"Rəqs edən ömrün nəğməsi" - Təranə Muradova - 60

"Rəqs edən ömrün nəğməsi"  - Təranə Muradova - 60
5 avqust 2025
# 15:10

Kulis.az Turan Etibaroğlunun "Rəqs edən ömrün nəğməsi" yazısını təqdim edir.

Bəzən bir rəqs bütöv ömrə bərabər olur. Bəzən bir insan sadəcə səhnəyə çıxmır – səhnə onun içində yaşayır, nəfəs alır, boy atır. Elə bir ömür düşünün ki, hər addımında musiqi var, hər baxışında səhnə işığı, hər hərəkətində xalqın ruhu var. Belə bir ömür yolu keçən insanın, kübar bir xanımın bu günlərdə 60 illik yubileyidir. Bu, adicə bir yubiley deyil, səhnə üçün, rəqs üçün doğulan bir ömrün, Təranə Muradova adlı sənət salnaməsinin bayramıdır.

Azərbaycanın Xalq artisti, baletmeyster, Prezidentin fərdi təqaüdçüsü, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, sənətinə vurğun, ruhuna rəqs toxunan bu dəyərli xanım, 60 ilini sənətə, insanlara, gözəlliyə həsr edib.

Təranə Muradova rəqs etmir, o, musiqini bədən dili ilə ifadə edr. Onun hər ifası bir dastan kimi danışır – sözsüz, səssiz, lakin dərin və duyğulu. Təkcə texnikada deyil onun gücü; o, hər hərəkətiylə bir duyğunu oyadır, tamaşaçını içindəki musiqiyə qulaq asmağa vadar edir. O, rəqsi hisslərlə toxuyur, addımlarla danışır. Səhnəyə ayaq basdığı an onun varlığı musiqiyə qarışır, tamaşaçının qəlbinə yol tapır.

Milli rəqslərimiz onun ifasında yeni nəfəs, yeni ömür yaşayır. “Uzundərə” onun ayağında bir ləngər, “Naz eləmə” onun baxışında nazlı bir təbəssüm, “Tərəkəmə” onun duruşunda əzəmətdir sanki. Təranə xanım səhnədə təkcə oynayan bir sənətkar deyil – o, milli ruhun səhnəyə çevrilmiş halıdır.

Lakin onun istedadı yalnız səhnədə parlamayıb. İllər keçdi, Təranə xanım bu dəfə də fərqli bir sahədə önə çıxdı – müəllim kürsüsündə . O, yalnız özünü yox, həm də başqalarını yetişdir. Gənc rəqqasələrin, balaca balet ustalarının gözündə bir sənətkar yox, bir ana, bir yolgöstərən kimi sevilir.

Bakı Xoreoqrafiya Akademiyasında onun qayğısı, biliyi yüzlərlə gəncin ruhuna toxunur. Onun dərs dediyi sinif otaqları bir balaca səhnə, qurduğu hər tamaşa bir həyat dərsidir. Tələbələrinə təkcə addım, poz, kompozisiya yox, həm də sədaqət, sənətə hörmət, özünə inam öyrədir.

Təranə Muradovanın simasında Azərbaycan qadını zərif, qürurlu, məğrur və mübarizdir. Səhnədə incəliklə ucalan, həyatda möhkəm iradəsi ilə addımlayan bir qadın obrazıdır o. O, təkcə sənətdə deyil, ailəsində, dost çevrəsində, cəmiyyətdə də nüfuz qazanan qadın kimi tanınıb. Onun sakit səsi, dərin baxışı, nəzakətli davranışı onun daxili gücünün, zəngin mənəviyyatının təzahürüdür.

Bu gün sənət cameəsində kimdən soruşsanız, onun haqqında ilk deyiləcək söz “nəcib xanım” olacaq. O, sənətinə sadiq, insanlara qarşı səmimi, işinə məsuliyyətli bir örnəkdir.

Təranə xanım təkcə ölkəmizdə deyil, bir çox xarici ölkələrdə də Azərbaycan rəqsinin bayraqdarı olub.

Festivallarda, beynəlxalq layihələrdə, mədəniyyət körpülərində onun adı təkcə bir sənətkar kimi yox, həm də Azərbaycan mədəniyyətinin təmsilçisi kimi çəkilib. O, səhnəyə çıxanda Azərbaycan musiqisi, Azərbaycan rəqsi, Azərbaycan qadını bir arada təcəssüm edir.

Onun parlaq fəaliyyəti sayəsində milli rəqs sənətimiz bir çox ölkələrdə tanınıb, sevilib və alqışlanıb. Bu, bir sənətkarın deyil, bir xalqın qürur mənbəyidir.

O, Azərbaycan mədəniyyətinin incisi, milli xoreoqrafiya sənətimizin əvəzolunmaz simalarından biridir. Onun illərlə çəkdiyi zəhmət, səhnədə və səhnəarxasında göstərdiyi peşəkarlıq 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildi və Təranə xanım birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görüldü. Bu mükafat onun sənətə, estetikaya, klassik və milli dəyərlərə göstərdiyi ehtiramın dövlət səviyyəsində təqdir olunması idi.

Yaradıcılığı illər keçdikcə daha da püxtələşdi, yetirmələri, səhnəyə qazandırdığı obrazlar, estetik zövq və peşəkar baxışla formalaşdırdığı nümunələr təkcə tamaşaçıların deyil, həm də ölkə rəhbərliyinin diqqətindən yayınmadı. Belə ki, 6 may 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi onun sənətinin davamlı dəyərinin sübutudur.

Bu adlar və təltiflər sadəcə fəxri adlar deyil, bir ömrün sənətə sədaqətlə həsr olunmasının parlaq göstəriciləridir.

Altı onillik... Hər biri öz yerində bir mərhələ, bir fəsil, bir rəqs. O, bu illəri səhnəyə, tələbələrinə, mədəniyyətə, dəyərlərə həsr edib. Bu gün Təranə Muradovanın yubileyini qeyd etmək – onun yaratdığı dəyərlərə baş əymək deməkdir.

Səhnənin tozunu nəfəs kimi udan, işığını ruhuna hopduran bu qadın – indi də işıqlı yolda addımlayır. O yol təkcə arxaya baxmaq deyil, irəliyə işıq saçmaqdır. Təranə xanım hələ də yaradır, öyrədir, ruh verir.

Bəzən bir insan səhnəni dəyişməz – səhnə onunla dəyişər. Təranə Muradova o insanlardandır. O, təkcə rəqs etmir, sanki rəqsin özüdü.
Sizi alqışlayan minlərlə insan var, Təranə xanım.

Hər alqışda bir minnətdarlıq, bir sevgi, bir dua var. Ömrün rəqs kimi axar, işığın heç sönməz. 60 yaşınız mübarək!

# 119 dəfə oxunub

Oxşar xəbərlər

Möminə Xatun türbəsi  ilkin formaya uyğun bərpa ediləcək

Möminə Xatun türbəsi ilkin formaya uyğun bərpa ediləcək

17:04 5 avqust 2025
Antalya Muzeyi tamamilə yenilənir

Antalya Muzeyi tamamilə yenilənir

17:00 5 avqust 2025
Amerikalı memarla evlənən,  Los-Ancelesdə rus restoranlarında çıxış edən "Bəxt üzüyü"nün "Sevda"sı

Amerikalı memarla evlənən, Los-Ancelesdə rus restoranlarında çıxış edən "Bəxt üzüyü"nün "Sevda"sı

15:40 5 avqust 2025
"Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi!" - Gi de Mopassan

"Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi!" - Gi de Mopassan

15:25 5 avqust 2025
Rəssamlıqda opalizm məktəbini  yaradan, əsərləri Avropa Parlamentində sərgilənən Azərbaycan rəssamı - Günün tablosu

Rəssamlıqda opalizm məktəbini yaradan, əsərləri Avropa Parlamentində sərgilənən Azərbaycan rəssamı - Günün tablosu

15:02 5 avqust 2025
Kiyevin Ayasofya Katedralındakı minillik oyma yazılar rəqəmsallaşdırıldı

Kiyevin Ayasofya Katedralındakı minillik oyma yazılar rəqəmsallaşdırıldı

14:30 5 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər