Tərsinə fırlanan zərrəciklər - Şərif Ağayardan yeni hekayə

Tərsinə fırlanan zərrəciklər - Şərif Ağayardan yeni hekayə
26 oktyabr 2021
# 09:00

Kulis.az “Hekayə günü” yazıçı Şərif Ağayarın yeni yazdığı “Tərsinə fırlanan zərrəciklər” hekayəsini təqdim edir.

Həmin gün fizika institutunun kiçik elmi işçisi Savalan Məmmədovun başına görünməmiş hadisə gəldi. Tərs kimi hamama şlyapasız girmişdi, yoxsa baş verən qəzanı nisbətən yüngül adladardı.

Qismət!

Başqa vaxt şlyapasını heç çıxarmazdı. Arada olurdu, fikri qarışanda başında zənn edib evdən çıxırdı, lap desən, beş-altı addım aralanırdı. Xoşbəxtlikdən tez-tez barmağının ucu ilə sağ qanadına ehmalca toxunub başında olub-olmadığını, düz dayanıb-dayanmadığını yoxlamaq şakəri vardı. Yoxsa biabır olardı! Evdən ya şlyapasız çıxdı, ya tumançaq, onun üçün fərqi yox idi.

Unitazda oturan kimi eyni anda özünü həm dalğa, həm zərrəcik kimi aparan işıq fotonlarını xüsusi cihazlar altında müşahidə eləmək üçün xəyali İsveçrə səfərinə çıxmışdı. Gələcək elmi araşdırmalarına aid ən vacib qeydlərin toplandığı yaşıl üzlü qovluq qoltuğunda təyyarənin trapından onu qarşılayan avropalı həmkarlarına əl yelləyib gülümsədiyi an üç səs eşitdi. Nəsə ağır və küt bir şey “Tak” eləyib onun başına, “Tuk” eləyib unitazın tininə, “Dak” eləyib hamamın döşəməsinə düşdü. Əvvəl bədənində cərəyan dolaşdı, ardınca ağrı hiss elədi, gözü qaraldı, oturduğu yerdə səntirlədi, əlini ixtiyarsız başına aparanda barmaqları qana bulaşdı.

Bir əli başında şalvarını darta-darta hamamdan çıxıb xanımını harayladı. Xanımı onu bu halda görcək həyəcanla çığırdı, əlini üzünə atdı, amma özünü itirmədi, hamamın qarşısındakı dar koridorun yırtıq-deşiyini eşələyib balaca bankada bal, qol uzunluqda kirli cuna çıxartdı, balı ovcuna töküb qanayan yerə basdı, cuna ilə möhkəm-möhkəm sarıdı. Sonra ərini ehtiyatla otağa keçirib qapının solundakı ensiz, köhnə divana uzatdı.

Savalan müəllim əli yarasının üstündə ağrıdan ufuldayır, qana batmış üz-gözünü qırışdırırdı.

“Ürəyin bulanmır ki?” – xanımı soruşdu.

“Yox” – Savalan müəllim cavab verdi.

Xanımın hazırladığı ballı şərbətdən iki-üç qurtum içib kəkələdi:

“İşə gedə bilməyəcəm.”

“Narahat olma, zəng edərəm mən. İndi təcili yardım da çağıraram.” – xanımın deməyi ilə otaqdan getməyi bir oldu.

Savalan müəllim bilirdi, o, qonşuya keçib təcili yardıma, dalınca institutun ümumi şöbəsinə zəng edəcəkdi. Hətta artıq zəng edirdi və Savalan müəllim xanımının ümumi şöbədə işləyən zəvzək qızla söhbətini hardansa eşidirdi:

“Alo! Fizika institutudu? Zərrəciklər şöbəsi lazımdır.”

“Buyurun. Eşidirəm.”

“Sabahınız xeyir. Zəng elədim deyəm ki, Savalan müəllimin başına daş düşüb, işə gələ bilməyəcək.”

“Savalan müəllim kimdir? Siz nə danışırsınız?”

“Kim olacaq?! Sizin işçiniz!”

“Başa düşmədim.”

“Xanım, bura fizika institutu deyil?”

“Bəli!”

“Atan rəhmətlik. Kiçik elmi işçiniz Savalan Məmmədovu tanımırsınız?”

“Əlbəttə tanıyıram! Nə olub Savalan müəllimə?”

“Başına daş düşüb!”

“Necə yəni başına daş düşüb?”

“Başına daş düşüb də. Necə deyirəm, elə o cür. Niyə anlamırsınız? Fizika institutunun zərrəciklər şöbəsinin kiçik elmi işçisi Savalan Məmmədovun başına daş düşüb.”

“Xanım, düzünü bilmək istəsəniz, hamımızın başına daş düşüb. İş yox, maaş yox, bütün günü boş-bekar oturmaqdan cana doymuşuq.”

“Yox! Hahaha! O mənada demirəm. Həqiqətən də başına daş düşüb. Hamamda. Siz də bağışlayın, unitazda oturduğu yerdə. Biz yataqxanada yaşayırıq, bizdə hamamla tualet bir yerdədir. Etika xatirinə tualet kəlməsini işlətmirik.”

“Hamamda daş nə gəzir axı? Özü də göydə...”

“İzah edim. Binamız köhnədir. Su və kanalizasiya boruları axıdır. Bir yandan da hamamın buxarı... Tavanın paneli nəmişlikdən ovulub tökülür. Hər səhər ordan iki-üç xəkəndaz qum-çınqıl təmizləyirəm. Bu dəfə bədbəxtlikdən qum-çınqıl yox, alma boyda daş düşüb. Özü də düz Savalan müəllimin başına... Tərslikdən hamama şlyapasız giribmiş.”

“Şlyapa?”

“Bəli.”

“Şlyapanın bura nə dəxli var?”

“Siz onu tanıyırsınızsa bilməmiş deyilsiniz. Şlyapasını heç vaxt çıxarmır. Keçəlliyinə görə utanır. Axı bir alim keçəlliyinə görə niyə utansın? Şəxsən mən alimlərin keçəl olduğunu uşaqlıqdan bilirəm. Sizcə də elə deyil?”

“Bəli, bəli, elədir. Buralar keçəl adamlarla doludur. Aramızda qalsın, bizim direktor da keçəldir. Hahaha! Üstəlik başı parıldayır. Elə bil yağ sürtmüsən. Hahaha!”

“Hə! Hə! Hahaha! Görmüşəm direktorunuzu”.

“İndi hardadır?”

“Kim? Direktorunuz?”

“Yox, Savalan müəllim.”

“Harda olacaq, uzatmışam divana. Al qanın içindədir.”

“Vay-vay. Həkim çağırmısız?”

“Çağırmışam, amma nahaq!”

“Niyə?”

“Onlar bu cür yaraya tikiş qoyur, tikişin də yeri qalır. Təsəvvür edin, arıq və daz bir alim, başının keçəlində çapıq!”

“Haqlısınız. Mən rəhbərliyə mütləq məlumat verərəm. Bir azdan gələcəklər. Siz yəqin Savalan müəllimin həyat yoldaşısınız.”

“Əlbəttə. Başqa kim onun haqqında belə danışa bilər? Yoxsa başqa qadınlar da onun üçün zəng edirlər?”

“Yox. Ah! Siz nə danışırsınız?”

“Mənə düzünü deyin!”

“Savalan müəllim çox mədəni və abırlı adamdır. Mən ər-arvad olduğunuzu sadəcə təxmin etdim.”

“Nədən təxmin etdiniz?”

“Yalnız elə bir alimin sizin kimi ağıllı arvadı ola bilər.”

“Təpəsinə dəysin alimliyi! Alim olub nə gün ağladı mənə?”.

“Tək Savalan müəllim deyil, bütün elm adamlarının vəziyyəti belədir.”

“Siz allah bütün günü orda nə edirlər?”

“Adları əcinnəyə oxşayan alimlərdən danışırlar. Mübahisə edirlər. Bəzən sənəd-sünəd, məktub-filan olur, onu işləyirlər, bəzən də başlarını stola qoyub yatırlar.”

“Savalan müəllim də yatır?”

“Nə yalan deyim, onun yatdığını görməmişəm, amma arada yorğunluqdan əsnədiyini görmüşəm.”

“Nə iş görür ki, yorula?”

“Adam bekarçılıqdan da yorulur.”

“Hə, bax bunu yaxşı dediniz.”

“Sizə bir söz də deyim, mənim adım olmasın, burda hamı ev növbəsinə yazılır, Savalan müəllimə deyin, o da yazılsın. Düzdür, ümid yoxdur, amma yenə də!”

“Yazılıb. Mənim hesabıma.”

“Hə? Nə yaxşı?”

“Bizə təzə komendant qoyublar axı. Gələn kimi dirəşdi ki, otağa görə pul verməlisiniz. Denən, Savalan müəllim, bircə dəfə onun yanına düşdün? Elə bil, qorxur bu yaramazdan! Komendant cəhənnəm, heç olmasa, öz direktorunuza dedin dərdini?! Deməz! Özünə sığışdırmaz! Bütün işin-gücün dalınca mən qaçmalıyam!”

“Bəs nə etdiniz?”

“Heç nə! Düşüb yola getdim sizin direktorun yanına, vəziyyəti danışdım, sağ olsun, dedi, əlimdən gələni edəcəm.”

“Komendanta bir söz demədiniz?”

“Qələt eləyir. Onun dərdi pul deyil, arvadlardı. Adamın dalınca ağzının seliyini axıdır. Biz də qəsdən əndamımızı oynadırıq ki, yanıb tökülsün. Hahaha!”

“Hahaha! Aləmsiz e... Bəs indi hardan zəng edirsiz?”

“Uzun söhbətdir. Sizə sonra zəng edərəm. İstəsəniz vatsapda görüntülü danışarıq.”

“Zəng edin. Mütləq. Savalan müəllimdən də xəbər bilmək istəyirəm.”

“Hə, xəbər edərəm, sağ olun.”

“Sağ olun!”

İlhamə xanım hər şeyi yerli-yataqlı danışdı, bircə Savalan müəllimin şlyapa söhbətinin üstündən tez keçdi. Görünür, bu barədə təfərrüatı bilmirdi.

Savalan müəllimin cavanlıqdan şlyapaya xüsusi bağlılığı vardı, saçı tökülməyə başlayanda bir növ məcburiyyətə çevrildi.

Onun saçının şlyapaya görə töküldüyünü deyənlər də var. Necə? Havasızlıqdan! Yay-qış başından çıxarmırdı ki!

Tay-tuşları o vaxtdan şit zarafatlara başladılar; gah gözlərinə əndrəbadi görünən bu baş geyiminin dimdiyindən tutub sifətinə çəkir, gah ortasından vurub başında yastılayır, gah da bir tərəfini qaldırıb əyirdilər. Ən pisi başından götürüb qaçmaları idi. Elə bil şalvarını çəkib ortalıqda lüt qoyurdular. Əlini ayıb yerinə atırmış kimi başını qovzayır, qışqırır, söyür, uşaqları daha da əyləndirirdi.

Şükür.

Çox şükür!

Yaş keçdikcə tay-tuşları yaramaz adətləri tərgitdilər. Zaman bir yerdə durmur axı. Su misalı axıb gedir. Cavanlıq da eləcə.

Öz xoşu ilə şlyapasını yalnız tələbə vaxtı sevdiyi qızın hüzurunda çıxarmışdı. O da qəfil baş vermişdi. Yəni, intuitiv. Məzun günü axşam parkda gəzirdilər. Hamı getdi, ikisi qaldı. Savalan müəllim gündüzdən içdiyi tünd şərabın təsiri ilə şlyapasını alıb qulağının dibinə atdı, gözlərini yumub qəfil oxumağa başladı. Gözlərini açanda qız yox idi.

O gündən onu bir daha görmədi.

Gənclik dedimi, hər dəfə gözü önündə həmin mənzərə canlanırdı.

Gənclik də eynən o qız kimi izsiz-tozsuz getmiş, Savalan müəllimi öz şlyapası ilə tək-tənha qoymuşdu.

Çoxlu səbəblərdən gəncliyinin qayıdıb geri gəlməsini istəmirdi. Bu imkansız arzunu nəzəri cəhətdən yalnız bir şərtlə qəbul edərdi: saçları tökülməsəydi!

Kim bilir, bəlkə o qancıq da keçəlliyini görüb tərk eləmişdi Savalan müəllimi!

İlhamə xanım təskinlik verirdi ərinə: “Mənim üçün belə də yaraşıqlısan!”

Gülürdü, inanmasa da, xoşuna gəlirdi.

İnandırırdı xanımı: “Bircə eybin var, o mənasız zərrəciklərlə çox yorursan özünü.”

Doğru deyirdi. Savalan müəllimin fizika ehtirası bir başqaydı. Yazılıb-pozulanlarla kifayətlənmir, özündən yeni şeylər icad edirdi. Misal üçün, qoşa dəliklər eksperimenti ilə bağlı əcaib hallüsinasiyalar yaşayırdı. Əgər zərrəciklər təcrübə şəraitində öz keçmişinə təsir edirdisə, ənənəvi zaman anlayışı itirdi. Budur Savalan müəllim nəzəri bilikləri praktikaya yönəldir, öz keçmişini dəyişir, saçının tökülməsinin qarşısını alırdı.

Doğrudan əlinə belə bir imkan düşsə daha nələri dəyişərdi?

Yenə fizika sahəsinə gedərdimi?

Yenə İlhamə xanımla evlənərdimi?

Lap əvvələ getsə, özünə başqa vətən seçərdimi?

Ümumiyyətlə, doğulmaq istəyərdimi?

Çətin suallar idi!

Savalan müəllimin ən böyük dərdi öz işinin əhəmiyyətini sevimli xanımına başa sala bilməməsiydi. O, məsələni ən sadə tərəfindən izah etməyə çalışırdı. İşıq şüasını tək dəlikdən keçirəndə zərrəciyə, qoşa dəlikdən keçirəndə dalğaya çevrilir. Müşahidə kamerası qoyub hadisənin necə baş verdiyini öyrənmək istəyəndə isə zərrəciklər sanki izləndiyini bilir, ərköyünlük edib dalğa funksiyasından çıxır. İlhamə xanım istəsə buracan anlayardı. Çətini Eynşteyni qorxudan məqam idi. Yəni cisimlər arasındakı qorxunc məsafə! Əslində bunu anlamağın da sadə yolları vardı. Məsələn, “evlənən zərrəciklər” ifadəsini işlətmək olardı. Oğulsan bundan sonra xəyali qoşa dəlikdən qoşa zərrəcikləri keçir! Məsələnin bu məqamı Savalan müəllimin özü üçün də tam aydın deyildi. Bəlkə bu səbəbdən əkiz zərrəciklər eksperimentinə heyran idi. Elmi qənaətə görə daima biri-birinin əksinə davranan bu zərrəcikləri mümkün qədər əyani təsəvvür etmək üçün şəhərdəki tanış saatsaza tərsinə işləyən saat düzəltdirmişdi. Yataqxanadakı otağından asdığı yumru divar saatının eynisini... Bir o qalırdı tərsinə işləyən saatı düzünə işləyən saatın yanına assın, aralarında iplə əlaqə yaratsın, bununla da istənilən uzaqlıqda biri-biri ilə işıq sürətindən daha tez xəbərləşib fizikanın peyğəmbərini vahiməyə salan cisimləri hardasa, necəsə əyani görmək şansı qazansın.

İnanılmaz zövq idi!

Amma ilin-günün bu vaxtı İlhamə xanıma zərrəciklərdən danışmağa hünəri çatmazdı. Qadının əvvəldən bu mövzudan zəhləsi gedirdi, bir yandan da tərsinə işləyən saat çıxmışdı ortalığa. Zərrəciklər onların balaca komasına uğursuzluq gətirmişdisə, tərsinə işləyən saat fəlakət gətirəcəkdi. Onu ilk görəndə İlhamə xanımı səssizə qoyulmuş telefon kimi titrəmə tutdu, bütün bədəni qəzəblə uğuldadı. Savalan müəllim saatın batareyasını çıxarıb yorğan-döşəyin arasında gizləməli oldu.

Axırıncı dəfə tək və qoşa dəlikdən keçirilən zərrəciklərin özünü doğrudan da qorxunc aparmasından ağız dolusu danışan vaxt İlhamə xanım ehtirasla gülümsünmüş və onun ən zəhləsi gedən hərəkəti etmişdi - şlyapasının dimdiyindən dartıb arıq sifətinə çəkmiş, dalınca da bombanı partlatmışdı:

“Xəyalında bütün zərrəcikləri bütün dəliklərdən yüz dəfə keçirirsən, amma aylardır özün bir dəlikdən bir zərrəcik keçirə bilmirsən!”

Dalınca da bir qəhbə, bəli, məhz, qəhbə qəhqəhəsi!

Savalan müəllim şlyapa sifətində arvadının məsələni az da olsa anlamasına sevinmişdi.

Amma Şrödingerin pişiyi maraqlı gəlirdi İlhamə xanıma. Pişiyi bir qutuya salırsan, yanına da parçalanıb zəhər buraxan atom zərrəciyi qoyursan. Zərrəciyin pişiyi öldürmə ehtimalı əlli faizdir. Nə qədər qutu bağlıdır pişik bizim üçün həm ölüdür, həm diri, yalnız açıb baxanda bu iki həqiqətin birinə vaqif oluruq.

Pişiyi ölü gördüyümüzü zənn edək. Onun ölü olduğuna tamamilə əminikmi? Şrödingerə görə, xeyr! Biz sadəcə onun ehtimal olunan əlli faizini görmüş sayılırıq. Bizimlə eyni vaxtda pişiyi sağ görən paralel dünyalar vardır. Bundan da qorxuncu, diri pişiklə ölü pişik arasında milyonlarla pişik vardır: yenicə zəhərlənən, zəhər bədəninə işləyən, yıxılmaq üzrə olan, artıq yıxılan və s. Baxır hansı dünyadan müşahidə edirsən və hansı pişiyi görürsən.

Təbii, bu yerdə İlhamə xanımın başı şişirdi və ərinə dediyi sözlərlə kələfin ucunu əvvəldən qaçırdığını büruzə verirdi: “Pişik maraqlıdır, zərrəciklə korlayırsan!”

Savalan müəllim az qalırdı ağlasın. Axı atom zərrəciyi olmasa, pişik əhvalatı necə maraq kəsb edə bilər?

Gənclikdə o qədər arzu-istəyi vardı, arxasınca əlini alnına qoyub baxırdı. Gerçəkliyin soyqırımına məruz qalan o çəyirtkə sürüsü arzulardan geriyə cəmi iki-üçü qalmışdı: elmi işini yazıb bitirmək, İsveçrəyə ezamiyyətə getmək, mənzil almaq...

Həyat ideallarına dövrünün qeydsiz-şərtsiz peyğəmbəri sandığı Eynşteynin qəbrinə baş çəkmək də daxil idi, di gəl, onun da qəbri yox idi.

Peyğəmbər demiş, bu sözün üstündə də başı bəlalar çəkmişdi. Tələbə şəhərciyinin çayxanasında dindarlar onu öldürmək istəmişdilər. Deyirdilər, sən hansı cürətlə kafirin birini o ülvi zata tay tutursan? Savalan müəllim qorxmuşdu qorxmağına, amma həm də hikkəsindən yanıb-tökülmüşdü. Çünki dindarlar Eynşteyni nəinki tanımır, heç adını da düz-əməlli tələffüz edə bilmirdilər.

Hələ feysbukda dilini çıxarıb şəkil çəkdirməsi... Hahaha! O hardan ağlına gəlmişdi? Anındaca fizika institutundakı xəbərçilər şəkli print eləyib direktora çatdırmışdılar. Çağırmışdı Savalan müəllimi. Sakit-sakit danışmışdı:

“Sən bizim institutun simalarından birisən, ictimai yerlərdə özünü belə yüngül aparmağın nüfuzumuza xələl gətirir.”

Savalan müəllim utana-utana Eynşteynin də belə bir şəkli olduğunu söyləmişdi. Direktor təmkinini pozmadan demişdi:

“Fotoelektrik effekti kimi bir kəşfi dünyaya bəxş edəndən sonra ağzıaçıq yox eee, lap götüaçıq da şəkil çəkdirə bilərsən, sənə heç kim heç nə deməz. Sənsə kim olduğunu, harda yaşadığını unudursan. Biz xırda adamlarıq, oğul. Sənin araşdırmaq istədiyin o zərrəciklər kimi. Mikroskopik! Başa düşürsən?”

Savalan müəllim dinməmişdi. Başını aşağı salmışdı. Amma elə ordaca direktorun yanıldığını düşünmüşdü. Çünki zərrəciklərin kiçikliyi şərtidir. Onlar çox mürəkkəb xarakterə malikdir. Ağlabatan nəzəri biliklərə çatdıqca vəziyyət daha da çətinləşir, kəşf olunan hər bir qanunauyğunluq yanında azı beş böyük sual gətirir. Bu səbəbdən bircə zərrəciyin araşdırılması üçün milyonlarla pul xərclənir, nəhəng elmi müəssisələr tikilir.

Kimə deyirsən?

Nazim Mirzəyevdən şübhələnirdi. O da eyni şöbədə kiçik elmi işçi idi. Tərs kimi Savalan müəllimlə üzbəüz otururdu. Arxasında şkaf, şkafın görməli yerində “Düşünən adam” heykəlciyi... Özününsə düşünməklə arası yox idi. Bütün günü ya feysbukda qadın tutmağa çalışır, ya smartfonda “Zuma” oynayır, ya da boş-boş mübahisələr etmək üçün ona-buna söz atırdı. Ən pisi, otaqda baş verənləri direktora çatdırırdı.

Savalan müəllim Eynşteyni alim yerinə qoymayan bütün fotonların, elektronların, protonların və neytronların acığını Nazim müəllimdən çıxmaq, bilib-bilmədiyi bütün həqiqətləri “şap” deyə qırmızı və həyasız sifətinə çırpmaq istəyirdi.

Həmin gün günorta vaxtı təsadüfən institutun qarşısındakı parkda olsaydınız əlində ağ kulyok belini əyə-əyə binanın içinə tələsən şlyapalı bir adam görəcəkdiniz. Heç şübhəsiz, o, bizim Savalan müəllim idi və institutun direktoru Həbib Salmanovun qəbuluna tələsirdi. Turnekeyə yaxınlaşır, qızdırmasını ölçdürür, liftə tərəf addımlayır, biz arxadan onun şlyapasının altından ağ, kirli cunanın azca sallandığını görürük. Özünün xəbəri yoxdur, olsa, barmağının ucu ilə şlyapanın altına itələyər.

Həbib müəllim öz yerindədir. Daz başı əvvəlki kimi parıldayır. Eynəyini taxıb rəngi saralmış köhnə bir qəzet oxuyur. Nahardan yenicə qayıdıb. Boğazında institutun bufetində yediyi yağsız düyünün və qaynadılmış göy-göyərtinin xəfif dadı qalıb. Əvvəllər yaxşı yeyib-içən bu balacaboy, yumru kişi indi həkim dostlarının məsləhəti ilə sağlamlığının qeydinə qalır. Yeməyinə diqqət edir, axşam, səhər, günorta institutun bağında azı yarım saat gəzir.

Şübhəsiz, əsəblərini də ciddi-ciddi qoruyur. Ona görə istənilən vəziyyətdə özünü mülayim aparmağa çalışır.

Savalan Məmmədov əlində ağ kulyok içəri girəndə də Həbib müəllimin ovqatı yaxşıydı.

Heç nə söyləmədən ona yaxınlaşdı, kulyokun içindən yumruq boyda daşı çıxarıb stolun üstünə qoydu, dalınca, görünməmiş hadisə, şlyapasını çıxarıb başındakı kobud sarğını göstərdi. Həbib müəllim təəccüblənmədi, üzündəki təbəssümü qorumağa çalışdı. Əli ilə Savalan müəllimə oturmaq işarəsi verdi. Savalan müəllim şlyapasını başına qoyub direktorun göstərdiyi stulda əyləşdi. Həbib müəllim araya düşən sükutu fürsət bilib hardansa çıxartdığı ağ zərfi stolun üstü ilə yavaşca Savalan müəllimə tərəf sürüşdürdü, çənəsini uzadıb götür işarəsi verdi.

O kimin əli idi ildırım sürəti ilə zərfi alıb Savalan müəllimin qoltuq cibinə qoydu?

O hansı qüvvə idi onu yerindən dik qaldırdı, “Sağ ol” belə söyləmədən otaqdan qaçmağa vadar etdi?

Eyninə deyildi Savalan müəllimin!

Koridordan keçəndə bir anlıq iş otağının qapısını açıb yoldaşlarının üzünə baxdı. Hamı yerindəydi. O, otaqdakıların üzünə gözləri böyümüş halda, qorxu və həyəcanla baxırdı. İş yoldaşları da sakit-səssiz Savalan müəllimə baxırdılar. Sanki onun qəfil bir dəlilik edəcəyini gözləyirdilər. Savalan müəllim heç bir qeyri-adi hərəkət etmədən qapını örtdü, iti addımlarla pilləkənə tərəf getdi. Pillələri enməyə başlayanda əli ilə qoltuğundakı zərfi yoxladı.

İnstitutun girişindəki mühafizəçilərin də, adamların temperaturunu yoxlayan kuryerin də, binaya girib-çıxan alimlərin də sifətində səbəbi bilinməyən bir qəzəb vardı. Hər an Savalan müəllimə hücum edə, ona xəsarət yetirə bilərdilər. Həyətə qorxa-qorxa çıxdı. Binanın qarşısında qoltuğundakı zərfi yenə yoxladı. Birdən gözü bağdakı nəhəng ağaclara sataşdı. Ağaclara və onların alaqaranlıq kölgəliyinə! Necə vahiməli idi! Kim bilir kimlər vardı o ağaclığın aldadıcı sakitliyində? Niyyətləri nə idi? Hələ səkiylə gələn adamın sifəti... Necə vahiməli idi? Biləyindən yapışıb qolunu burardı Savalan müəllimin. Bəli, məhz belə edərdi. Həm də lap xırçıldayana qədər burardı, Savalan müəllim məcburən arxasını çevirib bədənini ona doğru əyər, ağrıdan sızıldayardı. Budur, elə bu an onun sol əli Savalan müəllimin qoltuq cibinə uzanır, zərfi axtarır...

Dayandı, pencəyin üstündən zərfə toxundu. Özü-özünə yavaşca “Yox” söylədi və səkini tələsik o üzə keçdi. Lakin bir anlıq arxaya çevrilməkdən və keçib getməkdə olan zəhmli adama son dəfə baxmaqdan özünü saxlaya bilmədi.

Yataqxananın qarşısındakı tanış-bilişə də yaxınlaşmaq istəmədi. Onların duruşundan, baxışından, hərəkətlərindən şübhə tökülürdü. Elə bil nəsə gizli planları vardı. Ax, alçaqlar! Savalan müəllimi domino oynamaq adı ilə tələbə şəhərciyinin çayxanasına aparmaq, başını qataraq gecənin düşməsini gözləmək və qaranlığı fürsət bilib onu öldürmək istəyirdilər. Çox güman, diqqət yayındırmaq üçün əlini kəmərinə keçirib yolla keçən maşınlara baxan üzbəüz qonşu gecədən cibinə qoyduğu qırmızı dəstəkli qatlama bıçağı onun ürəyinə saplayardı. Ya da başındakı kirli cunanı boğazına dolayıb boğardılar onu.

Uzaqdan hərlənib küçənin əks tərəfindən binaya yaxınlaşdı, şlyapasının dimdiyi ilə üzünün bir tərəfini örtüb içəri keçdi. Şükür, görmədilər onu! Foyeyə girəndə komendantın otağının qapısı açıq idi. Yerində donub qaldı. Necə olmuşdu, həmişə it damına bənzətdiyi, açıq olduğu vaxt qarşısından keçməyə ürək etmədiyi bu otaq onun yadından çıxmışdı? Bütün təhlükələri düşünmüşdü, bircə bunu yox. Budur, komendant gülə-gülə çıxır, onun hal-əhvalını soruşub qoluna girir, otağına tərəf çəkir, Savalan müəllim ayağını dirəyib getməməyə çalışsa da alınmır. Həm gənc, həm yekəpər komendant onu az qala itələyə-itələyə otağa salır, qapını bağlayır, qoltuğundakı ağ zərfi zorla çıxarıb öz cibinə qoyur və gülə-gülə deyir: “Gələcəyinizi bilirdim!”

Zərfi geri qaytarması üçün komendanta yalvarmaq istəyir, səsi çıxmır. Bir anlıq İlhamə xanımla bu yekəpər cəmdəyi bir yerdə xəyal edir, ürəyi bulanır. Bu dəfə “Yox” deyəndə səsi bərkdən çıxır, öz səsinə özünə gəlir və paltarın üstündən cibindəki zərfi bərk-bərk sıxdığını görür.

Komendantın otağından özü yox, yaşlı xadiməsi çıxdı, əyri ayaqlarını ata-ata ördək yerişi ilə yaxınlaşdı. Savalan müəllim cibindəki zərfdən əlini çəkmədən divara qısıldı. Xadimə bir əlində süpürgə, o birində xəkəndaz onun qarşısında dayanıb mehriban səslə soruşdu:

“Sizə nə olub, Savalan müəllim?”

Deməyə söz tapmadı. Sakitləşsə də qorxusu keçib getməmişdi. Mədəsinin üstündə mığmığa qaynaşırdı. Yaşlı xadimə onun özündə-sözündə olmadığını görüb eyni addımlarla dalın-dalın getdi, gözlərində qorxu dolaşdı.

Savalan müəllimsə divara qısıla-qısıla otağına tərəf addımladı.

Üstündəki zərfi İlhamə xanıma verər-verməz bayaqkı qorxu-təlaşı sovuşub getdi. Kefi açıldı. Oturub yemək yedi. Hətta tərsinə işləyən saatı divardan asmaq üçün münbit şərait yarandığını anladı. İlhamə xanımdan bir də xahiş elədi. Qadın ağ zərfin sevincindən ərinə heç nə demədi.

Savalan müəllim tərsinə işləyən saatı öz əkizinin yanından asdı, çıxdığı stulun üstündə dayanıb uzun müddət hər iki saata tamaşa elədi. Sonra döşəməyə enib baxdı, qapının ağzından baxdı, divanın yanından baxdı, divana oturub baxdı, koridora çıxıb baxdı, boynunu əyib baxdı, çəpəki durub baxdı...

Savalan müəllim saata baxdı, İlhamı xanım Savalan müəllimə.

İlhamə xanım yoruldu, Savalan müəllim yorulmadı.

Növbəti xahişi isə qadını tamam hövsələdən çıxartdı, o, səsini qaldırmaqdan özünü saxlaya bilmədi; Savalan müəllim saatları iplə bir-birinə bağlamaq istəyirdi!

Arvadının dəmir qab kimi cingildəyən səsi Savalan müəllimin gündüzkü qorxusunu təzələdi, içindən soyuq bir üşütmə keçdi, bununla da ip söhbətini yığışdırdı.

Gecənin bir aləmi daha bir ilahi fürsət yarandı. Savalan müəllim yerdə yumrulanıb yatmışdı. İlhamə xanımın ağlına nə verdisə çarpayıdan düşüb arxadan ona soxuldu, belini möhkəm-möhkəm qucaqladı. Qadının əli Savalan müəllimin göbəyinin üstünə gələndə qarnının dərinliklərindən dalğa kimi nəsə baş qaldırdı və bütün bədəninə yayıldı. Necə kövrəldisə, ağlamaqdan özünü güclə saxladı. Xəyal yenə apardı onu. Görəsən, xoşbəxtlik dalğadır, yoxsa zərrəcik? Dəqiq bilmir, amma hər ikisinin insanın qarnında yerləşdiyinə əmindir. Deyəsən, kədər dalğa, sevinc zərrəcikdir. Bir də var heç nə ifadə etməyən hisslər və duyğular. Onların kütləsi yoxdur. Fotonlar kimi...

Bəs bədbəxtlik necə, dalğavaridirmi? Bəlkə o da işıq kimi ikili xarakterlidir. Bədbəxtlik zərrəcikləri insanın bədəninə dalğa kimi yayılır. Bu qədər sadə. Bax indi İlhamə xanımın əlinin təması ilə onun göbəyindən yayılan kimi. Amma üzünü arxadan mehribanlıqla üzünə söykəməsi işin içinə bir az da xoşbəxtlik qatır. Savalan müəllimi ürəkləndirən də bu hərarətli təmas olur və o, gözlənilmədən deyir:

“İlhamə, xahiş edirəm, saatları bir-birinə bağlamağıma icazə ver!”

Qadının qolları boşalıb aşağı sürüşür, dərindən köks ötürüb üzünü çevirir və narazı-narazı deyir:

“Nə bilirsən elə! Allahın cəzası!”

Savalan müəllim yerindən güllə kimi qalxır, şlyapasını qoyub işığı yandırır. İllərlə üstündə gəzdirdiyi ipi şkafdakı plaşının cibindən çıxarıb saatlara yaxınlaşır, ayağının altına stul qoyub qalxır və çox ehtiyatla ipi saatların arxasına keçirib tarım çəkir, sonra hər iki saatı divarda rahlayıb yerə düşür, bir az aralanıb boynunu əyərək baxır, qaçıb yenə stula çıxır, əyri zənn etdiyi yerləri düzəldir. İşini bitirən kimi üzündə inanılmaz sevinc peyda olur. Yorğanın altından ərini seyr edən İlhamə xanım heyrətini gizləyə bilmir. O da ayağa qalxır, gəlib Savalan müəllimin yanında durur, biri sağa, o biri sola işləyən və barmaq yoğunluğunda iplə bir-birinə bağlanan saatlara baxır. Beləcə dəqiqələr ötür, Savalan müəllim bu zövqlü əyləncədən doymur. Mane olmasan sabahacan ayaq üstə beləcə dayanacaq. Arada stula qalxıb tərsinə işləyən saatın saniyəsini bir az ləngidir, düzünə işləyənlə dəqiq tənzimləyib bir də aşağı düşür.

İlhamə xanımın səsi eşidilir:

“Bunlar nədir belə?”

Savalan müəllim gözünü divardan çəkmədən cavab verir:

“Cisimlərin qorxunc məsafəsi!”

“O nə deməkdir?”

“İzah edə bilmərəm. Qısa desəm, paralel dünyalar var və biz onu kəşf etməyin beş addımlığındayıq.”

“Kəşf edib neyləyəcəyik?

“Nə danışırsan? – bayaqdan ilk dəfə ötəri də olsa İlhamə xanıma baxır – Əgər belə bir şey varsa, demək, bizim dünyamızdan, bizim ölkəmizdən, hətta bizim ailəmizdən başqa biri də var.”

“Necə yəni?”

“Başqa bir Savalan müəllim və İlhamə xanım da var.”

“Hə, çox yaxşı gündəyik, mütləq bizdən biri də olmalıdır.”

“Məsələ də elə burdadır də! Onlar xoşbəxtdirlər!”

“Nədən bilirsən?”

“Çünki əkiz zərrəciklər bir-birinin tərsinə fırlanır. Gördüyün bu saatlar kimi... Onlarda hər şey biri-birinin əksidir.”

İlhamə xanım incə, uzun barmaqları ilə saçını qulağının arxasına keçirib gecənin bal sükutuna soyuq damcılar kimi düşən saat çıqqıltılarının müşayiəti altında ərinə baxır. Savalan müəllim saatların hüzurunda şlyapasını çıxarıb sayğı duruşuna keçəndə onu gülmək tutur. Başındakı kirli cunanın bir ucu sol çiyninə düşüb Savalan müəllimi klassik şərq şairlərinə bənzədir.

Ətrafa şirin layla kimi yayılan ümid çıqqıltılarına Nazim Mirzəyevin istehza dolu səsi qarışır və Savalan müəllim birdən-birə özünü fizika institutundakı iş otağında görür:

“Mister Mamedov, dünəndən düşünürəm, tapa bilmirəm, səncə, Şrödingerin pişikləri hansı rəngdədir?”

Savalan müəllimin bədənindəki bütün zərrəciklər oyanır:

“Pişiklər yox, pişik!”

“Necə yəni pişik? Orda iki pişik yoxdur? Biri ölü, biri diri.”

“Xeyr! Bircə pişik var. O, əlli faiz ölü, əlli faiz diridir!”

“Hər nəsə. Söhbət bundan getmir.”

“Söhbət məhz bundan gedir. Sən orda iki pişik olduğunu zənn edirsənsə, demək, Şrödingeri anlamamısan!”

“Sən də bütün günü o pişiklərlə yatıb-qalxırsan?”

“Pişiklər yox, pişik!”

“Olsun pişik. Rəngi necədir o pişiyin?”

Savalan müəllim tutulur, bu barədə düşünməyib heç, lakin nəyəsə əmindir:

“Qara rəngdədir!”

Otaqdakılar gülüşürlər. Nazim Mirzəyev lap bərkdən gülür. Savalan müəllim daha da qızışır, mübahisə böyüyür, həmişə məbəd sükutuna gömülən institutun koridorlarına vəlvələ düşür. Həbib müəllimin katibəsi bir-neçə dəfə gəlib xəbərdarlıq eləsə də heç nə alınmır. Az qala əlbəyaxa olacaqlar. Bu an Həbib müəllim özü girir içəri, söhbətdən agah olar-olmaz gülümsünür:

“Savalan müəllim, sizə elə gəlmir ki, pişiyin rənginin məsələyə dəxli yoxdur?”

“Var!”

“Fikrini necə əsaslandırarsan?”

“Mən pişiyi hansı rəngdə təsəvvür edirəm, hansı rəngdə görürəm, demək, o cürdür.”

“Nazim müəllim də ağ təsəvvür edir, niyə mübahisə edirsən?”

“O, Şrödingeri başa düşməyib!”

“Başa düşməyin rənglə nə əlaqəsi?”

“Başa düşməyibsə, seçdiyi bütün rənglər yanlışdır. O, qara söyləsə belə, pişik qara deyildir!”

Həbib müəllim qaşlarını havaya qaldırıb nəsə demək istəyir, lakin demir, başını Savalan müəllimə lap yaxınlaşdırır:

“Sən doğrudan da bizim burda elmlə məşğul olduğumuzu düşünürsən?”

Savalan müəllim şlyapasının dimdiyini azca qaldırır:

“Elmlə məşğul deyiliksə, siz niyə “Zərrəciklərin səbəb-nəticə əlaqəsi: Müasir fizikaya giriş” adlı kitab yazmısınız və biz də düz otuz manat verib o kitabı almışıq?”

Həbib müəllim gülür, rəngi qızarır:

“Təkcə mənim kitabımın yox, bu institutda gördüyün heç bir şeyin müasir fizikaya dəxli yoxdur. Eləcə də sənin şlyapanın!”

Otağa daha bir gülüş dalğası yayılır.

“Var!” – Savalan müəllimdən fıştırığa oxşar səs çıxır, boğazını arıtlayıb bir də təkrarlamalı olur - “Var! Var, Həbib müəllim! Eynşteyn də şlyapa qoyurdu!”

Həbib müəllim mehribanlıqla onun qolundan tutur:

“Doğrudur. Sənin də, sənin şlyapanın da elmə elə bu qədər dəxli var!”

Yenə gülüş. Direktor gülmür bu dəfə. Onun əlləri əsir. Üzündən həmişəki təbəssüm qeybə çəkilir. Son sözləri deyəndə səsi daş kimi soyuq çıxır:

“Burda səs-küy salma! Yoldaşlarınla mehriban davran. Elə eləmə qulağından tutub bayıra atım səni!”

Savalan müəllim özünü Şrödingerin zavallı pişiyi kimi hiss edir. Nə ölüdür o an, nə diri. Ya da yarı ölü, yarı diri. Başındakı şlyapanın bu qədər ağır olduğunu da indicə anlayır.

Balacaboy-yumru direktor hikkə ilə qapıdan çıxanda tək dəlikdən keçən nadinc zərrəciyə oxşayır. Bu bənzəmə Savalan müəllimə bir azca təskinlik verir, döşəməyə yapışan ayaqlarını birtəhər hərəkətə gətirib öz yerinə keçir, əyləşir. Yoldaşların üzünə baxmamaq üçün stolunda qurdalanmağa başlayır, hamamda başına düşən çaylaq daşını siyirməsində görür, əli ilə ona toxunur, soyuqluğunu yoxlayır, götürüb sanballayır, Həbib müəllimin son sözlərinin, yoxsa bu daşın daha ağır olduğunu düşünür. Nazim müəllimin növbəti gurultusu otağı başına götürür:

“Əslində bir ciddi sual da var. Nəyə görə Şrödinger təcrübəni siçanın yox, pişiyin üzərində aparıb?”

Savalan müəllim heç bir tərəddüd etmədən ovcundakı daşı var gücü ilə Nazim müəllimə tolazlayır, Nazim müəllim əyilir, daş şkafın gözündəki “Düşünən adam”a dəyir, heykəlcik yerində qövsvari fırlanıb təpəsi üstə döşəməyə düşür...

Fizika institutunun kiçik elmi işçisi Savalan Məmmədov özünə gələr-gəlməz başının üstündə ağ xalatlı həkim gördü. Arvadı İlhamə xanım əlində alma boyda daş onun yanında dayanıb danışırdı:

- Hamamda başına bax bu daş düşdü, huşunu itirib yıxıldı, qonşuların köməyi ilə sürüyüb divana uzatdım, sonra sizə zəng elədim...

Həkim eynəyini taxdı, İlhamə xanımın əlindəki daşı alıb işığa tutdu və diqqətlə baxmağa başladı.

Deyəsən, daşın içindəki zərrəciklər görünürdü.

# 11625 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #