“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri
28 sentyabr 2026
# 15:00

Kulis.az İlkin Naibin yeni şeirlərini təqdim edir.

Küçə qapısına çatana qədər
Arxanca pişiklər gəlirsə hələ,
Səni tanıyırsa küçədəki it,
Üstünə bir ağız hürürsə hələ —
Demək, bu vətəndə yaşamaq olar.

Qaçıb qonşunuzdan duz istəməyə,
Anan dediyindən az istəməyə,
Qonşudan qız sevib, qız istəməyə
Kişi tapılırsa, kişi qalıbsa —
Demək, bu vətəndə yaşamaq olar.

Vətən uzadanda əlini sənə,
əlini tutmağa əlin gəlirsə,
qayıdıb vətənə ana deməyə
Ağzın söz tutursa, dilin gəlirsə
Demək bu vətəndə yaşamaq olar.

***
Qalalar hamısı dərd qalasıdı,
Adamlar böyüyüb dərd olasıdı.
Mərdlər haçanacan mərd qalasıdı?!
Bu yorğun yollarda, incə yollarda.

Başı havalıydı yorğun atların,
Yüyənin bir naşı ələ verdilər.
Çaptılar neçəsin qan-tər içində,
Neçəsin zalımlar güllələdilər
Bu yorğun yollarda, incə yollarda.

Yulğunlar başını günə əydilər,
Yolların xətrinə necə dəydilər?
Bəlkə yolsuzlar da yola gəldilər
Bu yorğun yollarda, incə yollarda.

Aşıq, bu çaldığın el havasıdı,
Ovçu, o vurduğun quş balasıdı.
Şeirlər Allahın öz duasıdı
Bu yorğun yollarda, incə yollarda.

Sözsüz nəğmələri sözə qoşdular,
Birini mən sevən qıza qoşdular.
Neçə yol bilməzi bizə qoşdular
Bu yorğun yollarda, incə yollarda.

***

Gəl, üzümə sığal çək,
gözünü dik gözümə.
Ürəyində nə varsa,
hamısın de üzümə.

De ki, sənə gəldiyim
günə qara daş düşə,
həmin vaxt kirpiyindən
yanağına yaş düşə.

Mən də düşəm gözündən,
itəm, itəm hardasa,
bir vaxt sevdiyim qıza
yetəm, yetəm hardasa.

Yetəm bir vaxt dərdindən
öldüyüm həmin qıza,
at belində toyunda
ağlayan gəlin qıza.

O gün mən də ağladım,
ağı dedim, ilahi.
O qızı kim sevdisə,
yağı dedim, ilahi.

İndi görən mən kimin
yağısıyam, yadıyam?
Bir gözəlin qisməti,
bir gözəlin adıyam.

Bu dilimdən tökülən
söz nəyimdir, ilahi?
Xəyalımda ağlayan
qız nəyimdir, ilahi?

***

Keç əyləş qarşımdakı
Toz basmış kresloda.
Gəlişinə sevinib
Çırpır üst-başın o da

Elə mən də sevinirəm
Evimiz də sevinir.
Vaxtsız ölən şeirlər
Dodağında dirilir.

Yəqin bağışlayarsan
Otaq tör-töküntüdü.
Bilirəm bir qadınçün
Dözülməz görüntüdü.

Sən gedəni günəşin
Çatmır bura istisi.
Bu evdə göz çıxardır
Siqaretin tüstüsü.


Həmişəlik gəlmisən?
Yoxsa qonaqsan yenə
Bütün bunlar hamısı
Xəyal imiş, sən demə.

Ən şirin xatirələr
Düşər axşamlar yada.
Yuxulayarsan belə
Toz basmış kresloda.

***

Qız sevəndə düşəsən
naz eləyən vaxtına.
Lal baxışın dindirib
söz eləyən vaxtına.

Dinc durmayıb ədası
gözlərini süzdürə.
Ən müqəddəs sözləri
dodağında gəzdirə.

Hər addımda bir qədər
naza qoya ayağın.
Yad baxışlar gəzəndə
utandıra yanağın.

Saçlarına toxunub
külək çıxa özündən.
Barmaqları ərincək
saçın yığa üzündən.

Kiprikləri yamyaşıl
gözlərini bağlaya.
Dodaqların səninçün
öpülməmiş saxlaya.

# 216 dəfə oxunub

Oxşar xəbərlər

"Bütün mərmilər zəng edir kimsəsiz evlərə..." - Günün şeiri

"Bütün mərmilər zəng edir kimsəsiz evlərə..." - Günün şeiri

13:00 27 sentyabr 2026
“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri

“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri

15:00 26 sentyabr 2026
"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər