"Kulis.az" postmodern tribunadır - Elnarə Qaragözova

"Kulis.az"  postmodern tribunadır - Elnarə Qaragözova
30 dekabr 2023
# 12:15


Kulis.az Elnarə Qaragözovanın "Azərbaycan postmoderni mediada" adlı yeni yazısını təqdim edir.


Media - "mediator" sözündən gələn "əlaqələndirici", "ötürücü" mənasını bu gün bütün mümkün təzahürlərində təsdiq edir. İstər üstşüura yönələn rəsmi, elmi, mədəni, ictimai tribuna kimi, istərsə də təhtəlşüura həkk edilən emosional, obrazlı, simvolik məlumatın mənbəyi olaraq bəşərin məhz bəşər kimi varlığında onun rolu və yeri danılmazdır. Bu günün Azərbaycan mediası - XXI əsrin təzahürlərini ən cəld mənimsəyən, əks etdirən və reaksiyaların polifonik şəkildə tüğyan etdiyi bir meydandır. Postmodernizmin pəncərəsindən baxdıqda medianın bu cərəyanın estetik prinsiplərinə ən yatımlı, ən uyğun platforma olduğunu görürük. Bəs Azərbaycan postmodernizmi medianın güzgüsündə necə görünür?

Postmodernizmin həm bədii mətnlərinin, həm də bu cərəyanla bağlı elmi araşdırmaların Azərbaycan ədəbi-elmi mühitində yayımlanması prosesi çoxşaxəlidir. Azərbaycanda postmodernizm deyiləndə ilk ağla gələn nəşr Rasim Qaracanın yaratdığı "Alatoran" jurnalıdır. Postmodernizmin Azərbaycan ədəbi mühitində ilk əsas tirbunası məhz bu jurnal, onun internet versiyası idi. Azad Yazarlar Ocağının bu media yeniliyi ədəbiyyatımızda postmodernizmin ilkin etapını təmsil edirdi. Lakin cəmiyyətin klassik qaydalarına, kanonlara qarşı "qaydasız döyüş" elan edən ilk postmodernlər nə ədəbi cameə, nə də cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Nədən? Çünki hətta qaydasız döyüşün belə qaydaları var! Sosrealizmdən çıxan cəmiyyət, ədəbi mühit birbaşa postmodern dünyanın çılpaqlığı ilə üz-üzə qaldı. Azərbaycan ədəbiyyatşünaslığı, Azərbaycan oxucusu, Azərbaycan insanı postmodernin estetik, poetik, elmi əsaslarından xəbərsiz olduğundan "Alatoran" tərəfindən təqdim edilən dekonstruktiv, dekanonik motivlər şok effekti yaratdı. Əslində ədəbi mühitdəki sosrealizm effektini bir həmlə ilə yerlə-yeksan etmək iddiasına düşən, bununla da müstəqil, yeni tipli Azərbaycan ədəbiyyatının əsasını qoymaq niyyətində olan postmodernistlər özləri postmodern estetikanın şok, dağıntı, təmiz inkar, kökündən dəyişmə tərəflərini o qədər kəskin qabartdılar ki, bu, əks effekt doğurdu. Lakin postmodern neqativ kontekstdə olsa belə ədəbiyyatımıza, ədəbi mühtimizə, ədəbiyyatşünaslığımıza gəldi və sonrakı etapın əsası qoyuldu.

Şəksiz, ədəbi prosesin, istənilən cərəyanın istər elmi, istər bədii aspektlərini yaşadan məhz cari ədəbi prosesdə təzahürünü tapmasıdır. "Alatoran"dan sonra postmodernizmlə bağlı tezislər və ədəbi mənbələr Azərbaycan mediasında aramla, bir qədər daha elmi yanaşma ilə öz əksini tapmağa başladı. "Alatoran" jurnalı, "Alma qəzeti", lit.az saytının postmodern dalğasından sonra Azərbaycan ədəbi-elmi mühitinin fərqli aspektə təmsili vəzifəsini öz öhdəsinə məhz "Tənqid.net" jurnalı götürdü. Bu gün də nəşrinə davam edən jurnal dövrün ədəbi nəşrləri sırasında akademik yönümü ilə fərqlənirdi. Əgər "Alma qəzeti", "Alatoran", lit.az kimi platformalar sırf güncəl, yeni meyllər və dövrə xas modern-postmodern üslubla ədəbi mühitdə öz sözünü deməyə çalışırdısa, "Tənqid.net" bu mühitdə müasir ədəbi fikirlə akademik düşüncənin tribunası arasında balanslaşdırıcı mövqe tuturdu. Jurnalın redaktoru olan AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu (Mustafayev) həm elektron olaraq tənqid.net adlı saytda yayımlanan, həm də rüblük nəşr kimi oxucularla görüşən jurnalı "neoakademik nəşr" olaraq xarakterizə edirdi. Jurnalda rubrikalar rüblük ədəbi prosesə uyğun düzənlənirdi. Lakin istisnasız olaraq bütün nömrələrdə təkrar olunan və nəşrin əsas sütunlarını təşkil edən bölmələr ədəbi prosesin əsas xətlərini xarakterizə edirdi: "Aktual", "Yubileylər", "Nəzəriyyə", "Günün ədəbiyyatı", "Dünya təcrübəsi", "Yaradıcılıq fakültəsi", "Xronika" kimi bölmələr "Tənqid.net"in klassikləşən, sabitləşən bölmələri kimi ədəbi akademik nəşrlər tarixində öz yerini alıb. Tənqid.net ədəbi mühitdə özünü ortaq nöqtələrin vəhdətini təqdim edən jurnal kimi tanıtdı. Jurnal həm klassik ədəbiyyatşünaslıq məktəbinə məxsus, elmdə öz sözünü demiş alimlərin, həm də akademik söz dünyasına ilk qədəmlərini atan gənc ədəbiyyatşünasların tribunası kimi şöhrət qazandı. Jurnalda İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Nizami Cəfərov, Qorxmaz Quliyev, Cavanşir Yusifli, Əsəd Cahangir, Səahəddin Xəlilov, Eyvaz Taha, Həmid Herisçi, Niyazi Mehdi, Aydın Talıbzadə, Rüstəm Kamal, Bədirxan Əhmədov, Şirindil Alışanlı, Elnarə Akimova, Nərgiz Cabbarlı, Məti Osmanoğlu ilə yanaşı, Qismət, Mətanət Vahid, Maral Yaqubova, Elnarə Qaragözova, İlahə Ucaruh və digər imzalar görünürdü. Bu jurnal yalnız ədəbi tribuna deyildi, "Tənqid.net" həm də fəlsəfə, teatr, kino, incəsənət kimi müstəviləri də özündə ehtiva edirdi. "Tənqid.net" məhz bu loyallığına görə Azərbaycan elmi-ədəbi-mədəni mühitinə yeni polemik ruh gətirən neoakademik nəşr kimi adını ədəbi nəşrlər sırasına yazdırmağa nail oldu.

Əlbəttə, Azərbaycan müstəqillik dövrü ədəbi prosesinin əsas tribunaları AYB və onun nəşrləri olan "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz", "Körpü", "Literaturnıy Azerbaydjan" jurnallarıdır. Ədəbi mühitin liberal kürsüsü ünvanını isə "525-ci qəzet" daşıyır. "Bütövlükdə "525-ci qəzet" Rəşad Məcidin və məsləkdaşlarının Azərbaycan oxucusuna, ədəbiyyatına, inkişafa, ictimai-mədəni mühitə sözüdür. Bu, canlı, təsirli, obyektiv mətbu sözə örnəkdir" (Akademik İsa Həbibbəyli).

"Olaylar", "Ədalət", "Kaspi" qəzetləri də ədəbi prosesə diqqət yetirən tribunalardandır. Postmodernizmlə bağlı ədəbi mətnlər və araşdırmalar bu media orqanları tərəfindən də diqqət və rəğbət görür.

Lakin bu gün Azərbaycan postmodernizminin iki əsas tribunası var: kulis.az və sim-sim.az. 2011-ci ildə fəaliyyətə başlayan kulis.az ilk etapda sırf mədəniyyət platforması idi. Günümüzdə isə bu sayt ədəbi prosesin gündəminin müəyyən edilməsində mühüm rol oynayır. Kulis.az həm ədəbi materialları, həm də ədəbiyyatşünaslıq araşdırmalarını yerli və dünya kontekstində təqdim edir. 2015-ci ildə Xalq yazıçısı Kamal Abdullanın rəhbərlik etdiyi Azərbaycan Yaradıcılıq Fondunun orqanı olan sim-sim.az platforması yaradıldı. Kulis.az kimi sim-sim.az da yalnız ədəbiyyatı deyil, ümumən sənəti əhatə edən bir internet resursdur. Kamal Abdulla əsərləri ilə Azərbaycan intellektual postmodernizminin yaradıcısı olduğu kimi, sim-sim.az da Azərbaycan postmodern mühitinin yeni etapının tribunasına çevrilməyə nail oldu. Əminliklə deyə bilərik ki, bu platformalar: kulis.az və sim-sim.az çoxsaylı, fərqli aspektli internet və çap mediası mühitində "qaydasız döyüş"ə öz qaydalarını tətbiq etməyi bacaran postmodern tribunalar kimi statusunu qorumaqdadır.

# 1349 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #