Biz kitab oxuyurduq.
“Başsız atlı”dakı Morris Cerald olmaq istəyirdik: mustanq çapmaq, susuz kanyonlardan keçmək, mokasin çəkmə geymək, beldə tapanca gəzdirmək...
“Dəfinələr adası”ndan macəra həvəsinə düşürdük: qalın, keçilməz cəngəlliklərdə dəniz quldurları ilə savaşmaq...
Jül Vernin kapitan Nemosu kimi sualtı dünyanı dolaşmaq, Yer kürəsi ətrafında 80 gün səyahət etmək istəyirdik...
Fenimor Kuperin azadlıq aşiqi Çinqa-Çkuk kimi “solğun simalılar”a heç zaman baş əyməyəcəyimizə and içirdik...
Zaman arzularla şərik olub ömrümüzü yedi.
Maddi aləmdən ayrılıb qeyri-maddi aləmlər yaratma dövrü bitdi.
Bir də ayılıb gördük ki, heç kim məktub yazmır və günlərlə cavabın həsrətini çəkmir; kitabları iPad-da oxuyur, filmləri saytdan endirir; Ayda torpaq sahəsi alır; virtual aləmdə uzaq qalaktikaları kəşf edir; “qara dəliy”yə səyahət edir...
Arzu, xəyal, ilğım... bu kəlmələr müasir düşüncədə yoxdur.
Yalnız virtual aləm var.
...O gün bir fransız filminə baxdım. Kompüter oyununa baş vuran gənc xəyali aləmdəki sarışın qadına aşiq olur. Və “Qara dəlik” oyununa baş vuran hər bir iştirakçı kimi sonda məşuqəsi onu könüllü ölümə – intihara sürükləyir.
Şəbəkə aləmi – nadanın malik olduğu kitabdır. Əlifbasız, hərfsiz, sözsüz, cümləsiz...
Mən bundan çox qorxuram. Nəticəni təsəvvür etmək belə adamın tükünü ürpəşdirir.
Klaviaturadakı düyməni basırsan, kompüteri idarə edirsən, amma az sonra kompüter sənin hərəkətlərini idarə edir. Artıq sən insan deyilsən, artıq sən nə Morris Cerald, nə Çinqa-Çkuk, nə də kapitan Nemo ola bilərsən.
Yer kürəsi ətrafında 80 günük səyahətin bədii iştirakçısı Paspartu yanımda olsaydı, yəqin ki, deyərdi: “Bu, Fiksin hoqqalarıdır!”
Fiksin hoqqası
Oxşar xəbərlər
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi
12:46
4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi
11:00
3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva
13:35
1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova
16:00
27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?
13:00
27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?
12:00
26 oktyabr 2026