Ramiz Rövşənin məşhur şeirindən yaranan hekayə

Vaqif Yusifli, tənqidçi

Vaqif Yusifli, tənqidçi

25 may 2022
# 15:40

Kulis.az tənqidçi Vaqif Yusiflinin “Hekayəçi” yazısını təqdim edir.

Bu adı yazıya seçəndə heç də təəssüflənmədim. Artıq iki hekayələr kitabı çapdan çıxan Təranə Vahid nəsrin bu "kiçik" janrında öz yaradıcılıq potensialını üzə çıxarmaqdadır. Təranə Vahid esse də yazır, publisistik yazıları da var, amma hekayə janrında uğur qazana bilir. "Cənnətdən yuxarı" və "Qarışqa təqvimi" kitablarında toplanan hekayələr sübut edir ki, müasir nəsrimizdə yeni bir səs ucalmaqdadır.

Təranə Vahidin bir çox hekayələrində məhz "ifadə vasitələrində zəriflik, maksimum yığcamlıq və detalların dəqiqliyi" diqqəti cəlb edir və deyim ki, bütün bunlar və ən başlıcası, həyatı təsvir üsulundakı özünəməxsusluq onun hekayələrinə bir özəllik gətirir.

"Mən toz dənəsiyəm" və "Durna adam" hekayələri insanın dəyişilmə, bir aləmdən başqa bir aləmə "köçürülmə" prosesini əks etdirir və bu hekayələrdə Təranənin uğuru həmin prosesin mahiyyətini psixoloji baxımdan açıqlaya bilməsidir. İnsan niyə arzulayır ki, toza dönsün və niyə arzulayır ki, "Allahın altında dönüb durna olaydım". Bəni-insan bütün ömrü boyu bu xəyallara düşə bilər və təbii ki, canlı həyatda insanın toza və ya durnaya çevrilməsi mümkün deyil. Amma ədəbiyyat buna qadirdir və Təranə də toza və durnaya dönən iki insanın taleyini iki hekayədə əks etdirir. Toza dönən insan "bütün qadağalardan, sədlərdən, sərhədlərdən azad olub, havada ürəyi istədiyi qədər uçur". "Mən toz olandan sonra yaşamağın nə olduğunu bilmişəm, öz aramızda qalsın, insan olanda bir dəfə də özümü insan kimi hiss etməmişəm". Həyat insanı dəyirmanda buğda kimi əzəndə, ona məxsus olanı zorla əlindən alanda, ədalətsizlik, haqsızlıq boğazına dirənəndə, günlərin birində "əl çəkin yaxamdan, mən məğlub oldum, mən heç kiməm, heç kim, mən toz dənəsiyəm" deməyi bacarmalıdır. Bəs toza çevriləndən sonra insanın azadlığa qovuşması, real həyatdakı haqsızlıqlardan xilas olması "azadlıq çatışmazlığı" sindromunu aradan qaldıra bilirmi? Hər halda, "tozların cəmiyyətində hər şey ədalətlidirmi?" nigaranlığı belə deməyə haqq verir ki, yaşadığımız həyat, dünya, cəmiyyət, insan mühiti həmişə fantastik arzular doğurur. Ramiz Rövşən bir şeirində bu fikri neçə il əvvəl belə ifadə etmişdi: "Mən bir tozam, azadam göy üzündə, Nə olsun ki, azad deyil bir adam yer üzündə". Bəlkə, elə Təranə bu şeirdən təsirlənib? Ola bilər.

Bəs Əliş kişini Durna olmağa nə vadar edir? "Allahın altında dönüb durna olaydım. Qoşulaydım bu qatara, gedəydim dünyanın axırına" – adi bir arzudur və müəllif onu çox asanlıqla həyata keçirir. Əlif kişinin "bircə yaddaşı özündə qaldı" və "göylərin genişliyi, azadlığı ağlını başından almışdı. Qocalıqdan canı qurtarmış, ayaqları, qolları quş kimi yüngülləşmişdi. Uzun qanadları enib-qalxınca, ürəyində "İlahi, kərəminə şükür, bəxtimdə durna olmaq da varmış" – deyib Yaradandan dualarını əsirgəmirdi". İnsan yaddaşı onu keçmişə, durna yaddaşı gələcəyə səsləyir və "Mən toz dənəsiyəm" hekayəsindəki insandan fərqli olaraq Əliş kişi "çox-çox uzaqlardan sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, göz açdığı kənd, gəzdiyi torpaq, yaşadığı vaxt onun yolunu gözləyirdi". Və Əliş kişi bir vaxtlar sahibi olduğu həyətdə durna kimi yaşamağa razı olur, həsrətlə adam olacağı günü gözləyir.

Fikrimcə, "Durna adam" hekayəsi birinci hekayəyə nisbətən daha maraqlıdır, "fəlsəfəçilikdən" uzaqdır, obrazın mənəvi təkamül prosesini əks etdirmək baxımından da uğurludur.

Təranə Vahidin bir neçə hekayəsi ("Axşamüstü", "İntihar", "Qorxu çiçəkləri") ölüm hadisəsi ilə sona çatır. Ölümü adi fiziki, bioloji hal kimi deyil, mənəvi-psixoloji fakt kimi təsvir edəndə daha inandırıcı olur. Bu baxımdan Təranənin "Qorxu çiçəkləri" onun ən uğurlu hekayələrindən biridir. Qoca bir bağban qoca bir alma ağacı ilə dərdləşir. İlin qış vədəsində qorxudan çiçəkləmiş bu ağacın taleyi onu düşündürür, bu ağacın vaxtilə bolluca bar verməyini xatırlayır, göydən qar yağanda əlləri ilə ağacın gövdəsini sığallayır, nəfəsi ilə isidir, alma ağacına layla deyirdi. Beləcə, alma ağacına söykəli qalır və o da, qar altında şaxta vurmuş çiçəklər də ölümü qarşılayır.

Təranə Vahid Laçın dağlarından Bakıya gəlib və onun əksər yazılarında o dağlarda yaşayan kəndçi soydaşlarının həyat hekayələrini yazılarına köçürür. "Köçürür" yox, onların taleyi, əsrlər boyu yaşadıqları adət-ənənələri, başlarına gələn macəraları canlandırır. İlk növbədə, diqqəti o cəlb edir ki, Təranənin təsvirlərində kənd bütün koloriti, kənd adamları isə bir-birindən fərqli səciyyəvi xüsusiyyətləri ilə diqqəti cəlb edirlər. Onun "Novruzəli" (ilk adı "Asan xidmət") hekayəsi hələ də öz kəndçi stixiyasından çıxa bilməyən, amma daxilən təmiz və saf qalan, ona yad olan şəhər mühitinə düşdükdə belə bu saflığı və təmizliyi itirməyən bir insanın hekayətidir. İndi sual verə bilərsiniz ki, axı bu mövzu bizim nəsrimizdə də işlənib, amma Təranə Vahid təqdim etdiyi obrazın məxsusi cizgilərini qabarda bilir.

"Novruzəli" hekayəsində müəllif müasir Novruzəlinin başına gələn əhvalatları oxucuya təqdim edir. Təranə Vahidin Novruzəlisi, əslində, bugünkü gerçəkliyimizi anlamaq üçün klassik obrazı "yeniləşdirmək" yolu ilə yaradılmış bir görüntü – obrazdır. Mirzə Cəlilin Novruzəlisi bir poçt qutusuna məktub atmaq üstündə tutulub həbs edildi, amma bizim müasir Novruzəli şəhərə gəlir, işlərini də görür, arvadının sifariş etdiyi güzgünü də alır və şad-xürrəm kəndə qayıdır. Kəndçi də olsa, sadə və avam görünsə belə, bu təzə Novruzəli bu günün adamıdır, kəndlərimizdə nə qədər desən, belə Novruzəlilər yaşar. Onların müasir sivilizasiyadan iraq düşməsi, "avam kəndçi" stixiyasından ayılmaq istəməməsi düşündürüb müəllifi. Şəhər isə artıq poçt qutularını divarlardan kənar edib, Asan xidmətlər hər şeyə qadirdir...

Amma Təranə Vahidin kənd adamı haqqında düşüncələri heç də "Novruzəli" hekayəsi və Novruzəli ilə məhdudlaşmır. O, bir sıra hekayələrində müasir kəndin mənzərəsini canlandırır, amma diqqətini daha çox kəndin yaşlı nəslinə - atalara, babalara, nənələrə ayırır. O, bu obrazlar vasitəsilə həm yaşadıqları kəndin adət-ənənələrini canlandırır, həm ucqarlarda xalqın milli-mənəvi keyfiyyətlərindən söz açır, həm də Qarabağ müharibəsinin kəndə - kənd adamlarında necə təsir doğurduğunu açıqlayır. Amma bütün hallarda yadda qalan obrazlar yaratmağa can atır. Böyük şəhərin tələbə yataqxanasına sığınmış, evi yağmalanmış adamların taleyini uzun-uzadı təsvir etmədən bir uşağın - ermənilərin fiziki işgəncəyə məruz qoyduğu Səlimin faciəsini canlandırır. "Lətif müəllimin 14 yaşlı oğlu Səlim gecələr yalquzaq kimi uzun-uzadı, nəfəsi kəsilənəcən ulayırdı. Ulayırdı deyirəm ey, sizə, ha özündən deyən qurd həsəd aparardı ona". Qonşular şikayət edirlər, sahə müvəkkili gəlir, anası izah edir ki, Səlim dəli deyil, onun böyük qardaşı müharibədə şəhid olub, heç meyiti də tapılmadı, özü isə düşmənə əsir düşüb, ona əzab veriblər, dırnaqlarını, dişlərini çəkiblər, hər gün "Sən qurd oğlu qurdsan, ula, ulamasan gözlərini çıxararıq". Yataqxanadan gedəndən sonra isə Səlimin vəziyyəti daha da pisləşir, "Məni kəndimizə aparın" deyir, son nəfəsində Səlimin yaşıl gözlərində alov rəngində bir qurd ulayırmış. Təsirli hekayədir və müharibənin maddi və mənəvi zərbələrinin insan talelərində faciələrlə əks olunduğunu bir ailənin timsalında ümumiləşdirir.

Təranə Vahidi kədərli hekayələr müəllifi kimi tanıtmaq istəməzdik. Doğrudan da, onun bir çox hekayələrində kədərli əhvalatlar nəql edilir, təqdim etdiyi obrazların taleyi səndə də kədər doğurur. Amma hər bir kədərli əhvalatın arxasında bir həqiqət durur - İnsan ölümə layiq deyil. "Həsrət" hekayəsində müharibədə evi, eli, torpağı əlindən alınmış Həsrət müəllimənin dərs dediyi sinfi, o sinfin uşaqları da ona ağır dərd olur, indi o yas yerlərində Qarabağa ağlayır, şəhidlərimizə ağlayır, əsir aparılmış insanların taleyini, düşmən tapdağında əzilən torpaqlarımızın dərdinə ağlayır. Amma sonda "adamların gözü qarşısında Həsrət müəllimə dəli oldu. Dərdli adamlar ...dərddən dəli olan qadına ağladılar". "Uçan buludlar" hekayəsində 60 yaşı tamam olmuş Rəhman müəllimi pensiyaya göndərirlər, institutu təzəcə bitirmiş Nazilə müəlliməni onun yerinə təyin edirlər. Ona qarşı çoxdan planlaşdırılmış əməliyyat "uğurla" başa çatır, Rəhman müəllimin şərəfini uşaqların gözləri qarşısında yerlə-yeksan edirlər, şagirdlərin hönkürtüsünə baxmayaraq... "Rəhman müəllimin ürəyi heç vaxt belə sıxılmamışdı, heç vaxt belə əlacsız olmamışdı". Beləliklə, Rəhman müəllim "şagirdlərin gözündə əfsanədən" - o romantikadan təkliyin, tənhalığın zoğal arağı qədər acı olan reallığına sürüklənir. Dərdini zoğal arağıyla söndürmək istəyir. Birinci badəni yaşadığı divarların sağlığına içir. İkinci badəni yalanların sağlığına içir, çünki o, yalanları sevmirdi, o, başqaları kimi müti olmamışdı. Üçüncü badəni xərçəng xəstəliyindən vəfat edən, onu bu dörd divar arxasında tənha qoyan mərhum arvadının sağlığına qaldırır. Dördüncü badəni isə otağındakı hörümçəklərin sağlığına içir, ona elə gəlir ki, divarlarda buludlar var və son anda... "Divarlar əriyirdi, buludlar pəncərəyə tərəf axırdı, Rəhman müəllimin əyilmiş qəddinin kölgəsi pəncərədə titrəyib, sonuncu buludun azadlığa çıxacağını gözləyirdi".

Təranə Vahidin bütün "kədərli" dediyim hekayələrin içində bapbalaca bir "Ağac adam" hekayəsi də var. Bir ağac öz əcəli ilə ölür, amma qəbrinin üstə bapbalaca, bənövşəyi rəngdə bir zoğ görünür və bu zoğ boy ata-ata yenidən ağac olur. Amma bir gün əli baltalı adamlar gəlir... Bu dəfə ağac öz əcəli ilə ölməyəcəkdi. İnsan taleyi ilə qiyas olunan ağac... Təranə Vahid əslində, ağacla insan ömrünü sintez edir. Amma "Ölüm son deyil!". Məhv olmuş ağacların yerində təzə zoğlar boy atacaq, insan da bu dünyadan köçəndə qoyub getdiyi nəsli yaşayacaq...

İddia etmirik ki, Təranə Vahidin iki kitabında bütün qələmə aldığı hekayələr bədii keyfiyyət şkalasının tələblərinə tam uyğundu, təbii ki, yaxşı, bəyənimli hekayələri ilə müqayisədə bir qədər solğun təsir bağışlayanları da var. Amma bunların sayı çox deyil. Biz yaşlı ədəbiyyat adamlarının sevimli müəllimi olmuş Mir Cəlal Paşayev bir məqaləsində yazırdı ki: "Hekayə bitkin süjetlə, aydın və səlis dillə, maraqlı obrazlarla diqqəti cəlb etməlidir". Təranə Vahidin əksər hekayələrində biz bunun şahidi olduq...

# 2832 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #