Qarğalar, nə olar anama deməyin

Qarğalar, nə olar anama deməyin
12 iyul 2013
# 09:54

Kulis.Az Orxan Vəlinin şeirlərini Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.

Robinzon

Nənəmdir ən sevimlisi

Uşaqlıq dostlarımın

Zavallı Robinzonu kimsəsiz adadan

Qurtarmaq üçün çarələr düşündüyümüz

Və birlikdə ağladığımız gündən bəri

Biçarə Quliverin

Divlər məmləkətində

Çəkdiklərinə.

Noyabr, 1937

("Varlıq", 15.12.1937)

İnsanlar

Nə qədər sevirəm o insanları

O insanları ki şəkillərin

Rəngli sürtülmüş dünyasında

Toyuqlar dovşanlar və köpəklərlə bərabər

Yaşayan insanlara bənzəyirlər

Ankara, avqust, 1937

("Varlıq", 15.9.1937)

Bayram

Qarğalar anama əsla heç nə deməyin

Bu gün toplar atılarkən evdən qaçıb

Hərbi Komisarlığa gedəcəm

Sussanız sizə məcun alaram

Simit alaram xoruz alaram

Sizi yelləncəyə mindirərəm qarğalar

Bütün aşıqlarımı sizə verərəm

Qarğalar nə olar anama deməyin

Noyabr, 1938

("Varlıq", 15.3.1940)

Kitabeyi səngi məzar

(Baş daşı yazısı)

I.

Heç bir şeydən çəkmədi dünyada

Döyənəkdən çəkdiyi qədər

Hətta çirkin yaradıldığından belə

O qədər mütəəssir deyildi

Çəkməsi ayağını vurmadığı zamanlarda

Anmazdı amma Allahın adını

Günahkar da sayılmazdı

Çox heyf Süleyman əfəndiyə

Ankara, aprel, 1938

("İnsan",1.10.1938)

II.

Elə bir məsələ deyildi

To be or not to be onunçün

Bir axşam uyudu

Oyanmağı unutdu

Aldılar götürdülər

Yuyuldu namazı qılındı basdırıldı

Duyarlarsa öldüyünü borcluları

Haqqlarını halal edərlər əlbəttə

Alacağına gəlincə…

Alacağı zatən yoxdu rəhmətliyin.

Yanvar, 1940

("Varlıq", 15.03.1940)

III.

Tüfəngini silah anbarına qoydular

Qabını başqasına verdilər

Artıq nə torbasında çörək qırıntısı

Nə su qabında dodaqlarının izi

Elə bir rüzigar ki

Özü getdi

Adı belə qalmadı yadigar

Yalnız bu beyt qaldı

Bar masasında əl yazısıyla

"Ölüm Allahın əmri

Ayrılıq olmasaydı"

Sentyabr, 1941

("İnsan", 1.8.1943)

Gözəl havalar

Məni bu gözəl havalar məhv etdi

Belə havada istefa etdim

Evkafdakı məmur işimdən

Tütünə belə havalarda alışdım

Belə havalarda aşiq oldum

Evə çörəklə duz almağı

Belə havalarda unutdum

Şeir yazma xəstəliyim

Belə havalarda yenə tutdu

Məni bu gözəl havalar məhv etdi

Aprel, 1940

("I Qərib", 1941)

Anlada bilmirəm

moro romantico

Ağlasam səsimi duyarmısınız

Misralarımda

Toxuna bilərmisiniz

Gözyaşlarıma əllərinizlə?

Bilməzdim nəğmələrin bu qədər gözəl

Kəlmələrinsə kifayətsiz olduğunu

Bu dərdə düşmədən öncə.

Bir yer var bilirəm

Hər şeyi söyləmək mümkün

Az qalıb yaxınam duyuram

Anlada bilmirəm

Aprel, 1940

("I Qərib", 1941)

Bu dünya

Dəli edər insanı bu dünya

Bu gecə bu ulduzlar bu qoxu

Bu təpədən dırnağa çiçək açmış ağac.

("Ülkü",1.1.1945)

Maqqaşlı şeir

Nə atom bombası

Nə London konfransı

Bir əlində maqqaş

Bir əlində ayna

Vecinə deyil dünya!

(1.2.1947)

İstanbulu dinləyirəm

İstanbulu dinləyirəm, gözlərim qapalı

Öncə astaca bir külək əsir

Yavaş-yavaş sallanır

Yarpaqlar ağaclarda

Uzaqlarda çox uzaqlarda

Suçularn heç susmayan zınqırovları

İstanbulu dinləyirəm gözlərim qapalı

İstanbulu dinləyirəm gözlərim qapalı

Quşlar ötür deyilirkən

Yüksəklərdən dəstə-dəstə hayla-küylə

Tor dartılır vətəgədə

Bir qadının suya dəyir ayaqları

İstanbulu dinləyirəm gözlərim qapalı

İstanbulu dinləyirəm gözlərim qapalı

Sərin-sərin Qapalı Çarşı

Səsli-küylü Mahmudpaşa

Göyərçin dolu həyətlər

Çəkic səsləri gəlir tərsanələrdən

Gözəlim bahar küləyində tər qoxuları

İstanbulu dinləyirəm gözlərim qapalı

İstanbulu dinləyirəm gözlərim qapalı

Başında əski aləmlərin sərxoşluğu

Zülmət qayıqxanasıyla bir sahil

Dinmiş cənub küləyinin uğultusu içində

İstanbulu dinləyirəm gözlərim qapalı

İstanbulu dinləyirəm gözlərim qapalı

Bir yosma keçir körpüdən

Küfrlər nəğmələr türkülər söz atmalar.

Bir şey düşür əlindən yerə

Bir gül olmalı

İstanbulu dinləyirəm gözlərim qapalı

İstanbulu dinləyirəm gözlərim qapalı

Bir quş çırpınır ətəklərində

Alnın istimi deyilmi - bilirəm

Dodaqların islaqmı deyilmi - bilirəm

Bəyaz bir ay doğur fıstıqların arxasından

Qəlbinin vuruşundan anlayıram

İstanbulu dinləyirəm.

("Varlıq", 1.6.1947)

Vətən üçün

Nələr etmədik bu Vətən üçün

Kimimiz öldük

Kimimiz nitq söylədik

("Varlıq", 1.8.1946)

Rubai

Ömrün o böyük sirrini gör bir bax da

Bir tək kökü qalmış ağacın torpaqda

Dünya nə qədər dadlı ki minlərcə kişi

Əlsiz və ayaqsız yaşayıb durmaqda

("Ailə", (17), Aprel, 1951)

Yuxu

Üzərində mən uyuyan mütəkkə

Yavaş-yavaş girər ilıq bir suya

Hində doğru gəmilər açar yelkən

Bir uyqu aləminə doğar dünya

Şüşə tasdan sehirli su içilər

Nazik Sırat qoç üstündə keçilər

Açılmayan simsim artıq açılar

Başlar dolu cənnətə gedən röya

1936

("Varlıq", 1.6.1937)

# 2834 dəfə oxunub

Oxşar xəbərlər

Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi

Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi

12:20 5 noyabr 2024
Məhəmməd Füzulini dərk etmək məqamı

Məhəmməd Füzulini dərk etmək məqamı

15:49 3 noyabr 2024
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
Dədə Qorqu casus olub? - Zəhra Həşimova

Dədə Qorqu casus olub? - Zəhra Həşimova

17:00 1 noyabr 2024
"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

12:00 27 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?

Bəlkə, ədəbiyyatı ləğv edək?

16:00 21 oktyabr 2024
# # #