“Onu Brejnevdən qabaq yazmışdım”-MÜSAHİBƏ

“Onu Brejnevdən qabaq yazmışdım”-MÜSAHİBƏ
10 oktyabr 2013
# 12:51

Kulis.azın növbəti qonağı Sumqayıtda fəaliyyət göstərən Əli Kərim adına poeziya klubunun direktoru, şair İbrahim İlyaslıdır.

İbrahim İlyaslı nəsildaşları arasında seçilən, yaradıcılığı ilə, istedadı ilə imzasını təsdiqləmiş qələm adamlarındandır. Ədəbi mühitdə kifayət qədər tanınsa da, mətbuatda az-az görünməyi xoşlayır. Bəlkə də buna görə gənc nəsil onu kifayət qədər tanımır. Amma özü də tanınmağa, özünü təqdim etməyə həvəsli deyil: “İndiki gənclik məni tanımırsa, mən özümü tanıtmaq üçün cəhd etməkdə bir fayda görmürəm. Özümü tanıtmaq, özümü təqdim etmək maraqlı deyil. Tanıyanlar tanıyır, oxuyanlar, qiymət verənlər var. Yəqin gənc nəsil də yavaş-yavaş yaradıcılığımla tanış olacaq. Mən nə kitablarımda, nə müsahibələrimdə, nə də yazdığım yazılarda özümü təqdim etməyi, harda çalışdığımı, hansı mükafatlar aldığımı dilə gətirməyi sevmirəm. Tərcümeyi-halım, fəaliyyətim haqqında danışmağa ehtiyac hiss etmirəm. Əgər İbrahim İlyaslı imzası oxucuya nə isə deyirsə, başqa heç nəyə ehtiyac yoxdur. Rüstəm Kamalın yaxşı bir sözü var, deyir ki, ədəbiyyatda şair kimi, yazıçı kimi qala bilməyənlər bunu əvvəlcədən hiss edir və çalışır ki, ədəbiyyatda hansısa dərnəyin, qəzetin, saytın rəhbəri kimi qalsın. Şair olanın imzası oxucuya nə isə demirsə, onun yanına beş-on titul yazsan da, heç bir faydası yoxdur”.

Oxuculardan şikayətçi deyil İbrahim İlyaslı. Deyir ki, çağdaş yazarlar oxucunun tənqidindən, mənfi münasibətindən şikayətçidir. Onun qətiyyən belə gileyi yoxdur: “Mən oxucuların münasibətindən çox razıyam. Şəxsən məni bu cür münasibət qane edir. Ədəbi gəncliklə bağlı irad bildirən yaşlı yazarlar deyir ki, gənclər inkarçıdır, yaşlıları qəul etmir. Mən qətiyyən bu fikirlər razı deyiləm. Ədəbi gənclikdən, gənc yazarlardan özümə qarşı hər zaman sayğı görmüşəm. Gənclərdən giley edənlərə hər zaman heyrət etmişəm. Gənclik inkarçı deyil. Bir sözlə mən öz yaradıcılığıma qarşı münasibətdən narazı deyiləm.

Mənim yaradıcılığım klassik ənənəyə söykənir. Öz kökünə bağlı olan nə varsa, mən ora köklənmişəm. Yazdıqlarım da elədir. Bir neçə sərbəst şeirim istisna olmaqla, bütövlükdə heca vəznində yazıram. Qoşma, gəraylı yaradıcılığımda əsas xətdir. Hər dövrün öz qoşması, gəraylısı var və mən də öz dövrümün gəraylısını yazıram. Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Ələsgər bu yolu başlayıb, bizlər də davam etdiririk. Amma öz çağımıza uyğun formada.

…Mən ixtisasca mühəndisəm. Orta məktəbdə də ən zəif bildiyim fənn ədəbiyyat olub. Dəqiq fənləri daha yaxşı oxumuşam. Ədəbiyyat sahəsində çox zəif olmuşam. Niyə ənənəvi üslubda yazıram, onu özüm üçün də aydınlaşdıra bilməmişəm. Hələ birinci sinifdə oxuduğum vaxtlarda, həyətimizdəki tut ağacına çıxıb oxuyurdum. Sözlər də indiki kimi, yadımdadır: “Əppəy olmasa, dolanmağ olmaz”. Bu uşaq həvəsi idi. Qonşumuzda bir ağsaqqal kişi vardı, mən oxuduqca deyirmiş ki, “Atamın göru haqqı, elə ən yaxşı mahnını bu oxuyur.” O vaxt Brejnevin “Xam torpaq” əsəri çıxmışdı. Orda bir fikir vardı, “Çörək olsa, mahnı da olar”. Kənddə zarafatla deyirdilər ki, bunu Brejnevdən qabaq İrvam(İbrahim) tut ağacının başında oxuyurdu. Saza bağlılıq da böyük idi. Aşıq Ədalətin plastinkalarına dəfələrlə qulaq asırdım. Aşıq havalarına dəhşətli dərəcədə duyğulanırdım, ağlayırdım”.

Uşaqlıqda təkliyə, tənhalığa can atırmış İbrahim İlyaslı. Həmişə gözləyirmiş ki, evdəkilər iş dalınca getsin və o evdə tək qalıb Aşıq Ədaləti dinləsin. Atası fizika müəllimi olsa da, kəndlərində şeir yazanlar yazdıqlarını birinci ona oxuyarmış. Hətta ədəbiyyat aləmində kifayət qədər tanınan Akif Səməd də, Məmməd İlqar da yazdıqlarını əvvəlcə ona göstərirmiş: “Atam da şeir yazır və ədəbiyyatı çox gözəl bilir. Bizim ailə qanunları hər zaman çox sərt olub və indi də elədir. Biz yazdıqlarımızı heç zaman bir-birimizə oxumuruq. Bizim aramızda qalın bir divar olub hər zaman. Hətta ilk şeirlərimi rayon qəzetinə gizlincə aparmışam.

1980-ci ildən Sumqayıtda yaşayıram. Qohumlarımız Sumqayıtda yaşayırdı və burda qalıb təhsil alırdım. Universitetin mexanika-riyaziyyat fakültəsinə yarım balım çatmadı və imtahan verib “Poltexnik”ə qəbul olundum. Bir il təhsil aldıqdan sonra hərbi xidmətə getdim. Hərbi xidmətdə əlimdən bir xəta çıxdı və iki “dizbat”, türmə çəkəndən sonra geri qayıtdım. Bütün bunlardan sonra qayıtdım və işləməyə başladım. Zavodda ayağımı yandırdım, sonra Akif Səməd məni Minalı qablar zavodunda işə düzəltdi.

Akif Səməd xalamoğlu idi və yaradıcılıqla məşğul olduğumu bilirdi. Amma yazılarım haqqında heç bir fikir demirdi. Çox sonra başa düşdüm ki, o haqlı imiş. Həmin dövrdə həqiqətən zəif şeirlər yazırdım. İlk dəfə Məmməd İsmayılın rəhbərlik etdiyi, “Gənclik” ədəbi birliyinə getdim. Dərnəkdə əvvəlcə şeirləri yazılı olaraq qəbul edir, məsləhət görüləndə oxumağa icazə verirdilər. Mən şeirlərimi verdim və məni çağırdılar ki, sən şeirlərini oxuyacaqsan. Şeirlərimi oxudum. Tərif də, tənqid də eşitdim. Tənqidlərin sonunda Akif Səməd söz aldı və Məmməd İsmayıla , bizim kəndin ləhcəsi ilə dedi ki, İrvam mənim xalaoğlumdur. Məmməd İsmayıl da dedi ki, Akif Səməd sən cinayət etmisən, sən indiyə qədər bizdən şair gizlətmisən. Bu fikirlər məni çox həvəsləndirdi. Bakıdan Sumqayıta sevinə-sevinə qayıtdım.

Sonra “Gənclik” jurnalında çap olundum. O dövrdə “Gənclik” jurnalı hər şairdən bir şeir adlı səhifə hazırlayırdı və orda çap olunmaq çox çətin idi. Mənim isə “Gənclik” jurnalında bütöv bir səhifə şeirim çap olundu.

…Şeirlərimin çap olunması ilə bağlı maraqlı bir xatirə var. Jurnalda şeirlərim çap olunanda “Poltexnik”də tələbə idim. Həyat yoldaşım da orda təhsil alırdı. Jurnal çap olunan gün dərsdən çıxıb, metroya gəldim. Vaqonda hamının əlində “Gənclik” jurnalı və məhz mənim şeirlərim olan səhifəni oxuyurdular. Birdən bir nəfər məni diqqətlə süzdü. Sonra səhifəyə baxdı və şeirlərini oxuduğu adamın mən olduğuma əmin oldu. Bir anda pıçıldaşma başladı ki, şeirlərini oxuduğumuz şair vaqondadır. Hamı barmaqla məni göstərməyə başladı. Həyat yoldaşımla yenicə ünsiyyət qurmağa başlamışdım və bu hadisə bizim münasibətlərimizə təkan verdi. Gələcək həyat yoldaşım da vaqonda idi və mənim “qəhrəmanlığıma” şahid oldu“.

80-ci illərin sonunda ölkədə başlayan siyasi proseslər, xalq hərəkatı, mitinqlər digər nəsildaşları kimi, onun da taleyindən yan keçməyib: “Bu proseslərin bizə çox böyük faydası oldu. Sumqayıtda fəaliyyət göstərən “Dəniz” ədəbi birliyi həm də inqilab beşiyi idi. Azadlıq mücadiləsinə hazırlıqlar bu dərnəkdə gedirdi. Sonradan şəhid olan bir çox işıqlı insanlar o vaxt bizim dərnəkdə toplanmışdı. Mirmahmud Mirəlioğlu, Rauf Zeyni, şəhid Bəxtiyar Hüseynli, Sumqayıtın ilk şəhidlərindən Eldar Əsədov və başqaları bizim dərnəyə gəlirdi. Bizim dərnək təkcə ədəbi dərnək deyildi. Təhlükəsizlik orqanları belə, bizim dərnəklə maraqlanırdı. Şeirlərimizdə, düşüncələrimiz də milli hərəkata köklənmişdi. İlk təşkilatlanma bizim dərnəkdən başlayıb və Sumqayıtda ilk mitinqi də mən aparmışam.

Sonra ədəbiyyatda yaranan boşluq mənə təsir etmədi. Mən oxunmamaqdan narahat deyildim. Bir dəfə demişdim ki, Azərbaycanın ən yaxşı yazıçısını, şairini hələ heç kəs tanımır. Ədəbiyyata marağın olmamağı məni narahat etmədi. 90-cı ildən Sumqayıtda Əli Kərim adına poeziya klubunun direktoru işləməyə başladım. Bir neçə istedadlı şairimizin çap olunmasına, kitablarının işıq üzü görməsində yardım etdim. 1998-ci ildə isə ilk kitabım çap olundu. O vaxt çoxumuzun kitabı “Yazıçı” nəşriyyatında çapını gözləyirdi. Hakimiyyət dəyişikliyi oldu və Əkrəm Əylisli “Yazıçı” nəşriyyatına direktor gəldi. Bizim hamımızın kitablarını geri qaytardılar ki, çap olunmayacaq. Təbii ki, bu mənə də pis təsir etdi. 35 yaşımda ilk kitabım çıxdı və çox yaxşı qarşılandı. Allah rəhmət eləsin, Ələkbər Salahzadə məni “Ulduz” jurnalında çap etdi. Amma “Ədəbiyyat” qəzeti mənim üçün maraqlı olmayıb.

…Mən hal-hazırda az yazanların arasındayam”.

Onun yaradıcılığını sufizmə aid edirlər. Özü sufiliyi mahiyyət hesab edir və bu gün özünü sufi şairi, ürfan ədəbiyyatının nümayəndəsi adlandıranlardan narazıdır: “Bu adı sağa-sola istifadə etmək olmaz. Sufi terminləri ilə şeir yazmaq, hələ sufi ədəbiyyatı yaratmaq deyil. Sufi terminləri ilə şeir qondarmaq sufi şeiri yazmaq deyil. Sufilik gərək insanın mahiyyətində olsun. Mənim bir şeirim var ki,

Dərviş olamadım,

Dərviş misalam.

Dərvişliklə, sufiliklə bağlı danışmaq indi dəbdədir. O vaxt bir nəfər özünə “dərvişəm” deyirdi. Lətif Mustafaoğlu ona dedi ki, ədə, sən heç dərvişin hırkasını (xirqəsini) daşıya bilməzsən. Dərvişin xirqəsindən xəbərsiz olanlar, özünə dərviş, sufi deyir. Mənim taleyim tamam başqadır. Mən böyük nəqşibəndi müridlərinin dizinin dibində böyümüşəm. Bunlardan biri də mənim babam olub. Nənəm də islam elmini bilən adam idi. Ana babamgil isə təriqətə bağlı idi. Mən onların ayinlərində iştirak etmişəm, o məclislərdə Nigaridən, Nəsimidən, Füzulidən oxuyurdular. Mənim yaradıcılığımda sufi elementlər varsa, o məclislərdən yaddaşımda çöküb qalanlardır. Azərbaycanda sufi şeirinə kiçik qardaşım Məhəmməd Astanbəylidən başqa ciddi aidiyyəti olan imza yoxdur. Sufi şeiri yazmağa cəhd edənlərə normal baxıram. Amma iddia etmək başqa məsələdir. Belə adamlara heç bir iradım yoxdur. On şeir yazıb, şeir bağlaya bilər belə adamlar. Amma bu yalnız cəhddir.

Aşıqlara heç vaxt demirlər ki, kiminsə şeirini bilirsənmi? Aşıqlardan soruşurlar ki, kiminsə sözünü bilirsənmi? Məsələn Aşıq Ələsgərin sözünü bilirsənmi? Söz, kitab bağlamaq ciddi məsələdir. Düşünsək dərk edərik ki, şairin sözü ola bilər. Məncə hər şairin yalnız bir kitabı ola bilər”.

İbrahim İlyaslı az-az yazır, nadir hallarda çap olunmağa maraq göstərir. Sumqayıtda Əli Kərim adına poeziya klubuna rəhbərlik edə-edə redaktorluqla, tərcüməçiliklə məşğul olur. Deyir ki, tərcüməçiliklə dolanışığa görə məşğul olur. İmkan tapanda nəsr kitabları oxumur: “Şeir kitabı oxumuram. Heç kəs qalın-qalın şeir kitabı oxumur və mən buna qəti şəkildə əminəm. Gələcəklə bağlı narahatam. Bu gün yaza bilmirəm. Sonuncu kitabım üç il bundan əvvəl çap olunub, 60 səhifəlik. Ondan sonra cəmi 5-6 şeir yazmışam. Şeiri bilməyimdən istifadə edib, yaza bilərəm. Amma belə şeiri istəmirəm. Dərk elədirəm ki, bu çox ağır işdir. Hərdən düşünürəm ki, gənclər bunun ağırlığını bilirmi? Günümüzün ədəbi mənzərəsi çox bərbaddır. Azərbaycan Yazıçılar Birliyində şeir başqa şeyə deyirlər, mən və məni qananlar şeiri başqa cür başa düşürük. Bax bunu başa düşə bilmirəm”.

# 3498 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #