Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid
5 avqust 2025
# 14:38

Kulis.az Mətanət Vahidin "Yazı varolma aktı kimi: Orxanın hekayəsini kim danışır?" yazısını təqdim edir.

Çağdaş ədəbi yaradıcılıq dövrün sürətli sosial-mədəni transformasiyaları fonunda fərdi şüurun yenidən qurulmasının estetik ifadəsi kimi çıxış edir. Gənc nəsil üçün ədəbiyyat, ilk növbədə, identiklik axtarışının, narahatlıq və təbəddülatlar zəminində özünü anlama ehtiyacının, psixoloji və sosial təlatümlər əsasında formalaşan şəxsi təcrübənin estetik mənalandırılması vasitəsidir. Mətn bu baxımdan həm introspektiv analiz alətinə, həm də fərdin zamanla, bu kontekstdə cəmiyyətlə dialoquna çevrilir.

Gənc müəlliflər ədəbi ənənəyə tamamilə arxa çevirməsələr də, poetik sistemə və onun daxili məzmun-fəlsəfi konfiqurasiyasına fərqli\fərdi prizmadan yanaşmağa çalışırlar. Ənənəvi ədəbiyyat həm də kollektiv kimliyi, tarixi yaddaşı mühafizə etmək missiyası daşıdığı halda, gənclərin yaradıcılığı mətnə daha çox fərdin daxili dünyasına yönəlik lokal və intim bir baxış təklif edir. Bu yanaşmada, əksərən, ideoloji məqsədlər ikinci plana keçir: əvəzində, psixoloji dərinlik, şəxsi təcrübənin estetikaya çevrilməsi prosesi ön plana çıxır.

Qəlibləşmiş süjetlərdən uzaqlaşmağa meyilli gənclərin yaradıcılığında ənənəvi dramatik konfliktlərin əvəzində çağdaş insanın daxili ziddiyyətləri, kimlik böhranı, özünüdərk sorğusu, mənəvi yorğunluq, texnoloji təcrid kimi real problemlər üzə çıxarılır. Bir çox gənc müəlliflərin nəsr nümunələrindəki süjet passivliyi, dinamika qıtlığı diqqətin xarici konfliktlərdən daxili proseslərə yönəldiyini göstərir.

Forma baxımından yenilikçiliyə meyil, janr sərhədlərinin tam və ya qismən pozulması gənclərin ədəbi təcrübəsində mühüm yer tutur. Ümumi tendensiya ilə ayaqlaşmağa can atan gənc ədəbiyyatımızda klassik kompozisiya modeli dövrün informasiya qavrayışına uyğun olaraq, yerini getdikcə daha çox parçalanmış mətn strukturlarına, fraqmentarlıq və bioqrafik qurmacaya verir.

Yaradıcılığı bədii estetikanın yeni formalarını təcrübədən keçirmək istəyi ilə səciyyələnən gənclərin məqsədi oxucunu estetik baxımdan heyrətləndirməkdən daha çox, onu yazı prosesinə, müəllifin iç dünyasına, düşüncə labirintinə daxil etməkdir. Müəllif-oxucu münasibətləri klassik modellərin yerinə, dialoq və ya şərikli təcrübə prinsipi üzərində qurulur. Beləliklə, ilkin məqsəddə içə yönəlik ədəbi yaradıcılıq modeli estetik genişlənmə sayəsində ictimai əhəmiyyət qazanmaqla aktuallıq kəsb edir. Nəticədə, gənclərin yaradıcılığı ədəbiyyat vasitəsilə dünyanın onların prizmasından necə göründüyünü, özlərini bu mühitdə necə hiss etdiklərini və bu təcrübənin ifadə şəklini nümayiş etdirir.

Orxan Həsəninin nəsrini, xüsusən, hekayələrini fərqləndirən cəhətlərdən biri metanarrativ konstruksiyalara malik olmasıdır. Yazı aktının özünün süjetə çevrilməsi, hekayə içərisində mətnquruculuğuna eyhamlar, oxucuya birbaşa müraciət və ya dolayısı ilə\oyunla hekayənin içərisinə cəlb edib iştirakçıya çevirmək, yazının kimə aid olduğunu - müəllifliyi sual altına almaq kimi cəhətlərlə Orxan hekayələrində qəhrəman, müəllif və oxucusu arasında sərhədləri bulanıqlaşdırılır.

Metafiksiya əlamətlərinin təzahür etdiyi "Sonuncu yuxu" hekayəsində postmodern elementlər funksionallaşır, danışıldıqca reallaşan yuxular potensial talelərə çevrilir. "Hər şey bir yuxuyla başladı..." cümləsi ilə açılan hekayədə yuxu süjet strukturu ilə yanaşı, estetik düşüncə istiqamətini müəyyənləşdirir. Yusifin timsalında insanın daxili dünyası, reallıqla yuxu, mətnlə həyat arasındakı şəffaf sərhədlər metafizik, poetik anlamlar qazanır. On bir ulduzun, günəşin və ayın hikmətlərinə həsr olunan "Sonuncu yuxu" hekayəsi "Yusif" surəsindən seçilmiş "...Karvan Misir torpağından ayrılanda ataları dedi: - Mən, həqiqətən, Yusifin qoxusunu hiss edirəm" epiqrafı ilə başlamaqla, intertekstual əsasını və dini semantik çalarlarını nişan verir. Yusif arxetipdir, əzablardan keçən yollarla ilahi kamala yetişmiş, buna görə də gerçəkçi yuxular bəxş olunmuş peyğəmbərdir.

Hekayədəki Yusifin yuxuları onu daha dərin bir quyuya - lükün öncə yanına, sonra içərisinə çəkir: "Ulduzsuz göy üzünün yerdəki şəkliydi bu dairə". Təhtəlşüurun labirinti kimi, Yusif öz yuxularını lükün qaranlığına danışmağa başlayır: "İndi bu lük şəhərin qulağı olub onun ağrılı hekayəsini dinləyirdi." Amma həmin gündən Yusifin bircə yuxusu da gerçəkləşmir. Hekayələri isə onun səhifələrə pıçıldadığı yuxularıdır, çin çıxır. Yaradıcılıq Yusif üçün nəfəslikdir, estetik akt olmaqla yanaşı, terapiyadır, varlığının istinad nöqtəsidir: "Bir neçə ayda qəzetlərdə dərc olunan hekayələrini kəsib divardan asırdı. Evində pəncərə yoxdu. Yusif səhifələrə pəncərəyə baxan kimi baxırdı."

Klassik mətnlərdən fərqli olaraq, Orxanın hekayələri oxucuya mesaj vermir, suallarını çoxaldır: Yuxu harada başlayır, gerçək harda bitir? Yazan kimdir, izləyən kim, yazılanı yaşayan kim? Hekayə necə yaranır? Kimin hekayəsini kim danışır? Taleyə çevrilən mətnin müəllifi kimdir? Mətn həm taledir, həm də tale yazısı - elə isə bəlkə, mətn özü-özünü yazır?! Bu qeyri-müəyyənlik müəlliflik anlayışını sorğulayır. Bu və digər hekayələrin bir şərhi - çözümü, sualların bircə cavabı yoxdur. Hər zaman qeyd etdiyim kimi, müəllif tale yazan, gələcəkdən xəbər verən kahindir, olmuşları yazıya alan deyil. Bu mənada, Orxan Həsəninin yaradıcılıq aktı və onun sirlərini qabardan mətnləri həm də müəllif kimi bir az özünüifşa, bir az da monoloqdur.

"Metro terminalının sevgisi" hekayəsi metafizik atmosferi və detallarla rəmzləşdirilmiş məzmunu ilə ölüm, reinkarnasiya, ruhun heç bir şəkildə yoxa çıxmayıb, müxtəlif formalarda varoluşu kimi mövzular vasitəsilə sevginin əbədiliyinə vurğu edir. Orxanın nəsrindəki gerçəklik absurdla reallığın, emosiyalar və qatı düşüncənin sərhədindəki "normal" həyat tərzidir. Bu hekayədə də iyirmi yaşında ölən qəhrəmanın metro terminalı kimi "zühur etməsi", hiss və düşüncələri ilə birinci həyatını davam etdirməsi, hətta intiharı ilə belə öl(dürül)ən iyirmi yaşlı gənc oğlana bənzəməsi ("Məni kimsə itələdi, ancaq bilmirəm kim") yaradıcı ruhun keç(ir)diyi transformasiyaları nümayiş etdirir.

Hekayəyə görə, yaradıcı fəaliyyət seçimdən daha artıq məcburiyyətdir. Başqa sözlə, ruhun azad seçimi cismin məhkumluğudur - mexaniki bədən içində həbs olunsa belə, bircə obyektə bütün dünyanı sığdırıb həyatın, varlığın timsalı kimi sevə bilir. Hekayənin əvvəlində uruqvaylı yazıçı, jurnalist Eduardo Qaleano və israilli Edqar Keretdən gətirilən nümunələrin proloq seçilməsi təsadüfi deyil. "Oğlum öldü və göyərçinə çevrildi" cümləsi "Metro terminalının sevgisi" hekayəsinin əsas ideya və məzmun xəttinin, bir növ, xülasəsini verdiyi kimi, mətn də Keretin hekayələrinin atmosferini xatırladır.

Orxan Həsəni, demək olar, bütün nəsr əsərlərində olduğu kimi, bu hekayəyə də öz obrazını gətirir. Hekayənin sonunda püşkatma zamanı verilən cəza ("Orxan Həsəni! Siz bundan sonrakı həyatınızı dar otaqda, heç kimlə ünsiyyət qurmadan hekayə yazaraq keçirəcəksiniz.") yazıçı taleyinin hökmünə çevrilərək sənətin fəlsəfi konsepsiyasını özündə cəmləşdirir: darıxmaq, mexanikiləşmək, yaddaşlardan silinmək qorxusu ilə üz-üzə qalan qəhrəman və sənət vasitəsilə yaşamaq, nəfəs almağa çalışmağın simvolu kimi yaradıcı fəaliyyət, yazmaq aktı. Beləliklə, müəllifin obrazı burada yalnız avtobioqrafik element deyil, ümumiyyətlə yazıçı taleyinin, sənətə məhkumluğun ifadəçisidir.

Orxan Həsəninin hekayələrinin məntiqi və empirik davamı kimi ərsəyə gələn janrların qarışması, təhkiyənin fraqmentarlığı ilə seçilən "Və dalğalandı yaddaş tarlası" romanı bir çox mətnlərə göndərmə etməsi, xatırlatması ilə "mətn dünyadır" konsepsiyasını təsdiqləyən, müxtəlifyönlü şərhlərə açıq, "sonsuz roman"dır. Xeyli eksperimentləri bir mətnə sığdıran postmodern cəhd hesab etdiyim ilk romanından sonra Orxan oxucusuna tamamilə fərqli bir mətn təqdim etdi: "Müharibəni gözləyərkən" romanında birincinin əksinə olaraq, demək olar, heç bir eksperiment yoxdur - əvəzində, real ağrılar var.

Əsərdə "Və dalğalandı yaddaş tarlası"ndan tanıdığımız Cavid universiteti bitirəndən sonra hərbi xidmətə yola düşür. Roman başlayan kimi tərxisinə dörd gün qalmış İkinci Qarabağ müharibəsi başladığını, Cavidin könüllü cəbhəyə yollandığını və minaya düşüb həlak olduğunu oxuyuruq. Qarşımızdakı kitabın da əslində, şəhidin romanı - əsgərlikdə yazdığı gündəlikləri olduğunu öyrənirik. Amma romanı öz adına çap etdirməyə məcbur qalan, yaza bilməyən yazıçı (yeri gəlmişkən, son illər gənc müəlliflərin əsərlərində yaza bilməmək sindromlu yazıçılar tez-tez boy verməkdədir) çap etdirdiyi kitabın həqiqətən, gündəlik olduğundan əmin deyil - bəzən onu Cavidin xəyal məhsulu da hesab edir.

Sonlara doğru anlaşılır ki, Cavidin minaya düşüb həlak olması heç də təsadüf deyilmiş. "Müharibəni gözləyərkən" ordunun çılpaq mənzərəsini təsvir edən anti-ədəbiyyat kimi də oxuna bilər, Orxan Həsəninin ilk romanının davamı, yaddaş romanı (əsgərin - ordunun - şəhidin - ölümün yaddaşı) kimi də. Burada da yaradıcı yazı - bədii mətn struktur - formal xüsusiyyətləri ilə yanaşı, poetik, metafizik xüsusiyyətləri ilə də ön plana çıxır.

İkinci romanından bir az sonra Orxan Həsəni "Anka" hekayəsi ilə ədəbi mühitimizdə əməlli-başlı qısamüddətli canlanma yaratdı. Hekayəni çox bəyənən və ümumiyyətlə alınmadığını bəyan edən oxucular iki qismə ayrıldılar. Mətnin əsas sirrini isə cəmi bircə detal çözür: iki kərə adı çəkilən Raymond Karverin hekayələri.

"Anka" sevgi və nifrətin, doğmalıq və yadlaşmanın eyni mənbədən qaynaqlandığını göstərən, zamanla yaddaşda yer etmiş emosional yaraların hekayəsidir. "Əşyalarımın çoxu Ankada qaldı; diş pastam, jiletim, üstündə dördyarpaqlı yoncadan naxışlar vurulan sarı papağım, fenim, sürücülük imtahanı üçün testlərim, çox sevdiyim narıncı köynəyim, Raymond Karverin üçcildlik hekayələri və yaşıl jaketim. Məndən çox Anka geyinirdi deyə, yaşıl jaketi saymıram.

Dünən səhər hamamdan çıxıb saçımı qurutmaq üçün başımı qonaq otağındakı radiatora söykəyəndə anladım ki, Ankada qalan əşyalarımı almalıyam. Xüsusən, feni. Onu görmək üçün yaxşı bəhanədir!" Belə bir banal xatirə ilə başlanan hekayədə sevgi xırdaca detallar - birləşdirən əşyalar, qoxular, səslər, rənglər, sözlər vasitəsilə iki fərqli insanın bir "dünyada" bir-birinə bağlanması, həyat tərzinə çevrilən vərdişlərdir - "biri ilə bu qədər doğma olmağın xatirəsi"dir. Taksi sürücüsünün danışdığı, gerçəkliyi sərnişinlərdə sual doğuran əhvalat Anka ilə keçmiş sevgilisinin arasındakı namüəyyən situasiyanın detektoruna çevrilir.

Ankanın ikiaylıq ayrılıqdan sonra oğlanın yazmağına bənd imiş kimi mesajı dərhal cavablaması, görüşə razı olması, bəyənmədiyi çiçəkləri taksidə unutması, bütün yalanları tanıması, yalan eşidəcəyini bildiyinə rəğmən suallar verməsi, "sənə nifrət edirəm"lə "məni qucaqla" arasında get-gəlləri, "səni bağışlamışam" bəyanı ilə "Səni öldürməyə gücüm çatmadı. İndi gözümdə çürümüş, iylənmiş bir cəsəddən fərqin yoxdur" etirafı arasındakı təbəddülatları, eyni məkanda birinin eşidib, o birinin eşitmədiyi qurbağa səsi və s. - bu və digər cəhətləri ilə "Anka" üzərinə vurğu edilən Karver hekayələrinin üslubuna yaxınlaşır.

Orxanın hekayəsi Raymond Karverin zahirən heç nə baş vermirmiş kimi görünən mətnlərisayaq kommunikasiya problemini obrazların ovqatından çıxış edərək təqdim edir. Amerikalı müəllifin "Sevgidən danışanda biz nədən danışırıq?" ( "What We Talk about When We Talk About Love") hekayəsindəki kimi, Orxanın mətnində də işıq və qaranlığın, sevgi və nifrətin kontrastı qabardılır. Karverin "Ehtiyatlı" ("Careful") hekayəsinin qəhrəmanı üçün şampan partlaması həyat yoldaşından ayrılandan sonra həyatındakı yeganə səsə çevrilir, günlərini alçaq tavanlı otaqda, butulkadan şampan içərək keçirir. "Anka"nın qəhrəmanı isə qurbağa səsini təklikdə eşitməyə davam edir.

Orxan Həsəninin ilk baxışda tamamilə banal sevgi hekayəsini Karverin hekayələri ilə yaxınlaşdıran əsas cəhət qəhrəmanlarına sentimentallıqsız rəğbət, bədii empatiya ilə yanaşması, mətnin impressionist notlarda yazılması, vizual və emosional başlanğıcın əsas yer tutmasıdır. Odur ki, dəyişkən, ani təəssüratlar üzərində qurulan "Anka" - sevginin, sədaqət və xəyanətin təbiəti haqqında düşündürən, səbəblərin sevgilidən daha çox, insanın özündən qaynaqlandığını göstərən psixoloji hekayədir. Bu cür əsərlər hər hansı bir mesaj ötürmək məqsədi daşımır; yalnız müəllif niyyətinə deyil, oxucunun təcrübəsi, dünyagörüşü və kontekstual yanaşmasına "arxalanaraq" onu hermenevtik iştirakçıya çevirib prosesin\mətnin içərisinə çəkir. İdeyası yazı prosesində tədricən formalaşan bu nümunələrdə mətn struktur və semiotik səviyyələrdən doğulur.

Orxan Həsəninin klassik süjet və tematik şərtilikdən, ənənəvi müəllif-oxucu münasibətindən uzaqlaşan əsərləri çoxqatlı şərhlərə açıqdır; təhkiyənin konturlarını dağıdıb yeni strukturlar qurmağa meyillidir. Oxucumərkəzli mətn təşkilinə əsaslanan bu nümunələr səbəb axtarışına oxucu ilə birgə çıxaraq estetik eksperimentlər toplusu kimi təzahür edir. Bütün bu xüsusiyyətləri etibarilə, müəyyən estetik-fəlsəfi prinsipə söykənən mətnlər ərsəyə gətirməklə Orxan Həsəninin yaradıcılığı çağdaş nəsrdə öz içində ardıcıl poetik sistemə malik olan alternativ təkliflə çıxış edir.

# 269 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər