Qoyuna qədər qəhrəman

Qoyuna qədər qəhrəman
21 oktyabr 2013
# 10:31

Kulis.az jurnalist Ceyhun Musaoğlunun yenicə yazdığı “Qoyuna qədər qəhrəman” hekayəsini təqdim edir.

Təkcə onun dayandığı yer yanmırdı. Bura iki kavadrat metrlik düzbucaqlı formada olan süfrədi. Daş süfrə. Ətraf alov içindəydi. O, daş süfrənin kənarında oturub nahar üçün çantasına qoyduğu kotlet-çörəyi yeyirdi. Şorabası da vardı, araq da almışdı.

100 vurandan sonra çiyninə saldığı gödəkçəsini bir kənara atdı. İstilənmişdi. Aləmə fəlakət gətirən yanğın ona soba istiliyi gətirmişdi. Adamların fəryadını da eşitmirdi. Fikirliydi. Neçə gün idi ki, qoyunu doğa bilmirdi. Kəndin baytarı heyvanın öləcəyini demişdi. Bunu düşünəndə tikə boğazında qaldı. Stəkana 100 də süzdü. Bu dəfə içmədi. Stəkanı araqla birgə alovin içinə tolazladı. Qulağına səs gəldi: “Heyvan öldüüüüüüüüüü…”

- Yoxxxx, yoxxxx – deyib özünü odun içinə atdı. Cəmi 14 addım. Bağırtısı tövlədəki boğaz qoyunun mələrtisindən uzun çəkmədi. “Qoymayın, ölürəm” nidası qırılanda boğaz qoyunun mələrtisi daha da gücləndi. Eşidə bilmədi.

Səsə gələn adamlar alovla mübarizədə qalib çıxdılar. Buranın adamları güclü idi. Allaha o qədər inanırdılar ki, artıq Allahı da özlərinə inandırmışdılar. Nəyə qol qoyurdular göylərdə təsdiqini tapırdı. Bir problem vardı: göylərdə imzalanan sənəd yerə düşmürdü. Heç vaxt düşmürdü.

Külə dönmüş cəsədi tabuta qoyub qəbiristanlığa aparırdılar. Çiyinlərində tabut olanlar əvəzlənən kimi mərhumun qəhrəmanlığından danışırdı:

- Yanğını söndürmək üçün özünü odun-alovun içinə atdı…

- Yeri cənnət olacaq, özünü yandırdı ki, fəryadını eşidib, onu xilas etməyə gələndə yanğından xəbər tutub, söndürək…

- Kəndə təzə gəlmişdi, heç kimlə ünsiyyətə girmirdi… Yadınızdadı, deyirdik ki, özüyçün yaşayan adamdı, aləm yansa, vecinə almaz…

- Şəxsən mən belə fikirləşdiyimə görə çox utanıram…

Mərhumu bu fikirlərin qanadlarında torpağa tapşırdılar. Yerin altına uça-uça girdi. 40 mərasiminə qədər başdaşını da düzəltdilər, sinə daşını da. Bələdiyyə qəhrəmanın xatırəsini əbədiləşdirməyi öz boynuna götürmüşdü. Sinə daşında “Burda bir qəhrəman uyuyur” yazmağı da unutmadılar.

Qəhrəmanın qoyunu ölmədi Doğdu. Adam həkimləri səhv edirsə, heyvan həkimləri niyə səhv etməsin ki…

Anası balasını da götürüb qəbiristanlığa getdi. Sahibinin qəbrini tapdı. Ona olan sevgi borcunu mütləq ödəməliydi. Balasına dedi ki, otursun sahibinin sinə daşında. Balası oturdu. Sonra adam ananın tualetdə adam balasına söylədiyi “əəəşşşş elə” sözünü quzusuna qoyun dilində izah etdi.

Ziyarət sona çatdı. Ana-bala qəbiristanlıqdan qayıdır. Göydə ay var. İşığı qəhrəmanın sinə daşına tuşlanb. Oxumaq istəyirik, alınmır. Hər sözdən bir neçə hərif qalıb. Diqqətlə baxırıq: Həmin tanıtım cümləsi bu şəklə düşüb: da i qəh yuyur…

qafqazinfo.az

# 2540 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər