Çörək ətri – Hekayə

Çörək ətri – Hekayə
10 iyul 2019
# 15:12

Kulis.az Fuad Rüstəmzadənin “Çörək ətri” hekayəsini təqdim edir.

Küçə hər gün eyni vaxtda çörək ətrinə bürünür. Balaca dükana təndirdən yeni çıxan çörəklər gəlir və hər kəsin mədəsində nahar zəngi çalınır. Bu küçədə analar uşaqları yeməyə çağırmır. Həlimə - Cavanşirin yoldaşı çörəkləri dükana qoyan kimi, uşaqlar özləri çörək üçün gəlir, sonra isə yeməyə qaçırlar. Bəzi uşaqlar çörəyi həyətdə bölüb yeyir. Ətirli buxar beyinlərinə aclıq siqnalı ötürür, çörəyin duzlu və xırtıldayan kənarları üçün zarafatyana mübarizə aparırlar. Cavanşir isə onları arada, sərin havalarda çaya qonaq edir. Hamını yox, ancaq bir iki nəfəri. Səxavəti, xoş xasiyyəti və sairə insani keyfiyyətləri seçicidir. Eyni anda sevdiyi və bəyənmədiyi biri ilə danışsa belə, üzünü birindən o birinə çevirərkən, bütün daxili dəyişilir, turşudulmuş sifət, təbəssümlə parlayan üzə çevrilir, qapalı mövqe, açıq qəlblə əvəz olunur. Radikal, kontrastlı insandır Cavanşir. Son zamanlar tez-tez yanına gələn qonağı isə, Xəlildir. Yanğın törətdiyinə görə illərini həbsxanada keçirib. Səbəbini heç kimə deməsə də, hamı bilir. Kişi, yəni sevdiyi qızın atası vəzifəli adam idi. Qızını ona vermədiyi üçün, kişinin vəzifə maşınını yandırmışdı. ”Mən çıxana kimi öl, yoxsa gələn dəfə maşınla birgə sən də yanacaqsan”- demişdi. Kişi də ya qorxusundan, ya əcəlindən, Xəlil həbsdən çıxana yaxın insult olub dünyasını dəyişmişdi. Xəlil pis adamdırmı? Cavanşir üçün pis deyildi. Onun həyata baxışını nəzərə alsaq, Xəlil onun üçün yaxşı adam idi. O, hər gələndə törətdiyi cinayətlərdən, həbsxanada keçirdiyi illərdən danışır, təcrübəsini bölüşür. Cavanşir hər cür söhbətlərə maraq göstərir. Əvvəllər kitab oxuyardı son zamanlar hövsələsi çatmır və onun yerinə ətrafdakı insanların söhbətlərinə qulaq asır. Kitablara marağı onda Həlimə oyatmışıdı. Cavanşir ona bəzən “anamdan danışmağı, səndən düşünməyi öyrəndim” deyir. Həlimə çox uşaqlı ailənin ortancıl, “arada itən” qızı idi. Kasıblıq və bir az da valideyn laqeydliyi onu ali təhsildən uzaq qoysa da, kitablar aləmindən qopara bilməmişdi.

Hadisə iki gün qabaq baş verdi. Həlimənin bişirdiyi çörəklər yarım saata bitsə də, dükanın qapısından çörəyin istiliyi, ətri ətrafa yayılırdı. Onlar dükanın yanında, yeməkdən sonra oturub söhbət edirdilər.

- Xəlil, deyirəm, doymasaydım yenə yeyərdim, vallah!– Cavanşir dedi.

- Bəlkə çay içək? - O tənbəllikdən qırxmadığı saqqalına sığal çəkdi. Dodaqları nazik, kök sifəti var idi. Sönük gözləri isə heç nə ifadə etmirdi. Bircə bariton səslə danışdığı hekayələr maraqlı idi.

Cavanşir dükana girib termosdan iki stəkan çay süzdü.

- Çayla söhbət yaxşı gedir, söhbət elə.- Cavanşir dedi. İki qurtum içdi və alnı ilə kürəyi tərlədi. Yüngül mehin əsirdi, külək sarmaşıq kimi bədəninə dolandı. - Adam doğrudan sərinlənir.

- Yada salmaq istəmirəm sən öl, sən də danışdırırsan məni. Mən yetim nə görmüşəm e nə də danışım? - çaydan bir qurtum aldı. Çarəsizliyi qalxmış qaşlarından hiss olunurdu – O gün iş üçün getmişdim, baxdılar əlimdəki döyməyə, dedilər belə işə qəbul edə bilmərik səni, sildir gəl. Deyirəm ki, ala, rəhmətliyin oğlu, yol pulunu dost-tanışdan alıb gəlmişəm bura, necə sildirim? İşə götür ki, sildirməyə pulum olsun da. Yox ki, yox.

- Bir şey taparıq, narahat olma. - Cavanşirin üzü qayğılı ifadə aldı.

- Ancaq fəhlə işləyə biləcəm deyəsən. O da ki, ağırdı mənim üçün. Can qalmayıb, özün görürsən də.-deyib siqaret yandırdı. Barmaqları əsirdi. Oynaqları boşalmışdı.

- Ora bax, dükanı görürsən? Yolun o biri üzündəki. - Cavanşir mebel dükanını göstərdi. - O gün Fərhad gəlmişdi, yeznə. Deyir ki, ola bilsin ki, ora işə düzəldi. İki-üç nəfər lazımdır. Bəlkə səni də ora düzəldə bildik?

- Əmi, çörək ver də. - uşaq söhbəti kəsdi.

- Belələri hələ qalıb?- Xəlil əlini uşağın qucağındakı topa uzatdı. - O vaxtlar bilirsən niyə toplar ağ-qara idi?

Uşaq topu kənara çəkdi və çörəyini götürüb qaçdı.

- Hə Xəlil, düşünürəm ki, bədbəxtliklə barışmaq olar, xəstəliklə də barışır adam, hətta həbsxanada da olmusan, azadlığın olmaması ilə barışıb yaşamısan amma lazımsız olmaqla barışmaq mümkün deyil. Əmim müdrik kişi idi. Ölənlərinə rəhmət. Deyirdi ki, “kimsə sənə iş tapşırsa, sənə ustalaşmaq üçün şərait yaradır. Çəkinmə, ustalaş.” İşləyərək adam həm ustalaşır, həm də lazımlı olur.

- Dəli şeytan deyir, hara işə qəbul etməsə, od vur, get yat. Qoy bilsinlər kimə ilişiblər.- o, qaşını qaldırıb, yerə baxa-baxa düşüncəyə qapıldı. Sanki, dediyini xəyali olaraq təsvir edirdi. - Şaqhaşaq yansın, sən öl, ruhum da inciməz.

Bir neçə dəqiqə sükut düşdü. Cavanşirin ədalət hissi həmişə üzə çıxmazdı amma çıxarsa, qabarıq və bıçaq kimi iti idi. Xəlilin etiraz qarşısında dözümsüzlüyü və ehtiyac olmayan yerdə aşırı hörmət gözləməsi, onun öz işidir amma buna görə başqalarını cəzalandırmaq istəməsi, Cavanşirə pis təsir etdi. Ciyərlərini hava ilə doldurdu və özünü ələ almağa çalışdı. Dodağı qaçdı. Anlaşılmazlıq hissinin yaratdığı təbəssümlə - Dur, dur çıx burdan. Yoxdur sənə çörək zad. - dedi.

- Necə yəni? Nə çörək, ala? - bayaqkı çarəsizlik ifadəsi yenə Xəlilin üzündə göründü.

- Eşitmədin? Sənə burda çörək yoxdu. - dedi və dükana girib qapını çırpdı. Bir neçə dəqiqə keçdi. Cavanşir əsəbiləşən kimi əlləri və boynu od kimi olurdu. Sinirləri boğazına dolanıb onu boğurdu. O, əlini dükanın sərin pəncərəsinə qoyub bir az sakitləşdi. Xəlilin hələ də orda oturduğunu görüb geri qayıtdı. - Camaatın sənə hörmət borcu var? Özünü məcbur heç kimin gözünə soxa bilməzsən. Soxmalı deyilsən.

- Sözgəlişi dedim də, sən niyə belə çöndün? - Xəlil qalxdı ayağa.

- Çünki, özümdən götürürəm. Sevmədiyim birinin yanında vaxt keçirməli olanda, elə bil dərimin altına duz yeridirlər.

- Bura bax...- Xəlil danışmaq istəsə də, Cavanşir onun sözünü kəsdi.

- Baxmıram. Elə yaxşı qalxmısan, çıx get. - deyib, yenidən dükana girdi.

Gecənin bitməsinə az qalmışdı. Cavanşir torşeri söndürüb yatmağa gedəcəkdi ki, küçədən otağa düşən işıq diqqətini cəlb etdi. Həyətə çıxdı və hasardan yuxarı qalxan alovu gördü. Tələsik küçəyə çıxdı. Alov dükanı artıq yeyib bitirmişdi. O, kənara çəkilib daşın üstündə oturdu. Siqaret yandırdı. Baxışları odun içinə düşüb yanırdı. Dükanın içində dəyərli heç nə yox idi. Çörəklər bitmişdi, pullar isə evdə idi. İçəridə taxta rəflər və çörəklər qurumasın, soyumasın deyə üstlərini örtdüyü parçalar var idi, vəssalam. Həlimə də, onun arxasıyca küçəyə çıxdı. Geri dönüb yanğınsöndürənlərə zəng etmək istəyirdi ki, Cavanşir onu səslədi.

- Lazım deyil, ay bala. Sönür özü, heç nə qalmayıb. - dedi. Həlimə addımlarını pambığa basar kimi, sakitcə gəlib onun yanında oturdu.

- Nə oldu ki? Elektrikdən olub? - O, ehtiyyatla soruşdu. Cavanşirin əlindən tutdu. Əlləri yenə isti idi.

- Yox, başqa şeydir. Xəlil ilə sözüm çəp gəlib bu gün. Yəqin...- sözünü saxlayıb növbəti siqareti yandırdı. - başını kəsim ya, əvvəlcə qolunu kəsim, biraz belə yaşasın, heç öz siqaretini yandıra bilməsin. - O, özü də bilmədən Həlimənin əllərini sıxmağa başladı. Ancaq Həlimə əlini çəkəndən sonra bunu hiss etdi və üz ifadəsi yumuşaldı.- Bağışla. Dükana görə yanmıram e, iki günə düzəldəcəm. Başqalarının əziyyətini belə rahat yerə vura bilməsini qəbul edə bilmirəm. Üstəlik bu gün buna görə dalaşmışıq. Elə səni götürək, bircə dəfə əlimi yumamış oxlovuna toxundum, az qalmışdı boşanasan məndən.

- O başqadı, əzizim. Boşanmazdım, ərk edib əsəbləşə bilirəm sənə. - Onlar bir neçə dəqiqə sakit dayandılar və Həlimə davam etdi. - Mən çörək bişirirəm və nə qədər ki, əlimdə xəmir var, onu istədiyim formaya salıram. Onu mən idarə edirəm. Su qatıram yumuşalsın, un qatıram bərkisin. - Həlimə onun gözlərində çaşqınlıq hiss etdi və sözü kəsilməsin deyə, qoluna girib, ona sığındı.- Demirəm Xəlil düz edib, səhv edib əlbəttə amma sən çoxdandır ki, su qatmırsan canına. İntiqam pis hissdir, hətta deyərdim ki, səhv hisdir. Bərkiməmiş, bişməmiş, özünü düzəlt. Yoxsa bişmisən? - O, biraz kənara çəkilib Cavanşirin gözlərinə baxdı. - Qoy polis həll etsin məsələni.

- Yaxşı, keç evə yat. Səhər oyanan kimi də Fərhada zəng elə, gəlsin. Kömək lazım olacaq.- dedi.

Yarım saat sonra dükanın içində yanan əşyalar bitdi. Bayırdan sarılı qırmızılı dükan qaralıb köz rəngi aldı. Yanğınsöndürənlərin gəlməsinə ehtiyac yox idi.

Cavanşir səhəri oturduğu daşın üzərində açdı. Gün çıxana qədər ulduzların, siqaretin və yanan əşyaların közərən işıqları ilə düşüncələrinin arasında gəzdi.

Səhəri gün Cavanşir Fərhadla birgə dükanın üzünü rəngləyirdilər, içini isə, məhəllədəki uşaqlar zibilliyə daşıyırdı. Cavanşir hərəsinə bir az pul və bir dənə ayran söz verdi. Həm də hardasa oxumuşdu ki, belə işdən sonra mütləq ayran içmək lazımdır ki, ciyərlər təmizlənsin. İnanmamışdı. “Axı ayran mədəyə gedir, bunun ciyərə nə dəxli?”- deyə düşünmüşdü amma indi yeniyetmələr işləyirdi və hər ehtimala qarşı ayran alıb qoydu. Cavanşir dünən baş verənləri Fərhada danışa-danışa onun üzünün necə dəyişdiyini hiss etdi və buna görə baş verənlər haqqında heç kimə bir söz deməməsini xahiş etdi.

- Narahat olma, məndən söz çıxmaz amma anlamıram ki, başqa vaxt xırda şeyə görə adamın gözünü çıxarırsan. Nə oldu indi, fısın yatdı? - Əslində, Fərhad topa güllə qoymaq ustası sayılmazdı amma özü də Xəlilin etdiklərinə əsəbləşib onun “dərsini vermək” istəyirdi. Cavanşirin icazəsi olmadan isə, bu mümkün deyildi.

- İntiqam almaq istəmirəm. Polisə də desəm, bilirsən də, yaxşı çıxmaz. Deyəcəklər öz gücü çatmadı, min cür söz qoşacaqlar. Ona görə də, boş ver getsin. Bədbəxt adamdır. Həyatı boyu bütün baş verənlərə ancaq bir reaksiya verə bilib, yandırıb qaçmaq. Mən ona, o mənə, sonra yenə mən ona. Nə vaxta qədər? - onun üzündə yorğunluq hiss olunurdu - Elə indi bitsə yaxşıdı. Başa düşürsən də, hə?

Fərhad anlamışdı amma cavab vermədi və onlar çürümüş rəngi çıxarmağa davam etdilər.

# 4702 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #