"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı
19 sentyabr 2026
# 14:00

Kulis.az Səlim Babullaoğlunun “Hə də, sizə hər şeyi deyiblər..." yazısını təqdim edir.

Xatırladıqlarım

I yazı


49 il 24 gün əvvəl başladı hər şey. Babam öldü və mən yuxu görməyə başladım. Eyni yuxunu bir neçə dəfə gördüm, hər dəfə qorxdum, köməyə adam çağırmaq istədim, ayıldım, dilim tutuldu, dilim açılanda isə yarımçıq qalmış yuxumu unutdum, heç kimə danışa bilmədim. 3-4 ay sonra nənəmlə xalam bir “ara həkimi”nin, təbibin yanına apardılar məni, daha doğrusu Maştağaya, çıldağa.
Yuxu, üzərinə qəfil örtük atılmış tonqalın alovu kimi basıldı, uzun müddətlik geri çəkildi. Gizlicə, korun-korun közərdi, xəbərsiz tüstüləndi və mən qorxulu yuxu gördüyümü heç vaxt unutmayıb, ara-sıra xatırlasam da, yuxunu, yuxuda nə gördüyümü, elə dilim açılanda unutduğum kimi heç vaxt yadıma sala bilmədim. Bəlkə də yuxu məni unutmuşdu, Borxes yəqin ki, belə deyərdi.
Bacımla ekiz doğulmuşduq, bu işıqlı dünyaya mən 10-15 dəqiqə fərqlə, gec qədəm basmışdım, şəfqət bacısının zarafatla dediyi kimi, qızları qabağa buraxan əsl centlmen kimi davranmışdım. Hər “centelmenliyin” bir əvəzi, bədəli var, çətin doğulmuş, qolum sınmış, beynimin sol yarımkürəsində sonradan paroksizmal dəyişiklik aşkarlanmışdı. Sonuncu, danışmağa başlayanda daha çox biruzə vermişdi özünü. Parafaziya, dizartriya, disleksiya ilə. Bəzi hərfləri düzgün tələffüz edə bilmir, bəzi sözlərdə hərfləri yerdəyişik deyir, bəzi cümlələrdə sözlər başayaq düşürdü nitqimdə. “Çaşdım” əvəzinə “kaşdım”, “gedəcəm” yerinə “gedəjəm” deyir, “amal” əvəzinə “alma” yazırdım. Xatırlayıram, rus dilini öyrətməyə çalışan xalam Nüşabə heç cürə mənə “рот” (ağız) dedizdirə bilmir, hər dəfə inadkarcasına “tor” deyirdim. Bu gün belə çox yorğun və əsəbi olanda eyni qüsurlar marığa yatmış pişik kimi qəfil peyda olur, özünü çox rahat şəkildə biruzə verir. O qorxulu yuxu, nitq qüsurlarımı artırmış, ömrü boyu yol yoldaşım olacaq və ara-sıra özünü büruzə verən pəltəklik də yaratmışdı məndə. Üstəgəl, yazı prosesində - fərq eləmir: əllə, qələmlə yazırsan, ya klaviaturada, hökmən, xüsusən ikihecalı sözlərin hecaları və hərfləri yenə də əvvəlki kimi yer dəyişir. Bir də solaxaylıq; məktəbə gedəndə anamın ciddi səyləri ilə soldan sağa keçib sağ əllə yazmağı öyrənsəm də, futbolu solla oynadım axıradək; hərçənd dünya futbolu bundan heç nə qazanmadı; nə ikinci Maradonanı, nə də birinci Rivaldonu…
Məqsədim “doğuş tarixçəmi” təfərrüatıyla yazmaq deyil indilik...
29 il sonra babamın Saray qəbiristanlığındakı məzarını ziyarət eləmişdik hamılıqla: Həmidə xanım, Mübarək, Sona və mən. Qışa yaraşmayan əcaib isti hava vardı həmin gün və o günün gecəsi mən həmin, yarıda qırılmış, unutduğum qorxulu yuxunu bir də gördüm. Sonadək. Təlaşlansam da qorxmadım. Bir də artıq kömək istəyən yaşda deyildim ki, bunu ayılanda, yan-yörəmə qısılıb yatmış uşaqlara baxa-baxa bir daha hiss elədim, qüssələndim.
Allahla, kitabla, taleyimlə bağlı olduğunu elə bu son bir neçə gündə yaxşı anladığım həmin yuxunu hələlik danışmayacam.

Artıq 2007-ci ilin yarısı geridə qalmışdı. 2004-cü ildə təsis etdiyim və ilk sayının nəşrinə həmin ilin mayında nail olduğum “Dünya ədəbiyyatı” dərgisinin növbəti sayını hazırlayırdım, artıq mövcud laqeydlikdən, bürokratiyadan bezməyə başlamış, xeyli ümidsizləşmişdim; 2006-cı ildə dərginin bir sayı belə nəşr olunmamışdı.

Ramazan ayının ilk həftəsi, sentyabrın 17-iydi. Günortadan xeyli keçmişdi. Yazıçılar Birliyinin IV mərtəbəsində, çardaqda yerləşən balaca otağımdan səbəbsiz-filansız II mərtəbəyə düşdüm. Bir az da görünür orucluğun darıxmaqlığı qovmuşdu mən dörddən ikiyə.
Allah rəhmət eləsin, Ədalət Əsgəroğlunun otağına girdim. Kef – haldan sonra gözüm iş masasındakı kataloqa sataşdı. – Baxa bilərəm, - soruşdum. Münasibətimiz çox istiydi: – Sənə hər şey olar, – dedi.
O vaxta qədər adı mənə təəssüf ki, heç nə deməyən, Elxan Həşimov adlı rəssamın kataloqu idi. Götürdüm Vərəqlədim. Baxdım. Təkrar vərəqlədim. İsti, günəşli rənglər, xüsusən fərqli çalarlardakı narıncı xeyli düşündürdü məni. Bir də yaşıl. Böyükağa Mirzəzadənin, “Abşeron məktəbi”ndən Rasim Babayev və Tofiq Cavadov, 7 il əvvəl Adil Mirseyidlə birgə “İçərişəhər” metrosu ilə üzbəüz binanın çardağındakı emalatxanasında ziyarət etdiyimiz Gena Brijatyukun boyaları, palitrası düşdü yadıma. “Malakan bağındakı çayxana”, “Çingiz əminin evində domino”, “Torovıda pivəxana”, “MUM-un yaxınlığındakı bazar”, “Çəkmək həvəskarları” kimi əsərlərdə bol günəş, narıncı boya, dəqiq, inandırıcı kompozisiya, gerçəkçi üslub Bakının və bakılıların dəqiq təsvirləri, “aerodrom” və buxara papaqlar... Bu realizmin qəribə növüydü, Tofiq Cavadovun sərt realizmi və üslubu deyildi...Bir az divizionizm/puantilizm təsiri altında postimrpessionizm elementləri, bir az sadəlövh realizmlə təqdim olunan məişət səhnələri, bir az da son dönəm sovet dəzgah rəngkarlığına aid edilə biləcək nüanslar…amma yenə də fərqli gerçəkçilik…


“MUM-un yaxınlığındakı bazar” Quttuzonun “Vlççuriya bazarı”nı xatılatmışdı nədənsə. 41 il sonra Palermo teatrı rəssamın tablosunun multimediya versiyasını hazırlamışdı ki, mən bu barədə yazıya 2023-cü ildə, incəsənət portallarının birində rast gəlmiş, rəssamlıqla teatr sənətinin bu sayaq maraqlı münasibətinin presedentsiz nümunəsindən hədsiz xoşlanmışdım.
İndi fikirləşirəm ki, Elxan Həşimovun əksər işləri o vaxtkı Bakı mühitini ifadə edən “mehriban realizmdi”, sənətşünaslar bu ifadəyə görə məni bağışlayarlar.
Amma o kataloqda başqa əsərlər, işlər də vardı. Məsələn, “Mən zeytun budağıyam” əsəri. Pastellə çəkilmiş bu əsərdə namazda, dua edərkən, qadə-i-axirə vəziyyətində bəyaz əlbisəsində əyləşmiş bir nəfər (böyük ehtimalla qadın) təsvir olunmuşdu; qarşısında yol kimi açılmış, sərilmiş zeytun yaşılı canamaz; bir də sol əldə kiçik zeytun budağı.
Yaxud, “Delfoslu kahin (qadın)”, “Müqəddəs”, “Quyunun yanındakı zahid” və bir də “Çobanın baharı”… “Delfoslu kahin” eyni adlı və mövzulu əsərləri xatırlatmırdı, Kolyerin və Hovardın işləri tamam fərqli səpgidə idi.
Hər necəsə mən “Dünya ədəbiyyatı” dərgisinin nəşrə artıq hazır olan sayı üçün, daha doğrusu üz qabığı üçün rəsm axtarırıdım və kataloqu bir daha vərəqləyə-vərəqləyə qərara gəldim ki, bu hökmən “Çobanın baharı” olmalıdır. Amma rəssamla görüşmək, icazə almaq lazımdı.
Ədalət Əsgəroğludan bu rəssamı tanıyıb-tanımadığını soruşdum. Tanımadığını söylədi və dedi ki, kataloqu Rəssamlar İttifaqından göndəriblər. Rəssamlar İttifaqına zəng elədim. Uzun cəhdlərdən sonra Elxanın nömrəsini tapdım. Özüylə danışdım. Kim olduğumu söylədim, “Axundov bağı” çevrəsindəki emalatxanasının ünvanını aldım. Yarım saat sonra ora gələcəyimi dedim.
Çiskinləyirdi. Xaqani küçəsiylə Rəssamlar İttifaqının qarşından keçib “Fəvvarələr meydanı”na, ordan da “Nizami heykəli”nin böyrüylə Əhməd Cavad küçəsinə çıxdım. Yol boyu fikirləşdim ki, axı bu küçə niyə nə vaxtsa baron Vrangelin (bolşeviklərlə vuruşan general Vrangel də həmin nəsildəndi), sonra isə Zinovyev və Kaqanoviç kimi bolşevik cəlladların adını daşıyıb? Və niyə 1991-ci ilə kimi, yəni Əhməd Cavadın adı verilənə qədər bu küçə himnimizin müəllifi, milli kişilərdən olan böyük şairimizlə əks-cəbhədə dayanmış Əliheydər Qarayevin adına olub? Və nə qəribəydi ki, bolşevik Qarayev müsavatçı Əhməd Cavaddan bir neçə gün əvvəl həbs olunmuş, hər ikisi güllələnmişdi.
Görünür, bu torpaq və yer üzü heç kimin deyil və heç vaxt da heç kimin olmayacaq.
Belə qarışıq-bulaşıq düşüncələrlə “Axundov bağı” çevrəsindəki köhnə italyansayağı həyətlərin birində zəmin qatda yerləşən, taxta pilləkənli emalatxanaya gəlib çatdım. 20-25 dəqiqəyə.
Elxan məni xoş qarşıladı. 7 il yaş fərqimiz olsa da bu fərqi hiss etdirmədi. Nəcib və görmüş-götürmüş adam təsiri bağışladı ilk andanca. Əlbəttə əksər istedadlı rəssamlar kimi estetdi.
Sonradan öyrənəcəkdim ki, Elxanın atası Abdulla Abiddin oğlu Həşimov dövrünün tanınmış kənd təsərrüfatı mütəxəssisi, mötəbər vəzifələrdə çalışmış hökumət xadimi olub, bacısı isə tanınmış sənətşünas Aynurə Həşimovadı.
Elxanın Qara dəniz sahillərində, Odessada doğulduğunu, Ukrayna ilə bağlılığını, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdiyini, kiçik oğlu Seymurun 9 yaşında olduğunu, Şərqə və mistikaya meylini, xalq arasında “falçı Məlahət” kimi tanınan, ekstrasens Məlahət Nəzərova ilə görüşdüklərini elə rəssamla söhbət zamanı öyrəndim. İndi dəqiq yadımda deyil, səhv edə bilərəm, gərək ki, bir müddət ABŞ- də yaşadığını da söylədi.
“Çobanın baharı” adlı əsərini “Dünya ədəbiyyatı” dərgisinin üz qabığı üçün istədiyimi, amma qonorar verə bilməyəcəyimi söylədim. – Problem deyil, – dedi və alicənab halının zərrə də olsun dəyişdiyini sezmədim. Ondan həmin işi yüksək keyfiyyətli elektron versiyada alıb-ala bilməyəcəyimi soruşdum. Diskdə həm o rəsmi və həm də bir neçə başqa işi verdi.


“Müqəddəs”, “Quyu ağzındakı zahid”, “Mən zeytun budağıyam”, “Delfoslu kahin qadın” əsərləri barədə soruşdum. Kataloqda gördüyüm bəzi işləri emalatxanada da seyr edə bildim ki, bu da bir ayrı cür zövqdü. Bu sirli, mistik, bəlkə də “qaranlıq mövzu”lara, obrazlara marağı barədə sual etdim. Bir xeyli danışdıq. Sözünün sonunda dedi ki, onun üçün rəssam kimi ən maraqlı, ən sirli obraz İmam Əlinin (Ə.S.) obrazıdır. İmam Əlini sevdiyini söylədi. Onun obrazını yaratmağı düşündüyünü dedi.
– Bir tərəfdən İmam Əlini sevdiyinizi deyirsiz, o biri tərəfdən falçı Məlahətin portretini çəkirsiz. Sizcə bu ziddiyyətli deyil?
– Məlahət xanımın sifəti, cizgiləri olduqca dərin və maraqlıdır. Rəssam üçün isə bu çox əlverişlidir...– dedi və mən hiss elədim ki, bu bütün cavab, deyə biləcəklərinin hamısı deyil...
– “Quran”ı oxumusuz?
– Ərəb dilini bilmirəm, - dedi.
– Başqa dillərdə oxuya bilərsiz. Azərbaycan dilində, rusca, ingiliscə...
– Olmaz, – dedi özünəməxsus mülayim səslə.
– Siz deyən kimi olsaydı, onda hamı gərək ya ərəb, ya yəhudi, ya da hindli doğulaydı...
– Məncə, bu doğru deyil. “Quranı” ərəbcə oxumaq lazımdır.
Artıq 7-yə işləyirdi. İftara az qalırdı. Beynimdə emalatxanadan “Kubinka”ya, evə piyada nə qədər vaxta gedə biləcəyimi götür-qoy elədim. Dükana da dəyməliydim.
İcazə istədim. Çıxışa doğru addımladım. Qapının ağzında ayaqqabımı geyinə-geyinə davranışı və əsərləri ilə məndə olduqca xoş təəssürat yaradan rəssama, bu nəcib adama minnətdarlıqla baxdım, pencəyin döş cibindən vizit kartımı çıxarıb ona uzatdım:


– İnşAllah, yatarsız, yuxuda sizə deyərlər ki, “Quran”ı başqa dildə də oxumaq olar, – dedim.

– Falçılığın əleyhinəsiz, amma fala baxırsız... – deyə gülümsündü.

– Yox, bu duaydı , – dedim.

Otağın hər kvadrat santimetrinə hopmuş uşaqlıqdan sevdiyim boya qoxusunu sonuncu dəfə ciyərimə çəkib çıxdım. Özümlə zarafat da elədim: “Boya iyi orucu pozmasın gərək, Səlim müəllim...”

Yağışlı günlərdən sonra nəhayət ki, havanın çiçəyi çırtlayıb. Taksidə gedirəm, “London taksi”sində. Düz 22 il əvvəl böyük şövq və ümidlə yaratdığım “Dünya ədəbiyyatı” dərgisini düşünürəm. Təəssüf, dərgini mütəmadi nəşr etmək mümkün olmadı. 2004-dən 2007-dək cəmi 4 sayını nəşr edə bildim. Sonra 7 illik fasilə. 2014-2024-cü illərdə Seyfəddin Hüseynlinin redaktorluğu ilə 18 sayını nəşr edə bildik. Bir Allah bilir hansı zəhmət, inadkarlıq bahasına. İki ildir ki, yenə fasilə yaranıb. Böyükdən-kiçiyə, məmurdan-yazıçıya, yazıçıdan iş adamınadək onlarla insanla görüşdüm bu illər ərzində. Sağ olsunlar, birdəfəlik köməklər oldu. Amma nə dərginin mütəmadiliyi təmin edə bildim, nə kimisə inandıra bildim ki, belə bir dərgi hökmən lazımdır. Görünür, dünyanı evimizə gətirməyə, evimiz kimi görməyə qorxuruq.
Daha dərgi ilə məşğul olmaq fikrim yoxdur.
Qanım qaralır. Fikirləşirəm ki, bu qərarı 2006-cı ilin əvvəlindən 2007-ci ilin sentyabrına qədər yaranan 18 aylıq fasilə zamanı verməliydim.
Nərimanov prospektindəyik. Tıxacdı. Birayaq-birayaq yeriyirik. Bakı çox dəyişib bu 20 ildə.
Gah az qala 50 il əvvəl gördüyüm o qorxulu yuxunu, gah da rəssam Elxan Həşimovla görüşümüzü xatırlayıram. Pəncərədən sağa, aşağı baxıram. Həyatın qəribə, çoxyozumlu "qafiyə"ləri var: “Təzə Pir” məscidi Mirzə Fətəli küçəsinə açılır. Nə edəcəyimi bilmirəm, telefonda qurdalanıram. FB soruşur ki, nə düşünürəm? Mirzə Fətəlinin adına çıxılan bir ifadə haradansa peyda olur, beynimi qurcalayır: “Mən qorxuram o gündən ki, bu günkü eşşəklərin övladları gələcəkdə bizə dərs deyələr".
Yenə Elxanla görüşümüzü xatırlayıram. “Çobanın baharı” əsərini. Niyə bu işi seçmişdim üz qabığı üçün? Həmin sayda 15 qırğız müəllifinin əsəri, qırğız ədəbiyyatı bölməsi vardı. Məni bu qərarı verməyə nə sövq eləmişdi? Axı rəsmdəki о gənc, sarışın, qıvrımsaç çobanın görünüşündə, uzunsov çoban papağında, yapıncısında qırğızları xatırladan bir şey yoxdu.


2005-ci ilin dekabrında Bişkekə ilk səfərim zamanı tanış olduğum, aşağı-yuxarı həmyaşıdım olan qırğız ədibləri yadıma düşür: Dalmira, Bubu, Altınbek, Rüstəm, Svetlana...başqaları da vardı. ... Hə, Svetlana ilə (o tərcüməçiydi və rusdu) rəsmdəki yeniyetmə çoban qızın oxşarlığı vardı... təəssüf ki, Svetlana bir neçə il sonra faciəli şəkildə həlak olacaqdı. Bunu mənə Bubu Aysulu xəbər vermişdi.
Sualıma cavab tapa bilmirəm və qərara gəlirəm ki, qırğızların məsələyə dəxli yoxdu.
Yenə də Elxanla o yeganə görüşümüzü düşünürəm. Həmin görüşdən iki gün sonra “Yeni Azərbaycan” qəzetindən zəng etdilər. Dedilər ki, sizi Elxan adlı rəssam axtarır: “Nömrəsini qoyub. Xahiş elədi ki, ona zəng edəsiniz”. Doğrusu, əvvəl çaşdım. Niyə “Yeni Azərbaycan” qəzetinə zəng etsin? Yadıma düşdü ki, Elxana verdiyim vizit kartında qəzetin də nömrəsi vardı. Üç ildir Yazıçılar Birliyində daimi işləsəm də qəzetlə əlaqələrimi kəsməmişdim. Qəzetin “Ədəbiyyat” əlavəsi üçün yenə də arada yazır, tərcümələr edirdim əvvəlki kimi. Ümumiyyətlə 2000-2005-ci illərdə həm “Yeni Azərbaycan”ın, həm də “Azadlıq” qəzetinin “Ədəbiyyat” əlavələri, səhifələri ilə eyni vaxtda, ardıcıl şəkildə əməkdaşlıq eləmişdim. Yeri gəlmişkən, baş redaktor Alqış Həsənoğlunun səyi və səxavəti ilə yaradılmış “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsi Azər Turanın rəhbərliyi ilə uzun müddət ədəbi mühitin ən yaxşı tribunalarından birinə çevrilmişdi o illərdə, fərqli estetik platformalardakı bütün ədiblərin üzünə qapılarını açmışdı. Təəssüf, sonradan bir çox yaxşı təşəbbüslər kimi bu da yarıda qırıldı. “Azadlıq” qəzetinin “Ədəbi Azadlıq” səhifəsi isə daha əvvəldən məhşurdu, xüsusən Mahir Mehdinin təqdimatında. Mahirdən sonra isə bir müddət mən hazırladım həmin səhifəni. Eyni vaxtda həm iqtidar, həm də müxalifət qəzetləri ilə əməkdaşlığım çoxlarını təəccübləndirib düşündürsə də, mövcud gerçəklikdə ədəbiyyata xidmət etməyin, ədəbi iş görməyin başqa yolunu görmür, çoxlarında sual yaradan bu reallığı təbəssümlə qarşılayırdım.

Elxana zəng elədim. Salamlaşıb, məni axtardığını dedim:

– Bəli, zəng etmişdim sizə.
– Nəsə olub?
– Yuxu görmüşəm. Danışmaq istəyirəm.
– Maraqlıdır. Buyurun…
– Gördüm ki, boş sinif otağındayam. Partaların birində oturmuşam. Məndən başqa sinifdə kimsə yoxdur. Bir gözəgörünməz peyda olur. Biləyi və əli görürəm yalnız. Lövhədə ərəb hərfləri ilə “Allah” yazır. Sonra da rusca “Аллах” yazır.
– Hə də, sizə hər şeyi deyiblər, – söyləyirəm, sağollaşıb telefonu qapadıram. İçimi şükr, minnətdarlıq hissi bürüyür.

Dərginin 2007-ci il sayının bir əlamətdar xüsusiyyəti də vardı. Həmin sayda “Quran”ın ruscaya ən yaxşı tərcüməçilərindən biri, filosof və dinşünas Elmir Quliyevin tövsiyyəsi ilə mətnşünas Əmirşah Əmirəhmədovun çevrisində “Quran”ın bəzi surələrinin poetik-filoloji tərcümələrini təqdim etmişdik. Şövqlü tərcümələrdi: “Rəhmli, Mərhəmətli Allahın adını çək! / Aləmlərin Tanrısı, Rəhmli, Mərhəmətli, / Din gününün yiyəsi Allaha alqış! / Biz Sənə qulluq edir, Səndən umuruq kömək,/ Bizi düzgün yola çək! / Nemət verdiklərinin yolu ilə qoy gedək; qəzəbə uğrayanların, düz yoldan sapanların yoluna qoyma düşək!”
Qismət olsa Abdulla Şaiq küçəsinə dönəcəyik. Şəhər hündür nöqtədən ovuc içi kimi görünür. Radioda tıxaclı yolçuluğun ritminə və “London taksisi”nin ləngərinə uyğun həzin, ağır musiqi səslənir. Aşağıda “Təzə Pir”in minarələri, şəhərin "yağışın yuyub sərdiyi" binaları, sonra dəniz və dənizin ùstündə boz teatr pərdəsi kimi yığılmış buludlar.

“Ədəbiyyat qəzeti”- sentyabr, 2026



# 91 dəfə oxunub

Oxşar xəbərlər

Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

14:30 19 sentyabr 2026
"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

14:10 19 sentyabr 2026
Conni Deppin oğlunun eskizi əsasında yaratdığı ilk heykəl İstanbulda

Conni Deppin oğlunun eskizi əsasında yaratdığı ilk heykəl İstanbulda

13:30 19 sentyabr 2026
Bu, "Qafqaz oyunu" deyil,  Azərbaycan xalq rəqsidir... - REPLİKA

Bu, "Qafqaz oyunu" deyil, Azərbaycan xalq rəqsidir... - REPLİKA

13:20 19 sentyabr 2026
Əhməd bəy Ağaoğlunun barelyefi və adına auditoriya açıldı - Ankara Universitetində

Əhməd bəy Ağaoğlunun barelyefi və adına auditoriya açıldı - Ankara Universitetində

12:15 19 sentyabr 2026
"Qadın verdiyiniz hər şeyin əvəzini artıqlaması ilə qaytarır..." - Uilyam Qoldinqdən sitatlar

"Qadın verdiyiniz hər şeyin əvəzini artıqlaması ilə qaytarır..." - Uilyam Qoldinqdən sitatlar

11:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər