Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Fəridənin “Bulud sarayı” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Cavanşir Yusifli
Fəridə xanımın “Bulud sarayı” hekayəsi bir neçə müddətdir izlədiyim hekayələrinin zənnimcə ən zəifidir. Bu mətn, onun məzmunu düzxətli oxunur, əhvalat nəsr mətninə çevrilməyib, necə deyərlər “xam”dır. Başqa bir nüansı da hiss etdim, şeirdən, poeziyadan nəsrə keçid Fəridədə hələ ki alınmır, yəni, şəxsən mənim gözlədiyim formada alınmır, “hekayə“nin ideyası aydındır, biz bunu sanki bircə cümlədə danışıb qurtarırıq, söyləmdən, pritça havasından əsl hekayə – nəsr atmosferinə keçid alınmayıb.
Seymur Baycan
Bir daha əmin oldum ki, pafosun müalicəsi yoxdur. Sadəcə təəssüf edirəm.
Qəşəm Nəcəfzadə
Hekayə yaxşı yazılmayıb. İnşa səviyyəsindədir. Yəni birbaşa monoloqa bənzəyir. Xarakter yoxdur. Nə yerdə, nə də bulud sarayında. Aşağıdakı cümləyə baxaq:
“Amma yer üzündən dayanmadan yüksələn xoş dualar o qədər çox idi ki, pis niyyətli duaların qaranlıq kölgələri onun işıq selini məhv edə bilmirdi”.
“Son bir əsr idi ki, vəziyyət dəyişmişdi. Yer üzündən gələn işıq zərrəciklərinin sayı kəskin azalmış, qaranlıq kölgələr isə artmışdı.”
Yuxarıdakı cümlələr bir-birinin ardınca gəlir. Fikir bir anda dəyişir. Burda qeyri-peşəkarlıq göz önündədir. Tanrının yerə enib gəzməyi bələdiyyə sədrinin gəlişinə bənzəyir. Hekayə mətnə çevrilə bilmir. Baxın, Tanrı yer üzünə enir və nələri görür:
“Böyük çoxluq isə “Ulu Yaradan”dan nəsə istəyir, öz pis əməllərinə ortaq olmaq üçün ondan kömək gözləyirdilər”.
Və yaxud:
“O, fikirli-fikirli Yer üzü, insanlar haqda düşünürdü”. Bu nə cür cümlədir? Özü də Tanrı haqqında. Sözümün sonu: zəif hekayədir. Düzdü, tanrı haqqında yerdə uyduranlar ilk baxışda maraqlı gəlir, ancaq bu məsələnin bədii həlli yazıçı qələmindən çox uzaqdır.
Cavid Ramazanov
Fəridə xanımın xətrinə dəymək istəməzdim, amma bu, yeniyetmə sadəlövhlüyülə yazılmış mətnə bənzəyir.
Allah yer üzünə enir, insanların qəddarlığını görüb sarsılır, əvvəlki yerinə qayıdır. Hekayə burda bitməli idi. Amma belə lap ağ olardı. Ona görə də bir uşağın atasının müharibədən sağ qayıtması üçün etdiyi dualar Allahı xilas edir kimi bir sonluq verməklə müəllif mətnə nəsə effekt qatmağa çalışıb.
İstənilən halda bunlar çeynənmiş söhbətlərdir. Bulud sarayı, işıq zərrəcikləri, qaranlıq kölgələr – kimi sadəlövh "tryuklar" ancaq sadəlövh oxucunu aldada bilər.
İnşa səviyyəsində mətndir, niyə müzakirəyə çıxarılıb, başa düşmədim.
Alpay Azər
Fəridə təxəyyül zənginliyi hesabına maraqlı situasiyalar yarada bilən nasirlərdəndir. Onun Kulis.az-ın keçirdiyi müsabiqədə 1-ci yer tutan hekayəsi də çox uğurlu mətn idi.
Keçək “Bulud sarayı”na. Allaha insan qismində yanaşmaq dünya ədəbiyyatında yetərincə işlənib və yəqin ki, şairlər, nasirlət Qiyamət gününə qədər bu mövzudan əl çəkməyəcək. Bir tərəfdən, inanclı müsəlman kimi bu hekayədəki küfr elementləri (hekayədə “Allahın ölməsi” məqamı) məndə ironik təbəssüm doğurur, digər tərəfdənsə insan dualarının işıq zərrəciklərinə çevrilməsi və sonda müharibə uşağının atasının döyüşdən sağ-salamat qalması üçün Allaha dua etməsi nəticəsində kainatda işıq selinin yaranması insanın Allahsız yaşaya bilməməsi ideyasını gücləndirir, yəni kritik situasiyada biz yenə Ona üz tuturuq. İstənilən halda, müəllif ortaya maraqlı, orijinal hekayə qoya bilib.
Ayxan Ayvaz
Məncə, Fəridə daha real, gözümüzün qabağında baş verən hadisələrdən yazsa, lap gözəl olar. Çünki Fəridənin bu hekayədə toxunduğu mövzu Amerika kinosənayəsində kifayət qədər işlənib. Elə təkcə Cim Kerrinin məşhur filmi bəs edər. Ümumiyyətlə, yaradıcı adam ondan əvvəl ortaya qoyulmuş sənət əsərlərinə bənzər bir əsər yaratmamalıdır. Onsuz da bu mövzuda ən yaxşıları yazılıb. Deməli, sən bu zaman öz gücünü müəyyənləşdirməlisən: bu mövzuda filankəsdən daha yaxşı yaza bilərəm, ya yox. Yaza bilmirsənsə, özünü cəncələ salmağa ehtiyac görmürəm. Bir də ki, bu cür süni, pafosla dolu hekayələrdən mümkün qədər gen qaçmaq lazımdır. Məsələn, Fəridə qəbilələrdən yazdığı hekayədə qadın temasını yaxşı işləmişdi. İndi o qəbilənin başını buraxıb, real, dəqiq cizgilərlə Azərbaycan qadınını qələmə almalıdır. Məncə, bundan sonra Fəridə Azərbaycanda, bəlkə də, ilk feminist qadın yazıçı ola bilər (Aysel Əlizadə inciməsin).