Otel otağındakı naməlum qadın

Otel otağındakı naməlum qadın
4 sentyabr 2014
# 12:35

Kulis.Az Günel Eminlinin ““Dream” oteli” hekayəsini təqdim edir.

O, içəri keçəndə nəfəsim tutuldu. Bədəninə yapışmış qara parlaq libası, qəhvə içməkdən dumanlanmış beynimi sisin içində daha da itirdi. Mərmərin üzərində dikdaban ayaqqabılarını yerə döyəcləyə-döyəcləyə bədənini ilahi bir ritm altında çalxalayaraq üzərimə yeriyirdi. Bu toqquşma bəlkə də aysberqlə gəminin toqquşmasından daha faciəli ola bilərdi. Bir şərtlə ki, mən onu aysberq soyuqluğu ilə donduran deyil, get - gedə şiddətlənən ehtiras alovumla yandıra bilərdim.

Yaxınlaşıb düz gözlərimin içinə baxaraq:

- Mənə nömrə lazımdı - dedi.

- Buyurun xanım, lüks standart nömrələrimiz də var. Bir hamam otaqlı, iki hamam otaqlı, pullu bar... - Xidmətlərimizi tutuquşu kimi sadalamağa başladım. Gözlərim onun ayaqlarında, sinəsində, bədənində, çiyinlərində gəzib yorulmaq bilmirdi. O qədər cazibəli idi özümü belə unutmuşdum. Dilimdən çıxan növbətçi kəlmələr olmasaydı, yəqin cümlələrim belə olacaqdı: “Əzizim, icazə ver, səni soyundurum. Bu gözəl bədənini qara paltarının həbsindən azad edim. Artıq gecə saat üçdür, yəqin sinən dar libasının arasında sıxılmaqdan bezib, onları öz sinəm üstdə dincəldim”. Yox, mən deyəsən, get-gedə özümə hakim ola bilmirəm.

- Xanım, buyurun, istədiyiniz kimi lüks nömrə 316-cı otaq. Çamadanınızı indi yuxarı qaldırarlar. - Onu böyük məmnuniyyətlə, qucağımda həzzin yeddinci qatına da qaldırardım.

Lifti göstərdim. Fikrim onu liftə qədər ötürmək idi. Onunla otağına da qalxa bilərdim, amma “reseption - məlumat köşkü”mü uzun müddət nəzarətsiz buraxmaq olmazdı. Xanımın isə niyyəti məni dəli etmək idi. Liftə getməkdən imtina etdi, burcuda-burcuda pilləkənlərə yönəldi. Elə bil qəsdən yavaş yeriyirdi ki, qarşımdakı masaya dırmaşım. Pilləkənlərin ortasına çatanda çönüb bir də mənə baxdı. Gülümsəyərək yaxınlaşmam üçün əl elədi. Bir saniyəyə yanında idim:

- Tamam unutdum, zəhmət olmasa, nömrəmə qırmızı şərab və qara şokolad gətirin... Yəqin gecə bufetiniz işləyir.

- Əlbəttə xanım, şəxsən gəlib qulluğunuzda duraram.

Ön masama tərəf gedib, mətbəxə zəng vurdum. Jorji yuxulu səsiylə dəstəyi götürdü. Sifarişi ona dedim, içəri liftlə deyil, əsas foyedən sifarişi aparmağı tapşırdım. Fikrim sinini əlindən alıb, xanıma özüm çatdırmaq idi.

Jorjinin fransız inadkarlığı tutmuşdu, heç cür sinini vermək istəmirdi, mənim də italyan tərsliyim oyanmışdı. Bütün Paris tərsliyimə qarşı çıxa bilməzdi. Sinini əlindən zorla alıb, onu ön masaya nəzarətçi qoydum. Birbaşa pilləkənlərlə onun nömrəsinə tərəf qaçmağa başladım. Zalımın qızının ətri bütün dəhlizi bürümüşdü, siçan pendir iyinə gedən kimi onun ətrinin arxasınca somnambula kimi düşmüşdüm. Nəhayət, nömrəsinə çatıb, qapını döydüm:

- Nömrə sifarişiniz hazırdı.

Qapı açıldı, içəri daxil oldum. Yataq otağının yanında bayaqkı qara ziyafət paltarında dayanmışdı. Sinini pəncərənin yanındakı masanın üzərinə qoydum. Çamadanını heç açmamışdı. Tərpənmədən ona baxırdım. Bu dəfə bütün hüceyrələrimi qışqırdan bir sual verdi:

- Paltarımın arxasını açmağa mənə kömək edə bilərsiz?- Bu artıq dəvət idi. İtalyan nəslimdən gələn enerjimi paylaşmaq üçün əla fürsət idi.

Əvvəl iki əlimlə boynundan tutdum, sonra çiyinlərinə sürüşdürdüm. Əllərim titrəsə də astaca paltarının arxasını açdım. Yüngülcə onu yatağa itələdim, ayaqqabılarını soyundurub qapıya tərəf tolazladım. Sonra, sonra, sonra, sonra çox gözəl sonra idi....

Geyinib, yataqda əyləşdim. Ön masa indi yadıma düşmüşdü. Yəqin ki, Jorji italyan babalarımın gorlarında yarımçıq torpaq quyularını kasad fransız söyüşləri ilə doldurmuşdu.

- Mən getməliyəm, amma səni yenə görmək istəyirəm. Əzizim, sabah burda olmayacam, səhər növbəm bitir. Mənə telefon nömrəni ver.

- Yox.

- Necə yox? Bəs indi biz?

- Əzizim, ciddiyə alma. Elə hesab et ki, mən nömrəyə, şərab, şokolad və səni sifariş vermişdim.

- Məni? - Onu italyanca söydüm. O isə təbəssümünü işə salmışdı.

Nömrəni tərk elədim. Qurşaqdan aşağı boşalsam da, beynim hirslə dolmuşdu.

Ön masada telefonu Jorjinin kinayəli sifətinə yapışdırmamaq üçün anama zəng vurdum. Deyəsən, yatmışdı. Növbələrdə qalanda narahat yatır, bu dəfə isə ona rahatlıq gəlmışdı. Səhər açılırdı. Bir azdan növbəm bitəcəkdi. Mən bu axmaq gecəni tezliklə unutmaq hissi ilə başımı qollarımın üstünə qoyub, böyük foyenin gur işıqlarından özümü qorumağa çalışdım. Yuxuya getsəm də otel qapıları açıldığını, dikdaban ayaqqabıların mənə sarı gəldiyini hiss etdim. Ecazkar səs:

- Mən nömrə sifariş etmək istəyirəm, üçüncü mərtəbə. Bir də nömrəyə mümkünsə ...

Başımı ilan vurmuş kimi qaldırdım, qarşımda qara tor ziyafət paltarında füsunkar qadın dayanmışdı.

- Bir də nömrəyə çaxır və qara şokolad...

# 3073 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #