“Almalı” və oxunmalı kitab

“Almalı” və oxunmalı kitab
2 dekabr 2013
# 17:19

Rövşən Yerfi

Müasir poeziyamızda özünəməxsus dəsti-xətti ilə tanınan şairlərimizdən biri də Ramiz Qusarçaylıdır. Hələ illər öncə onun haqqında mərhum xalq şairlərimiz Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz xoş sözlər demiş və yaradıcılığına yüksək qiymət vermişlər. Minlərlə oxucusu sayaq mən də onun insanı duyğulandıran, düşünməyə sövq edən şeirlərini oxumaqdan yorulmuram. Daim mətbuatda yazılarını, çıxışlarını izləyirəm.

Sizə bu yazımda altıdan çox şeir kitabı çap olunan şairin son kitablarından biri olan “Almalı kitab” haqqında danışmaq istəyirəm. Ramiz bəy həcmcə çox kiçik bu kitabında (kitabın anonsunda qeyd edildiyi kimi) Vətənə olan sevgisini rəngarəng bədii boyalarla və obrazlı şəkildə bacarıqla təsvir edir. Meyvələrin bəzəyi sayılan alma haqqında poetik fikirlərini oxucuya dilin hər tərəfli zənginliyi və şeiriyyətin diqqətəlayiq məziyyətləri ilə çatdırır, yadda qalan ifadələrlə gözəl ədəbi nümunələr yaradır.

Şair alma haqqında söhbətinə bu meyvənin şifahi xalq ədəbiyyatında vəsfinə deyilmiş bayatılarla başlayır:

Əzizim gözəl alma,

Gözəl gül, gözəl alma.

Alırsan, əsilli al,

Bədəsil gözəl alma...

Oxuduqca heyran qalırsan, alma ilə bağlı nə qədər gözəl bayatılarımız varmış... Şair ətraflı şərh verməklə o bayatılardan yalnız on beşindən istifadə edib.

Cənnət meyvəsi, səadət simvolu, mənalı həyat rəmzi hesab edilən alma şifahi xalq ədəbiyyatımızda bayatılarımızdan başqa bir obraz kimi nağıllarımızda, əsatirlərimizdə, məsəllərimizdə də özünə yer alıb:

- Alma almaya bənzər...

- Almanı qurd içindən yeyər...

- Alma budağından gen düşməz...

Ramiz bəy bayatıların ardınca nağıllarımızdakı Qızıl almadan, alma ilə bağlı ayrı-ayrılıqda yeddi xalq mahnısından söz açır:

Aç xurcunu, al bıçağı,

Kəs almanı, ver yara, dilim-dilim.

Sonra şair Azərbaycan poeziyasında almaya, eləcə də almalı bağların qoynunda qərar tutan Quba diyarına həsr edilmiş yüzlərlə şeir nümunəsinin mövcudluğundan danışır. Onlardan bir neçəsinin, xalq şairləri Mirvarid Dilbazinin, Məmməd Rahimin, Söhrab Tahirin, Qabilin şeirlərindən misallar gətirir. Kitabın qalan yarısında isə şairin almanın iyirmi altı növünə dair və Vətənin müxtəlif bölgələri barədə alma ilə əlaqəli özü yazdığı şeir parçaları toplanıb. Misal üçün şair Sarıtuşu belə tərənnüm edir:

Bu payızın barı turş,

Heyvası turş, narı turş,

O qız bir alma verdi, -

Yarı şirin, yarı turş...

“Almalı kitab” gözəl şeir parçası ilə bitir:

Vətəni gəz, alma var,

Qürbətdən həzz alma, var.

Azərbaycan adında

Bir bölünməz Alma var!

Düzünü deyim ki, alma haqqında ömrümdə belə maraqlı kitab oxumamışdım. Həqiqətən, alma təravətli bu kitabı almağa və oxumağa dəyər. Fürsətdən istifadə edib, 1993-cü ildən “Ay işığı” ədəbi məclisinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin Quba şöbəsinin rəhbəri Ramiz Qusarçaylını yaxınlarda tamam olacaq 55 yaşı münasibəti ilə təbrik edir, yaradıcılıq uğurları arzulayıram!

Nə yaxşı ki, Qubada belə bir şair yaşayır...

kaspi.az

# 3006 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər