Divar

Divar
17 sentyabr 2013
# 10:19

İsmayıl yuxudan oyanıb qalxdı, şalvarını geyindi, əl-üzünü yudu, başını, boyun-boğazını da soyuq suyun altına tutub tamam ayıldı. Bu gecə lap daş kimi yatmışdı. Yan otaqda yatan Səlbi qarının düz səhərəcən ara verməyən öskürəyi axır vxtlar hər gecə İsmayılı azı üç-dörd dəfə yuxudan eləyirdi. Amma bu gecə, deyəsən, Səlbi qarı da rahat yatmışdı.

Qəflətən İsmayılın ürəyinə nə damdısa, diksindi, qorxa-qorxa Səlbi qarı yatan otağın qapısına baxdı.

İsmayıl yerindəcə quruyub qalmışdı, gedib qapını açmağa ürək eləmirdi. Sonra Səlbi qarının öskürəyini eşitdi. Başa düşdü ki, səs bu gecə də kəsilməyib. Deməli, məsələ Səlbi qarıda deyildi, İsmayıldaydı, görünür İsmayılın qulağı daha o səsə öyrəşmişdi.

İsmayıl ürəyində Allaha şükür eləyib qapını açdı. Səlbi qarı arxasıüstə uzanmışdı, üstündəki yorğan az qala sürüşüb düşmüşdü. Səlbi qarı hər öskürdükcə o yorğan bir az da sürüşürdü. İsmayıl yaxın gəlib onun üstünü örtəndə Səlbi qarı ağır-ağır gözlərini açdı, handan-hana:

- Sən Allah, bu gün heç hara getmə, - dedi, - ölürəm.

İsmayılın gözü çarpayının yanındakı stulun üstə düzülən dərman qutularına sataşdı. Əslində, İsmayıl özü də yaxşı bilirdi ki, indən belə bu dərmanların Səlbi qarıya xeyri olmayacaq. Amma İsmayıl o stulun üstünü boş qoymurdu, vaxtı ötən köhnə dərmanların yerinə hər dəfə təzələrini alıb gətirirdi. Çünki Səlbi qarı daha elə qocalmışdı ki, ona bundan savayı nəsə bir yaxşılıq eləmək mümkün deyildi.

Haçansa, bir qoca feldşer qadın səhərlər gəlib Səlbi qarıya iynə vurardı. Səlbi qarı hər dəfə o feldşer qadına qapı-bacanı bərk-bərk bağlatdırıb sonra soyunardı.

İsmayıl kürəyini qapıya söykəyib qulaq asardı.

İynə pilətənin üstə suyla dolu dəmir qabda qaynayanacan Səlbi qarı o iynənin qorxusundan dirilib-dirçələrdi, ufuldaya-ufuldaya, ağlaya-ağlaya ölmüşlərini çağırardı, bircə-bircə adlarını çəkib elə bil onlarla söhbət eləyərdi. Feldşer qadın nə illah eləyərdisə Səlbi qarını sakitləşdirə bilməzdi. Sonra özünün də dərdi açılardı. Nə vaxtdan bəri şəhərdə yaşayan iki oğlundan danışardı. Beləcə oturub lap yüz ilin tanışı tək şirin-şirin dərdləşərdilər. Hərdən söhbətə başları elə qarışardı ki, iynə də yadlarından çıxardı. İsmayıl pilətənin üstə pıqhapıqla qaynayan suyun səsini eşidərdi. Feldşer qadın oğlanlarından danışa-danışa qızışardı, qəflətən də kiriyərdi, deyəsən nədən ötrü gəldii yadına düşərdi, səssizcə iynəni vurub gedərdi.

Səlbi qarı hər dəfə ona yalvarardı:

- Bir az otur, - deyərdi,- getmə.

Qapının arxasında dayanan İsmayıl da o qadının getməyini istəməzdi. Çünki Səlbi qarı heç vaxt İsmayılın yanında öz keçmişindən, ölüb-itənlərindən söhbət açmazdı.

…İki bacıydılar. Anası Səlbini doğanda ölmüşdü. Atası da elə həmin gün baş götürüb o kənddən biryolluq getmişdi: nə ölüsündan, nə dirisindən xəbər tutan olmuşdu. Sonralar Səlbi bacısından eşitmişdi ki, atası anasını yaman çox istəyirmiş. Amma o kişinin atıb getdiyi o bir cüt yetim qızın günahı nəydi? Orası Səlbidən ötrü ömür boyu sirr olub qaldı.

Səlbini də, bacısını da əmisi saxlayıb böyütdü. O kişi qardaşından nişan qalan iki qızdan birini öz oğluna almaq istəyirdi. Çünki qardaşının o böyük günahından onun da payına düşürdü və o günahı birtəhər yumaqdan ötrü heç olmasa o iki yetim qızdan birini xoşbəxt eləmək lazımıdı. O birisi Allah bilir kimə qismət olacaqdı.

Bir gecə əmisi Səlbini də, oğlunu da yanına salıb qardaşının evinə gətirdi. Darvazanın qıfılını açıb:

- Qoşa qarıyın! – dedi.

Sonra Səlbinin bacısını da qonşu kənddən bir oğlan qaçırıb apardı.

Uşaq vaxtı əmisi oğlu Səlbiylə çox evcik-evcik oynamışdı, yalandan ər-arvadlıq eləmişdi. O uşaqlıq deyəsən hələ də əmisi oğlunun canında qalmışdı. Əmisi oğlu işdən qorxan deyildi, hər gün səhərin gözü açılmamışdan durub işinin-gücünün dalınca gedərdi. Amma gecələr Səlbinin yanına girəndə elə bil yenə uşaq olardı, Səlbini öpə-öpə, əzizləyə-əzizləyə ər-arvad oyunu oynayardı, Səlbi də ona baxıb uşaqlaşardı, nazlanardı, yalandan küsərdi, barışardı. Eləcə, əmioğlu-əmiqızı o yorğanın altında ər-arvadlığın bütün sirlərini bir-birinə aça-aça dava başlananacan düz on beş il bir gözəl oyun oynadılar, amma uşaqları olmadı.

Elə davanın ikinci həftəsi əmisi oğlundan qara kağız gəldi. O gün Səlbi düz axşamacan zarın-zarın ağladı. Əmisi bütün günü onun yanını kəsdirib Səlbini tək qoymadı. Amma bəlkə də özü tək qalmağa qorxurdu.

Qara kağız stolun üstündəydi. Əmisi tez-tez o kağızı götürüb baxırdı, amma oxumurdu. Sonra astaca kağızı cibinə qoydu, başını qaldırıb Səlbiyə baxdı.

O kişi qardaşının belindin gələn bu qızı bir Allah bilir, nə cür əzab-əziyyətlə saxlayıb böyütmüşdü. İstəmişdi, qardaşının ocağı sönməsin, kökü kəsilməsin. Amma özünün yurd-yuvası boş qalmışdı, özünün kökü kəsilmişdi.

Səlbinin bacısı elə bil işini qabaqcadan ehtiyatlı tutmuşdu, dava başlananacan səkkizini doğmuşdu, hamısını da Allahın umuduna başlı-başına buraxmışdı, çöldə-bayırda, toz-torpağın içində böyüyürdülər. Ondan olsa, sonbeşiyini də döşündən ayırıb o uşaqlara qatardı, amma aclıq idi, o uşaqlar qarın dolusu çörək tapa bilmirdilər. Hələ də döş əmən İsmayıla o uşaqlar hamısı deyəsən paxıllıq eləyirdi. Həm də ərinin qorxusu gözünü almışdı. Kişisi əgər davadan qayıdıb uşaqlardan bircəciyini əskik görsəydi, onun gününü qara əskiyə bükəcəkdi. Bəlkə də elə o uşaqların anaya yazıqları gəldiyindən bir qarnı ac-bir qarnı tox birtəhər canlarını bəsləyib ölməyə qoymadılar.

Amma günlərin bir günü o səkkiz uşağın atasından da qara kağız gəldi. O gündən Səlbi həmişə bacısına baş çəkərdi, uşaqlarına baxardı, yır-yığışını eləyərdi, həm də istəyərdi ki, bacısı tək qalmasın, dərd çəkməsin. Amma bacısının dərd çəkməyə vaxtı yoxdu, o rəhmətliyin belindən gələn bu səkkiz uşağın dərdi ona bəs idi.

Bacısının uşaqları yatışandan sonra Səlbi öz evinə qayıdardı. Yol uzunu hər səsdən, hənirtidən diksinib dayanırdı, o yan bu yana boylanardı. Elə bil kimsə qabağını kəsib onu qamarlayacaqdı, bağrına basıb aparacaqdı. Səlbinin bədəni od tutub yanardı, ayaqları heydən düşərdi. Amma birtəhər ayaqlarına güc verib qaçardı, o böyük günahdan qaçardı. Evinə çatıb qapıdan içəri girən kimi donunu soyunardı, amma bədəni soyumazdı. Səlbi çarpayıya uzanıb gözlərini yumardı, yuxuya gedə-gedə bu şirin əzabdan canını qurtarmaq istəyərdi. Amma ürəyinin altında elə bil nəsə tərpənərdi. Sonra düz ürəyinin başına heysiz-hərəkətsiz bir əl düşərdi. Səlbi diksinib gözlərini açanda yanında uzanan əmisi oğlunu görərdi. Əmisi oğlu ona baxıb yazıq-yazıq gülümsünərdi:

- O uşağı doğma, - deyərdi.

Deyəsən, yuxuydu. Amma Səlbi hər gecə bu yuxudan sonra rahatlanardı, yüngülləşərdi.

Sonra çöldən gələn addım səsnə ayılıb bilərdi ki, əmisi yenə gəlib. Durub çırağı yandırardı. Çünki ev qaranlıq olanda əmisi hava işıqlananacan çöldə gəzişə-gəzişə Səlbinin keşiyini çəkərdi, çıxıb getməzdi.

Bir gecə əmisi oğlu Səlbinin yuxusuna girmədi. Səlbi düz səhərəcən yerinin içində qıvrıla-qıvrıla qaldı. Həmin gecə çöldən addım səsi kəsilmədi. Səhər tezdən Səlbi bildi ki, bu gecə çırağı yandırmaq yadına düşməyib. Qaranəfəs çölə atılanda artıq gec idi, əmisi düz darvazanın qabağında oturduğu yerdəcə keçinmişdi.

Keşikçi ölmüşdü, yol açılmışdı. İndən belə bu yol təkcə Səlbinin özününküydü. Daha Səlbinin üstündə göz olmayacaqdı, onun şirin əzablarına keşik çəkilməyəcəkdi.

Səlbi nəfəsi təngiyə-təngiyə buradan birbaş bacısının evinə qaçdı. Darvazadan içəri girəndə o səkkiz uşaqdan ən əvvəl gözünə dəyənİsmayıl oldu.

Bacısına:

- İsmayılı ver mənə, - dedi.

O gündən Səlbi bacısının evinə hərdən-hərdən gedərdi. Çünki o evdə uşaqlar İsmayıla nə deyərdisə qayıdıb gələndən sonra bütün günü onu kiridə bilməzdi.Əslində o uşaqların İsmayılı görən gözü yoxudu. Çünki İsmayıl daha döş əmmirdi, hər gələndə də onların yeməyinə şərik olurdu.

Yəqin ki, həmişə belə olmayacaqdı. O uşaqlar qarın dolusu yemək tapan günü o qardaşla da barışacaqdılar. Sonra Səlbi ömrünün axırınacan damın altında tək-tənha öz ölümünü gözləyəcəkdi.

Yox, gərək İsmayıl onu öz doğma anası sayaydı, bir gün Səlbi gözlərini bu dünyaya yumanda İsmayıl Səlbinin bacısına, öz qardaş-bacılarına qoşulub ağlamamalıydı, bir qırağa çəkilib özü tək ağlamalıydı. Səlbi öz ölümündən ötrü qazandığı bu uşağı itirməyə qorxurdu.

Günlərin bir günü Səlbi İsmayılı yanına salıb bu kənddən biryolluq getdi…

Sonralar yad bir kənddə, yad bir daxmanın içində İsmayılla yaşadığı ömrü Səlbi qarı nə özünün, nə də İsmayılın keçmişi sayırdı. Bu qədər vaxtı Səlbi qarı İsmayılla gün-gün, saat-saat yaşamışdı. Hər gün iyirmi dörd saat, hər saat altmış dəqiqə. Nə dünən olmuşdu, nə sabah. Beləcə qoyub gəldikləri kəndi də, anasını da, qardaş-bacısını da İsmayılın yaddaşında tamam silmişdi. Yəqin indi kimsə o sirri açmaqdan ötrü aylarla, illərlə İsmayılla üz-üzə oturub söhbət eləsəydi belə yenə onu inandıra bilməzdi. Amma axır vaxtlar Səlbi qarının öz yaddaşı da dayanmışdı. Elə bil dünyaya göz açdığı gündən qocaydı. Təkcə səhərlər yuxudan oyananda deyəsən nəsə fikirləşirdi, nəyisə yadına salmaq istəyirdi. Amma tezcə də yorulub təzədən yuxuya gedirdi.

Əvvəllər belə vaxtlarda Səlbi qarı eyvana çıxıb yoldan keçən uşaqlardan birini çağırmaq istəyirdi. Olub-keçənlərin hamısını o uşağın əliylə yazdırıb sandıqda gizləyəcəkdi. Səlbi qarı öləndən sonra İsmayıl haçansa o sandığı açıb hər şeydən xəbər tutacaqdı. Yəqin onda İsmayılın qəbirdə yatan qarını söyməyə dili gəlməzdi. Amma söysəydi də öz işiydi.

Bu səhər İsmayıl gedəndən sonra Səlbi qarı bütün günü çarpayıda uzanıb pəncərəyə baxırdı. Əvvəlcə hava işıqlıydı, sonra yavaş-yavaş qaralmağa başladı, indi qapqaranlığıdı, yəqin İsmayıl bir azdan qayıdıb gələcəkdi, sonra yatacaqdılar, sonra yenə səhər açılacaqdı, yuxudan oyanan kimi yenə Səlbi qarını ölüm xofu tutacaqdı, amma sonra yenə axşam olacaqdı, yenə səhər olacaqdı.

Axır günlər Səlbi qarının yaşamağıyla başı üstündə divardan asılan saatın çaqqıldamağı arasında fərq təkcə buydu ki, o saat içindən gələn səsin haçan kəsiləcəyini bilmirdi. Amma Səlbi qarı yəqin eləmişdi ki, canını hava işıqlananda tapşıracaq.İndi Səlbi qarı ancaq öz ölümüylə yaşayırdı. İsmayıl onun oğluydumu, ya bir özgənin uşağını saxlayıb böyütmüşdü? Səlbi qarı daha bunu fikirləşə bilmirdi.

Deyəsən, külək qalxmışdı. Həyətdə hansısa ağacın budağı hərdən-hərdən pəncərəyə dəyirdi. Amma Səlbi qarı səs gələn tərəfə baxmırdı.

İsmayıl yenə hardasa ləngimişdi. Bu, birinci kərə deyildi. Səlbi qarının gözləri ağır-ağır yumuldu. İsmayıl qapını açıb içəri girəndə gecənin yarısıydı. Axır vaxtlar hər dəfə bu vaxt evə qayıdanda qapının ağzında dayanıb durmağa adət eləmişdi. Səlbi qarının öskürəyini eşitməyincə yerindən tərpənməzdi.

Bu gecə divarın o tərəfində səssizlik idi. Səhər də beləydi. Bəlkə Səlbi qarının öskürəyi daha azalmışdı? Yox, bu ola bilməzdi. Səhər-axşam o qarının hələ də yaşadığını İsmayıla xəbər verən təkcə o səs idi. Yəqin İsmayıl indicə qapıdan içəri girəndə nəyisə çaşdırmışdı, yadından çıxarmışdı.

İsmayıl çölə çıxıb arxasınca qapını bərk-bərk örtdü. Açarı da cibindən çıxardı, sonra nə fikirləşdisə təzədən cibinə qoydu, üzünü göyə tutdu:

- Allah, sən özün kömək ol! – dedi.

Göyün üzündə də səssizlik idi. Göy bir yana, kəndin hinindən, tövləsindən də səs-səmir gəlmirdi.

İsmayıl qulağını ovxalayıb:

- Səhər də beləydi, - dedi. – Yəqin yenə qulağıma o zəhrimar çirk yığılıb.

İsmayıl dərindən nəfəs alıb rahatlandı, eyninin qırışığı da açıldı.

Qəflətən İsmayılın qulağına taqqıltı səsi gəldi. İsmayıl dəli kimi o yan, bu yana boylandı. Bayaqdan bəri Səlbi qarı baxa bilmədiyi ağacın budağını gördü. O budaq yenə hərdən-hərdən pəncərəyə dəyib səs eləyirdi. İsmayıl hirslə gedib ağaca dırmaşdı, budağı qırıb tulladı. Amma sonra təzədən qapının ağzına qayıdıb gələndə təkcə o budağın taqqıltısından savayı hər şey eşidirdi, lap yarpaq xışıltısını da.

İsmayıl bir xeyli günahkar-günahkar o ağaca baxıb astaca qapıdan içəri keçdi. Amma divarın o tərəfində yenə səs-səmir yoxudu.

Uşaq vaxtı İsmayıl axşamlar çarpayıda tək yatmağa qorxardı, gəlib Səlbinin qucağına girərdi. Onda Səlbi bir evdə böyüyən oğlanla qızın məhəbbətindən çoxlu nağıllar danışardı. Hərdən-hərdən o nağıllar İsmayılı çəkib nəsə bir ayrı aləmə aparardı. İsmayıla elə gələrdi ki, o nağılları danışan səsi də hardansa çox-çox uzaqdan eşidir. Onda İsmayıl yorğanın altından oğrun-oğrun Səlbiyə baxardı. Səlbinin dodaqları astaca tərpənərdi. Amma gözləri həmişə yumulu olardı. Elə bil Səlbi özü də danışdığı o nağıllara qulaq asa-asa yuxuya gedərdi.

Elə o vaxtdan bəri İsmayıldan ötrü Səlbi qarının səsi özündən ayrı yaşayırdı. Yəni, İsmayıl gecələr həmin nağılları uydurub danışan adamla, səhərlər bütün günü eyvanda oturub gözünü fikirli-fikirli kəndin yoluna dikən adamı heç cür bir-birinə oxşada bilmirdi. Elə o vaxtdan da İsmayıl yəqin eləmişdi ki, əvvəlcə Səlbi qarının səsi öləcək, sonra o qarı özü öləcəkdi.

Axır vaxtlar Səlbi qarı İsmayılla kəlmə kəsmirdi, hərdən-hərdən danışanda da nəfəsi güclə çıxırdı. Həmin səsi İsmayıldan ötrü hələ də diri saxlayan təkcə o xırıltlı öskürək idi.

İndi İsmayıl otağın ortasında quruyub qalmışdı. Görəsən, doğrudanmı hər şey bitdi? Bundan sonra İsmayıl bu evə kimin yanına qayıdacaqdı? Gərək Səlbi qarıya qulaq asmayaydı. Onu aparıb bir də həkimə yoxlatdrmaq lazım idi. Yox, bütün günahlar özündəydi. Günü-günə satırdı.

İsmayıl bütün bunları fikirləşə-fikirləşə səssizliyin içində boğulurdu. Niyə axı bu gün? Niyə axı indi?Dualarıyla Səlbi qarının öskürəyini oyatmaq istəyirdi. Sonra əlini qapının cəftəsinə uzatdı. Amma qapını açmadı, Səlbi qarının otağına girməyə kişiliyi çatmadı. İsmayıl küçəyə atılıb bu evdən qaçmağa başladı.

Gəlib dörd mərtəbəli binanın qabağına çatanda da dayanmadı, qaça-qaça pilləkəni qalxıb qapının zəngini basdı.

Qapnı açan cavan bir qadın idi. Yuxulu gözlərini ovuşdura-ovuşdura bir xeyli maddım-maddım İsmayıla baxdı. Qəflətən İsmayılın gözlərindəki qorxudan diksinəndə elə bil yuxudan oyandı.

- Rəng-rufun niyə ağarıb? – dedi.

İsmayıl lap astadan:

- Deyəsən, anam ölüb. – dedi.

O qadın dinməzcə dönüb getdi, sonra əlində bir stəkan su gətirdi, İsmayıla:

- İç, - dedi.

İsmayıl suyu birnəfəsə başına çəkib:

- Birini də gətir. – dedi, o qadının ardınca içəri keçdi.

Oturmuşdular. İsmayıl Nazlıya hər şeyi danışmışdı. Amma Nazlı təkcə İsmayılın kənddən rayon mərkəzinəcən olan bu xeyli yolu payi-piyada necə gəldiyinə məəttəl qalmışdı. Qalan hər şey yerli-yerindəydi. Yəni, haçansa bir gecə Səlbi qarı ölməliydi, İsmayıl da həmin gecə mütləq gəlib Nazlını tapmalıydı.

Nazlı:

- Bəs qorxmadın, qabağına qurd-quş çıxar? – dedi.

İsmayıl Nazlıya elə baxdı ki, elə bil bu dünyanın təkcə Səlbi qarıdan ibarət olmadığını ancaq indi başa düşdü. O qarını lap uzaqdan tanıyan yad bir adam təki Səlbiyə yazığı gəldi. Nə olsun, İsmayıl ağlayacaqdı, bəlkə lap Nazlı da ağlayacaqdı, sonra kiriyəcəkdilər, Allah bilir, o qarı bir də kiminsə yadına düşəcəkdimi?

Amma Səlbi qarı özgəni yox, İsmayılı böyüdüb boya-başa çatdrmışdı.

İsmayıl üzünü tərs-tərs Nazlıya tutub:

- Tüpürüm qurda da, quşa da. – dedi. – Geyin, gedirik.

Nazlı barmağını dodağına aparıb:

- Uşağı oyadarsan, - dedi.

Nazlının oğlu Muxtar divarın o tərəfində yatmışdı.

Nazlını tapan gündən İsmayıl həmişə ürəyində o qadının dul olduğuna sevinmişdi. Deməli, Muxtarın yetim qalmağına da sevinmişdi. Bəlkə Muxtar da oyanıb bayaqdan bəri divarın o tərəfindən onlara qulaq asırdı. Hər şeyi eşidib indi o da ürəyində İsmayıldan öz hayfını çıxırdı.

İsmayıl Nazlıya:

- Bir bax gör oyanmadı ki? – dedi.

Nazlı:

- Səsi gəlmirsə, yatıb, - dedi, - o divara gözünün qırağıyla da baxmadı.

Muxtar oyananda ağlayırdı. Bunu İsmayıl da bilirdi. Amma deyəsən məsələ indii o uşağın oyanıb-oyanmamağında deyildi.

İsmayıl:

- Deyirəm get bir bax. – dedi.

Nazlı dinməzcə yerindən qalxıb qapıya sarı getdi.

İsmayılın gözləri dolmuşdu.

Nə vaxtsa Səlbi qarı hər səhər İsmayılı işə yola salanda darvazanın qabağına palaz sərib oturardı, bütün günü onun yolunu gözlərdi. İsmayıl hər dəfə ona acıqlanardı:

- Bir də səni burda görsəm, evə qayıtmayacam, - deyərdi.

Onda Səlbi qarı palazı dinməzcə yerdən götürüb içəri girərdi. Amma üzü həmişə gülümsünərdi. Görəsən, o vaxt Səlbi qarı nəyə sevinirdi?

Bir gecə İsmayıl yuxuya gedəndə, qəflətən divarın o tərəfindən qulağına səs gəlmişdi:

- Allah qocaların hamısını süpürüb torpağı təmizlədi, təkcə məni görmədi, elə bildi, ölmüşəm.

O gecə Səlbi qarı düz səhərəcən yuxuda sayıqlamışdı. Bəlkə Səlbi qarı elə o vaxtdan yaşamağına sevinirdi?

İsmayıl ürəyində:

- Yazıq anam, - dedi.

Doğrudan da o qarının yaşamaqdan savayı heç nəyi yoxudu. Əgər İsmayıl vaxtında evlənsəydi, Səlbi qarı heç olmasa bir nəvə görərdi. İsmayıl Səlbi qarının ömrünə təzə heç nə gətirə bilmədi. İsmayıl indi bunu fikirləşəndə ağlamaq istəyirdi.

Amma yox, Nazlı heç vaxt İsmayılın gözünü yaşlı görməyəcəkdi.

Qəflətən divarın o tərəfindən İsmayılın qulağına öskürək səsi gəldi. İsmayıl o səsdən diksinən kimi oldu. Eynən elə bil Səlbi qarının səsiydi. Tez yerindən qalxıb Muxtar yatan otağa keçdi.

Nazlı çarpayıda oturub gözünü oğluna dikmişdi. İsmayılın hənirini alanda da qanrılmadı. Muxtar şirin-şirin yatırdı. Bəs onda o səs nəydi? Bəlkə Nazlı İsmayılı dolamaq istəyirdi?

İsmayıl hirsini güclə boğdu:

- Nədi, öz oğlunu görməmisən? – dedi.

Nazlı astaca çarpayıdan qalxıb pıçıltıyla :

- Atası yadıma düşdü, - dedi.

Sonra bir də Muxtara baxıb İsmayıla:

- Gedək, - dedi.

İsmayıl Muxtarın atasını görməmişdi. O kişi ölmüşdümü, ya arvad-uşağını atıb getmişdi? Ya bəlkə elə Nazlı özü ondan boşanmışdı? İsmayıl bunu da bilmirdi. Əslində, Nazlı o kişinin adını tez-tez çəkərdi. Amma İsmayıl hər dəfə onun sözünü kəsərdi, ona qulaq asmazdı. Onda Muxtar kinli-kinli İsmayıla baxardı. Əgər Nazlı susardısa, Muxtar otaqdan çıxardı, əgər danışardısa, İsmayıl çıxıb gedərdi. Amma Nazlı İsmayılı o kişidən çox istəyirdi. İsmayıl bunu yəqin bilirdi, çünki ikisi tək olanda o kişi heç vaxt Nazlının yadına düşməzdi.

Qapıdan çıxanda İsmayıl bir də arxaya qanrılıb Muxtara baxdı. Deyəsən, doğrudan da o uşaq eynən atasına çəkmişdi. İndi hər şeydən xəbərsiz isti yorğana bürünən Muxtara İsmayılın nəsə paxıllığı tutdu.

Nazlı keçib güzgünün qabağında dayanmışdı.

Saçını daraya-daraya:

- Vallah, nahaq gedirik. – dedi.

İsmayıl bu evə gələndə, deyəsən bir balaca toxtamışdı.

- Hardan bilirsən?

- Dünən gedib pal-paltarını yuyanda arvadı heç tanıya bilmədim. Maşalla, yaman yaxşılaşıb.

Nazlı yalan danışırdı. Çünki Nazlı heç vaxt İsmayıldan xəbərsiz o evə ayaq qoymazdı. Hər dəfə qoşa gedərdilər. Nazlı ev-eşiyi yığışdırardı, pal-paltarları yuyardı, İsmayıl da bir qıraqda dayanıb ona baxmaqan həzz alardı. Amma deyəsən məsələ nə Nazlıda, nə də o qadının ev-eşiyi sahmana salmağındaydı. Bəlkə də bu neçə ili təkcə öz ümidinə qalan İsmayıl, kiminsə ona görə əziyyət çəkməyindən ötrü darıxmışdı?

Elə bil Nazlı da hər dəfə duyuq düşərdi. İşləyə-işləyə nə bir kəlmə ağzını açardı, nə də, İsmayıla baxardı. Nəsə o da özünü İsmayılın gözündən yayındırmaq istəməzdi. Amma bəlkə elə Nazlı da oğrun-oğrun ona baxan kişi gözü üçün darıxmışdı?

İsmayıl indi güzgünün qabağında daranan o qadına baxanda, Nazlıyla birinci dəfə bir yastığa baş qoyduğu gecənin səhəri yadına düşdü.

İsmayıl heysiz-hərəkətsiz uzanıb qalmışdı. Divarın o tərəfindən Muxtarın ağlamaq səsi gəlirdi. Nazlı nə illah eləyirdi, oğlunu kiridə bilmirdi. Sonra Nazlı da oğluna qoşulub ağlamışdı. Onda İsmayıl başa düşmüşdü ki, bütün gecəni qol-boyun olub yatdığı o qadının Muxtarın anasına heç bir qarışacağı-zadı yoxdu.

Görəsən niyə axı İsmayıl bu vaxtacan Nazlıyla evlənmək söhbəti eləməmişdi. Heç Nazlı da bu haqda bir kəlmə danışmazdı. Doğrudan da Nazlıdan İsmayılın uşaqlarına yaxşı ana olardı. Amma yox, indi divarın o tərəfində yatan o uşağın bütün ömrü hələ qabaqdaydı. Anasını o uşaqdan almaq günah idi.

Nazlı hələ də güzgünün qabağından çəkilmək fikrində deyildi. İsmayıl hiss elədi ki, bayaqdan bəri Nazlının yarıçılpaq bədəninə baxır. Diksinib başını yana çevirdi, tərs-tərs:

- Gəlin-zad getmirsən, - dedi, - tez elə.

Sonra qapını açıb çıxdı.

Gecənin bu vaxtı Nazlını da yanına salıb hara baş alıb gedəcəyi elə bil İsmayılın indi yadına düşdü.

Gecənin xeyrindən səhərin şəri yaxşıdı. Bəlkə elə gecəni Nazlının yanında qalsın? Səhər o başdan Nazlı gedib Səlbidən xəbər gətirərdi. Olmaz, lap özü tək gedərdi. Nazlını neynirdi?

İsmayıl geri qayıtmaq istəyirdi ki, arxasınca cingilti səsi eşitdi. Deyəsən, Nazlı qapını bağlaya bilmirdi.

- Sən get. – dedi.

Nazlı pilləkənləri düşə-düşə:

- Qorxuram Muxtar oyana, - dedi və İsmayıl qıfılı qapıya elə ehtiyatla keçirib bağladı ki, elə bil içəridə yatan uşağın yuxusunu da qıfılladı.

İsmayıl aşağı düşəndə Nazlı:

- Əcəb sərindi, - dedi, - gərək uşağın pəncərəsini açaydım.

İsmayılın yadına düşdü ki, bu səhər evdən çıxarda Səlbi qarının pəncərəsini taybatay açıq qoyub. Əslində, İsmayıl o pəncərəni hər səhər açardı. Guya onda İsmayıl işdən qayıdanacan Səlbi qarının ürəyi darıxmayacaqdı. Amma hərdən o pəncərəni açmaq İsmayılın yadından çıxanda, Səlbi qarının da yadına düşməzdi. Amma dünyanın işini nə bilmək olar? Bəlkə elə bu gecə doğrudan da Səlbi qarının ürəyi darıxmışdı? İsmayıl evə qayıdıb pəncərənin qabağında dayanan Səlbi qarının səsini necə eşidə bilərdi? Nazlı da bayaq elə bunu demək istəyirdi.

İsmayıl üzünü Nazlıya tutub:

- Nədi, deyirsən anam dünən gözünə əməlli-başlı diri dəydi? – dedi.

Nazlı:

- Yatmışdı, amma maşalla, lap elə bil uşaq kimi yatmışdı. – dedi və başını qaldırıb gözüylə bu qaranlıqda Muxtarın pəncərəsini axtardı.

Doğrudan da Səlbi qarının çarpayıdan qalxmağa heyi nə gəzirdi?

İsmayıl acıqlı-acıqlı:

- Düş qabağıma. – dedi.

Gəlib İsmayılın evinə çatanacan kəlmə kəsmədilər, elə bil qoşa getdiklərini də yaddan çıxarmışdılar.

Həyətə girəndə Nazlı:

- Vallah, ürəyimə damıb ki, Muxtar indi yuxudan oyanıb məni axtarır. – dedi.

İsmayıl elə bil o sözdən ayılıb bildi ki, yenə Səlbi qarının beş-on addımlığındadı. İndi Səlbi qarının ölü, ya diri olduğunu İsmayıldan ötrü bir sirr kimi saxlayan da elə bu beş-on addımlıq yol idi.

İsmayıl qəflətən Nazlının qolundan tutub:

- Ürəyinə gətirmə, - dedi.

Amma özünün əlləri əsirdi.

Sonra Nazlını qabağa buraxıb ardınca pilləkənləri qalxdı. Qapını açıb içəri keçdilər. Divarın o tərəfində yenə səs-səmir yoxudu. Amma bu dəfəki səssizlikdən İsmayılın tükü də tərpənmədi. Görünür, bayaqdan bəri özüylə gəzdirdiyi qorxuya daha isinişmişdi.

İsmayıl:

- İşığı yandırma, - dedi, - gedib kürəyini divara söykədi.

Amma İsmayıl yəqin bilirdi ki, əgər Səlbi qarı yatıbsa, indi bu ev başdan-başa alışıb yansa belə, yuxudan oyanmayacaq.

Nazlı:

- Görəsən, Muxtarın otağı işıqlı qalmadı ki? – deyib bu alaqaranlıq otağın divarından asılan çırağa elə qorxa-qorxa baxdı ki, elə bil çıraq yansaydı işığı gedib oğluna da çatacaqdı.

Sonra gəlib İsmayılın qabağında dayandı.

İsmayıl ağzını açıb bir söz deyə bilmirdi, birtəhər başını yana əyib gözüylə Səlbi qarının qapısını göstərdi.

Nazlı gedib qapını açanda, İsmayıl nəsə qəflətən üşüdüyünü hiss elədi. Divar soyuq idi. İsmayıl kürəyini divardan çəkib Nazlıya:

- Hələ gözlə, - dedi, - gözlə bir özümə gəlim.

Nazlı astaca qapını örtüb geri döndü.

İsmayıl ağır-ağır keçib çarpayıda oturdu, yenə kürəyini divara söykədi, amma bu dəfə üşümədi.

Səhər İsmayıl yuxudan oyananda özünü çarpayıda ədəb-ərkanla uzanmış gördü. Şalvarı, köynəyi səliqəylə stulun üstünə qatlanmışdı, bir cüt çəkməsi də qapının ağzında yan-yana dayanmışdı. Sonra İsmayılın gözü divardan işıq salan çırağa sataşdı.

Görən, bu çırağı kim yandırıb? Yəqin Nazlı yanılı qoyub gedib. Nə Nazlı? Nazlı gecə bura gəlmişdi? Niyə gəlmişdi? Nədən ötrü gəlmişdi?

İsmayıl diksinib yerindən dik atıldı.

Divarın o tərəfində yenə səs-səmir yox idi.

# 2027 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #