Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Mehdi Dostəlizadənin “Motor səsi” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Cavanşir Yusifli
Yaxşı hekayələr həmişə, ya da əksər hallarda bizə tanış olan bir əhvalatın heç dəxli olmayan yerindən başlayır. Çünki məhz bu dəxli olmayan yer hekayə ustalarının heç nəzər salmadığı məqamdır. Bu mənada Mehdi Dostəlizadənin hekayəsi də istisna deyil, məncə, çox yaxşıdır. Bayaq vurğuladığım tərzdə yol alan təhkiyədə əsas keyfiyyət ekspressivlikdir, əhvalat sanki can qurtarmaq üçün nəql edilir, amma bəzi yerlərdə - “nəfəs dərimində” araya detallar girir (Leninin vaxtından Qorbaçova qədər) və bu tez-tələsik söylənən nəsnələr insanların düşüncə tərzinə işarə edir. Məsələ belədir ki, keçid məqamında elə insanların da “datçikləri” xarab olur... hekayə bunu yaxşı təqdim edir, çatdıra bilir.
Seymur Baycan
Müəllifin yaşını, təcrübəsinin azlığını mütləq nəzərə almaqla hekayəyə on ballıq sistemlə dörd bal vermək olar.
Hekayənin dili dinamikdir. Rahat oxunur. Adamı əzab-əziyyətə salmır. Lazımsız didaktika, fəlsəfə, ən əsası pafos yoxdur. Xüsusən, keçidlərdəki sərbəstlik, zaman probleminin həlli xoşuma gəldi. İradım isə ondan ibarətdir ki, hekayədə rus sözlərindən istifadə olunub. Dialoqlarda rus sözlərindən istifadə etmək olar, amma təhkiyədə olmaz. Bir də hekayədə fonu daha da artırmaq, hekayəyə bir az kolorit də əlavə etmək olardı. Belə olduğu halda əhvalat oxucuya daha çox təsir edə bilərdi. Müəllif özün təkmilləşdirsə, inkişaf etdirsə insanların adi həyatından, həyatın adi ritmindən bəhs edən sakit, təmkinli, səssiz-küysüz məişət hekayələri yaza bilər. Üstəlik, müəllifdə hazır mətnlərlə yaxşı işləmək potensialı gördüm. Yəni, Mehdi öz mətnlərini də yazmaqla bərabər Azərbaycan ədəbiyyatını müştəri gözü ilə diqqətlə, ardıcıl şəkildə oxuyub üstündə işləmək üçün hazır mətnlər, xammallar tapmalıdır. Azərbaycan ədəbiyyatında xeyli əsərlər var ki, üstündə təzədən işləyib asanlıqla "özəlləşdirmək" olar. Xeyli əsər özəlləşdirilməsi üçün oturub zülm-zülm ağlayır. Xeyli əsər oturub səbirsizliklə öz müştərisinin yolun gözləyir. Məsələn, Elçinin "Baş" romanını asanlıqla özəlləşdirib, orasına-burasına bir az əl gəzdirib "Xaş" adıyla rahatlıqla nəşr etmək mümkündür. Yaxud olsun Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" romanı. Məsəl üçün dedim. Xammal, hazır mətn nə qədər bayağı olarsa, üstündə işləmək, onu özəlləşdirmək bir o qədər rahat və asan olur. Hər kəs üstündə işləyəcəyi mətni özü seçməlidir, xammalı özü tapmalıdır. Bizim gənc yazıçılar özlərini çox əziyyətə salırlar. Niyə özünüzü bu qədər əziyyətə salırsınız? Hazır nə qədər roman, povest, hekayələr var. Götürün orasına-burasına bir az əl gəzdirin, öz romanınız, povestiniz, hekayəniz kimi nəşr edin. Neçə adama bu məsləhəti vermişəm. Nədənsə hələ ki, bu məsləhəti eşidən yoxdur. Bilmirəm onlara nə mane olur? Ya qorxurlar, ya da təcrübə çatışmır, bu işin yolun-yolağasın bilmirlər? Müxtəsər, fürsətdən istifadə edib gənc yazıçılarımıza xaricə ədəbiyyatdan daha çox yerli ədəbiyyatı oxumağı tövsiyə edirəm. Bununla bir daşla bir neçə quş vuracaqlar. Həm dili öyrənəcəklər, Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi ilə tanış olacaqlar, həm də özəlləşdirmək, üstündə işləmək üçün hazır mətnlər, xammallar tapacaqlar. Uğurlar arzulayıram.
Samirə Əşrəf
Çox dinamik hekayədir. Birnəfəsə oxuyub bitirdim. Hekayə mənə 60-cılar nəsrini, Elçinin Bakı kəndlərindən bəhs edən povest və hekayələrini, bir də Şahmarın məişət müstəvisində yazdığı hekayələri xatırlatdı. Müəllif kənd evinə yenicə köçmüş kişinin ailə həyatında, məişətində baş verən məqamlara toxunub. Özündən heç bir fəlsəfə toqquşdurmayıb, dastan açmayıb. Adi bir günü lazımı detallarla, nüanslarla təqdim edib. Hekayədə situasiya yaxşı təqdim olunsa da, qəhrəmanların xarakterləri tam olaraq göstərilməyib. Qəhrəmanın yaşantısında, alt qatında olan dramatizm istənilən kimi açılmayıb. Bütün hallarda bu cür gənc yaşda Mehdinin belə mövzulara toxunması, mətndən aydın hiss olunan dəqiq müşahidə və yazı qabiliyyəti ürəkaçandır. Müəllifə uğurlar arzu edirəm. Gələcəyinə şübhəsiz ki, inanıram.
Xəyyam Rəfili
"Motor səsi"ni çox bəyəndim. Oxuyub-bitirənə qədər ürəyim üzüldü. Yəqin Mehdinin də istədiyi elə bu idi. Əgər dostumuz Daniil Xarms üslubunda hekayə yazmaq istəyibsə, istəyinə nail olub. Bu tip mətnlərdə cümlə və dil qüsurlarına nə qədər bənd olmaq lazımdı, bilmirəm, amma yenə düşünürəm ki, səlis dildə (bəzəkli yox) yazılsa, daha effektli olardı. Bütün qüsurlarına baxmayaraq, hekayənin özünəməxsus atmosferi var və bu fərqliliyi görmək adamı sevindirir. Mehdiyə, fərqli olduğu üçün təşəkkür edirəm və uğurlar diləyirəm.
Fəridə
Mehdinin hekayəsinin ilk hekayə kimi çox uğurlu alındığını düşünürəm. Mətn boyu qəhrəmanın əhval-ruhiyyəsi oxucu kimi mənə sirayət edirdi, oxuduqca empatiya qura bilirdim. Qapazaltı kürəkənin həyatını, düşüncələrini filan motor söhbəti ilə əla açır. Tragikomik situasiyanı əla yaradıb. Sonluqda ən ağlabatan, ən məntiqli gedişi gedib yeni motor aldırmasaydı daha yaxşı olardı, məncə. Asana qaçmış kimi görünür bir az, amma hekayədə buna məcbur qalırsan bəzən, anlayıram.
Müəllifdən daha gözəl hekayələr gözləyirəm. Uğurlar. Bu hekayə məni oxucu kimi qazandı.
Nihat Pir
Mehdini təbrik edirəm. İlk hekayə kimi hətta ikiqat təbrik edirəm. Yumor hissi, süjet qurma texnikası çox xoşuma gəldi. Maraqlıdır. Alındıra bilib. Yəni, hekayəni yorulmadan oxumaq olur. Amma ciddi redaktə xətaları var. Məsələn, "Balacaboy, burnundan fırtıq axan bu gülməli kişini aşağıdan yuxarı süzdüm" cümləsində çaşqın situasiya yaranır.
Hekayədə kino gözü var, rejissor gözü var və eyni zamanda, mətn sürətli mətndir, dinamikdir. Sadəcə keçidlər uğursuz edilib. Bu da ilk hekayəsi olmasından qaynaqlanıb. Yəni, obraz motoru sökdüyü yerdə bir də görürsən ki, ustanın yanındadır. Aradakı boşluğa, ən pis halda, ulduzlar qoymaq olar ki, bunlar o qədər də ciddi problem deyil.
Alınıb – "zühuri-Mehdi dər nəsr", xeyirli olsun.