - Yəqin ona görə də qaçıb.

- Öldürmək istəsəydi gecə gedib evində öldürərdi. Boş şeydi. - Saday deyir.

- Mədəd Sənəmi niyə öldürüb axı? - Hikmət soruşur.

- Deyirlər onun başına hava gəlib. Deyirlər o türmədən dəli gəlib, - Səlim deyir.

- Yox elə deyil. Mən bilirəm, - Hidayət deyir, - Bəhlul Sənəmlə gəzirmiş deyirlər. Ona görə öldürüb.

O başını bir qədər irəli uzadır. Bütün vücudu titrəyir. O bunu bilirdi. Amma inanması imkansızdı. Hidayətin son sözləri beynində durmadan partlayır.

«Niyə səsimi kəsim? Bu birinci deyil, ikinci deyil. Bütün rayon sənin oğraşlığından danışır. Bəsdir. Bəsdir. Bezmişəm daha». O, anasının atasına necə cırmaq atdığını görür. Atası onun qolunu tutur və itələyir…

- Deyirlər ki, iki ay əvvəl Güldəstə Bəhlulla Sənəmi bir yerdə tutub. Qovmaq istəyib Sənəmi, ancaq Bəhlul qoymayıb. - Hidayət deyir. - Sonrada Mədəd türmədən gəlib. Sənəm əri gələndən sonra Camalgildə işləməyib.

- Adam adamla gəzəndə nə olur ki? Bu nə deməkdi? - Qudrət soruşur.

Oğlanlar gülüşürlər. Zöhrab Qüdrətin başından vurur.

- Zırrama. Bilmirsən gəzmək nə deməkdi? - Zöhrab gülür. - Sən lap uşaqsan. Bu o deməkdi ki, Bəhlul Sənəmi …

O qəfildən otağa girdiyini xatırlayır. Atası anasının üstündəydi. Və hər ikisi lütdü… O qapını örtüb qaçır…

Bütün günü veyl-veyl çöldə gəzmişdi həmin gün. Ən qorxduğu şey evə dönmək və atası və anası ilə üz-üzə gəlməkdi. Axşam çağı onu Sənəm axtarıb tapmışdı. Evə girəndə anasının üzünə belə baxmadan yatağına girib başını basdırmışdı. O zaman ən böyük arzusu ölməkdi. Həmin hadisədən sonra bir ay nə atasının, nə də anasının üzünə baxa bilməmişdi…

O, Sənəmlə atasını eyni vəziyyətdə təsəvvür edir. Atası Sənəmin üstündə və onlar ikisi də lütdülər…

İlahi, bu ola bilməz. Ola bilməz…

- Atam deyirdi ki, Mədəd Bəhlulu mütləq öldürəcək. – O, Hidayətin səsini lap uzaqdan eşidir.

- Onu tutacaqlar. On beş il verəcəklər. - Saday deyir.

- Yox. Onu güllələyəcəklər. - Zöhrabın səsini bir az daha yaxından eşidir.

- Güllələməyəcəklər. Mədəd türmədən çıxandan sonra Bəhlulu öldürəcək. Mənim atam deyir ki, Mədəd Bəhlulu heç vaxt sağ buraxmayacaq. - Mustafa mübahisə etmək üçün sinəsini irəli verir.

- Buna görə Mədədi güllələməzlər. - Hidayət yenə çoxbilmişliyi ilə qürrələnir. - Amma Bəhlul Mədədi türmədən sağ çıxmağa qoymaz. Onu türmədə öldürtdürəcək. Əgər Mədəd Bəhlulu öldürə bilmədən tutulsa, Bəhlul onu türmədə öldürtdürəcək. Atam deyir ki, Bəhlulun hər yerdə adamı var.

Boğazında nəsə ilişib qalıb. O udqunmaq istəyir. Amma ona elə gəlir ki, udqunan kimi səsə hamı ona baxacaq. Sonra uşaqlar hamısı onun sifətinə tüpürəcəklər.

O, Xavərin qarşısında bunu təsəvvür edir. Görəsən özünü öldürsə, Xavər onu həmişə xatırlayar? Yəqin xatırlayar.

Onsuz da bu şəkildə yaşamağa dəyməz. Amma heç olmasa onu sonra bir yaxşı insan kimi xatırlayarlar. Bəlkə o ölsə, bütün bunlar da unudular. Amma yox, unudulmaz. Mədəd Sənəmi öldürüb. Mədəd tutulmalıdır. Ya da onun atasını öldürməlidir. Bəlkə atasını elə özü öldürsün.

«Sənin kimi oğraşa ölüm də azıdır». Anası ağlayır. «Allah bunu götürməz». O, anasının hıçqırtılarını eşidir.

Atasını öldürəndən sonra özünü də öldürsə, yəqin ki, hamı onu həmişə bir kişi kimi xatırlayacaq. Yəqin ki, Xavər də onu həmişə sevər buna görə.

Xavərin ona yazığı gəlir. O, birdən bunu açıq-aydın hiss edir. Başını qaldırıb qızlara tərəf baxır. Xavər doğurdan ona tərəf baxır…

Xavərin ona doğurdan yazığı gəlir. Bunu Xavərin yanında dayanmış qızlar da bilir. Çünki hiss olunur ki, qızların da ona yazıqları gəlir.

- Bəhlulu yəqin ki, kolxoz sədrliyindən də, deputatlıqdan da çıxaracaqlar. - Zöhrab deyir. - Partiya belə bir şeyə göz yuma bilməz.

Atam deyir ki, Bəhlulun hər yerdə adamları var. - Hidayət deyir. - Ona heç nə etməyəcəklər. İşi ört-basdır edəcəklər. Vəssalam.

- Nə danışırsan, sən? Partiya bu işə göz yuma bilməz. Baxarsız, Bəhlulu da tutacaqlar.

- Ağlın yoxdu sənin. - Hidayət deyir.

- Sənin ağlın yoxdu.

O birdən Sənəmin iyini hiss edir. O, iyin tamını hiss edir. Sənəmdən bir qədər sabun iyi qarışıq qatı turş iy gəlir. Sənəmin gözləri həmişə adamda xoş təəssürat yaradır.

Sənəm onun başını, bədənini sabunlayır. O, bir əli ilə tumanını tutub. O biri əlini isə Sənəmin qarnına qoyub. İlıq suyun xoş hərarəti və bədənində gəzən nəvazişkar, məstedici əllər… Şahnazla Rəcəb isə vannada səs-küy salırlar.

O sanki əlinin, barmaqlarının altında Sənəmin yığılıb-açılan, qalxıb enən pərqu kimi qarnını yenidən hiss edir…

Zəng çalınır…

***

- Əyləşin. - Nadir müəllim deyir.

Uşaqlar artıq ona baxmır. Amma Nadir müəllim ona baxır…

«Bu gün nəsə olacaq»

«Bu gün nəsə olacaq»

Nigaran ürək döyüntüləri ona belə deyir…

# 4474 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #