Etiraf edim ki, nakam şair Fikrət Mursaqulovun həyat eşqindən, istedadından, qeyri-adiliyindən, elə hamıdan fərqli şaqraq gülüşündən, yerişindən, ovucu ilə ağzını qapayıb guya pıçıltı ilə, əslində ucadan şeir deməsindən, barmaqları ilə həmsöhbətinin sinəsini döyəcləyə-döyəcləyə düz-səhv dediyini, bildiyini ona yeritməsindən, bəzən diqqətlə, sakitcə qarşısındakını dinləməsindən, hərdən səbirsizlik edib şimşək kimi çaxmasından, papirosu sümürməsindən, tüstüsünü hərisliklə ciyərinə çəkməsindən, arada (bu çox nadir hallarda olurdu) yetim, kimsəsiz körpə kimi boynunu bükərək dayanmağa, gözləməyə məhkum, məcbur olduğu yerdə (dəhlizin, otağın, auditoriyanın ortasında, küncündə, yolun kənarında – hər halda onu görənlər bunu bilirdi, o isə harada durduğunun fərqində deyildi) bir-birinə sürtdüyü ən dəyərli varlığından – barmaqlarından, küllü-ərzin hüzn, kədərinin cəm olduğu simasından… daha nələrdən, nələrdən ürək dolu, söz bol olsa da, yazmaq istəyəndə uzun müddət qələm aciz qalmışdır. Hər dəfə qəlbimdəkiləri vərəqə köçürmək istəyəndə bu onun – həyatın ən ağır sınaqlarına sinə gərib bir müddət olsa da, tab gətirmiş tələbə yoldaşımın acı taleyi məni sarsıtmış və qələm islanmış vərəqin üstündə donmuş, hərəkətsiz qalmışdır. Əminəm ki, Fikrəti tanıyanların, onun haqqında yazmaq istəyənlərin çoxu eyni aqibəti yaşayıblar və yaza bilməyiblər. Lakin nə yaxşı ki, yazanlar da tapılmışdır…
Onlardan birinin – dostumuz, istedadlı həmkarımız, şair-publisist Həzi Həsənlinin «İşıq əlifbası» kitabını («Uğur» nəşriyyatı, Bakı, 2012, 140 səh.) birnəfəsə oxudum. Həziyə 100 dəfə «əhsən», «maşallah» dedim. Demək, vəfa borcunu vermək, yazmaq olurmuş…
Nəsiminin «Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam!» misraları ilə başlayan məşhur qəzəlini az qala addımbaşı şövqlə söyləyən, sanki bu əsərlə nəfəs alan, qidalanan və həqiqətən də bu dünyaya sığmayan Fikrətin tərcümeyi-halını bir cümləyə sığışdırmaq olar: 1955-ci ildə anadan olmuş, iki il sonra gözlərinin nurunu əbədi itirmiş, 1975-ci ildə Bakıdakı gözdən əlillər üçün internat məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, elə həmin ildən ömrünün sonunadək – 1989-cu ilədək Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır. Fikrətin bu statistik cümlə ilə ifadə olunan həyat hekayəsi, taleyi isə bir kitablıqdır ki, Həzi Həsənlinin qələmində parlaq təcəssümünü tapmışdır. Yuxarıda adı çəkilən əsərə «İşıqlı dünyanın adamı» məqaləsi ilə ön söz yazan İlham Abbasov haqlı olaraq qeyd edir ki, Fikrətin şeirlərinin çoxu onun taleyinin aynası idi, «qısa, mənalı, bəhrəli» taleyinin. Onu «zəkası, fəhmi güclü», «nur topası», «asta, ləngərli yerişli», «istiqanlı», «ləyaqətli, əxlaqlı», «çox qürurlu və həyatsevər insan» kimi xarakterizə edən İlham Abbasov Həzi Həsənlinin nakam şairin həyat, yaradıcılığından bəhs edən əsərini «dost töhfəsi» adlandırır və yazır: «Bu kitabda Həzi Həsənli onun portretini bədii obraz səviyyəsində yaratmağa müvəffəq olmuşdur. Bunu təmin edən birinci amil səmimiliyi, duyğu və düşüncələrinin ifadəsində təbiiliyi qoruya bilməsidir». İlham Abbasovun əsərlə bağlı «…müəllifin ifadə tərzi publisistikanın hüdudlarından çıxaraq bədii təxəyyül səviyyəsinə yüksəlir» - qənaəti tamamilə yerində və doğrudur.
«Fikrətin yolları Givinin («Fikrətin qolundan tutan, görən gözü, dostu, sirdaşı, əzabkeş qardaşı» - H.H.) qollarından başlanırdı. Bir dəfə o daş pilləkənlərdə onların qol-qola gedən kölgəsini görəndə, Qobustandakı yallı gedən qaya rəsmləri gözlərim önünə gəldi». «Quru adamlar Fikrətin nəzərində qurumuş ağaclar kimiydi». «Fikrət yeriyəndə də qaranlıqları nur topası kimi yarıb keçirdi». «Fikrətin rütubətli, yarıqaranlıq daxması» (N.Nərimanovun heykəlinin alt tərəfində kirayədə qaldığı ev nəzərdə tutulur – T.A.) mənim nəzərimdə dünyanın ən geniş və işıqlı bir sarayı idi. O daxmanı büllur saraylara dəyişməzdim. Axı, orada Fikrət yaşayırdı». «Rəhmətlik atasına həsr etdiyi şeirində … onun gəzəri heykəlini yaratmışdı. Əlləri qoynunda, dərdi üzündən oxunan Yunus dayının əzablı çöhrəsi onu tanıyanların yaxşı yadındadır. Elə bil sifətində qırışlardan əriş-arğac sırınmışdı, naxış toxunmuşdu.
Ürəklərə od qoyan dərdinin ocağı içində yanırdı, Fikrətin dağ boyda fikir yükünü ürəyində çəkirdi, çiyinlərində daşıyırdı…
Fikrətin sözünü-söhbətini cümlə-cümlə, şeirlərini misra-misra ata ürəyinə köçürə-köçürə dərdini əridirdi…». «Çappa stəkanda Fikrət nə içsəydi, mənə elə gəlirdi ki, fikir içir, duyğu içir, söz içir». «O, heç nəyin rəngini görə bilməsə də, sözün rəngini görürdü. Biz adi gözlə görə bilmədiklərimizi Fikrət şair gözü ilə görürdü, şair ürəyi ilə görür, hiss edirdi. «…çox zaman bizlərə elə gəlirdi ki, Fikrət heç uşaq olmayıb, elə dünyanın yaşıdı kimi doğulub». Əsərin bu cür bədii təsvir və ifadə vasitələrlə epitet, təşbeh, metafora, mətnaltı mənalarla zənginliyi, dilinin sadə, obrazlı və canlılığı bir tərəfdən Həzi Həsənli istedadının, jurnalist məharətinin göstəricisidirsə, digər tərəfdən Fikrət Mursaqulovun qısa, lakin mənalı ömür yolu, qibtə ediləcək mənəvi dünyası, keşməkeşli taleyi də yazının təsir gücünə, ruhuna möhürünü vurmuşdur. Şair təbiətli Həzi Həsənlinin təxəyyülü, ilham və xəyal pərisi sədd-sərhəd tanımır, eyni zamanda o, qənaətlərində, mühakimələrində çox ciddidir və fikirlərini əsaslandırmağın ustasıdır.
Fikrət Mursaqulov obrazının xarakterik cəhətlərini, özünəməxsus cizgilərini yaratmaq və yaşatmaq üçün Həzi Həsənli müşahidələri və mülahizələri ilə kifayətlənmir, yeri gəldikcə Fikrətin qələm dostlarının yazdıqlarına, söylədiklərinə, Fikrətin yadigarlarına – şeirlərinə də istinad edir. Bu rəngarəng ştrix-sitatlar Fikrət portretini daha təsirli, maraqlı, bənzərsiz və unudulmaz edir. Əməkdar jurnalist Tahir Aydınoğlunun «Fikrət nağılı»ndan: «Qulaqlarına görməyi öyrətmişdi, səslərlə görüb-duyurdu aləmi. Yeddi qıfıl altında qalmış işıqlı aləmə ədəbiyyatın, səsə çevrilən sənətin gözü ilə bələd olmuşdu. Onun qulaqları ilə baxıb, ağlının gözü ilə gördüklərini ən iti görənlər, ən ötə qananlar belə onun qədər anlaya və anlada bilməzdilər».
Ləkim solub, tağ nə gəzir,
Təpəm uçub, dağ nə gəzir.
Kim Məmmədi sorar olsa,
«Öldü» - deyin, sağ nə gəzir
– hələ sağkən elegiyasını yazan Məmməd Nazimoğlu dünyasında «qoca və azman» Fikrət silinməz iz buraxmışdı: «Fikrətin adı nakolka kimi mənim ürəyimə döyülüb və onu pozmaq mümkünsüz bir işdi… Bax, indi, məhz bu məqamda, beynimin bütün hüceyrələri Fikrət notu üzərində kökləndiyi bir anda onun haqqında, inanın, kitab bağlayaram, ağı deyirsiniz, ağı deyərəm, nağıl deyirsiniz, nağıl söyləyərəm, xatirə deyirsiniz, xatirə danışaram. Əlli yaşını görməyən, görüb də sevinməyən, sevinib də kövrəlməyən, kövrəlib də bizi qol-boyun etməyən Fikrət Mursaqulovu təbrik edimmi, etməyimmi? Heç üzümü onun sinə daşına qoyub ağlaya da bilməmişəm. Başımı başdaşına söykəyib qulağına nəsə pıçıldaya da bilməmişəm».
Fikrətin gürcü əkizi («dost», «qardaş» kəlmələri azlıq edir) Givi Paçxataşvili gözünün nurunun öləzidiyi günü yox, Fikrəti itirdiyi günü – 31 may 1989-cu ili həyatının tənhalıq dövrünün başladığı tarix hesab edir: «Məni Azərbaycan mənəviyyat xəzinəsinə gətirən şəxs 33 yaşında dünyasını dəyişib məni təkliklə üz-üzə qoydu». Professor Məhərrəm Qasımlı Fikrəti tələbəlik illərimizin ən gözəl xatirəsi adlandıraraq yazır: «Sənsiz illər – Fikrət ağlından, Fikrət ürəyindən, Fikrət işığından ayrılıb göyüm-göyüm göynədiyimiz gözüyaşlı illərdi. Hamımızdan savadlıydın, məntiqliydin, cəsarətli və səxavətliydin. Ərköyün davranışın, şaqraq gülüşlərin gözümüzdən-könlümüzdən çəkilib getmir. Eyni kursda oxusaq da, əslində bizim müəllimimiz idin».
Mətbuat Şurasının sədri Əflatun Amaşov Fikrət Mursaqulov yaradıcılığını və insani keyfiyyətlərini qədirbilənliklə xatırlayandan sonra bu qənaətə gəlir: «Onun ayağı yerdəydi, amma elə bil bizə zirvədən baxırdı, çox-çox yüksəkdən baxırdı. İçimizi, daxili aləmimizi tam görürdü, aydın görürdü».
Yəqin, şair-publisist Mahmud Ləzgiyevin dedikləri ilə Fikrəti tanıyanların hamısı, o cümlədən bütün tələbə yoldaşları da razılaşar: «Elə bil o, öz yaşından çox yaşamışdı, yaşından çox bilirdi. Fikrətdəki qabiliyyət, duyum, istedad bizim hamımızı üstələyirdi».
Milli Məclisin deputatı, söz-sənət aşiqi, örnək vətəndaş Qənirə xanım Paşayeva Fikrəti «dəyərli bir insan, gözəl bir şair», naşir, jurnalist Natiq Ələkbərli «böyük ürək sahibi», «müqəddəs insan», filologiya elmləri doktoru, professor Almaz Ülvi «əsl ədəbiyyatşünas və tənqidçi» kimi dəyərləndirir. Həzi Həsənli kitabında Fikrətin qəlb və qələm dostları Müzəffər Talıblı, İmamverdi İsmayılov, Qulu Kəngərli, İlqar Həsənov, Əhməd Oğuz, Əlisəmid Kür və digərlərinin xatirələrini, ürək sözlərini də oxucularla bölüşür.
Bu kitab dostu haqqında Həzinin qəlbinin və qələminin hökmü, gözünün yaşı ilə ərsəyə gətirdiyi qəm nəğməsi, qəm dastanıdır ki, həzin və sərin meh sayağı acı xatirələrin yanğısına məlhəm kimidir. Əsərdə diqqəti çəkən təqdirəlayiq cəhətlər çoxdur, birincisi isə müəllifin səmimi, təmiz, təmənnasız hiss və duyğularıdır. Məhz bu keyfiyyəti ilə o, oxucusunu inandırır, düşündürür, təsirləndirir, onu öz arxasınca aparır. Əminliklə söyləmək olar ki, bu kitabdan sonra Fikrətin dostlarının, oxucularının, Fikrətsevərlərin sayı yüzlərlə dəfə artacaqdır. Əsərin əhəmiyyəti bununla da məhdudlaşmır. Həzi Həsənlinin Fikrətə ucaltdığı bu söz abidəsi insanlara bir xitabdır: ətrafınıza göz gəzdirin, diqqətli, həssas, səxavətli, sadiq və səmimi olun, laqeyd və biganələr unudulur, vəfalılar və sədaqətlilər yad edilir, xatirələri əziz tutulur, həyatı sevin və qədrini bilin. Həzi Həsənli qələminin bu çağırışı bu gün çox aktual və dəyərlidir.
Fikrət Mursaqulovun yaratdıqlarından bir qismi ən yaxın dostları tərəfindən bir yerə toplanaraq şairin ölümündən 18 il sonra 2007-ci ildə «Təsəlli» adı ilə nəşr olunmuşdur. Öz yükü, dərdi ilə heç kimi incitməyən, yormaq istəməyən Fikrət Mursaqulov sağlığında şeirləri ilə özünə təsəlli, təskinlik verir, işıq ümidi ilə yaşayırdı. Bu gün o, şeirləri ilə dostlarını toxdadır, onlara təsəlli verir, sözü ilə onlara arxa, dayaq olur:
Əslim bəlli yerdən, manşır obadan,
Elcanlı olmuşam ata-babadan.
Torpağın altında marığa yatan,
Yada atılası daşınam sənin.
Abid Tahirli
P.S. Film üçün mövzu və ssenari axtaranların da bu əsəri oxuması tövsiyə olunur.