Kulis.Az Xalq yazıçısı Elçinin Vaqif Nəsibin yeni kitabına yazılmış “Səmimiyyət və təbiilik” adlı ön sözü təqdim edir.
Mən ədəbiyyatda «kənd nəsri», «şəhər nəsri» kimi bölgüləri bəsit bir təsnifat hesab edirəm, çünki istedad eynidir, «kənd nəsri» bir cür istedad, «şəhər nəsri» isə başqa cür istedad tələb etmir və bizim əsasən kənd mövzusunda yazan ən istedadlı nasirlərimizdən biri Vaqif Nəsibdir – o, «kənd nəsri»nin yox, müasir Azərbaycan nəsrinin görkəmli nümayəndəsidir.
Dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı taleyi var və mən indiki məqamda deyə bilmərəm ki, Vaqif Nəsibin yazıçı taleyi xoşbəxtlikdən xəbər verir.
Məsələ burasındadır ki, tənqidimiz bu yazıçının əsərlərini indiyə qədər vaxtında görüb qiymətləndirə bilməyib və ayrı-ayrı məqalələr yazılsa da, Vaqif Nəsibin yaradıcılığı bir küll halında təhlil edilməyib, bu yaradıcılığın bədii-estetik xüsusiyyətləri, məxsusiliyi müəyyənləşdirilməyib, halbuki bunu onun əsərlərinin səviyyəsi və ədəbiyyatımızın maraqları tələb edir.
Onun hekayələri və romanları haqqında yazılmış iki məqalə də bu kitaba daxil edilib, ancaq baxın, bu məqalələrin də müəllifləri bizim tənqidçilərimiz yox, hörmətli nasirlərimiz Məmməd Oruc və Sadıq Elcanlıdır.
Mən Vaqifin yazıçı taleyindən danışanda «indiki məqam» sözlərini yazdım, çünki onun yazıçı taleyinin gələcək xoşbəxtliyinə tamam əminəm. Zaman istedadın müttəfiqidir və biz, vaxtında qiymətləndirilməyən əsərlərin (yazıçının) yenidən doğuşunun, ədəbiyyatda öz yerini tutmasının az şahidi olmamışıq.
Vaqifin hekayələrini oxuyanda, buradakı canlı insan xarakterləri, kolorit (yalançı xəlqilik, qrafoman ekzotikası yox, məhz kolorit!) həmişə Vasili Şukşinin hekayələrini mənim yadıma salıb və bu yerdə söhbət müqayisədən, bənzətmədən, yaxud təsirdən getmir. Vaqif nə dərəcədə Azərbaycan ədəbiyyatının Şukşinidirsə, Şukşin də o dərəcədə rus ədəbiyyatının Vaqif Nəsibidir.
Vaqifin hekayələrində də, romanlarında da nəyisə bəyənmək, ya bəyənməmək mümkündür, olsun ki, hansı bir surət isə başqasına nisbətən zəif alınıb, bir hekayə uğurludur, o biri isə o qədər də yox, hansı bir fikirləsə razılaşmırsan və s., ancaq bu əsərlərdə qeyri-səmimi, qeyri-təbii heç nəyə rast gələ bilməzsən və bu yaradıcılığı da bir küll halında məhz həmin səmimiyyət, həmin təbiilik səciyyələndirir – bu, estetik kateqoriyalı bir sadəlik və təbiilikdir.
Bu yazıçıda qəti surətdə «zorən-təbib»lik yoxdur və o, sadə, iddiasız bir təhkiyə ilə yazır – əslində «yazır» yox, danışır, söhbət edir – ancaq bu sadəlik mürəkkəb situasiyaları, psixoloji məqamları aça və göstərə bilir.
Vaqifin nəsrində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə elə söhbət edir ki, demədikləri, dediklərindən artıq olur və sən o deyilməyənləri hiss edirsən, xislətin alt qatları səni özünə çəkir.
Adətən daha çox poeziyadan söhbət düşəndə hisslərdən danışırlar, ancaq Vaqif Nəsibin nəsri də hisslərin ifadəsi ilə zəngindir və yəqin bunun bir səbəbi də odur ki, o, həm də bizim görkəmli şairlərimizdən biridir.
Mən bu qısa önsözü oxucuların xoş ovqatına şərik çıxaraq bitirmək istəyirəm, çünki bu kitabın onlarda xoş bir ovqat yaradacağına şübhə etmirəm.
4 aprel 2017
Bakı