Kulis Səkinə Qəribin “Sadist” hekayəsini təqdim edir
Yerimdə uzanıb tavana baxıram, baxışlarım tavanı deşik-deşik edib. Yenə səhərin açılmağını gözləyirəm. Sevgilimi öldürdükdən sonra bu evə köçdüm. Hər gecə evi qan basırdı. Qanın içində boğula-boğula qışqırırdım və heç kim məni eşitmirdi. İndi nə qan var, nə də kar qonşular. Fikirləşirsiz ki, mən onu niyə öldürmüşəm. Öldürdüm, çünki etdiyinin bədəli nə qışqır-bağır, nə hönkürtü vurub ağlamaq idi. Bu acizlərin işidi. Mənsə güclüyəm. O qədər güclü ki...
...Onu bizə dəvət etdim. İki fərqli brend viski şüşəsinin birini boşaldıb içinə çay doldurdum. Əsl viski onun ən sevdiyindən idi. Mən diqqətlə onu izləyirdim. Hərəkətlərini, mimikalarını. İzlədikcə bir neçə saat sonra bu adamın hərəkətsiz halı məndə yaxşı mənada qəribə hiss yaradırdı.
Mətbəxdə oturmuşduq. İçir, danışır, musiqiyə qulaq asır, siqaret çəkirdik. Şüşənin dibinə çatırdıq. Təbii ki, soyuq çay məni sərxoş etməmişdi. Sadist olduğumu bilirdi, eyni zamanda onu nələr gözləyəcəyini də təxmin edirdi. Ondan elə paltarlı stulda oturmasını istədim. Əllərini və ayaqlarını bərk bağladım. O, mənim hərəkətə keçməyimi gözləyirdi. Bir az fikirləri qarışmışdı elə bil. Biz heç nə danışmırdıq. Gözüm stolun üstündəki güzgüyə düşən üzümə sataşdı. Vahimələndim. Gözlərim torlanmışdı. Üzümdə elə bir qəzəb var idi ki...
Siqaret yandırıb qarşısında diz üstə oturdum. Gözlərimi yenə üzünə zilləyib tüstünü üzünə ötürürdüm. Əllərini elə bağlamışdım ki, ovucları açıq qalmışdı. Qəfil siqareti ovcuna basdım. Gözlərini yumub dodağını dişlədi. Yenə gözümü ondan çəkmirdim. Stulun baş tərəfinə keçdim. Üzümü boynuna yaxınlaşdırdım. Mənə tərəf çevrildi. Çəkildim. Cibimdə gizlətdiyim açılıb-bağlanan bıçağı çıxardım. Yenə boynuna tərəf yaxınlaşdım. Bu dəfə işi bitirəcəkdim. Amma bir də onun üzünə baxmaq istəyirdim. Gözləri axırdı, üzündə qəribə bir təbəssüm var idi. Amma bu sərxoşluq deyildi, bəlli idi ki, xoşhallanır. Təbii ki, bu mənim ona qarşı planlarımı dəyişməyəcəkdi. Yenə ona yaxınlaşdım. Boynunu qucaqlayırmış kimi ani hərəkətlə boğazına dərin kəsik atdım. Gözləmirdi. Həm ağrı, həm də təəccüb içində çapalamağa başladı. Mən kənara çəkilib divara söykəndim. Stulqarışıq yerə yıxıldı. Hər saniyə daha da heydən düşürdü. Amma bir kəlmə də demirdi. Çapalamağına baxa-baxa yenə bir siqaret yandırdım. Bildiyimə görə bu çapalama 1 dəqiqədən çox çəkməməliydi. Çox qan itirirdi. Bir anda gözləri bərəldi. Və 10 saniyə keçməsinə baxmayaraq hələ də o şəkildə idi. Ölmüşdü. Yerdə yanında oturdum, siqaretdən sonuncu qullabı alıb bədənində söndürdüm. Bu dəfə elə boğazında. Dizlərimi yerə qoyanda isti bir maye dizlərimə dəydi. Əllərini və ayaqlarını ipdən azad etdim. Onu kənarda uzadıb stulu dikəltdim. İndi hər şey əla idi...
Bıçağın üstündə laxtalanmış qanı dişimlə təmizlədim. Bu elə bil qan deyildi. Qəribə dadı var idi. Üstəlik qanın iyinə qarışmış ətri çox gözəl idi. Qalan qanı xatirə olaraq bıçağın üstündə saxlamağı düşünürdüm. Bir anda qanın dadı mənə elə ləzzətli gəlmişdi ki, boğazına yaxınlaşdım. Sinəsinə qədər tökülən qanı dilimlə təmizlədim. Birdən telefon səsi məni bu ləzzətdən ayırdı. Atası idi. Cibindən telefonu çıxarıb söndürdüm. Onu sürüyərək hamam otağına gətirdim. Təmizlik vacibdi. Boğazını yodlayıb sarıdım. Dırnaqları uzanmışdı. Deyilənə görə bu ölüdə dərinin dartılması nəticəsində baş verir. Nə isə. Onu tikələyib basdıra bilərdim. Amma buna layiq deyildi. Dənizə də ata bilərdim. Buna heç layiq deyildi. Onun cəsədi sadəcə çürüyə bilərdi. Buna layiqdi. Onu elə o evdəcə qoyub çıxdım. Görülməli başqa və daha önəmli işlərim var idi.
Deməyim odur ki, yeni evim əladır. Divarlar bir az ağdır deyə bəyənmirəm. Mən axı qara rəngi sevirəm. Arada məni incidirlər. O gün haqqında soruşurlar. Otaq yoldaşlarım yox, ağ xalatlı idbarlar. Amma söz vermişəm, onlara heç nə deməyəcəm. Siz də hadisə haqqında onlara danışmayın. Bu sizdən son xahişimdi. Özünüzə yaxşı baxın, ətrafdakıları tənqid etməzdən öncə.