Kitab sərgisi

“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət

“Qadın nə bilir erotika nədir?!” - Azərbaycanda qadın yazıçılara seksist münasibət
23 sentyabr 2025
# 11:45

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Fransanın ilk qadın yazıçısı Jorj Sand XIX əsrdə öz yazılarını qəbul etdirmək üçün kişi imzasından istifadə edirdi. O dövrün cəmiyyətində qadın yazıçının sözünə ciddi yanaşılmır, yazıları ya istehza hədəfi olur, ya da “mətbəx qadını” yarlığı ilə məhdudlaşdırılırdı. Jorj Sandın kişi adı altında yazması sadəcə şəxsi seçim deyildi, ədəbiyyat dünyasında mövcud patriarxal sistemin diktəsi idi.

Bəs indi – 2 əsrdən sonra Azərbaycanda qadın yazıçı olmaq necədir? Yazmaq azadlığı qadınların, həqiqətən, öz sözlərini sərbəst ifadə etməsinə imkan yaradırmı, yoxsa onlar hələ də ədəbi patriarxalizmin gözəgörünməz senzurası ilə üzləşirlər?

Azərbaycanda qadın yazıçı olmaq iki cəbhədə döyüşmək kimidir: bir tərəfdən “ədəbiyyatın kişi fironları” ilə, digər tərəfdən cəmiyyətdə qadınların üzləşdiyi ümumi stereotiplərlə...

Hələ indi də Azərbaycanda qadın yazıçıya qarşı münasibət “ilk növbədə qadındır, sonra yazıçıdır” şüarı ilə formalaşır. Onun əsərləri oxunmazdan əvvəl həyat tərzi, ailə vəziyyəti, xarici görünüşü yaxşıca “analiz” olunur.

Bu isə, əslində, qadınların ədəbi arenada öz sözünü deməsini əngəlləyən, onların azad yazı mühitində yetişməsinin qarşısını alan gizli senzuranın davamıdır.

Azərbaycan ədəbi cameəsində qadın yazıçılara bəzək aksessuarı kimi yanaşılır: Qadın yazıçılarımız da varmı? Var!

Ədəbi mühitdə qadınların yazdıqları tez-tez "emosional", "şəxsi" və “qadın mövzuları” kimi qiymətləndirilir və bu, mənə görə, onların yaradıcılığını sıradan çıxarmağa yönəlmiş bir məhdudlaşdırmadır.

Azərbaycanda qadın yazıçı olmaq hər hansı bir kişi şair kimi sadəcə kompüterin qarşısına keçib istedadını ağ monitorlara “tapşırmaq” deyil, bu, gündəlik həyatın içində övlad qayğısından, ər şıltağından, mətbəx yır-yığışından, yataq otağı alaqaranlığından, hamam təmizliyindən sıyrıla bilsən, özünü ədəbi ifadə etmək mübarizəsidir.

Bütün bunlardan keçib imzanı göstərə biləndə isə, ardınca kişi yazıçılar istehzalı bir Domokl qılıncı ilə yolu kəsməyə çalışırlar. Həm də elə sözlə: “Qadının yazdığı nə olacaq?”, “Qadın nə bilir ədəbiyyat nədir?!”.

Bizdə qadın yazmaq istəyəndə ilk eşidilən onun səsi yox, cinsi olur. Yəni sən əvvəlcə qadınsan, sonra, bəlkə də, yazıçı ola bilərsən. Bəlkə...

Qadın yazarsa, dərhal bir şübhə peyda olur: “Görəsən, bu qədər açıq yazmağa nə vadar edib? Həyatında nə baş verib?”.

Azərbaycan ədəbiyyatında kişi rahatlıqla ən xırda təfərrüatları da qeyd edərək erotik şeir yaza bilər, amma bir qadın yazar açıq-saçıq mətn yazdımı, pıçhapıç, qovhaqov başlanır: “Allah bilir, bunları həyatında yaşayıb... Görəsən, bu erotikanı kiminlə yaşayıb?”.

Azərbaycan ədəbiyyatında bir neçə qadın yazarın erotik şeirini oxumuşam, insafən, içlərində yaxşı mətn sayıla bilənləri də az deyil. Amma o qadınlar haqqında nə ehtimallar uydurulduğu, nə fantaziyalar qurulduğu da qulağıma gəlib çatıb.

Hələ o qadın şairlərin bəzilərinin vaxtaşırı öz yaxın çevrələrində şikayətləndiklərinə əsasən bunu da bilirəm ki, onların sosial şəbəkələrdəki hesablarının mesaj qutularında neçə-neçə və necə mesajlar gözünə yuxu getmədən “mələşir”. Həm də ədəbiyyatdan uzaq adamlardan daha çox, elə kişi həmməsləkləri tərəfindən...

Kişi yazıçı duyğularla yazırsa, bu “dərin müşahidə”dir, “psixoloji portret”dir, qadın qələmə alırsa, “kim bilir, kiminlə nələr yaşayıb, şəxsi həyatını yazıb-tökür” deyirlər. Kişi yazarsa “fəlsəfə” olur, qadın yazarsa, “emosional cəfəngiyyat”.
Halbuki, yaradıcılıq elə məhz qadına xas cəhətdir, bioloji də, psixoloji də, ədəbi də... Yazmaq-yaratmaq insanın məhz feminen tərəfidir...

Belə ikili standart qadınların lokal ədəbiyyat dünyasında öz yerini tutmasına əngəl olur, onların ədəbi mühitdə bərabərhüquqlu iştirakının qarşısını alır.

Ədəbi cameənin belə ikiüzlü baxışı altında qadın yazıçıya ya ata münasibəti göstərilir, ya da susdurucu bir “yaxşı niyyət”lə yanaşılır: “Sən yazırsan, bacarıqlısan, istedadlısan, amma... bəlkə, sənə mən “dəstək” göstərim?” O “dəstək” anlayışının içi isə qadınların irəliləməsinin qarşısını alan illərlə yoğrulmuş patriarxal fikirlərlə, kişi eqosu və libidosu ilə doludur.

Kişi yazıçı qadının yazdığına bərabər söz kimi yox, əlavə səs kimi baxır. Onun düşüncəsində qadın yazıçı – mətndəki haşiyədir. Olsa da olar, olmasa da.

Halbuki qadının qələmi də, hekayəsi də bəzən kişidən qat-qat dərindir – çünki o, ağrını fitrən hiss edərək yaza bilir.

“Qadın ədəbiyyatı” deyə bir termin yaradılıb – ilk baxışda necə də nəzakətli səslənir!

Sanki qadınlar fərqli dildə yazır, fərqli duyğularla danışır və bu yazılar “əsas ədəbiyyat”ın yox, “qadın hissləri”nin məhsuludur. Beləliklə, qadın yazıçılar bir guşəyə sıxışdırılır, tanınma ehtimalları “şəxsi hekayə yazır” damğasıyla əllərindən alınır.

Sonda bir az yumoristik tərzdə əlavə etmək istərdim ki, Azərbaycanda qadın yazıçı olmaq bütün bu sadaladıqlarımın fonunda “müqavimət ədəbiyyatı” yaratmaq kimidir. Həm güclü olmalısan, həm səbirli... Çünki yanında deyil, qarşında dururlar. Və qadın yazıçının qarşısına dikilən təkcə oxucusu deyil, həm də onun kişi həmkarıdır...


# 347 dəfə oxunub

Oxşar xəbərlər

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

14:00 18 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

09:00 11 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər