Kamal Abdulla tənqidlərə cavab verdi...

Kamal Abdulla, Xalq yazıçısı

Kamal Abdulla, Xalq yazıçısı

28 fevral 2022
# 15:38

Kulis.az-da ötən həftə Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon” romanı ətrafında müzakirə başlamışdı. Kamal Abdulla saytda və sosial şəbəkələrdə səslənən fikirlərə cavab yazıb.

Mən fb-də yoxam. Amma verdilər, mən də oxudum. Vüsal Aydının səhifəsində Mehman Qaraxanoğlunun cavab yazısına gələn şərhləri narahatlıqla oxudum. Vüsal Aydının paylaşdığı yazıya yazılan rəylər, məndə, yumşaq desəm, oxucunu, bəlkə də bilərəkdən, səhv istiqamətə yönəldir fikri yaratdı. Açığı, bu “kakafoniyada” (pis mənada yox, sadəcə, janr olaraq) iştirak niyyətim yox idi. Amma sonra düşündüm ki, münasibət bildirməsəm, düz olmayacaq.

Əvvəla, Vüsal Aydına da, Mehman Qaraxanoğluna da, Loğman Rəşidzadəyə də mənim romanabənzərimlə bağlı yazı yazdıqlarına görə təşəkkür edirəm. Zəhmət çəkiblər. Mən bilsəydim mənim mətnim onları bu dərəcədə maraqlandırıbdır, “Ədəbiyyat qəzeti”ndəki müzakirədə onların da iştirakını xahiş edərdim.

Vüsal Aydının paylaşımına gələn rəylər, əlbəttə ki, peşəkar rəylər deyil və onlarda söhbət mətndənkənar məsələlərdən gedir. Biri deyir, sən, yəni, Vüsal Aydın, buna, yəni, Mehmanın cavabına hazır olmalıydın (Cəlil Cavanşir). Bir başqası (Çinarə Əhmədova) Mehmanı nəzərdə tutaraq deyir, real tənqidləri analiz etmək lazım idi (guya ki, Vüsal bəyin yazısında belə tənqid var idi, guya ki, siz deyən başqa həqiqət və perspektiv irəli sürülürdü?!), bundan sonra sağlam debat yaranardı. Və bu xanım təəccüb edir ki, niyə mənim mətnimi Mehman qoruyur, o, gözləyir ki, bunu müəllifin özü etməlidir. Başqa biri (Dilqəm Əhməd) deyir ki, Kamal Abdulladan yazanda bilməlisən ki, 10 nəfər (nə az, nə çox) Qusardan Naxçıvana, Qazaxdan Lənkərana qədər sənə hücuma keçəcək. Düzü, mən bunu özümə bir tərif kimi qəbul elədim və nə gizlədim, sevindim. Bu qədər qətiyyət və birmənalı şəkildə müxtəlif regionlarda sevildiyimi təsəvvür etmirdim. Adətən, mənim oxucularımın sayı məhdud olur.

Niyə Vüsal bəyin yazdığına mən yox, Mehman bəy cavab verib, bunu Mehmanın özündən soruşmaq lazımdır. Mən bunun cavabını bilirəm, istəsəniz, deyim. Çünki Mehman Qaraxanoğlu ləyaqətli və vicdanlı, dərin peşəkarlığa sahib bir filoloq alimdir və mən onun obyektivliyinə, Sözə qarşı həssaslığa inanıram. Sözə zədə vurulanda Mehman təkcə ruhən yox, az qala, fiziki baxımdan da bunu hiss edir, bitərəf qala bilmir. Yəqin ki, bundan yanadır.

Mən, dediyim kimi, Vüsal Aydına cavab vermək istəmirdim. Hamının xoşuna gələ bilməzsən. Bu həqiqəti mən də dərk və qəbul edənlərdənəm. Hətta bu adam yüksək intellekt sahibi olsa belə onun tamam başqa meyarları və prinsipləri ola bilər.

Mehmanın üstünə daraşanlardan isə təkcə birinə bir ritorik sualım var. Bu adam Cəlil Cavanşirdir. Sual budur – səndəmi, Brut?! Nə isə… bu tamam başqa bir mövzudur və mən fikirləşirəm ki, Cəlil Cavanşir kimdən əskikdir, o nə birincidir, nə də sonuncu.

Qərəz, əzizi-mənlər! Keçək mətləbə. Özünüzü də, məni də əcəb işə salmısız. Məni ona görə ki, mən bir mətn yazmışam, indi belə çıxır ki, mən hələ onu nöqtəsinə, vergülünə qədər müdafiə də etməliyəm. Əgər ciddi bir hücumdan, münasibətdən müdafiə etməli olsaydım, dərd hələ yarıydı. Vüsal Aydının yazısında deyilən heç bir qeydi isə mən ciddi, mətn deyilən varlığa xələl gətirən məqam kimi qəbul etmirəm. Mən onların hamısını izah edə bilərəm və inanıram ki, bu zaman Vüsal bəy də mənimlə razılaşar. Konseptual məsələlər tamam başqa müstəvidə və “hücrə”dədir. Bu da bir başqa söhbətin mövzusudur. Vüsal bəy istərsə biz onunla bir qədər sakit şəraitdə və formatda bu barədə söhbət edə bilərik. Bu o vaxt ola bilər ki, o mənim qələmə aldığım “təkcənəlik” sözünə istehza etməsin, əgər həqiqətən ədəbiyyat adamıdırsa, o bu sözün “dadını” hiss etməli idi.

İndiki halda isə mən bu mübahisəni yaratmaq və ona qoşulmaq istəyənlərə belə deyərdim. Bilirsiniz, nə var, əzizi-mənlər?! Bəyənən bəyənsin, sağ olsun, bəyənməyən bəyənməsin, o da sağ olsun. Təəssüf ki, bizim ədəbi cameədə “mən bu əsəri bəyənmədim, heç haqqında danışmaq belə istəmirəm” demək mədəniyyəti yoxdur. Vüsal bəy də bu baxımdan, bayaq dediyim kimi, nə birincidir, nə də təəssüf ki, sonuncu. Əzizi-mənlər, bəyəndikləriniz barədə danışın, bəyənmədiklərinizi unudun, o zaman içinizdəki çirkab, bir də gördünüz ki, sizi yavaş-yavaş tərk edir…

O ki qaldı, məni bəyənənlərə, əzizi-mən Dilqəm, o bəyənənlərdən biri də İtaliyada yaşayırdı, adını, yəqin ki, eşitmisən – adı Umberto Eko idi. Ondan sonra sənin və dostlarının bəyənib bəyənmədiyi türk qardaşlarımız demiş, “umurumda deyil.”

Vüsal Aydın əzizi-mən isə hiyləgərlik edir. Edir, edir. Deyir ki, təhqir elementini bu mübahisəyə Mehman gətirdi, amma yox, təhqiri bizim bu mübahisəmizə məhz Vüsal bəy özü gətirdi. Təhqir o demək deyil ki, sən küçə söyüşü ilə kimisə söyəsən. Təhqir çoxvalentli anlayış və ifadə tərzidir. Ondan böyük hiyləgərliklə də istifadə etmək olar. Vüsal bəy bir balaca sözünə, ehtirasının dərəcəsinə, kinini və rişxəndini gizlədə bilməməsinə fikir versəydi, pis olmazdı. Mən dilçiyəm və bunları sizin yazınızda hiss etmişəm. Siz Vüsal bəy, yeri gəldi-gəlmədi, sağa-sola təşəkkür edə bilərsiniz, bununla güman edərsiniz və özünüzü inandırarsınız ki, avropalısınız. Amma təşəkkür və xeyirxahlıq gərəkdir ki, cümlənin canına hopsun, təbii şəkildə mətnin içində ərisin. Əsl, mərdanə münasibətlər süniliyi sevməz. Ona görə də Mehmanın sizə irad tutduğu mətləblərlə mən də razıyam.

Nəhayət, onu da qeyd edim ki, mən özümü bu söhbətdə hələ də narahat hiss edirəm, çünki biz əslində təfərrüatdan danışırıq. Mən isə belə istəməzdim. Köklü, prinsipial (“roman haqda da roman olar?”dan tutmuş “indiki zəmanədə hansı qız sevgilisinə qara başım qurban olsun sənə deyər?”ə qədər) qeydlər və mübahisələrdən mən özüm də faydalanmaq istərdim. Nə isə… Bu da qaldı yəqin ki, bir gələn dəfəyə.

Bunu isə bir istədim yazmayım. Sonra düşündüm ki, yazmasam, özümə qarşı, lap elə Vüsal Aydına qarşı haqsızlıq edərəm və yazdım. Məndən bəzi dostlar soruşanda ki, bu adam niyə belə bir yazı yazıb? Niyə mətləbə dəxli olmayan məsələləri qabardıb və s. və i.a. mən belə cavab verdim – o qədər anlayıb. Yenə də türk qardaşlarımız demiş, əzizi-mən Vüsal bəy, qüsura baxma.

P.S. Bütün bunlara baxmayaraq, Bakıda olanda hökmən görüşək. Səni Mehmanla özüm barışdıracağam)))

sim-sim.az

# 7264 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #