Kulis.az Vəfa Məmmədovanın “Əlcək” hekayəsini təqdim edir.
Günə qarışıq yuxu ilə başlamaq ən sevmədiyi bir şey idi. Yuxu görmək onun üçün işgəncə olurdu. Yaxşı ki, bu işgəncə çox az-az onu ziyarət edirdi yoxsa ən yaxşı ehtimal ölərdi, ən pis ehtimal dəli olardı. Hər açılan səhərdə dəli olub gün ərzində ruhi vəziyyətini balanslaşdırmaq, özünü normal olduğuna inandırmaq qaralan hava ilə birgə ruhən sazlığa ümidlərin də üzərini qaranlıq alırdı.
- Artıq sakitləşmək, durmaq vaxtıdır. İş səni gözləmir nə də ki müdir.
Özünə səhər alaqaranlıqlı bir qulaq burması verib özünü yataqdan durğuzdu.
- Ağılllı qız ol, üzünü də yu, bircə qalıb bir fincan qəhvə içmək və sən artıq hazırsan.
Xoşbəxtlikdən geyim ilə xüsusi bir maraq içərisində deyildi, ya da tənbəllik və həvəssizliyini bu bəhanə ilə ört-basdır edirdi. Bir şeyi etməyə tənbəllik edirsənsə, sadəcə sevmədiyini və ya anlamadığını deyirsən və məsələ bağlanır.
Qarlı olmasa da çox gözəl “Qar kraliçası” nəfəsini xatırladan şaxta var.
Velvet şalvar və rəngli saplardan doğulmuş bir poliver şaxtaya çox uyğundur.
- Qəhvə də soyudu, heç içmə, qalsın, işdə ən yaxşısı bir çaya qonaq et özünü.
Bütün bu qırıq-qırıq fikirlərinin arasında yuxusunu xatırlayırdı. Yuxusundan heç gözü su içməmişdi.
- Nə isə olacaq.
- Axmaqlama, batil inanclara inandırırsan özünü, sonra əziyyət çəkirsən.
- Əlcəkləri aparmağa gəlmişdi. Dedi... (nəfəsi kəsilirmiş kimi) dedi ki, “Əlcəklər əlini isti saxlasa da, qəlbini buza döndərib.”
- Çox düşünürsən, ondandır. Bir az rahat ol.
- Bilirsən də qızım, mən o əlcəkləri necə sevirəm.
- Bilirəm. Mən də sənin bir tayınam. Eynən o əlcəklər kimi... Amma heç nə olmayacaq.
- Yadındadı, necə nəvazişlə əlimizə toxunurdu... Yadındadı, necə əlləri ilə əlimizin ölçüsünü götürürdü... Yadındadı ilk dəfə əlcəkləri geyinəndə çox təəccüblü gəlmişdi mənə. Nə kiçik, nə də böyük oldu, qəlib kimi oturdu əllərimizə.
Hələ dedi ki, hər geyinəndə elə biləcəksən mən tuturam əllərindən. Əlimin istisi burdadı, mən nə zaman olmasam o, səninlə olacaq
- Hə, bilirəm, bilirəm, amma hər dəfə yada salıb ikimizi də incitməyin nə mənası var.
- O, bizim yeganə ortaq nöqtəmiz idi, ikimiz də sevmişdik onu.
- Artıq, qəbul et. Artıq o, yoxdur. Tez ol, toparlan, ağlamaq vaxtı deyil. Gecikirik işə...
Tez tələsik çantasını yığıb evdən çıxırdı ki, qapının dəstəyi əllərini üşütdü, qayıdıb əlcəklərini götürdü.
Qapı elə zərblə çırpıldı ki, içindən bir anlıq bir silkələnmə oldu.
İçindən dedi.
- Bu gün nəsə olacaq...
- Bəsdir.
Bir taksiyə oturub dalğın halda işə üz tutdu.
- Səni daha incitmir onun yoxluğu.
- O, mənim üçün var olanda da cismən yox idi.
- Necə yəni?
- Sən onun gülüşünü sevdin, mən qəlbinin gözəlliyini... Sən onun baxışını sevdin, mən bəxş etdiyi sevgini... Sən onun üçün darıxanda kədərləndin, mən darıxmaqdan zövq aldım. Mən onu yenə sevirəm, o, məndədir sən isə ona toxuna bilmirsən, görmürsən.
- Bax elə buna görə səni heç vaxt anlamamışam... Danışmağıma da peşman oluram səninlə...
Hər ikisi bir-birindən incik susdular. Sıradan bir iş günü keçirdisə də hələ də içindəki sıxıntı onu rahat buraxmırdı.
Gah gözünün önünə qısametrajlı film kimi əlcəklərini gətirirdi, gah ürəyini elə ağrıdırdı ki, nəfəsinin içəridə bir yerdə həbs olunduğunu anımsadırdı.
- Bəlkə bu gün evə getməyim, gedim kiminsə evində qalım. Səhər də qapı onsuz üstümə acıqlanırmış kimi çırpıldı. O da bezib deyəsən məndən.
- Sən dəli olursan. Qapı da adama acıqlanar?
- Qapının acıqlanması dəlilik əlamətidir, amma ikimizin söhbət etməsi normal. Sən çox ağıllısan axı
- Ən azından bir sutkanı bu gün nəsə olacaq deyib baş-beynimizi aparmamışam.
- Hiss edirəm, bu gün nəsə olacaq.
- Ay “ağıllı”, daha nə olsun? İllərini bölüşdüyün biri artıq yoxdur, onun yerini indi mən doldurmağa çalışıram, istəmirəm tək qalasan, amma sən adam deyilsən, vallah! Heç dözmək olmur sənə. O, səni necə sevib?
- Yəqin ikimizi birdən sevib.
- Hərdən yaxşı söz də deyirmişsən sən...
Hər iki gizli təbəssüm dodaqlarında qımışdılar.
Öz-özünə təbəssüm edə-edə iş binasını tərk etdi.
- Gəl bu gün iki rəfiqə özümüzə bayram edək
- Misal üçün necə?
- Məsələn, boya alaq saçımızı boyayaq...
- Dırnaqlarını da boyasan pis olmaz, nə də olsa gənc xanımsan, bir az baxımlı ol.
Avtobusdakı insan sıxlığından az qalmışdı nəfəsi kəsilə, dayanacaqda tez su kimi sızıb çıxdı, insan süxurlarının arasından.
Cəld evin yaxınlığındakı mağazaya girdi, bir saç, bir dırnaq boyası seçdi, pul ödəmək üçün çantanı açanda əlcəklərini mexaniki hərəkətlə soyundu, pulqabını açıb, pulu ödədi və mağazadan çıxdı. Otuz-qırx addım getmişdi ki, əllərinin donduğunu hiss etdi, əllərinə baxdı, əlindəki paketə baxdı... Əlcəklər yox idi. Tez çantasını açdı. Orda da yox idi. Qaçaraq mağazaya girib soruşdu:
- Mənim əlcəklərim burda qalmayıb ki ?
Satıcı sorğulayan və bir az da çaşqın nəzərlə üzünə baxdı ətrafa göz gəzdirdi.
- Yox, burda heç nə yoxdur, getdiyin yola bax diqqətlə, yəqin yolda salmısan.
Təəssüf qarışıq ümid hissiylə mağazadan çıxmışdı ki, əlcəklərin maşın yolunun ortasında o baş-bu baş sürükləndiyini gördü.
Əlləri ömürlük soyuğa məhkum olmuşdu. Bədənindən keçən sızıltı ilə təkcə bu sözləri pıçıldadı:
- Bilirdim ki, bu gün nəsə olacaq!