Kulis bu yaxınlarda 56 yaşını qeyd edən şair ilham Qəhrəmanın yeni şeirlərini təqdim edir.
İlham Qəhrəmanın özü ilə də, sözü ilə də iki min ildir ki, tanışam. Təəccüb etməyin, İlhamı doğrudan da keçən minillikdən tanıyıram. Şeir, müsahibə, tərtibatçılıq kimi müxtəlif janr və sahələrlə bağlı üç kitabına ön söz yazmışam.
İlham milli ənənələrə bağlı şairdir, amma təqlidçi yox, özünəməxsusdur və bununla da göstərir ki, inkarçı olmadan da yenilikçi olmaq, orijinal ruhlu şeirlər yazmaq olar; onun bədii obrazları bəzən ağlagəlməz dərəcədə yenidir, həyatidir və buna görə də yaddaqalandır; poetik dilinin xəlqiliyi baxımından onunla kimisə müqayisə etmək isə ümumən mümkünsüzdür - bu, artıq İlhamın stixiyasıdır; fəlsəfi ümumiləşdirmələrlə incə müşahidə qabiliyyətindən xəbər verən detalçılığın, heca vəzni ilə sərbəst şeirin üzvi sintezi onun şeirlərinin başlıca məzmun və forma özəlliyidir.
Bütün sadaladığım xüsusiyyətləri İlhamın sizə təqdim etdiyim bu son şeirlərində də görürəm. Bu şeirlərində də İlham mövzu ampluası tanımır - sevgi şeirləri də yazır, bəzən kəskin səciyyə alan sosial-siyasi mövzuya da, vətənpərvərlik lirikasına da üz tutur, fəlsəfi düşüncələrə də meyllənir... Amma əvvəlkilərlə müqayisədə bu şeirlərdə bir fərq aydın görünür - səsin amplitudasının maksimum düşməsi. Və bunun öz yerini səssiz düşüncə axarına verməsi. Bu şeirlər, musiqiçilərin diliylə desək, artıq bir gəncin bəzən pərdədən çıxan şaqraq zəngulələri deyil, durub-toxtamış, səsi tam oturuşmuş bir xanəndənin incə boğazlar, ustalıq tələb edən qaynatmalarla şərtlənən mükəmməl, püxtə ifasıdır. Bu şeirlər göstərir ki, Puşkin düz deməyib, nəinki 26, hətta 56 yaşda da şair qalmaq mümkündür.
Yaş söhbətini elə-belə salmadım, dünən - aprelin 24-ü çağdaş Azərbaycan şeirində təkrarsız üslubu və özünəməxsus xarakteri ilə seçilən İlham Qəhrəmanın doğum günü idi. Şair dostuma uğurlar arzu edir, onun ürəkdən gələn duyğularının oxucuların qəlbinə yol tapacağına inanıram.
Əsəd Cahangir
TƏK
Bir düzün ortasında, bitən
ağac kimi təkəm, telli balam...
Mənim təkliyim yerdə
çəkdiyim ahdan,
Göydə Allahdan gəlir,
telli balam.
Kim bilir başıma
nə gəldi, telli balam?!
Təklər bu dünyada
tək əldi, telli balam.
Sevinc göz yaşında boğulur,
Kədərin çiçəyi çırtdayıb,
kədərim gülüşür,
telli balam.
Bütün qəmli mahnılar
təkliyin səsidi,
qəmli mahnılar sümüyümə düşür,
telli balam!
İtsəm məni necə nişan verərsən,
Necə soraq edərsən, telli balam?!
Heç kimin qəlbinə dəyməyən,
qəlbi ipək adamı,
Ürəyi sözə pətək adamı,
Adamların arasında
tək adamı, necə soraq edərsən,
telli balam?!
Təkəm, telli balam, -
tək səbir kimi,
Şamaxı yolundakı
tək qəbir kimi!
Belə tək olan
tək mənəm,
Bu təkliyimlə
görk mənəm, telli balam!
09.11.2014
lll
Canım, telli balam,
Hissim torpaq kimi
Əsirdi, ilhaqdı.
Hər yerdən görünür, -
Mənim yurd həsrətim
Yol kimi çılpaqdı.
17.09.2014
PORTRET
Masanın üstündə,
Əli əlinin üstündə,
Çənəsi əllərinin üstündə,
Pəncərədən uzaq məchul nöqtəyə
gözündə bir sualla baxmaq -
Görəsən nə vaxt?
12.10.2013
YAXŞIDI
Yardan ayrılanda zar-zar ağlayan,
Yarının böyrünü kəsə yaxşıdı.
Bir adam yol ala səfər eyləyə,
Tələsə tez çatsın kəsə yaxşıdı.
Səvabdı şirin söz xalqa dadırmaq,
Günahdı hav günü qıraqda durmaq.
Qələm hüzurunda qulluqda durmaq,
Tanrıdan vergili kəsə yaxşıdı.
Yazda çiçək aça, payız bar tökə,
Allah var tökəndə o ki var tökə...
Axşamdan başlaya narın qar tökə,
Səhər açılanda kəsə yaxşıdı.
05.02.2015
SƏHƏNGDƏKİ QARPIZIN NAĞILI
(uşaqlar üçün)
Körpə vaxtı qış axşamları
Nənəm yığıb uşaqları
Bir şirin nağıl başlardı.
Nağılın yarısında
diqqətimiz üzülər,
bizi mürgü tutardı.
Nənəm tez ortalığa
belə bir söz atardı -
Kim yatsa,
səhəngdəki qarpızı kəsəcəyik...
Qarpızın yuxu dağıtmağına əvəz yox!
Bundan sonra ilan vuran yatardı,
biz yox!
Qarpızın yolunu
gözlədə-gözlədə
Bizə nağıl söylər,
tapmaca satardılar.
Səhəngdəki qarpızı nənəm
özünə şərik qoşardı -
Nağılın mürgüyə qədərini nənəm,
Mürgüdən sonrasını qarpız danışardı.
Nağıllar bitərdi,
Səhəngdəki qarpız kəsilməzdi.
Ümidimiz sabahkı
nağıl axşamına qalardı,
ümidimiz əskilməzdi.
Qışın nağıl gecələri...
Evimizin isti sobası,
Pəncərədən sallanan
sal buz yadıma düşür.
O vaxtdan harda
qarpız görsəm səhəng,
Səhəng görsəm
qarpız yadıma düşür.
Xatirələr boyunbağıdı
Bu gün bir muncuğun bağı qaçıb.
Bir sözlə səhəngdəki qarpız
Bizə çox nağıl danışıb,
Başımıza çox nağıl açıb.
8 Mart 2015
Antalya hava alanı
ÇİÇƏKLƏR
Çiçəklər örüş yeridi,
iş yeridi arılara.
Çiçəklər səhnədi quşlara.
Çiçəklər “sevirəm!” deməkdi
bir bəy əlində.
“Sevilirəm!” deməkdi
bir xanım əlində.
Ən ağır günümüzdə
hamı bizi tərk edər,
Çiçəklər gecəni də
bizimlə qalar qəbrimizdə!
25.03.2015
ARİF ƏMRAHOĞLUNUN XATİRƏSİNƏ
Bu yola vaxtsız buruldun
Niyə belə tez yeridin?!
Ağacın alt budağıydın,
Əlimiz çatan yer idin.
Yığışıb yazarların
Küçəsindən getmisən.
Səni sevən dostların
Kisəsindən getmisən.
Haqqı-salam sənlə idi
Haqqı-salamın itməzdi,
Sucuq yerdən ot yaşılı,
Səndən xoş sifət getməzdi.
Sən ki, orda yaxındasan
Bizdən pıçılda Tanrıya.
Qapın məscid qapısıydı
Açıq olardı hamıya.
Bakının ortasında
hər səni görəndə
Adamı vurardı kəndin ətiri.
Yanına gələni əyləşdirərdin
Qızlara deyərdin bir çay gətirin.
Sən baxan səmtə baxanda
Başda Vətən gəlir, -
Kür, Araz, Həkəri görünür.
Siqareti külqabına qoyub
Aldığın salamın yeri görünür.
...Birər-birər gəzdim bu dağı,
Dərəsi, təpəsi, tapı qalmadı.
Ağac yıxılanda səmtinə aşar
Səndən sonra bizə aşacaq yer,
Açılacaq qapı qalmadı.
06.04.2015
ACI ŞEİRLƏR
SİVİL CƏZA
Cəza cürbəcür olur, telli balam,
Baş üzəni, əl üzəni...
Cəza da var sivildi,
Sadəcə adamı
adam yanında qızardır, telli balam -
Layiq olanın haqqını
layiq olmayana vermək
birincinin yanında
ikinciyə verilən cəzadı, telli balam.
10.03.2015
Sabiha Gökçen
GÜNƏŞİ ÜÇ ADAMLAR
Hər adam sən deyən deyil,
telli balam,
Hər adamın açılacaq qapısı,
dönəcək dönəlgəsi olmur.
Elə adam var,
telli balam,
Sacayaq kimi göydə günəşi üçdü,
yerdə kölgəsi olmur!
11.03.2015
QURBAN YAQUBOĞLUNA
Kim halından halı bilər
Bu halı haldan olmuşun?!
Nə sağı haraya yetər,
Nə solu, soldan olmuşun.
Həsrət sevgi sazağıdı,
Əriməyən buz dağıdı.
Bizim dağlar göz dağıdı.
Yox yolu yoldan olmuşun.
Sel çayda həşir qoparır,
Dalğalar enir, qabarır...
Həm körpünü sel aparır,
Həm salı saldan olmuşun!
18.07.2014
Nabran
525.az