Nəfsi yenən günün hekayəsi

Nəfsi yenən günün hekayəsi
14 dekabr 2016
# 17:19

Müşfiq Xanın hekayələri və hekayə janrı üzərinə esse

Hekayə nədir?

Təəssüf ki, bəzən yazar dostlarımız hekayə janrı ilə bir gəncin, yaxud bir qocanın hekayəsini dəyişik salırlar (roman janrı ilə iki gəncin romanını ayırd etmədikləri kimi). Bəli, bizim bu söhbətimiz məhz hekayə janrına aiddir.

Hekayənin adından və ilk cümləsindən çox şey asılıdır. Sən Markesin məhşur məhəbbət romanındakı “Qaçılmaz bir şeydir: acı badam qoxusu ona nakam eşqlərin kədərini anlatmışdı həmişə” kimi bir möhtəşəm başlıq da seçə bilərsən, yaxud Sabir Əhmədlinin “Yanvar hekayələri” silsiləsindən bir hekayədəki kimi qorxunc ilk cümlə də: ”Axşam saat yeddidə televiziya söndü.”

Elə bu yazını yazmağa başladığım günlərdə bir saytdan təklif aldım ki, bəs hekayə haqqında söhbətlər adlı layihəmiz var və sizi o layihədə iştirak etməyə dəvət edirik. Soruşdum ki, siz mənim neçə hekayəmi oxumusunuz? İkisindən artığının adını çəkə bilmədi. Halbuki mənim 100-dən çox hekayəm çap olunub və hamısı da olmasa, ən azı yarısına yaxını Azərbaycan hekayəsinin sıralarında yer alacağına əminəm. Hardandır bu əminlik? 27 il əvvəl yazdığım bir hekayəni (“Soyxa”) bu yaxınlarda saytların birində təzədən yayımladım və məlum oldu ki, hətta indiki gənc yazarların bir çoxunun yadındaymış o hekayə...

(Bu qədər özümdən bəhs etdiyimə görə oxuculardan üzr istəyirəm. Bəzən belə də alınır.)

Mövzudan yayınmayaq. Sualımız vardı: nədi hekayə?

Hekayə haqqında klassik deyimləri bir kənara buraxıb, son qənaətimi bildirim: hekayə yazdığım bu qırx ildə bir şeyə əminəm: hər yazıçının öz hekayəsi var. Mopassanın hekayəsi, Ohenrinin hekayəsi, Turgenevin hekayəsi, Çexovun hekayəsi, Mirzə Cəlilin hekayəsi, Haqverdiyevin hekayəsi... olduğu kimi. Hekayə yazıçının möhürüdür, dəst-xəttidir... əlimizin içindəki xətlər kimi, əlimizin üstündəki damarlar kimi. O qarma-qarış xətlər də yazıdır əslində – hekayə o xətlərdən başlayır.

Redaktoru olduğum “Yazı” dərgisinə çoxlu hekayələr gəlir. O hekayələrin ən yaxşılarını çap etmişik. Zəif və ortabablarının müəlliflərinə “məsləhət”lərimi yazmışam – məsləhətlə heç kimin yazıçı olmadığını bilə-bilə...

Artıq bir neçə hekayəsini çap etdiyim bir müəllifin “əlinin içindəki və üstündəki o xətlər” yazdırdı bu yazını – gənc yazıçı Müşfiq Xandan danışıram. Çoxları onu detektiv yazar kimi tanısa da, mən onun detektiv olmayan hekayələrindən söz açacağam. (Bir dəfə bu barədə yazmışdım hardasa: Müşfiq Xandan soruşmuşdum ki, sən belə normal hekayələr yaza bildiyin halda, o bəlirsiz detektivin ardınca niyə düşmüsən? O da cavab vermişdi ki, mən, əslində elə o cür yazıram. Amma bunların bazarı yoxdur. Oxumurlar belə yazıları. Məcbur olub, bazara işləyirəm – detektiv yazıram...)

Müşfiqin “5.45” adlı bir hekayəsi var. (Və elə bu adda da hekayələr kitabı.) Absurd bir qəhrəmanı var müəllifin. Müəllimdir və işə gedəndə hər gün yolu qəbiristandan keçir. Bu qəbiristandakı qəbir daşlarına, qəbirlərə baxa-baxa küyə düşür: bir gün bu qəbirdəkilər kimi ölüb unudulacağından qorxur. Ona görə də absurd bir qərar qəbul edir: ən bahalı qırmızı mərmərdən özünə qəbir daşı sifariş etdirmək istəyir... Amma bu daş o qədər bahadır ki, otuz yaşlı bu müəllim gərək otuz il də işləsin ki, bu arzusunu reallaşdıra bilsin... Mistika ilə reallığın arasında qalan bu adam nəhayət yığa bildiyi məbləğə baş daşını alsa da, ön cəbhədə güllə yarasından ölən əsgərə bağışlayır onu...

Müəllifin başqa bir qəhrəmanı isə (“Aybəniz”) belə bir ilk cümlə var: ”Səmimi qəlbdən susub, istəsən lap ürəyinə də hökm edə bilərsən, amma barmaqlarının bir qadının saçlarıyçün darıxmasını ovuda bilməzsən...”

Məncə, tutub bu cümlə. Oxucu gedəcək bu cümlənin ardınca, gedər də. Gəlin biz də gedək.

Bəri başdan deyim ki, hekayənin fabula seçimi məzmunla və süjetlə əllinin əlliyədir, məncə. Elə yuxarıda bəhs etdiyimiz hekayədə ilk baxışda fabula zəifdir, süjetin dinamizmi yox kimidir. Amma bu ilk baxışda belədir. Hekayədəki bir şəxsin faciəsi mənsub olduğu nəslin faciəsi ilə təndir. Fabulanın psixoloji tərəfi ona güclü və gözlə görünməyən daxili dinamizm gətirir. Bir ziyalının 30 illik qazancı bahalı bir baş daşına yetməyəcək qədərdir...

“Aybəniz”in fabulası daha dərindir: hekayədə ara-sıra işlənən cümlələr ağır, qorxunc bir sonluq vəd edir:

“...Gecə yasa batmışdı...”

“...Bilirsiniz, əslində insanlar heç zaman özləri yıxılmırlar...”

“...Atalara inanmayın...”

Hekayənin süjetində qəhrəmanın yıxılması da, çörəkpulunu itirməsi də (90-ların qıtlıq illəriində), əsgər qızı olan Aybənizi sevməsi də, aldadıcı xətdir əslində. Hekayənin fabulasında daha ağır bir xətt var. Gülmirə adlı bir qadının faciəvi həyatı. Əslində hekayənin pasulkası əri şəhid olan, çörək sexində iki növbədə işləyən Gülmirənin – tipik bir Şərq qadınının fədəkarlığı və faciəsi dayanır. O yetimlərini saxlamaq üçün sexdə xəmir yoğuranda hər gecə qoltuqlarının arasında evə xəmir gətirirmiş və axırda duyuq düşən sahibkar onu işdən qovur...

Müasir Azərbaycan cəmiyyəti üçün bu mövzu, nə yazıqlar ki, hələ də aktualdır – insanın çörəklə imtahana çəkilməsi...

Müşfiq Xanın hekayələrində maddi cəhətdən tox insanla nəfsi tox insan üz-üzə gəlir. Nə yazıq ki, hələ ki, qələbə nəfsin tərəfindədir... Yəni nəfs insanı yenir... İnsanın nəfsini yenəcəyi günün hekayəsini də onun yaza biləcəyinə inanmaq istərdim...

Bu arada Müşfiq bəyə bəzi xatırlatmalar: onun öz yazı dili formalaşmayıb hələ. Yazdığı dil ümumişlək, bir az da aşırı ədəbi dildir. Yazıçı ədəbi dildə yazmalıdır, zira bu dil ədəbi-bədii dil olmalıdır... “Juqut”, “zolent”, “zavuç” sözləri yazıçının dilini pintiləşdirir – bu sözlərin qarşılığını tapa bilmirsənsə, onlardan qaçacaqsan... Ən azı hər hekayədə bir bədii kəşf mütləq olmalıdır: “Aybəniz”də var bu. Otağın girişində dayansa da illərdir yaşadağı içəri otağın qapısız olduğunu fərq edir – bu insanın qorunmadığına, müdafiəsiz olduğuna işarədir... Yazıçının hər bir əsərdə öz mifi olmalıdır; yaxud Əkrəm Əylisli demişkən, öz “lətifəsi”... Bunlarsız uzağa gedə bilməzsən. Və yazıçı yazdığını bazara hesablamamalıdır! Ən azı özü üçün yazmalıdır.

Gənc qələm dostumuza nəfsinə qalib gəlməyi arzulayıram. Qoy bu sonluq yazımızın lətifəsi olsun!..

# 2119 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #