“Allahu-Əkbər” deyib baş kəsənlər

“Allahu-Əkbər” deyib baş kəsənlər
13 mart 2014
# 09:00

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz şair, kitabçı Xan Rəsuloğludur. X.Rəsuloğlunun ən sevdiyi əsər türk yazıçısı, “Nobel” mükafatı laureatı Orxan Pamukun “Yeni həyat” romanıdır.

- Hansı məziyyətlərinə və ədəbi keyfiyyətinə görə Orxan Pamukun “Yeni həyat” romanı sizin ən sevdiyiniz əsərdir?

- Bu romanda bir obrazın simasında, bir gəncin yeni həyat axtarışında Pamuk Türkiyənin indiki durumunun mahiyyətini, iç üzünü açıb. Türkiyə də bizə Azərbaycan qədər doğma olduğundan əsərlə tanış olanda mən elə bil ki, Azərbaycanın taleyini, bu gününü oxudum. Bu roman heyrətamiz əsərdir. Pamuk romanda heç kəsə ağıl öyrətmək istəmir, sənətkar kimi gördüklərini, hiss etdiklərini yazır, sən romandakı meyllərdən əsərin mahiyyətini anlayırsan.

- Romanın qəhrəmanı olan gənc yeni həyat axtarışına çıxır, ona elə gəlir ki, o yeni həyat tapıb, ancaq məlum olur ki, o öz həyatını itirib. Bundan başqa romanda belə fikir var: uşaqlıq körpəliyin, yeniyetməlik uşaqlığın, gənclik yeniyetməliyin, qocalıq gəncliyin itirilməsidir. İnsan böyüyüb arzularına sarı yön aldıqca öz ömrünü itirir. Elə bilirəm, əsərdə bu məqamlar da gözardı edilməməlidir.

– Yaşamağa dünəndən yox, bu gündən yox, bu andan başlamaq lazımdır. Sabaha o qədər ümidliyik ki, indimizi yaşamırıq, biz daim yaşamağa, sabaha hazırlaşırıq. “Yeni həyat” romanında bu ideya var, insan axtara-axtara həyatını itirir və eyni zamanda həyatı anlayır. Fikir vermisənsə, əsərin qəhrəmanı daim qəzayla yaşamın, ölümlə həyatın kəsişdiyi yerlərə gedir. Sufi və zen fəlsəfi düşüncəsindən gəlmə hissdir bu: bu an, indi də bitə bilər, əbədiyyətə qədər uzana da bilər. Bizim həyatımız səyahətlərdə keçir, öz ömrümüzü körpəlikdən qocalığa doğru gəzirik, keçirik. Bu romanda insanın özünün dərk etməsi üçün bir dayanma, anlama məqamı var. Əgər ömrümüzdə bir dayanma, durma məqamı olmasa, biz mənəvi cəhətdən kamilləşə bilmərik. Məsələn, Raskolnikov cinayət törədənə qədər aktivdir, cinayət törədən andan dayanır və düşünüb özünü dərk edir. Yaxud biri kimisə sevir, o andan sonra dünya onun gözündə başqa cür görünür. Bu əsərdə də qəhrəman kitabı oxuyur və dayanır, düşünür ki, mən bu günə qədər doğru yaşamamışam, başqa cür yaşamalı – yeni həyatı tapmalıyam. Romanda bəşəri əsərlərə xas həmin dayanma anı rəssam dəqiqliyi ilə əks etdirilib.

Qəzanın, qədərin illüziya kimi görünüb-itməsini də zen fəlsəfəsi ilə əlaqələndirirlər.

- Zen fəlsəfəsində nurlanma prosesi var. İnsan bir sözdən, bir baxışdan nurlanmalıdır ki, onun həyatı dəyişsin. “Yeni həyat” romanında həmin nurlanma prosesinin baiskarı kitab olur. Zen filosofu Czsunun məşhur əhvalatı var, deyir mən bilmirəm kəpənəyəm, yoxsa kəpənək mənə görünür? Özü ilə kəpənəyi ayrıd edə bilmir. Orxan Pamuk da bu var. O bilmir ki, özüdür, yoxsa romanın digər qəhrəmanı Məhməd. Qəhrəman hətta öz halından narahatlıq keçirir. Anası qab yuyanda ona kömək etmək, əllərinə toxunmaq istəyir ki, anasını atdığına, başqa bir dünyaya getdiyinə, özü orda olsa da yeni həyatda yaşadığının fərqinə varmasın.

- “Yeni həyat” romanında kitab anlayışına qarşı bir ironiya var, yəni kitab həmişə həyata işıq tutmur, bəzən insanı yolundan da edir, həyatını dəyişib azdırır.

- İroniya etməsək özümüzü dərk edə bilmərik. Türkiyə də dinçilərin dinçilərlə, sağçıların solçularla mübarizəsi var bu əsərdə və bu da imkan verir ki, romanda ironik çalarlar olsun. Çünki dünyada bir həqiqət yoxdur, hər kəs özünü müxtəlif cərəyanlara, təmayüllərə, dini dünyagörüşünə söykənərək haqlı hesab edir. Mən bir neçə dəfə Türkiyədə uzunmüddətli olmuşam və bütün bunları – dinçiliyi, millətçiliyi və s. aydın müşahidə etmişəm.

Hamı deyir ki, İslam sonuncu dindir və ən kamildir. Yaxşı, belədirsə niyə dini qruplar bir-birini didir? Deməli, “Qurani-Kərim”də da düzgün başa düşmürlər. Bu mənada, hətta müqəddəs kitablar da insanları yolundan edə bilir. Məsələ kitabları düzgün anlamaqdadır. Allahu-əkbər-Allah böyükdür deməkdir, yəni mən kiçiyəm, qarşımdakı insan kiçikdir demək deyil. Ancaq baxın bu din pərdəsi altında “Allahu-Əkbər” deyib bir-birini güllələyirlər, başını kəsirlər. Yanlış anlamaq həmişə olur, Allahı Nəsimidən çox sevməyəcəklər ki... Yaxud Türkiyəni Səbahəddin Əlidən çox sevməyəcəklər ki... İnsan bilmədiyinin düşmənidir. Bütün bu cür ironiyalarla Pamuk müxtəlif təşkilatlar, qruplara mesaj ötürür ki, siz də özünüzə çox inanmayın, siz insanları yola gətirməklə yox azdırmaqla məşğulsunuz.

Əsərdə hamı bir-birini islah etmək, yola gətirmək istəyərək azdırır...

- Mövlanə deyir ki, biz “Quran”ın iç məğzini anladıq, sümükləri köpəklərə buraxdıq. Yəni, düşüncəsi böyük olan, dini, doğurdan da anlayan adam hər şeydən əl çəkə bilər. İnsan bu günə qədər Allah ideyasından böyük ideya kəşf eləməyib. Biz bu dünyada Allah ideyasını qorumaqdansa, hərə özünə sərf edən təlim yaratmağa çalışdı və nəticədə insanlar biri-birini aldatdı. Bəlkə, ay Doktor Narin sənin özün yolunu azmısan, hansı ideya ilə sən cəmiyyətə, oğlun Məhmədə müdaxilə edirsən, gizli təşkilat yaradıb, adamları güddürürsən. Nihal Atsızın oğlu kürd qızı almışdı ki, atam düz yolda deyil, o millətçidir, mənim mahiyyətim millətçiliyimdə yox, insanlığımdadır. Pamuk bu romanla Doktor Narin kimi obrazlarla cəmiyyəti yola gətirmək adı ilə daha da azdıran insanların, dini, siyasi təşkilatların iç üzünü açır.

- “Qurani-Kərim” Peyğəmbərə mələk vasitəsiylə (Cəbrayıl) çatıb. Rilkenin “Duino ağıları”nda fikir daşıyıcıları mələklərdir. “Yeni həyat” romanında isə qəhrəmana Mələk adlandırdığı qız vasitəsiylə kitab çatır və həyatı dəyişir. İstərdim bu intertekstuallıqdan danışaq.|

– Bu cür mətnlərarası münasibətlər romanda və aydın görünür. Pamuk xeyli oxumuş, dünya ədəbiyyatına dərindən bələd olan biridir. Ona görə də o, oxuduqlarını əsərinə gətirir və əlaqələndirir. Bütün yazılar bir mətndir. Təsirlənmə mütləqdir. Kimsə yeni nəsə yazmağa iddia edə bilməz. Romanın qəhrəmanı yazdıqca deyir, bir də baxdım ki, oxuduğum kitabın üzünü köçürürəm. Orxan Pamuk bunu aşkar yazmaqla öz mətni ilə başqa mətnlərin əlaqəsini qurmuş olur. “Bir ayağım şəriətdə, bir əyağım ərşi-əladadır”. Bu sözləri Mövlanə deyir. Pamuk həm dini, həm tarixi, həm də ədəbiyyatı gözəl bildiyini bu əsərdə sübut edir, mətnlərini bəşəri dəyərlərlə əlaqələndirir. Yadıma düşmüşkən deyim, “Quran”nın özü qeyri-səlis məntiqlə yaranıb, çözüldükcə çözülür. Böyük mətnlərdə mətnlərarası münasibət olur. “Quran”da başqa dini kitablara, rəvayətlərə istinadlar var.

Romanın sonunda belə bir fikir açılır: Yeni həyat ölüm imiş, ölüb o biri dünyaya keçmək, bu dünyadakı həyat neyləsən də köhnədir.

– Bu bir versiyadır ki, bu dünyada hər şey köhnədir, yeni həyat axirət dünyasıdır. Ancaq mən belə düşünmürəm. İnsanın dəyişməsi, yenilənməsi yeni həyatıdır. Əgər sənin təfəkkür suların dəyişmirsə, həyatın yeni ola bilməz. Yeni həyat axtarışı insanı həm də xoşbəxtlikdən edir. Məsələn, bir pilləyə qalxmaq istəyirsən, düşünürsən ki, orda həyatın başqa cür olacaq. Həmin zirvəyə qalxırsan və az müddət sonra başa düşürsən ki, burda mən rahat danışa, oturub-dura bilmirəm. Yeni həyat daimidir, həm də dəyişkəndir.

Romanda təsadüfün olmamağı faktı var. Osman kitabı Cananın əlində görür, sonra bukinistdən həmin kitabı alır. Ancaq sonda açılır ki, Canan qəsdən onun yanında kitabı yerə atıb ki, kitab onun diqqətini çəksin. Daha sonra həmin kitabçıya kitabı veriblər ki, qəhrəman evə gedəndə kitabı görüb ucuz qiymətə ala bilsin. Eyni zamanda, səyahətlər üçün avtobuslar təşkil edildiyi üzə çıxır. Gənclərə elə gəlir ki, onlar özləri bu işlərə qoşuldular, ancaq mahiyyət etibarı ilə baş verənlərin təsadüf olmadığı, təşkil edildiyi üzə çıxır. Bu sadəcə bir misaldır ki, dini, siyasi qruplaşmalar belə yollarla gəncləri öz ətraflarına birləşdirirlər, onları öz həyatlarından ayırıb, yeni həyat adı altında özlərinə qoşub ömürlərini məhv edirlər, gənclərəsə elə gəlir ki, bu taledir və təsadüfdür.

- Biz bu gün də ali məqamlardan danışıb, ən aşağı mərtəbədə yaşayırıq. Bütün bu təşkilatlanmalarsa bizim yaxşı yaşamağımıza mane olmaq üçündür. Bunları bizə kim hazırlayır? Düşmənlərmi, doktor narinlərmi? Adama deyərlər, ay Doktor Narin, sən belə ideal idinsə, niyə oğlun Məhmədin idealı ola bilmədin? O da getdi, ironik əsərlər yazan Rıfkı kimi adi yazıçının kitabının əsirinə çevrildi. Deməli, bu cür cəmiyyətlərdə ideal yoxdur. Əgər türk cəmiyyəti ideal olsaydı, hamı ona oxşamaq istəyərdi, saysız-sanasız qruplaşmalara qoşulmazdılar gənclər. Bizim çuxurumuz çoxdan qazılıb, sadəcə bu quyulardan, tələlərdən qurtulmaq lazımdır. Heç nə təsadüfü deyil, quyular çoxdan qazılıb, tələ köhnə tələdir, tələyə düşənlər yenidir. Bu əsərdə Türkiyədə məhv olan insanlara qarşı yanğı var. Özü də bu yanğı bir insanpərvər yazıçının ürəyindən gəlir, millətçi yanğısı deyil. Pamuk Türkiyəni Ərdoğandan, yaxud hanısa övliyadan az sevmir. Eyni yollarla gənclərin aldadılaraq məhv edilməsi prosesi Azərbaycanda da gedir.

- Türkiyənin indiki durumunu, siyasi-dini aspektdən mürəkkəb dövr yaşamasını Pamuk 1994-1998-ci illərdə üstüörtülü şəkildə yazıb. “Yeni həyat” romanında...

– Unutmayaq ki, Türkiyə dünyaya cavabdeh olan dövlətlərdəndir, kiçik fiqur deyil. Türkiyə dünya dövləti olmalıdır, İslam dövləti olmamalıdır. Ancaq bu gün Türkiyəni dağıtmaq istəyən gizli dini-siyasi təşkilatlar – Doktor Narinlər çoxdur. Pamuk bunu yazıçı uzaqgörənliyi ilə illər əvvəl yazıb. Əsər yazılan dövrdə də indiki problemlər var idi, Pamuk həm də görüb yazırdı. Sadəcə o dövrdə bünövrəsi qoyulan problemlər indi daha kəskin şəkil alıb və pis cəhətləri göz önündədir.

# 6526 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #