Kölgəmiz məzara sığmaz - Güneyli şair Əli Cavadpurun şeirləri

Kölgəmiz məzara sığmaz - Güneyli şair Əli Cavadpurun şeirləri
11 may 2020
# 13:34

Kulis.az“Sözün Güneyi” layihəsindən Güney Azərbaycanın Xudafərin bölgəsinin İskanlı kəndindən olan şair Əli Cavadpurun şeirlərini təqdim edir.

1973-cü ildə anadan olub. 1997-ci ildə Təbriz şəhərində fars dili və ədəbiyyatı fakültəsini bitirib. 2007-ci ildə Təbriz Universitetində “Nazim Hikmət şeirində və təfəkküründə axtarışlar” adlı diplom işi müdafiə edib. Təbriz şəhərində ədəbiyyat müəllimidir. Onun “Bəyənsən də budur bəyənməsən də”, “Əsrimizin yuxusunda”, “Təbiət və şeir”, “Mənim dəli yaşıdlarım”, “Səsində bir hekayə var” şeir kitabları işıq üzü görüb.

Axşam çağı ölənin kölgəsi məzara sığmaz

İçinin qaranlığıdır bələk də,
yanına düşüb sürünən kölgə,
canına ilişib sürünən kölgə!
Sən yeriyərsən günəşə doğru
O kürəyincə sürünər
Günəş solundan çıxar
O sağında görünər
Günəş sağından çıxar
O solunda görünər
Hara getmək istəsən
o yolunda görünər.

Əli yazandan üzülməz.

Özünü aparıb çıxararsan
günün günortasına
günəş başından şaxar
o yenə də
ayağının altına sıxılar.

Qranlıqla işığın arasında qalarsan
Bir az işıqlanarsan bir azda qaralarsan.
Bir az da qaralarsan damarında qanın kimi.
Bir az da qaralarsan əsrin zamanın kimi.
İçini acığın darışıb yeyər
Olərsən ki,
intihar edərsən ki,
pozulsun işıqla qaranlığın sınırı
Ancaq, kölgəni səndən öncə
basdırmaq istəyənlər,
sənə gücləri düşər
səni basdırarlar
kölgənə gücləri düşməz.

Axşam çağı ölənin
kölgəsi məzara sığmaz,
kölgəsi basdırılmaz!
Sən torpağa gömülərsən,
kölgən yer üzündə qalar.
günəşlə üz-üzə yaşar
kölgələrə qoşular, qaranlıq aşıb-daşar.
Sən ölüb gedərsən
dünyada Qranlıq yaşar, İşıq yaşar
dünya öncə qaranlıqlaşar, sonra işıqlaşar!..

Yol adamı

Başının üstündə qaralar bulud
Başının üstündə çaxmaq daşı, od
Başının üstünü sən unut, unut...
Yol adamı

Üzü uzaqlara yol gedən adam
Keçər neçə gündən, kölgədən adam...
yollar quş dimdiyi
sən də dən adam
Yol adamı.

Yolda ay işığı, qaranlıq da var
İşıqda olmayan qaranlıqda var
Yürü saçlarını darasın rüzgar
Yol adamı

Yeri öz yolunu it hürsün səni
Korlar kərməlikdə itirsin səni
Uzaq işıqlara yetirsin səni
Yol adamı

Hay-haraydan boyu uca bir sükut -
yol yoldaşın, birdə yolun özün tut
get...
get...
qalan nə var
unut, sən unut...
Yol adamı

Yaxşı adam

Kişi acıqlandı qızının üstünə:
“Niyə dən tökməmisən bu quşa,
bu, allahın heyvanına?
bunu sən lap acından öldürübsən ki
ay insafsız.
belə getsə bunun yeyilməyə əti-canı qalmaz
gətir görüm mənim o bıçağımı"

Gediblər gətirələr
allahın yaxşı adamının biçağını!

Quş ürəyi

Ramiz Rövşənə

Dərddi, nədi?
Bu tikə necə tikədi?!
Uddun boğazından keçmədi
Tüpürdün yerə düşmədi!

Bu dərd
necə dərddi görən?!
yiyəsi sərxoşdu belə!
o ağac yuxuda nə görüb?
yarpaqların verir yelə!

Eşikdə hava sazaqdı, qışdı
Tüpürsən göydə donar,
Gündüz gördüyün quşun,
qanadı sınmışdı
onun gecəsi necə keçdi görən?
quş ürəyi necə dözdü
qışa, daşa?!

Eeeh... səsinə soyuq dəymiş dünya
Səsində tətik çəkilmiş dünya!
Sən də, dərdi dərdə salmağa ümüd var bəlkə də,
yaşamağa ümid var bəlkə də.

yerin ürəyi göydə yanır.
yerlə, göyün arası sazdı hələ,
bir-birinin başına dolanır.

belə getsə bilmək olmaz –
bu gecədə səhər oldu bəlkə
yenə də yuxudan durduq,
yenə də gözümüzü sildik,
yenə də aldandıq,
yaşadıq bəlkə!...

# 7569 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #