Kənan MM özünü niyə aldadır? - Nihat Pir yazır...

Kənan MM özünü niyə aldadır? - Nihat Pir yazır...
30 mart 2023
# 15:00

Kulis.az Nihat Pirin "Kənan MM-in müsahibəsinə sözardı" adlı yazısını təqdim edir.

Azərbaycanda məşhurluq qazanmaq çox asandır. Balaca ölkəyik, balaca düşünən adamlarıq, balaca-balaca şeyləri böyüdüb qəhrəman düzəldə bilirik.

Məsələn, çox uzağa getməyək: bir müddət öncə Kənan MM Türkiyədəki seriallardan birinə çəkilmişdi. Ümumiyyətlə, qardaş ölkənin film və serial sektorunda olan irəliləyişə baxanda onlarla bu kimi əməkdaşlığın bizlər üçün faydası çoxdur. Bu, birmənalıdır. Amma...

“Amma”sını ilk abzasda yazmışam, təzədən qayıtmayaq.

Kənan MM ötən gün “Kulis”ə müsahibə verib. Müsahibənin gedişində Kənan Azərbaycanda bu gün üçün 10 rejissor varsa, onlardan biri kimi xatırlandığını və üstəlik, Hacı Şahindən sitat gətirərək qədrinin bilinmədiyini deyir.

Kənan MM ölkəmiz üçün 10 rejissor deyəndə kimi nəzərdə tutur, bilmirəm, amma şəxsən mən ümumiyyətlə rejissor deyəndə heç bir vəchlə Kənan bəyi xatırlamıram. Ona görə yox ki Kənanla hər hansısa bir qəsd-qərəzliyim var, yaxud gözüm götürmür. Xeyr. Ona görə ki rejissor kimi xatırlanmaq üçün, birinci növbədə, rejissor olmalısan. Rejissor olmaq üçünsə, film çəkməlisən.

Kənan MM 2000-lərin əvvəlində çəkdiyi kliplərlə bir xeyli məşhurluq qazandı. Balaca ölkəmizin balaca düşünən adamları o zamanlar ümumiyyətlə düşünə bilmirdi. Onlar elə bilirdi ki, elə klip belə olmalıdır, sənət belə olmalıdır və elə belədir.

Bütün bunların yekununda Kənan bəy klip uğurlarını vurub qoltuğuna keçdi film sektoruna, başladı film çəkməyə.

Kənan elə bildi ki, “Ürək bir dəfə sevir”dəki Oskarlıq rejissorluq və ssenari performansını daha böyük ekranlara daşımaq olar. Daha doğrusu, lazımdır. Xalq bu mədəni incidən məhrum qala bilməz.

Haşiyə:

Klipdən söz düşmüşkən, həmin klipdə bu illər ərzində mənə iki sual hələ də maraqlı olaraq qalır:

1. Kənan bəy o klipdə polisləri başına yığıb niyə karaoke zalında monitorun önündə tapşırıq verir?

2. Klipdə cinayətkar obrazında olan Xatirə İslam klip boyu mülki formalı polislər tərəfindən izlənir, amma yeri təsbit ediləndən sonra polislər niyə onu evində yaxalamaq üçün hay-küylə gedirlər?

Kənan MM indiyə kimi neçə film çəkib, sözün düzü, bilmirəm. Amma bir neçə filminə baxmışam. Ona görə də rahatlıqla onun rejissorluq qabiliyyətini çək-çevir edə bilərəm. Yəni buna haqqım çatır.

Kənan MM “Dəmir Qazan” adlanan və amansız dərəcədə rüsvayçı filminin pərdəarxasında belə bir ifadə (lər) işlədir: Mənim yumor hissim başqa cürdür. Mən hər filmə gülə bilmirəm. Mən güldüyümə isə insanlar gülmür. Biz indi ortaq məxrəcə gəlməliyik ki, çəkdiyimiz filmə həm mən gülüm, həm də insanlar.

Belə bir çıxışın ardından adam düşünür ki, “Dəmir qazan” elə bir filmdir ki, ölkədə komediya janrında yeni cığır açıb. Cığırın girişində isə üzərində cığırın gediş istiqamətini göstərən ox və belə bir yazı var: Həm Kənan MM-in, həm də Azərbaycan tamaşaçısının gülə bildiyi ilk film.

Oxucuya qəti şəkildə sözügedən filmə baxmağı məsləhət görmürəm, hətta imkan varsa və mümkündürsə, filmi şikayət eləmələrini xahiş edirəm. Çünki bu film Azərbaycan filmi adına, sənət anlayışı adına biabırçılıqdır.

Bu film ləkədir.

Bu film xəstəlikdir.

Mən filmə niyə baxdığımı xatırlamıram. Çünki əgər xatırlasam, özümü bağışlaya bilməyəcəyəm. Ona görə də qoy elə baxma səbəbini xatırlaya bilmədiyim film kimi yadımda qalsın. Amma onu dəqiq bilirəm ki, filmə baxandan sonra bir həftə mən də özümdən asılı olmayan səbəbdən gic-gic, mənasız, duzsuz, şit, bayağı, hörmətdən uzaq davranışlar sərgilədim, zarafatlar elədim və nəhayətində özümdən utandım.

Utandım ki, Azərbaycan aktyoru belə bir ssenarini qəbul edə bilib.

Utandım ki, Azərbaycan aktyoru belə bir bayağılığa, düşüklüyə film donu geyindirilməyinə göz yumub.

Və bu filmin rejissoru filmin tərifini yerə-göyə sığdıra bilməyən Kənan MM-dir. Və həmin Kənan bu gün ölkədə 10 rejissor varsa (Sual: var?), onlar arasında özünün də olduğunu iddia edir.

İddianın bir ucundan yapışıb deyək ki, Kənan komediyada uğurlu olmaya bilər, normaldır: Kənan axı həm də dram çəkir. Məsələn, “Gecə qonağı”. Özü də bir yox, düz iki dənə.

Məncə, Kənan MM “Dəmir qazan”dansa, elə “Gecə qonağı”nı komediya adı ilə təqdim etsəydi, daha yaxşı olardı. Əks təqdirdə, “Gecə qonağı” bir dram filmidirsə, mənim deyəcək başqa sözüm yoxdur.

Kənan MM həm də filmlərində baş rola çəkilməyi sevir. Bu onun özündən asılı olmadan baş verir. Çünki Kənan – özü hiss edir, ya etmir, bilmirəm – başdan-ayağa “mən”dən ibarətdir. Kənan elə danışır, elə gülür, elə yeriyir, elə jest və mimikalar edir ki, dünyada Kənandan başqa bunu kiminsə edə biləcəyinə şübhə ilə yanaşırsan.

Kənan bütün obrazlarında mərd, cəsur, qorxmaz, çox vaxt da xəyanətə uğrayan, haqqı tapdanan biridir.

Kənan bütün obrazlarında idmançıdır.

Kənan bütün obrazlarında elə, ya belə “şpaqat” açır və ya aça bilir.

Kənan bütün obrazlarında çox xarizmatikdir Hamının arzusunda olan kişidir.

Və nəhayət, Kənan bütün obrazlarında zarafatcıldır.

Zarafat demişkən, yekun olaraq, oxucuya efirlərin başqa bir rəzilliyi olan “Fəlidən doğru xəbər” verilişinin Kənan MM-ə həsr olunan bölümünə baxmağını tövsiyə edirəm.

Bəri başdan sizdən üzr istəmək şərti ilə...

# 6594 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #