Kulis.az tənqidçi Mehman Qaraxanoğlunun “Nəsrimizə təşrif buyuran Selincer” yazısını təqdim edir.
Qəribə bir şakərim vardır; öz hekayələrimizlə eyni vaxtda xarici müəlliflərin də əlimə düşən hekayələrini paralel şəkildə oxuyuram. Şərif Ağın “Tərsinə fırlanan zərrəciklər” hekayəsinin bəxtinə bu dəfə Selincerin “Banan balığının asan ovlanan günü” hekayəsi düşdü. Niyə “bəxtinə” deyirəm? Çünki Selincer kimi bir dahinin hər hansı bir diskursunun (olsun kiçik, ya da böyük, fərqi yoxdur) sayrışmaları fonunda istənilən ədəbi məhsulu sərf-nəzər etmək və ya həmin mətnin davamlılıq dərəcəsini yoxlamaq həm yazıçı, həm də təhlilçi üçün böyük məsuliyyətdir.
Gəldiyim bir qənaəti sizinlə bölüşmək istəyirəm; bütün yaxşı, gözəl, maraqlı, sirli, çəkici (sinonimlərin sayını artıqmaq da olar) mətnlərin qapısına cəmi-cümlətani bircə açar düşür, əgər yüzlərlə açarın içərisindən onu tapa bilsən, xoş halına, tapmasan...
Yadınıza gəlirsə, divin arxasınca düşən Məlikməmməd məhz qanın iziylə gedib o quyu ağzına (“qapı ağzı”na da oxumaq olar) çıxır. Qan izi burada açar rolunu oynayır. Sonrakı qəziyyələr, tutaq ki, dəyirman daşının quyu ağzından kənarlaşdırılması, qardaşların:
- Ah, yandım, çəkin!” fəryadları və nəhayət, Məlikməmmədin quyaya sallanması... və hətta nağılın sonu da o qan izi ilə ilişkilidir.
Həm Selincerin, həm də Şərif Ağın “qan iyi verən” o cümləsini – o “qanlı” açarı tapmadan diskursa daxil olmaq qeyri-mümkündür.
Əvvəlcə Selincerin mətninə düşən o yeganə açarı tapmaq istəyirik. Fikrimizcə, məhz bu cümlə ola bilər:
“...Beş yüz yeddinci nömrədəki qız” saat yarımlıq gözləmə müddətində “Seks ya nəşədir, ya da cəhənnəm əzabı” adlı məqaləni” oxuyur... Bax, niyə qadın məhz o məqaləni oxuyur? Sonrakı hadisələr o “niyə”nin cavabını (və ya cavablarını!) ortaya qoyur.
Bəs Şərif Ağ “...Zərrəciklər”in açarını harada “gizlədib?” Açığı, yalnız ikinci oxudan sonra onu görə bildim. Fizika institutunun kiçik elmi işçisi Savalan Məmmədovun başına gələn o məlum “unikal” hadisədən sonra ərinin işə çıxa bilməyəcəyini bildirmək üçün qadını götürüb instituta zəng edir. İnstitutun zərrəciklər şöbəsinin qadın əməkdaşı ilə “zərərçəkmiş”in həyat yoldaşının söhbəti o qədər gözəl tutur ki, diskurs boyu axtardığımız o açar da qəfil üzə çıxıb “bərq vurur”:
“Sizə bir söz də deyim, aramızda qalsın, burda hamı ev növbəsinə yazılır, Savalan müəllimə deyin o da yazılsın. Düzdür, ümid yoxdur, amma yenə də!”
“Yazılıb. Mənim hesabıma”.
“Hə? Nə yaxşı?”
Hekayənin metafizik layını Savalan müəllimin arvadından başqa heç kim bu cür “yerli-yataqlı” göstərə bilməz. Müəllifin özü də bunu etiraf edir:
“Etiraf edirəm, hekayənin yazarı mən olsam da, baş verənləri Savalan müəllimin həyat yoldaşı İlhamə xanım qədər yerli-yataqlı danışa bilməzdim”.
Biz də bu mükalimədən o tərəfə - o “çılpaq” tərəfə hələlik getmək istəmirik. Sadəcə, durmaq, nəfəsimizi dərmək istəyirik...
Selincerin sözügedən hekayəsində də ana ilə qızının telefon söhbəti zahirən çox şəffaf təbəqələri tərpədir, belə götürəndə onları tərpətməmək də olardı, çünki bu məhrəm ərazi gənclərin sırf ailə məsələsi, hətta intim yataq məsələsidir. Amma təcrübəli ana ailənin məhz bu şəffaf yerdən qırılıb töküləcəyini sövq-təbii hiss edir və ona görə də onun nigarançılığı başadüşüləndir.
Qəhrəmanımız Savalan Məmmədov da məhz həmin yerdən “vurulur”. Vulqar görünsə də demək istəyirik ki, ona “qurşaqdan aşağı vurulan həmin zərbə”ni özgəsi yox, guya cinslər arasında bərabərliyi cani-dildən istəyən feministlər sayağı məhz öz “halal”ı vurur. Baxın, zərbənin “gözəlliyi”nə baxın:
“Xəyalında bütün zərrəcikləri bütün dəliklərdən yüz dəfə keçirirsən, amma aylardır özün bir dəlikdən bir zərrəcik keçirə bilmirsən!”
Belə “ağır” söhbətdən sonra yenə nəfəsimi dərmək istəyirəm...
Tənqidçilər Şərif Ağın qələmdaşı, tanınmış nasir Mübariz Örən yaradıcılığı haqqında danışarkən, adətən, onu dünya yazarlarının ən tənhası Selincerlə daha çox müqayisə edirlər. Xüsusən, Mübarizin “Balıq gülüşü” tezbazar belə “arenjeman”a daha çox məruz qalıb. Qınamaq da olmur, hekayələrin adları belə səs baxımından yaxındır: Bir tərəfdə “Balıq gülüşü”, digər tərəfdə “Banan balığının ovlanan günü”.
Bütün hallarda, Selincerlə müqayisə olunan hər hansı bir yazıçı xoş hislər keçirir. Selincerin əsərləri az qala deşifrə edilib oxunur. Ən qədim işarələr, simvollar onun nəsrində yeni traktovkada verilir. Zen-buddizm məktəbinin simvolikasını dərindən mənimsəyən və sağlığında özü də müəmmalı simvola çevrilən Selincerin öz personajlarını idiotcasına sevmək xəstəliyi hətta oxuculara da keçir. Başlıca səbəb Selincerin öz mətnini, öz cümlələrini zahirən çox sadə, aydın və şəffaf qurmasında idi. Belə olduqda bütün sirli işarələr anidən “unudulur”, sərt, amansız həqiqətin qəfil haradan, hansı səmtdən zühur edəcəyini gözləmirsən və budur, həqiqət səni yaxalayıb, sənin üstündədir. Məhz bu an “unudulanlar”ı, o novellasayağı sonluqları yenidən xatırlamağa məhkum olursan. Qeyri-ənənəvi nəsr texnikasına malik olan yazıçının tək bircə “Çovdarlıqda uçurumdan qoruyan” romanı onun dünya ədəbiyyatında əbədi qalacağına zəmanət verir.
Tədricən “səhra böyüyür”. (Nitşe) Ona görə də nəfəsimizi dərmədən hər üç mətnə düşən açar-cümlələrə diqqət edək:
Selincerdə: “Seks ya nəşədir, ya da cəhənnəm əzabı” (“Banan balığının asan ovlanan günü”)
Hətta telefonda anasının öz səsini qaldırması da qızının diqqətindən yayınmır, əslində, bu, ananın nə qədər narahat olduğunu göstərən çox ciddi bir detaldır. Və ya mehmanxana nömrəsində Marielin özünü səliqə-sahmana salması epizodu. “Üzündəki xalın üstündə təzəcə bitmiş iki xırda tükü dartıb çıxardı”. Hələ hekayədə görünməyən Semor haqda ilkin informasiyaları da həmin telefon söhbətindən alırıq. Balaca qızcığaz Sibil intihardan əvvəl Semorun daxilindəki uşaqla həmsöhbət olur. Zənnimizcə, onu intihara sürükləyən də Sibil olur. Çünki Semor müharibədən təzə qayıdıb, ölüm, ağrı, göz yaşı görüb, daxilində özüylə müharibəyə apardığı uşaq da həmin ağır yükün altında qalıb səsini çıxarmır. Bax, həmin uşağı gərək hələ oyatmayaydı. Olsun ki, bu məqam Selincerşünasların gözündən yayınıb, bəlkə, onlar da deyiblər bunu, amma…
“- Getmirsən çimməyə? – Sibil dedi.– Hələ fikirləşməliyəm. Arxayın ola bilərsən, bu saat elə bu məsələni beynimdə ciddi götür-qoy etməklə məşğulam”.
Əslində, Semorun öz beynində ciddi götür-qoy etdiyi məsələ çimib-çimməmək “dilemması” deyil, intihardır. Semor baş tutacaq intiharın neqativlərini (şəkil anlamında!) cümlə-cümlə şəkilləndirir: “Bu gün banan balığının çox asan ovlanan günüdür”.
Banan balığı haqda söylədikləri də öz çıxılmazlığını fokuslandırmaqdan başqa bir şey deyildir; bir dəfəyə yetmiş səkkiz banan yeyən balıq şişdiyindən girdiyi çaladan çıxa bilmir. Semor da artıq “şişib”, yüklənib, o girdiyi həyat adlı çaladan heç bir zaman çıxa bilməz. Selincerin dahiliyi ondadır ki, o, bəşəriyyətə intihar kodunu verir. Bu kod intahar öncəsi mətndə, cümlələrdədir...
Mübarizdə: “...altda heç nəyi yox idi. Daha doğrusu, vardı... Yəni ki, paltar-zad yoxdu. Lütdü orası...”. (“Balıq gülüşü”) İnsanın özünün kişi kimi (və ya qadın kimi!) hiss etməsi anı bəlkə də həyatının ən xoşbəxt anıdır! Yazıçı məhz bu an üzərində dayanır! Əvvala, o (yəni, uşaq), kişidir – anasına kömək edə bilər! O, kişidir – hətta “yoxa çıxan” atasını da əvəz edə bilər! Üçüncüsü, o, kişidir – yaşıdlarından bir gün artıq yaşayıb! Dördüncüsü, heç nə elə-belə əldə edilmir. Uşaq o aktacan daha nələrdən keçmir? “O, bu günü özü qazanıb, - bu qazancın anasına heç bir xeyri olmasa da, - özü tapıb. Bu - onun ilk qazancıdı. Deməli yekəlib o. Böyüyüb!”. (“Balıq gülüşü”)
Beşincisini dahi Eyneşteyn deyəcək: “Bizim dövrün problemi atom bombası deyil. Bizim dövrün problemi insan qəlbidir”.
Mübariz Örən nəsri insan qəlbinin ən mübhəm gizlinlərindən söhbət açır. Dinlərin – xaçpərəstlik, induizm, islamın, hətta “yolu olmayan yol” adlandırılan daosizmin da ana yolları haradasa insan qəlbindən keçir və bir ortaq nöqtədə kəsişib, xəfif, yüpyüngül bir toxunuşla hətta bir-birilərinə təmas edə bilirlər. Mübarizin nəsri də məhz bu nöqtədən dünyanın ən sivil, avanqard nəsri ilə çulşır, bəşərilik, dünyəvilik qazanır.
Şərif Ağda: “Xəyalında bütün zərrəcikləri bütün dəliklərdən yüz dəfə keçirirsən, amma aylardır özün bir dəlikdən bir zərrəcik keçirə bilmirsən!” (“Tərsinə fırlanan zərrəciklər”)
Ortada daş vardır, amma daşın sındırdığı heykəlcik yoxdur. Şrödingerin pişiyi var, amma pişikləri yoxdur. Tərsinə işləyən saat var, amma saatlar yoxdur. Tərsinə fırlanan zərrəcik vardır, amma zərrəciklər yoxdur. Alim var, amma alimlər yoxdur:
“Sən doğrudan düşünürsən ki, biz burda elmlə məşğuluq?”
Unutmayaq, bunu institutun direktoru deyir. Bir sözlə, “tək”in cəm sirdaşı – “ağır” tərəfi bütünlüklə absurd realizmə hesablanıb.
Bəli, alim vardır: Savalan Məmmədov. “Savalan müəllim heç bir tərəddüd etmədən ovcundakı daşı var gücü ilə Nazim müəllimə tolazlayır, Nazim müəllim başını əyir, daş şkafın gözündəki “Düşünən adam”a dəyir, heykəlcik yerində qövsvari fırlanıb-fırlanıb təpəsi üstə döşəməyə düşür”. Düşünən adamların hamısı gec-tez o heykəl kimi qırılıb tökülür yerə... İnanamayan varsa, buyurub baxsın: “Təpəsinə dəysin alimliyi! Alim olub nə gün ağladı mənə?”.
Savalan müəllimin “qoşa dəliklər eksperimenti”ni mövcudluğa – varoluşa, deformasiyaya uğramış həqiqətə, baş-ayaq olmuş zamana qarşı asilik kimi də qavramaq olar. Amma bir şərtlə; qoşa dəlik yoxdur.
Açar sözləri Savalan müəllimə həyat yoldaşı İlhamə xanım deyir. O İlhamə xanım ki, ev növbəsinə yazılmaqdan ötrü ərinin “aylardır zərrəcik keçirə bilmədiyi” o dəliklə “spekulyasiya” edir.
Bu, artıq faciədir!
İnsan faciəsi, arzuları yerlə-yeksan olmuş onlarla, yüzlərlə alimin faciəsi!!!
Mən, həqiqətən, nəfəsimi dərmək istəyirəm...
Əslində, Savalan müəllimin eləyə bilmədiklərin qadın elətdirir. Dəhşət budur! Savalan müəllimin başına düşən daş onun həyatının metaforasıdır. O, həmin daşdan bir santimetr də aralana bilməz. O həm mövcuddur, həm də mövcud deyildir, həm ölüdür, həm də diri - Şrödingerin pişiyi kimi. Ona görə də qadını bu təcrübəni tez mənimsəyir.
Əlbəttə, qadın üçün pişik daha maraqlıdır.
Çünki pişik bir qədər qadın, qadın da bir qədər pişikdir.
Bircə qalır biz Savalan müəllimi hansı “müşahidə məntəqəsi”ndən və ya dünyalardan seyr edirik. Oxucu tərəddüd edir: Nəql olunanlar real, yoxsa irreal aləmdə baş verir? Bəs niyə təhkiyəçi onları indiki zamana daşıyıb, yəni, Savalan müəllimin başına daş düşən qəddar “intellektual” zamana?!
Şərif Ağın yaradıcılıq potensialının yeni tərəflərini bizə göstərən mürəkkəb strukturlu “Tərsinə fırlanan zərrəciklər” hekayəsi, sözsüz, fərqli interpretasiyalar tələb edir. Biz imkanımızca diskursa hermenevtik münasibətimizi ortaya qoymağa çalışdıq...
Hər bir istedadlı yazar bacardığı qədər öz mətnini sirli-sehrli etməyi bacarmalıdır. (Heç uzağa getməyək, bizdə Kamal Abdulla nümunəsi vardır!) Ən azından, buna cəhdlər olmalıdır. Əgər sehrli ağacdan dərilməsəydi, Məlikməmmədin dairəvi qızıl sinidə atasına gətirdiyi almaların da bir qəpiklik dəyəri olmazdı. Sevinirik ki, Mübariz Örən, Ataqam, Şərif Ağ, Sərdar Amin, Qismət, Hədiyyə Şəfaqət, Həmid Piriyev, Nihat Pir və onlarla başqaları anormal ədəbi konsept və absurd imitasiyalardan uzaq bir yolla gedir və ya getməyə cəhdlər edirlər.
Nəhayət, Selincerin nəsrimizə təşrif buyurmasını hərfi qavramda qəbul etmək doğru deyildir. Selincer bizim üçün çoxölçülü, çoxlaylı bir bədii sistem, zəngin ədəbi təcrübə qaynağı və bir sonsuz metaforadır. O çoxdan gəlib, lap əvvəldən. Və hər dəfə gələndə təkcə zen-buddizimdən nəsə gətirmir, bəşəriyyətin gəlib keçdiyi ana materiyadan, özünəqədərki bütün modern bədii-estetik, sosial-siyasi, dini-fəlsəfi cərəyan və “izm”lərin cəmindən nəsə alıb gətirir...