Fərari atanın medallı oğlu

Fərari atanın medallı oğlu
12 aprel 2013
# 10:41

Əcnəbi

Qoca Kalyu Paxapil işğalçılara nifrət edirdi. Səs-səsə verib oxumağı, öd kimi acı braqa içməyi, bir də balaca toppuş uşaqları isə çox sevirdi.

Bu torpaqlarda ancaq estonlar yaşamalıdırlar, – Paxapil deyərdi, – başqa heç kəs. Yadların nə işi var burda?

Kişilər onu başlarını razılıq əlaməti olaraq tərpədərək dinləyirdilər.

Sonra almanlar gəldi. Onlar qarmon çalır, mahnı oxuyur və uşaqları şokolada qonaq edirdilər. Bütün bunlar qoca Kalyunun xoşuna gəlmədi. O, uzun müddət susdu, sonra isə yığışıb meşəyə getdi.

Bu, sıx meşə idi, uzaqdan baxanda adama elə gəlirdi ki, keçilməzdir. Orada Paxapil ov edir, balıq tutur, şam ağacı budaqları üstündə yatırdı.

Qısası, ruslar işğalçıları ölkədən çıxaranadək burada yaşadı. Almanlar getdikdən sonra isə Paxapil də qayıtdı. O, Rakvereyə gəldikdə sovet ordusunun kapitanı onu medalla təltif etdi.

Medalın üstündə dörd anlaşılmayan söz, bir fiqur və bir nida işarəsi vardı.

“Medal estonun nəyinə gərəkdir ki?” fikri Paxapili uzun müddət düşündürdü.

Amma buna baxmayaraq, onu ehtiyatla yun pencəyinin yaxalığına bərkitdi. Bu pencəyi Kalyu ömründə cəmi bir dəfə – Lansmanın mağazasında geyinmişdi.

O, beləcə yaşayır və şüşəsalan işləyirdi. Lakin ruslar səfərbərlik elan edəndə Paxapil yenidən yoxa çıxdı.

Burada estonlar yaşamalıdır, – o gedərkən dedi, – vankalara, frislərə və digərlərinə burada yer yoxdur!..

Paxapil bu dəfə də yalnız uzaqdan keçilməz görünən meşəyə çıxıb getdi. O yenə də ov edir, düşünür, susurdu. Hər şey də yaxşı gedirdi.

Ancaq ruslar meşəni dövrəyə aldılar. Meşənin çığırtısı aləmi bürüdü. Qaçmağa yer qalmadı və Paxapili həbs etdilər. Onu fərari kimi mühakimə edir, döyür və üzünə tüpürürdülər. Ən çox özünə əl qatan isə ona vaxtilə medal vermiş kapitan idi.

Sonra isə Paxapili cənuba – kazakların yaşadığı yerlərə sürgün etdilər. Tezliklə o, orada öldü. Yəqin ki, acından və yad torpaqdan...

Onun oğlu Qüstav Tallinin Luyze küçəsində yerləşən dənizçilik məktəbini bitirdi və radist diplomu aldı.

Axşamlar o, Mundi-barda oturub yelbeyin qızlara deyirdi:

- Əsl eston məhz Kanadada yaşamalıdır! Ancaq Kanadada, başqa heç yerdə...

Yayda onu mühafizə xidmətinə çağırdılar. Öyrədici punkt İosser stansiyasında yerləşirdi. Hər şey əmrlər vasitəsilə idarə olunurdu. Yuxu da, nahar da, söhbət də. Araqdan, atlardan, şaxtaçıların güzəranından danışırdılar.

Qüstavın bütün bunlardan zəhləsi gedirdi və o yalnız öz dilində danışırdı. Ancaq estonca. Hətta keşikçi itlərlə də.

Bundan başqa, o yalnız təkbaşına içir, ona mane olduqda isə dalaşmağa başlayırdı. Üstəlik (siyasi təbliğat üzrə müavin Xuriyevin dediyi kimi) “qadınlara dair insidentlər” törədirdi.

Siz necə də eqosentriksiniz, Paxapil! – Xuriyev onu ehtiyatla danlayırdı.

Qüstav utanır, kağız parçası istəyir və əyri-üyrü xətlə yazırdı:

“Dünən, göstərilən ildə, mən spirtli içkidən çox içmək. Bundan sonra isə əsgər ləyaqətini palçığa atdım. İndən belə and içirəm. Sıravi Paxapil”.

Hər dəfə bir az düşündükdən sonra o, əlavə edirdi:

“Rədd etməməyinizi rica edirəm”.

Sonra isə Reyet xalanın göndərdiyi pul gəlib çıxırdı. Paxapil mağazadan bir litr likör alır və qəbiristanlığa yollanırdı. Orada yaşılımtıl alatoranda xaçlar ağarırdı. Bir az aralı, nohurun düz qırağında bir baxımsız qəbir və yanında taxtadan düzəldilmiş sütunşəkilli abidə vardı. Paxapil ağır-ağır təpəciyin üstünə oturub içir və çəkirdi.

- Estonlar Kanadada yaşamalıdırlar, – o, həşəratların ahəngli vızıltısı altında sakitcə donquldanırdı.

Həşəratlar onu, nədənsə dişləmirdilər...

Səhər tezdən hərbi hissəyə görkəmsiz bir zabit gəldi. Eynəyinə baxılarsa, ideoloji işçi idi. İclas elan olundu.

- Otağa toplaşın, – gündüz növbətçisi paralel tirlərin yanında siqaret çəkən əsgərlərə qışqırdı.

- Siyasət vecimizə də deyil! – əsgərlər deyindilər.

Amma buna baxmayaraq, içəri keçib əyləşdilər.

- Mən müharibənin guruldayan konsertinin ən incə simi idim, – polkovnik Mar sözə başladı.

- Şeirlər, – latış Balodis təəssüf içində dilləndi.

Pəncərənin arxasında ərzaq və silah anbardarı ilə mirzə donuz tuturdular. İki dost donuzun ayaqlarını sarıyıb onu yük maşınının kuzovuna qoymağa çalışırdılar. Donuz durmadan çığırırdı, onun səsi adamın başına düşürdü. O, qarnı üstə yıxılır, ayaqları kuzova aparan, peyinə bulaşmış trapın üzəri ilə sürüşürdü. Balaca gözləri piy qatlarının arasında yox olurdu.

Həyətdən starşina Yevçenko keçirdi. O, donuza bir təpik vurdu. Sonra isə otların arasında atılıb qalmış belin sapını əyilərək götürdü...

– Sovet ordusu hissələrində gözəl bir ənənə yaranmaqdadır, – polkovnik Mar deyirdi.

Ardınca:

- Əsgər və zabitlər həlak olmuş döyüşçülərin qəbirlərinə sahib çıxırlar. Döyüş tariximizi addım-addım bərpa edirlər. Qəhrəmanların qohumları və yaxınları ilə əlaqə yaradırlar. Bu ənənəni hərtərəfli yaymaq və möhkəmlətmək hər kəsin borcudur. Qoy araqarışdıranlar atalar və oğullar arasındakı davalardan danışsınlar, qoy onlar arasındakı uydurma antoqonizm haqqında olan əfsanəni istədikləri qədər şişirtsinlər... Bizim gənclik ataların torpağa tapşırıldığı yerləri müqəddəs hesab edir. Bu yolla biz nəsillər arasındakı qırılmaz əlaqəni sübut etmiş oluruq...

Donuzu üstü nahamar taxtanın üstü ilə sürüyürdülər. Maşının kənarları cırıldayırdı. Onlar açıq-yaşıl rəngdə boyanmışdılar. Kabindən boylanan sürücü baş verənləri seyr edirdi.

Yaxınlıqdakı turnikdə xəstəliyə görə komissiyadan keçən moldovalı Dastyan dövrə vururdu. O, hərbi hissə komandirinin əmrini gözlədiyi vaxt ətrafda kəmərsiz hərlənir və sakitcə zümzümə edirdi...

- Sizin rotanız qəbiristanlığın yaxınlığında yerləşir, – polkovnik uzun-uzadı danışırdı, – bu isə böyük simvolik məna kəsb edir. Araşdırmalarımız göstərir ki, buradakı qəbirlərin arasında Böyük Vətən müharibəsi qəhrəmanlarına məxsus olan qəbirlər də vardır. Həmçinin ordenli döyüşçülərin. Beləliklə, həlak ölmüş qəhrəmanlara sahib çıxmaq üçün lazım olan şəraitiniz vardır...

Donuzu, axır ki, kuzova saldılar. O, hərəkətsiz halda uzanmışdı, təkcə çəhrayı qulaqları tərpənirdi. Bir azdan onu hər tərəfi piyli duman basmış qəssabxanaya aparacaqlar. Döyüşçü onun vətərindən bacarıqla tutub tavandan asacaq. Sonra uzun ağ bıcağı ürəyinə sancacaq. Bir az başından çərtərək onun çirkli yunla örtülmüş dərisini cəld soyacaq. Ondan sonra hərbçilərin halı qan qoxusundan pisləşəcək...

- Paxapil hansınızdır?

Qüstav diksindi. O, yerindən qalxdı və bir dəqiqə əvvəl baş verənləri xatırladı. O lap yefreytor Petrov kimi əlini irəli uzadıb özünü gülməkdən zorla saxlayaraq dedi:

- Bizim bölükdə belə bir əsgər artıq var. O həlak olmuş bir qəhrəmanın qəbrinə sahib çıxaraq ona qulluq edir. Bu, instruktor Paxapildir!

- Paxapil hansınızdır? – polkovnik Mar şübhə dolu səslə soruşdu. – Yoxsa Paxapil elə sizsiniz?

- Elədir, – Paxapil qızararaq dilləndi.

- Rota komandiri adından sizə minnətdarlıq elan edirəm. Sizin bu hərəkətiniz hər yana yayılacaq. Ştabda hərbi hazırlıq əlaçılarının təntənəli görüşü olacaqdır. Siz də mənimlə gedəcəksiniz. Əldə etdiyiniz uğurlar barəsində söz açarsınız. Yolda nitqinizi qurarıq.

- Sözün düzü, mən estonam, – Paxapil sözə başladı.

- Elə isə daha yaxşı, – polkovnik onun sözünü kəsdi, – qardaş internasionalizmi baxımından...

Ştabda yaman çox adam vardı. Hərbçilər qrafiklər, bədii şəkildə tərtib olunmuş stendlər, təbliğat materiallarının yanında toplaşmışdılar. Çəkmələr və yaş saçlar parlayırdılar. Hər yerdən tənbəki ilə qətran iyi gəlirdi.

Onlar pilləkənlə yuxarı qalxdılar. Mar əlini Paxapilin çiyninə qoymuşdu. Foyedə hamı onların başına yığışdı.

- Tanış olun, – polkovnik qeyri-rəsmi şəkildə dedi, – bunlar bizim mayaklardır: çavuş Txapsayev, çavuş Qafiatulin, çavuş Çiçiaşvili, kiçik çavuş Şahməmmədov, yefreytor Lauri, sıravi Kemoklidze və Osepyan...

“Lənət şeytana, – Qüstav öz-özünə düşündü, – ancaq cuhudlardır ki...”

Ancaq elə bu an zəng çalındı. Hamı urnalara tərəf tələsdi. Siqaret kötüklərini atdıqdan sonra onlar geniş iclas otağına keçdilər...

Və budur – Paxapil tribuna arxasında dayanıb. Aşağıda üzlər, sol tərəfdə rəyasət heyəti, qrafin, qumaş pərdə və yan tərəfdə zalda əyləşənlərin görə bilmədiyi kontrabas görünür.

Paxapil adamlara baxıb metal toqqasına toxundu. Sonra irəli bir addım atdı.

- Sözün düzü, mən estonam, – deyə o, sözə başladı.

Zalda sükut hökm sürürdü. Pəncərələrin altından tramvay cingildəyərək keçirdi...

Axşam Qüstav Paxapil ştab avtomobilinin arxa oturacağında silkələnirdi. Öz çıxışını yadına salırdı; qrafindən necə su süzdüyünü, stəkanın necə əsdiyini və rəyasət heyəti generalının gülümsəməsini. Onun sinəsinə nişanı necə taxdıqlarını (Üç anlaşılmayan söz, fiqur və qlobus). Sonra isə Mar çıxış edərək sıravi Paxapilin hərəkətinin kəsb etdiyi dəyərdən söz açmışdı... Nəbzini tutmaq, inkişaf etmək və çalışmaq kəlmələrində istifadə edərək... Bir də ki, vətənpərvərlik tərbiyəsinə dair nələrsə demişdi... Həlak olmuş qəhrəmanların qəbirlərinə sahib çıxmağın vacibliyinə aid... Baxmayaraq ki, Paxapil xalqlararası dostluq-qardaşlıq nəticəsində estondur...

Onun gözləri qarşısında sürücünün kürəyi ucalırdı. Yanından budaqları yarpaqsız ağaclar, yandırılmış təpələr, tayqanın tək-tük yaşıllığı uçub keçirdi.

Maşın yolayrıcından keçərkən bərk silkələnəndə Qüstav sürücüyə dedi:

- Mən burada düşəcəyəm.

Sürücü heç geri boylanmadan ona əl elədi və maşını döndərdi.

Qüstav Paxapil torpaqdan seçilməyən relslərin kənarıyla addımladı. Qum təpəciyini aşdı. Şüvüllə örtülmüş yol onu düz ümumxanaya gətirib çıxardı.

Burada onun cibləri hiss olunacaq dərəcədə ağırlaşdı.

O, baxımsız qalmış idman meydançasından keçib getdi və qəbiristanlığın qırağındakı xəndəyin kənarına çatdı.

Hər yer nəm və sakit idi. Yarpaqlar küləkdə qırıldaşırdılar.

Qüstav mundirinin yaxasını açdı. Təpəciyin üstünə oturdu. Vetçinanı dizinin üstünə, şüşəni otluğa qoydu.

Sonra da qırmızı taxta başdaşına dirsəklənib siqaretini tüstülətdi.

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #