Bacısının sevgilisi olan məşhur şair

Bacısının sevgilisi olan məşhur şair
30 iyul 2013
# 14:07

Avqust Linin anası erkən vəfat edir. Balaca Avqust nənəsi Holdernesin himayəsinə keçir. Holdernes nəvəsinin Con Bayronun (Bayron və Avqustun atası. Ona “Dəli Con” da deyirdilər) ailəsini tanımağını istəmirdi. Ona görə də Li uzun müddət qardaşı Bayronu, gələcəkdə İngiltərənin böyük şairi olacaq insanı tanımadı.

Onlar sadəcə Holdernesin ölümündən sonra görüşə bildilər və elə ilk görüşdəcə bir-birlərinə qırılmaz tellərlə bağlandılar. Bayron Avqustdan dörd yaş kiçik olsa da (Linin onda 17 yaşı var idi – müəl.) o, özünü bacısının hamisi kimi hiss edirdi.

Bayron 1804-cü ildə Pasxa bayramında Liyə yazdığı ilk məktubunda ondan xahiş edirdi ki, onu yalnız qardaş kimi yox, eləcə də yaxın bir dost kimi qəbul etsin: ”Əziz bacım, yadda saxla ki, sən sadəcə qan qohumluğuna görə yox, eləcə də mənəvi bağlılığa görə mənə həyatda ən yaxın insansan”.

Növbəti görüşə qədər Avqustu yaxın qohumları olan bir polkovnikə nişanlayırlar. Bayron bu izdivacdan mənəvi sarsıntı keçirir. Onların növbəti görüşü baş tutan zaman Avqustun işləri qaydasında getmirdi. Linin əri sanki Con Bayronun bənzərinə çevrilmişdi: qadın düşkünü, qumarbaz, israfçı. Li daima onun borclarını ödəməyə məcbur olurdu, amma bütün bunlar yenə də Avqustun onu sevməsinə mane ola bilmirdi.

Və günlərin bir günü Liyə xəbər gəldi. Artıq böyük şair kimi qəbul edilən qardaşı Bayron Şərqə etdiyi səfərdən qayıtmışdı. Bayron ən yaxşı məclislərə fəxri qonaq kimi çağırılır, bu məclislərdə gözəl qadınların əhatəsində olurdu. Ona bu məşhurluğu “Çayld Haroldun səyahəti” əsəri gətirmişdi. Salon sahibəsi xanım Karolina gündəliyində onun haqqında yazırdı: ”Bu gözəl, həm də solğun üz mənim taleyimdir”. Ancaq Bayron bu azğın məhəbbətdən tez doyur.

O, bacısının yazdığı geniş məktublar vasitəsilə onun ailəsi haqda çox şeyi bilirdi. Avqustun 27 yaşı var idi və artıq tənhalığını bütün dərinliyi ilə hiss edirdi, balaca qardaşı da fikirlərini olduqca məşğul edirdi.

Li Londona gəldiyində Bayron anlayır ki, Avqust onu ilk baxışdan özünə məftun etməyi bacarıb. Bacısı çox da gözəl deyildi. Ancaq bununla belə indiyə kimi heç bir qadın onu bu dərəcədə özünə cəlb edə bilməmişdi. Qardaşı ən çox ondakı Bayron profilini bəyənirdi. Sanki özünə məftun şair cavan qadında öz portretini görürdü. Ancaq, əlbəttə, hər şeydən əvvəl onları mənəvi yaxınlıq bir-birinə bağlayırdı. Şair onunla münasibətdə darıxmır, onlar birlikdə bala, teatra gedirdilər. Ona qadınlarla yaşadığı əvvəlki sərgüzəştlər bu xoşbəxtliklə müqayisədə çox cılız görünürdü, ancaq bu xoşbəxtlik vicdan əzabından da xali deyildi.

Avqust evlərinə qayıdanda hamilə idi. Üç uşaq anası cavan qadın əlbəttə ki, öz ağrılı vəziyyətini başa düşürdü. Linin gedişi Bayronun yalnızlığını daha da artırır və o, tanışının təklifindən yararlanıb Kembricə gedərək onun mülkündə yaşayır. Orada yuxusuz gecələrin nəticəsi olaraq qardaş və bacının sevgisindən bəhs edən “Abidos gəlini” yazılır. Sözsüz ki, şair bacısı ilə olan hekayəsini sirr olaraq saxlamağa çalışmırdı.

Londona qayıdan Bayron Avqusta portretini göndərir. Avqust isə kiçik məktubda öz saçını ona yollayır:

“Sənin hislərini bölüşmək,

Sadəcə gözlərinə baxmaq,

Sənin sözlərini eşitmək təkcə,

Yaşamaq sadəcə sənə görə.

Budur mənim arzularım,

Mənim arzum, yeganə taleyim,

Sadəcə bu xoşbəxtlik verərdi mənə”.

1814-cü ilin əvvəllərində isə onlar yenidən görüşməyə başlayırlar. Bayronla bir dam altında ilk uzunmüddətli yaşayış zamanı Avqust öz qardaşını daha yaxından tanıyır. O başa düşür ki, Bayronun güclü temperamenti (Bu, onlara atalarından miras qalmışdı), onunla birgə həyatı çox çətin, dözülməz edəcək. Heç Bayronu evliliyə razı salmaq da asan məsələ deyildi. Linin hamiləliyi isə artıq hiss olunmağa başlamışdı. Amma bu vəziyyətdə o, evə geri qayıtmaq məcburiyyətində qaldı.

Londonda da artıq xoşagəlməz sözlər gəzirdi. Bayron sanki bu şayiələri təsdiq edirmiş kimi tez-tez salonlarda insest (yaxın qohumlar arasında könüllü və ya könülsüz cinsi əlaqə - red) haqda söhbətlərin yaranmasında rəvac verir, bir növ təşəbbüsçü kimi çıxış edirdi.

Aprel ayının ortalarında isə onların qızı dünyaya gəldi. Qıza Medora adını verdilər. Şair böyük məmnuniyyətlə legionerlerin zəfər paradında iştirak etmək üçün Parisə getməkdən imtina edərək Medoranın yanında qaldı. Onlar yayı birlikdə Hastinqsdə dəniz qırağında keçirdilər. Ancaq Newsteadə Bayron tək qayıtdı və onlar məktublaşmağa davam etdilər.

Bu münasibət artıq sirr olmaqdan çıxmışdı. Bayronun vəziyyəti olduqca gərgin idi. Nəhayət, o, iki seçim qarşısında qaldığını başa düşdü: Ya ölkədən getməli, ya da Avqustla evlənməli idi. Belə vəziyyətdə evlənmək axmaqlıq olardı. Onun yeni seçimi riyaziyyat və metafizika ilə maraqlanan puritan Anabella Milbenk oldu. Onlar evləndilər. Təbii, Anabellanın qardaş-bacı məhəbbətindən xəbəri yox idi. Ancaq evlilik müddəti bir il çəkdi və onlar ayrıldılar. Ayrılıq xəbəri cəmiyyətdə böyük rezonansa yaratdı. Avqust ayrılığı qardaşının ruhi xəstəliyi ilə əlaqələndirir, Anabella da Avqustun dediklərini təkrarlayırdı. Həkimlər də Bayronun ruhi xəstə olduğunu təsdiqləyirdilər.

Avqustla Bayronun Ada adlı bir qızları daha dünyaya gəldi. Artıq Bayron üçün vəziyyət daha da çətin idi. Onu Lordlar palatasından uzaqlaşdırmağa çalışır, küçədə təhqir edirdilər. O, ölkədən getməyi qərara alır. Getməmişdən əvvəl Avqustla vidalaşır. Axırıncı dəfə 1816-cı ilin aprel ayının ortalarında görüşürlər. Onları ayrılıq əzabı üzürdü, sanki bu ayrılığın əbədi olacağını hiss edirdilər. Avqust ağlayaraq necə vicdan əzabı çəkdiyini etiraf edir.

Şair Anabellaya yazdığı son məktubda ondan xahiş edirdi: ”Əziz Anabella, ola bilsin ki, biz bir daha bir-birimizi görməyəcəyik. Ancaq mənə nəsə olsa, xahiş edirəm, Avqustun və uşaqların qayğısına qal”.

1819-cu ilin yay aylarında o, Venesiyada bacısına çox bənzətdiyi Qrafinya Qviççoli ilə tanış olur və Avqusta yazdığı məktublarında bu yeni sevgi münasibəti haqda ətraflı məlumat verir. 1823-cü ildə isə şair Yunanıstana yola düşür.

Elə burada da şiddətli hərarətdən vəfat edir, evində yarımçıq məktub tapılır. Məktub Avqusta ünvanlanmışdı. Məktub həmişə olduğu kimi bu sözlərlə başlayırdı: ”Mənim əziz Avqustum”. Vəsiyyətində Bayron bacısına yüz min funt sterlinq pul bağışlayır. Bu, çox böyük məbləğ olsa da iki ildən sonra Avqustun heç qara qəpiyi də qalmamışdı. Pulun bir hissəsi ərinin və oğlanlarının borclarına, qalanı isə guya Bayronla insest əlaqəsinə dair sübutlarının olduğunu söyləyən şantajçılara getmişdi.

Bu vəziyyətdə Avqusta Bayronun xahişini nəzərə alan Anabella kömək edirdi. Ancaq sonda onun da səbri tükənir və aralarında yaranmış fikir ayrılığına görə qadınlar bir daha görüşmürlər. Bir müddət sonra isə Anabellaya 67 yaşlı Avqustun ölümcül xəstə olması barədə xəbərlər gəlir.

Bayronun Avqust Liyə yazdığı məktublardan birində bunlar yazılmışdı: “Əziz Avqust, sənin lütfkar və sevgi dolu məktubuna gec cavab yazmağıma baxmayaraq ümid edirəm ki, sən sədaqətimi və xarakterimdəki cəsarətsizliyi nəzərə alaraq yenə də mənə yazacaqsan. Mən gücüm daxilində sənin iltifatına cavab verməyə çalışıram və ümid edirəm ki, mənə yalnız qardaş kimi yox, eləcə də yaxın bir dost kimi, hətta vəziyyət tələb edərsə, müdafiəçin kimi baxacaqsan. Əziz bacım, sən mənim nəinki qan əlaqəsinə görə, eləcə də mənəvi bağlılığa görə bu həyatdakı yeganə qohumumsan. Əgər sənə nədəsə kömək edə biləcəyim bir şey olsa, mənə sadəcə bu haqda deməyin bəs edər. Əmin ol ki, sənin etibarını heç vaxt itirmərəm”.

22 mart 1804

# 6590 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #