Kulis.az Anton Çexov barədə məqaləni təqdim edir.
Gələcəyin yazıçısı Rusiya İmperiyasının cənubunda sadə ailədə anadan olmuşdu. Onun babası Yeqor Mixayloviç Çexov keçmiş təhkimçi kəndli idi. Beləliklə Anton, onun qardaş və bacıları nəsillərinin təhkimli ailədə doğulmayan ilk azad nümayəndələri idilər.
Sonralar o, məktublarının birində bu haqda belə yazırdı: “Dvoryan yazıçıların təbiətdən müftə qazandıqlarını raznoçinlər cavanlıqları hesabına əldə edirdilər. Təhkimçi kəndlinin, keçmiş dükançı, gimnazist, tələbə, böyüklərə ehtiram ruhunda böyüdülmüş, keşiş əli öpən, başqalarının fikrinə itaət edən cavan oğlunun öz canından qul xislətini damcı-damcı çıxarmasından və bir gün oyanıb daha damarlarında qul qanı yerinə əsl insan qanı axdığını görməsi barədə bir hekayə yazın.”
Həyat yoldaşı və sevgilisi
Hələ lap uşaqlığından Anton ehtiyacın nə olduğunu bilirdi. Buna görə də həkimliyi seçmişdi, çünki bu peşə onun üçün geniş imkanlar açırdı. O dövrdə tibb elmi bir o qədər ixtisaslaşmamışdı, həkimlər soyuqdəymədən tutmuş zöhrəvi xəstəliklərə qədər istənilən xəstəliyi müalicə edə bilirdilər. Şəhər həkimləri ilə on min rubla qədər qazana bilir, ekipaj saxlayır, normal mənzildə yaşayır, yüksək dairələrdə tanınırdılar. Amma bunun üçün gecə-gündüz oxumaq gərək idi. Təhsil zamanı tələbələr tibb elminin bütün sahələrini öyrənirdilər. Buraxılış zamanı isə əvvəlki kursların imtahanlarını da təzədən verirdilər. Çexov bu ağır sınaqdan çıxaraq 25 yaşında həkimlik diplomunu aldı.
O, hələ tələbə vaxtlarından hekayə yazır, onları əsasən əyləncəvi mətbu orqanlarında çap edirdi. Hekayələri normal gəlir gətirəndən sonra da o həkimliklə məşğul olmağa davam edir, tibbi arvadı, ədəbiyyatı isə sevgilisi adlandırırdı. O, ədəbiyyatla yalnız naşir Aleksey Suvorin onu himayə edəndən sonra ciddi məşğul olmağa başladı. Suvorin ona tamama başqa tariflə ödəniş edir, buna görə də yazıçı bir hekayəni bir günə yox bir həftəyə yaza bilirdi. Çexovun “Çöl”, “Qara rahib”, “Altı nömrəli palata” kimi gözəl əsərlərinə görə biz Suvorinə də minnətdar olmalıyıq.
Çexovun sosial mənşəyi bir çox məsələlərdə onun yaradıcılıq istiqamətini də müəyyən edirdi. Gənc müəllifin hekayələri geniş oxucu kütləsi tərəfindən daha çox ona görə sevildi ki, sadə dükançılar, həkimlər, tacir və intelligentlər bu hekayələrdə özlərini görürdülər. Tezliklə onu hər yerdə öz adamları kimi qəbul etməyə başladılar, bununla belə o yenə də kübar cəmiyyəti bəzi xüsusiyyətləri ilə heyrətləndirməyi bacarırdı. Misal üçün əksər cənublular kimi tum çırtlayırdı.
Yeganə səyahət
Dvoryan təbəqəsindən olan qələm yoldaşlarından fərqli olaraq Çexov ömrü boyu ədəbiyyata peşə kimi yanaşıb. O, özünə yaradıcı böhran keçirmək, müəyyən müddət yazmamaq ixtiyarı verə bilməzdi. Çexov yazı prosesinə intizamla yanaşırdı; o dəqiq müəyyən edilmiş vaxtlarda yazı masasının arxasına keçir, özü də heç vaxt kəpənək qalstuk taxmamış yazmağa başlamazdı. Bütün sənədlərini isə - məktublar, qeydlər, mağaza çekləri, hətta restoran hesabları – səliqə ilə saxlayırdı. Həyatının çox hissəsini Çexov ailəsi ilə kirayə mənzillərin birindən o birinə köçə-köçə keçirib. O, valideynlərini də himayə edir, fərsiz qardaşlarının borclarını ödəyir, “insanlar” içinə çıxmağa çalışırdı. Buna görə də yazıçı ömrü boyu cəmi bircə dəfə səyahət edib, o da Rusiyanın bir başından çıxaraq Saxalinə getdiyi səyahət olub. Bu ada o zamanlar ömürlük sürgünə göndərilənlərin yaşayış yeri idi. Onun Saxalinə getməkdə məqsədi insanların həyat şəraitini öz gözləri ilə görüb yazmaq idi.
Sovurin bu səfərə qarşı idi (“bu nə qəribə fantaziyadır”, “Saxalin heç kəsə gərək deyil və maraqsızdır”). Çexov isə ona etiraz etmişdi: “Saxalin yalnız o cəmiyyət üçün lazımsız və maraqsız yer ola bilər ki, o, Saxalinə minlərlə insanı sürgün etməsin və buna milyonlar xərcləməsin... Bu yer yalnız azad və asılı insanların çəkə biləcəyi dözülməz əzabların məskənidir.”
Səyahətin nəticəsi olaraq yazılan “Saxalin adası” kitabından sonra Rusiya həbsxanalarında islahatlar aparılmağa başlandı.
Pişiklər, siçanlar və manqust
Ancaq çox az adam bu səfərin təkcə Saxalinlə yekunlaşmadığını bilir. Adaya Sibir yolu (“ən böyük və deyəsən dünyanın ən yöndəmsiz yolu”) ilə gələn yazıçı geriyə Hindistan, Sinqapur, Seylon, Port-Said, İstanbul və Odessadan keçərək qayıtmışdı. Seylonda Çexov manqust adlı heyvan almışdı. Yazıçı heyvanı “Yaramaz” deyə çağırırdı, çünki ada haqqında bütün yol qeydlərini yemişdi. Qeydləri bərpa etmək mümkün olmur, buna görə də yazıçının məşhur çay plantasiyaları barədə təəssüratları bizə məlum deyil.
Manqust Çexovlar ailəsinin Moskva quberniyasında aldıqları malikanədə uzun müddət yaşadı. Yazıçının atasının sözlərinə görə o, “heyvan yaramazlığına nümunə” idi: qabları qırır, stolların üzərində hoppanır, yatanların burunlarını dişləyir, butulkaların tıxacını çıxarırmış. Manqust meşəyə qaçanda isə onu uzun müddət tapa bilməyiblər. Axırda onu bir ovçu daş karxanasındakı yarğanda tapıb Çexovlara qaytarır, onlar isə manqustu zooparka vermək qərarına gəlirlər.
Manqustla yanaşı yazıçının Brom və Xina ləqəbli iki taksası (əyriqıç it cinsi) vardı. İtlərə pişiklərdən çox hörmət qoyulurdu. Moskva quberniyasındakı malikanəyə pişiklər buraxılmırdı, buna görə də orada siçan çox olurdu. Tələyə düşmüş siçanları isə yazıçı öldürmürdü, meşəyə buraxırdı. Xəstəliyinə görə Yaltaya köçəndən sonra Çexov Nemiroviç-Dançenkoya yazmışdı ki, zeytun ağacının altında yatan küçüyü özüylə saxlayıb və ona Kaştan ləqəbi qoyub. “Pişikləri isə öldürəcəyik”- daha sonra o, əlavə etmişdi.
Ölümsüzlük
Yazıçı xəstəliyə məhkum olduğunu öyrənəndən sonra rahat həyat yaşamağa, dincəlməyə başladı. Tibb təhsili olmasına baxmayaraq Çexov o dövrdə hələ sağalmaz xəstəlik hesab olunan vərəmin əlamətlərini uzun müddət görməzdən gəlməyə çalışdı. İlk ciddi tutması Anton Pavloviçin 36 yaşı olanda baş verdi. Həmin gün yazıçı restoranda Suvorinlə nahar edirdi. Qəfildən boğazından qan gəldi. Mehmanxana nömrəsinə gəlib uzanandan sonra Çexov öz naşirinə belə dedi: “Qardaşımdakı kimi, vərəmdən ölən qohumumdakı kimi mənim sağ ciyərimdən qan gəlir.”
İlk tutmadan sonra o, əvvəlki kimi yaşamağa davam etdi, amma bir il sonra daha ciddi qanaxma ilə xəstəxanaya yerləşdirildi. Xəstəyə dinclik lazım olduğu üçün onun yanına heç kəsi buraxmırdılar. Ancaq bir dəfə onu yoluxmağa elə bir qonaq gəldi ki, onu xəstənin yanına buraxmaya bilmədilər.
Həmin dövrdə ən məşhur rus yazıçısı olan Lev Tosltoy hələ yeni başlayan yazıçını xəstəxana palatasında ziyarət edərək onunla ölümdən sonrakı həyat barədə xeyli söhbət elədi.
Tolstoyu olduqca yüksək qiymətləndirsə də bu cür söhbətlərə alışıq olmayan Çexov bu görüşü belə xatırlayırdı: “Ölümsüzlük haqqında danışdıq. O Kant tərzində ölümsüzlüyü qəbul edir. Belə hesab edir ki, biz hamımız (insanlar və heyvanlar) mahiyyət və məqsədi bizim üçün sirr olan ağıl, sevgidən ibarət bir başlanğıcda yaşayacağıq. Mənə isə bu başlanğıc və ya güc həlməşik, formasız kütlə halında görünür. Mənim individuallığım, şüurum bu kütlə ilə qarışacaq. Mənə belə ölümsüzlük gərək deyil. Mən onu anlamıram və Lev Nikolayeviç təəccüblənir ki, onu niyə anlamıram.”
Tolstoy və Çexovun görüşü daha sonra Yasnaya Polyana və Yaltada baş tutdu. Bu görüşlər hələ də ədəbiyyatşünaslar üçün tədqiqat predmeti olaraq qalır.
Qəribə evlilik
Həkimlər Çexova Krıma səyahət etməyi məsləhət görürdülər. İsti iqlim ölümün qarşısını bir müddət ala bilərdi. Yazıçı külliyyatının çap hüququnu sataraq Yaltada kiçik ev alır. Yarımada o dövrdə hələ inkişaf etmiş kurort bölgəsi deyildi. Seyrəklik olduğu üçün dincələnlər dağılandan sonra sahil boş olurdu. Qəzet isə bu ucqar bölgəyə çox gec gəlirdi. Yazıçının sözlərinə görə qəzetsiz burada “malxulyaya qapılmaq, hətta evlənmək olardı”.
Çexov 1901-ci ildə, 42 yaşında, aktrisa Olqa Knipperlə evlənmişdi. Təəssüf ki, bu evlilik ona xoşbəxtlik nəsib etmədi. Ölməkdə olan yazıçı Yaltada tək yaşayır, Moskva Bədaye Teatrının səhnəsində oynayan xanımı isə ildə cəmi bir neçə günlüyünə ərini görməyə gəlirdi. Onu qeyd edək ki, bu formatda münasibəti Çexov özü tələb edirdi. Hələ Knipperlə tanış olmamışdan əvvəl, məktublarından birində o, yazırdı: “Buyurun, əgər Siz razısınızsa mən evlənirəm. Ancaq mənim şərtim var: bu vaxta qədər necə idisə evlənəndən sonra da o cür olmalıdır, daha doğrusu o, Moskvada yaşamalı, mənsə kənddə və mən ancaq özüm onun yanına gedəcəm. Günbəgün, səhərbəsəhər davam edən xoşbəxtliyə mən tab gətirə bilmərəm. <...> Mən əla ər olmağa hazıram, ancaq mənə elə arvad verin ki, o Ay kimi mənim göylərimdə hər gecə parlamasın.”
Ölüm və şampan şərabı
1904-cü ildə yazıçının səhhəti böhran vəziyyətinə çatanda Knipper onu Almaniyaya müalicəyə aparmaq qərarına gəlir. Bu vaxt artıq Çexov sinəsində dözülməz ağrılar hiss edir, güclü ağrıkəsicilər qəbul edirdi (həkimlər ona tiryək, morfi və heroin yazmışdılar).
3 iyun 1904-cü ildə Çexovlar Berlinə çatırlar. Dörd gün sonra isə onlara mehmanxanada daxili xəstəliklər üzrə aparıcı alman mütəxəssis professor Evald baş çəkir. Xəstəni müayinə edəndən sonra o, heyrətlə mehmanxana nömrəsini tərk edir. Professoru heyrətləndirən o idi ki, axı niyə ölüm ayağında olan xəstəni bütün Avropanı keçərək bura gətiriblər.
Halbuki nə yazıçı, nə də xanımı ümidlərini itirmişdi. 21 iyunda Almaniyanın digər qurtaracağındakı Badenveyler şəhərinə gələn Çexov Rusiyaya yazırdı ki, onu indi yalnız təngnəfəslik və arıqlıq narahat edir. Və o, artıq bu “darıxdırıcılıqdan harasa əkilməyi” düşünür. Əslində isə onun səhhəti kəskin şəkildə pisləşirdi. Knipper Nemiroviç-Dançenkoya yazırdı: “Anton Pavloviçin görünüşcə qaralmasına və əmələ gəlməsinə baxmayaraq özünü yaxşı hiss eləmir. Hərarəti həmişə yüksəkdir, bu gün hətta 38.1 idi. Gecələri ağrıyır. Boğulur, yatmır <...> Əhvalını özünüz təsəvvür edə bilərsiz. <...> Bütün günü quzu kimi sakit, səbirlə oturur, heç nədən şikayətlənmir.”
15 iyulda sayıqlayaraq ayılır: yuxuda görür ki, dənizçi formasında olan qohumu Kolya suda boğulur. Alman həkimin dalıyca adam göndərirlər, şveysar isə buz gətirir. Ürəyinin üzərinə buz qoymaq istəyəndə Çexov müqavimət göstərib deyirmiş ki, boş ürəyin üzərinə buz qoymazlar. Həkim gələndən sonra Çexova kamfara inyeksiyası edir, nəbzini yoxlayır və xahiş edir ki, şampan şərabı gətirsinlər. Həkim etikasına görə peşə yoldaşı görəndə ki, xəstə ölüm ayağındadır, yaşamasına daha ümid yoxdur, o zaman həkim ölən adama köpüklü şərab təqdim etməlidir. Çexov şərabı dibinə qədər içəndən sonra dedi: “Çoxdandır şampan şərabı içmirdim”, üzünü divara çevirdi və yatdı, bir neçə saat sonra isə onun ürəyi dayandı.
Sonuncu səfər
Yazıçının cənazəsi olan tabut Moskvaya vaqon-refrijeratorda gətirilir. Cənazəni kiçik qrup qarşılayır. Ancaq məlum olur ki, onların çoxu Çexova son borcunu ödəmək üçün deyil, onunla birlikdə Mancuriyadan cənazəsi gətirilən general Kellerə görə gəliblər. Yazıçının dəfnində isə 4 min adam olur: Tabutu Nikolayevsk vağzalından Novodeviçevo monastırına qədər müşayiət edirlər.
Qorki bu dəfni belə xatırlayırdı: “Bu dəfnlərdən elə bezmişəm <...> iyrənirəm, mənə elə gəlir üstümə pis iy verən, yapışqan palçıq yaxılıb. Bayağılıq və vulqarlıqdan həmişə çiyrinən Anton Çexovu istridyə daşınan vaqonda gətirmişdilər və dul kazak arvadı Olqa Kukaretkinanın yanında basdırdılar. <...> Qəbir üstündə gözləyirdilər ki, çoxlu nitq söyləniləcək. Demək olar ki, nitq söyləyən olmadı. <...> Bu nə camaat idi? Bilmirəm. Ağaclara dırmaşıb gülüşürdülər, xaçları qırırdılar, söyüş söyürdülər, bərkdən soruşurdular: “Arvadı hansıdır? Bəs bacısı?” <...> Şalyapin ağlayıb söyüş söyməyə başladı: “Elə bu əclaflar üçün o yaşadı, yazdı, öyrətdi, qınadı”.
Dünya şöhrəti
Çoxlarının fikrincə Çexovun vaxtsız ölümü ilə (onun cəmi 44 yaşı vardı) özünün də bir hissəsi olduğu epoxa bitdi. İnsanın yaxşılığa doğru dəyişə biləcəyinə inanan böyük humanist, 1905-ci il inqilabını, Birinci Dünya müharibəsini, Oktyabr üsyanını və onun ardınca gələn qardaş qırğınını müəyyən mənada yaxşı ki, görmədi.
Çexovun adı bütün dünyada ölümündən bir neçə il sonra, Moskva Bədaye Teatrının xarici qastrollarda “Qağayı”, “Üç bacı”, “Albalı bağı” pyeslərini göstərməsi ilə tanınmağa başladı. Bu əsərlər teatr və dram haqqında fikirləri alt-üst etdi. Yazıçının ciddi ədəbiyyat hesab etmədiyi hekayələri isə dünyanın onlarla dilinə çevrildi.