Kulis.az Yukio Mişimanın “Satılan həyat” əsəri haqqında Allahverdi Həsənovun yazısını təqdim edir.
Yapon yazıçısı Yukio Mişima (1925–1970) ədəbiyyatda ekzistensializm, vətənpərvərlik, mühafizəkarlıq, fəlsəfi nihilizm, insanın daxili mübarizələri və cəmiyyətə yadlaşması kimi mövzularla tanınır.
Onun qısa hekayəsi “Satılan həyat” (Yuukoku no Shoukei) insan psixologiyasının dərinliklərinə enən və cəmiyyətin mənəvi dəyərlərini sorğulayan bir əsərdir. Bu yazıda bəndəniz hekayənin süjetini, insanlığa ötürmək istədiyi əsas ideyalarını və Mişimanın üslubunu təhlil etməyə çalışacaq.
Hekayəni oxumamışdan əvvəl Mişima barədə az-çox məlumatım var idi; liberallaşan, müasirləşən yapon cəmiyyətinin qınanılacağını başdan analiz edirdim. Hekayədə bu proseslər kifayət qədər tənqid edilir, lakin Mişima bu əsərində insanı dilemmalara salmağı, həyəcanlandırmağı kifayət qədər yaxşı bacarır, qısası hekayə xalis pulp-fictiondur.
Hekayə, həyatını pul qarşılığında satışa çıxaran, cəmiyyətə, onun banal proseslərinə, iş yerinə, qadınlara, həyata qarşı yadlaşmış, intihar etməyi qərara almış bir fərdin hekayəsidir. Əsas qəhrəman həyatdan və cəmiyyətdən uzaqlaşmış bir şəxsdir və uğursuz intihar cəhdindən sonra öz həyatını müəyyən bir məbləğ qarşılığında satmağı qərara alır. O, artıq yaşamağın mənasız olduğuna inanır, mənəviyyata olan inamını itirir və yalnız maddi qarşılıqla insanların, cəmiyyətin gözündə dəyər qazanmağa çalışır.
Yukio Mişima
Bu motiv ekzistensializmlə sıx bağlıdır və Mişimanın insanın mənəvi boşluğu və varlıq anlamına dair düşüncələrini əks etdirir. Əsərdə həyat və ölüm arasındakı nazik xətt, insanın öz taleyi üzərində nə qədər nəzarət edə biləcəyi və həyatın gerçək mənasının nə olduğu sualları qoyulur.
Mişima bu əsərində insan həyatının obyektiv yox, subyektiv dəyərləndirildiyini göstərir. Həyatı satmaq metaforası, insanın öz varlığını necə anlamasından asılı olaraq fərqli yozula bilər. Əslində, son dönəmlərdə də insanlar öz həyatlarını satmasa belə, şəxsi heyatlarını, koloritlərini, gerçək mənlərini, sosial şəbəkələr vasitəsi ilə satışa çıxarır, daha çox satış edən daha çox jeton: "gül", "şir" əldə edir. İnsanlar göstərdikləri kiçik çaplı şoular ilə kütlə tərəfindən dəyərləndirilir. Cəmiyyət transhumanizm dövründə insana mənəvi yox yalnız maddi dəyər yükləyir.
Əsərdə cəmiyyətin materialist düşüncə tərzi və insanın dəyərlərinin necə dəyişdiyi tənqid olunur. Qeyd etmək lazımdır ki, insan dəyərlərinin deqradasiyası, mühafizəkar yapon cəmiyyətinin liberallaşması, öz dəyərlərindən uzaqlaşması daima müəllifi narahat edən bir mövzu olub və zaman-zaman müəllif bu ictimai prosesə öz hekayələrində müraciət edib. Qəhrəmanın öz həyatını satması, insanın artıq cəmiyyət tərəfindən dəyərsiz görülməsi ilə bağlı bir simvolik mənaya malikdir. Cəmiyyət çox rahatlıqla bir individi məhv etməyə, onun həyatını almağa başlayır. Qəhrəman hər müştərisi ilə əlaqəyə keçdikdə fərqli bir hekayənin, dünyanın içinə düşür.
Qeyd etmək lazımdır ki, Mişima qara yumordan da çox məharətlə istifadə edir. Əsərdəki personajlar yapon cəmiyyətinin tragikomik mənzərəsini çox yaxşı təsvir edir.
Əsərin qəhrəmanı təkcə həyatı satmaqla deyil, həm də özünü tapmaqla məşğuldur (Mişimanın bir çox qəhrəmanı axtarışdadır). O, bu qərarın onu xoşbəxt edib-etmədiyini dərk etməyə çalışır. Əsas qəhrəman, əslində, hər satış prosesindən sonra həyata biraz da bağlanır, onun əsl dəyərini dərk etməyə başlayır.
Yukio Mişima yazılarında detallı təsvirlər və dərin psixoloji analizlərə üstünlük verir. “Satılan həyat” əsərində də obrazların daxili dünyası çox qabarıq şəkildə əks olunur. Onun realist təsvirləri, ekzistensial narahatlıq və fəlsəfi düşüncələrlə birləşərək oxucunu düşünməyə vadar edir.
Mişima tez-tez ənənəvi yapon estetikası ilə müasir Qərb fəlsəfəsini birləşdirir. Bu hekayədə də həyat və ölüm mövzusunu estetik bir çərçivədə təqdim edir.
“Satılan həyat”, Mişimanın insan varlığının mənasını sorğulayan güclü əsərlərindən biridir. O, oxucunu həyatı dəyərləndirməyə və onun həqiqi mənasını düşünməyə sövq edir. Hekayə, həm fəlsəfi, həm də psixoloji baxımdan dərin və düşündürücü bir məzmun təqdim edərək, Mişimanın ədəbi mirasının vacib bir parçası kimi yadda qalır.