Seymur Baycanın alınmamış hekayəsi

Seymur Baycanın alınmamış hekayəsi
25 sentyabr 2017
# 11:07

Kulis.az Seymur Baycanın “İki stansiya arasında hərtərəfli böhran” hekayəsini təqdim edir.

(alınmamış hekayə)

Otuz səkkiz yaşlı yazıçı Məcid Əsədli özündən on yaş balaca sevgilisi yanında, Şota Rustaveli metro-stansiyasından Azadlıq meydanı metro-stansiyasına tərəf addımlayırdı. Məcid son vaxtlar özünü həyatın adi normalarından yüksəkdə dayanan müdrikləşmiş şəxs hesab edirdi. Adamların sifətlərinə baxaraq, davranışlarını diqqətlə müşahidə edərək onların tipini, peşələrini, arzularını, ehtiyaclarını, xasiyyətlərini təxmin etməyi bacarırdı. Hər halda, o, özü haqqında belə düşünürdü. Ona elə gəlirdi ki, başqalarının görə bilmədiklərini o görə bilir. Bütün bədbəxtlərin, arzuları boşa çıxmış, həyatdan qovulmuş adamların incikliyini və kədərini qəlbində hiss edir. Çünki bütün bu illər ərzində özünün də bir-birindən gözəl arzuları gözü qabağında puça çıxmışdı. Onun həyatı günü-gündən ağırlaşır, çətinləşirdi. Əvvəlki şuxluq və şadlıq onu tərk etmişdi, yerini tamamən düşüncələrə, əzablı duyğulara vermişdi. Məcid xeyli bədbinləşmişdi və sənətlə, yaradıcılıqla məşğul olan orta yaşlı bir xeyli adam kimi o da böyük səhvə yol verərək öz bədbinliyini müdriklik kimi qəbul etmişdi. Qəlbində böyük qarışıqlıq vardı, ona görə də fikrini bir məsələ üstündə toparlaya bilmirdi. Hövsələsizlik onun çatışmazlıqlarından biri idi. Bunu özü də başa düşürdü. Özünü ələ almağa çalışırdı, ancaq bacarmırdı. Ürəyində aramsız mübarizə gedirdi. Bircə gün deyil, bircə saat belə özünü daxili arxayınlıq içərisində görə bilmirdi. Bu narahatlığın nə ilə bitəcəyini, bu gərginliyin onu hara aparacağını özlüyündə yorub-yozur, gic olmaq dərəcəsinə çatırdı. Gah ona elə gəlirdi ki, hər şeyi bilir, gah da hər şey qatı dümana bürünürdü. Gah özünə arxayındı, gah da heç nəyə inanmırdı. Ruhu gah göylərdə qanad çalır, gah da yerdə çabalayırdı. Yazdıqları da onu qane etmirdi. Həyəcanla, inamla yazdıqları az sonra tamam gözündən düşürdü. Nə yazmaq lazım olduğunu bilmirdi. Nəinki bir il, hətta bir ay əvvəlki fikirləri ona boş və mənasız gorünürdü. Fikirlərinin belə sürətlə mənasızlaşması onun yazmaq həvəsini öldürürdü. Bir sözlə, orta yaşlı yazıçı hərtərəfli böhran keçirirdi.

“Baldi” ayaqqabı mağazasının qarşısında bir qadın Məcidin diqqətini cəlb etdi. Qadın hamilə idi. Narahat görünürdü. Qara üfüqi zolaqlı, sarı rəngli paltar geyinmişdi. Bu paltar onu arıya oxşadırdı. Saçlarını başına dolayıb sancaqladığından uzun qəşəng boynu açıq qalmışdı. Yerli adam deyildi. Başqa yerdən gəlmişdi. Məcidə elə gəldi ki, qadın tualet axtarır. Onun təbii ehtiyacı var. Bu təxminini yanındakı sevgilisinə demədi. Onlar az söhbət edirdilər. Söhbətləri tutmurdu. Ən adi səbəblərdən belə aralarında mübahisə qopurdu. Nədən danışırdılarsa, axırı davayla qurtarırdı. Qəlbən və cismən bir-birlərinə yad olmuşdular. Təkbətək qalanda bir-birlərinə nə deyəcəklərini bilmirdilər. Arada onlardan biri uçurumun üstünə körpü atmaq istəyirdi, ancaq nahaq yerə, uçurum genişlənmişdi.

Azadlıq meydanına az qalmış Məcid kafeyə girməyi, çay içməyi təklif etdi. Susuzlamışdı. O, bu kafeni sevirdi. Əvvəllər hər səhər bu kafeyə gələr, çay içər, biskivit yeyər, bir saat, iki saat kitab oxuyardı. Kafedə çox az adam vardı. Yay idi deyə adamların çoxu açıq məkanlarda oturmağa üstünlük verirdilər. Məcid və sevgilisi çay sifariş verdilər. Ofisiant çayları masanın üstünə qoyan anda bayaq Mecidin “Baldi” ayaqqabı mağazasının qarşısında gördüyü hamilə qadın kafeyə girdi. Ofisianta yaxınlaşdı. Yavaşca, utanaraq qızdan tualetə girmək üçün icazə istədi. Ofisiant qadının şişmiş qarnına baxdı və əliylə tualetin yerini göstərdi. Qadın yeyin addımlara, həyəcanla tualetə tərəf getdi. Bir neçə dəqiqədən sonra qadın tualetdən çıxdı. Onun üzünün ifadəsi tamam dəyişmişdi. İndi rahat görünürdü. Ofisianta təşəkkürünü bildirdi. Kafeni tərk etdi. Məcid gülümsədi. Sevgilisi soruşdu:

- Nəyə gülürsən?

- Heç nəyə.

- Yəqin nəsə yadına düşüb.

- Heç nə yadıma düşməyib.

- Sən məni adam yerinə qoymursan. Elə bil, mənlə danışmağı özünə yaraşdırmırsan. Düzdür, mən sənin qədər oxumamışam, amma bu, o demək deyil ki, sən mənlə danışmağı özünə təhqir hesab etməlisən.

- Nəyə güldüyümü desəm, onsuz da inanmayacaqsan.

- Görürsən, bəs deyirdin heç nəyə gülmürəm? Mən bilirdim, sən nəyəsə gülürsən. Sən mənə bir qram da hörmət etmirsən. Sən elə hesab edirsən ki, mən tamam qanmaz bir adamam. Heç nədən başım çıxmır. Əgər sən məni axmaq hesab edirsənsə, biz niyə bir yerdəyik? Ayrılaq, qurtarsın getsin. Bu münasibətin axırı yoxdur. Nə qədər istəyirəm dava olmasın, alınmır. Nəyə gülürdün?

- Desəm, inanmayacaqsan.

- Hardan bilirsən inanmayacam?

- Dünən dedim, divarda yeriyən hörümçəyin ayaqlarının səsini eşidirəm, inandın? İnanmadın.

- Buna necə inanmaq olar? Məni axmaq yerinə qoyma.

- Mən sənə dedim, hörümçəyin ayaqlarının səsini eşidirəm. Sən inanmadın. Amma mən axtarıb hörümçəyi televizorun arxasında tapdım.

- Sən o hörümçəyi əvvəlcədən görmüşdün.

- Görməmişdim.

- Hörümçəyin ayaqlarının səsini eşitmək mümkün deyil.

- Mən eşidirəm. Hörümçəyi də tapıb sənə göstərdim. Amma sən yenə də mənə inanmadın. Elə bildin, hörümçəyi əvvəlcədən görmüşəm. Əgər sən mənə inanmırsansa, nəyə görə öz düşüncələrimi səninlə paylaşmalıyam?

- Sən özünü qəribə adam kimi göstərməkdən ötrü hər şey uyudurursan.

- Demək istəyirsən, mən yalançıyam?

- Yalançı deyilsən, amma sənin danışdıqlarına da inana bilmirəm.

- Qarğa yumurtasından bülbül çıxa bilməz. Mən bunu əvvəldən bilməli idim.

- O nə deməkdir? Heç nə başa düşmək olmur, nə deyirsən, ağzına gələni danışırsan.

- Yəni əyri ağacın əyri də kölgəsi olar.

- Yığışdır bu kəndçi məsəllərini. Hardan tapıb çıxarırsan bu sözləri? Elə bil, qoca kişisən.

- Mənim üçün vacib olan şeylər sənə tamam maraqsız görünür.

- Sən özünü elə aparırsan ki, guya həyatın hər sahəsinə baş vurmusan, ancaq heç nə tapmamısan. Tanımayan adam olsa, deyər ki, yazıq işləməkdən ölür, ancaq qiymət verən yoxdur.

- Yaxşı, qurtaraq. Dava istəmirəm. Onsuz da kefim yerində deyil.

- Nə vaxt kefin yerində olub? Bütün günü qaşqabaqlı gəzirsən. Bezmişəm. Belə davam edə bilməz. Ya mənlə adam kimi rəftar edəcəksən, ya da mən səndən ayrılmaq məcburiyyətində qalacam. Sən elə bilirsən ki, mən hər şeyə dözərəm?

- İncitmə məni. Özün də bilirsən ki, hər dəfə məni incidəndə başına bir iş gəlir.

- Falçılar kimi danışırsan. Birdəfəlik yazmağı at, get, falçılıqla məşğul ol.

- Çox sağ ol.

- Nəyə gülürdün?

- Səni inandırmaq mənim üçün çətindir. İcazə ver, daha heç nə deməyim.

- Çox tərs adamsan. Sənə rast gəldiyim gün başıma daş düşəydi.

- Nevroz arvadlar kimi danışma.

Kafenin yuxarı başında bir kişi, bir arvad oturmuşdu. Yanlarında da bir uşaq vardı. Uşağın paltarına pomidor suyu sıçramışdı. Xırda tumlar quruyub paltarın üstündə qalmışdı. Uşaq bir dəqiqədən, iki dəqiqədən bir nədənsə bərk qışqırırdı. Üzü gündən qaraldığı üçün dişləri daha da ağ görünürdü. Nə ata, nə də ana uşağa məhəl qoymurdu. Kişiylə qadının laqeydliyi, uşağa heç nə deməmələri Məcidi əsəbiləşdirirdi.

- Bu nə beyin s...n uşaqdır!

- Bu nə sözdür deyirsən? Ayıb deyil? Axır vaxtlar olan-qalan ağlını da itirmisən?

- Görmürsən necə qışqırır? Səsi başıma işləyir.

- Uşaqdır.

- Uşağın yanında valideynləri var. Zəhmət çəkib uşaqlarına nəzarət etsinlər. Necə də rahat oturublar. Bir-birilərinə heyranlıqla baxa-baxa söhbət edirlər. Elə bil, təzə tanış olublar. Heç, elə bil, qışqıran bunların uşağı deyil. Belə adamlar üçün yaşamaq necə də asandır!

- Sənin nə borcuna camaat necə yaşayır?

- Necə yəni sənin nə borcuna? Onların uşağının qışqırığı ətrafdakı adamları narahat edir.

- Səndən savayı heç kim narahat olmur. Of, belə yaşamaq mümkün deyil. Bu bəyəm yaşamaqdır? Nə qədər istəyirəm, dava düşməsin, alınmır.

- İndi də çıxıb stolun üstünə. Təpəsi üstə yıxılar yerə, ağlı başına gələr.

Beş saniyə keçməmiş uşağın ayağı sürüşdü, stolun üstündən yerə yıxıldı. Ofisiant uşağa tərəf qaçdı. Uşağın valideynləri yerlərindən dik atıldılar. Uşaq susmuşdu. Onu ayağa qaldıranda elə bərkdən qışqırdı ki, Məcid qulaqlarını tutub dedi:

- Gedək burdan. Gedək. Burda oturmaq mümkün deyil.

Küçədə dəmir dirəklərdən asılmış elektrik lampalarının həndəvərində cücülər, kəpənəklər bir-birinə toxuna-toxuna uçurdular.

# 1697 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #